Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1951/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 785.90 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2023 tarixində ATM-dən məxaric əməliyyatı icra etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 785,90 (yeddi yüz səksən beş manat, 90 qəpik) ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə, oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 229.70 manat mədaxil edilib, 1110 manat isə məxaric edilmişdir. Qalıq da 94.40 manat olduğundan buradan tam aydın olur ki, cavabdeh banka 785.90 manat ziyan vurmuşdur. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.
İş materialları :
3. İddiaçı ASC ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli BBUM4383083A107 nömrəli “birkart umico debet (kredit) müqaviləsi”ndən görünür ki, bank cavabdehə “Birkart Umico” ödəniş kartı verməyi, cavabdehin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpaolunan kredit xətti ayırmağı, cavabdeh isə həmin Kartdan və kredit xəttindən istifadə etməyi, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu, və.s) habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür.
4. ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən verilmiş sifariş formasından görünür ki, Cavabdeh İddiaçı ASC-nin Xətai filialından “X2 (Debet)” sifariş vermişdir.
5. İddiaçı ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış 416973******6893 saylı kart hesabı üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, dövr üzrə məxaric 1100 manat, dövr üzrə mədaxil 229.70 manat, ilkin qalıq isə 94.40 manat, son qalıq – 785.90 manat olmuşdur.
6. İddiaçı KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə istifadəsində olan İddiaçı ASC-yə məxsus ******************** nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq müştəriyə məxsus kifayət qədər vəsait olmadığından 785.90 manat məbləğində texniki overdraft borcunun yaranması və qeyd olunan vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuş və əks halda vəsaitin qaytarılması ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunacağı bildirilmişdir.
7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
10. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh açılmış kredit hesabına iddiaçı tərəfindən səhvən köçürülmüş 1100 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən istifadəsi nəticəsində texniki overdrafta yol verilmişdir.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
15. İddiaçı ASC Cavabdeh qarşı olan iddia tələbini cavabdehin ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitindən istifadə etməsi nəticəsində yaranmış borcun cavabdeh tərəfindən ödənilməməsi ilə əsaslandırmışdır.
16. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
17. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
19. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli BBUM4383083A107 nömrəli “birkart umico debet (kredit) müqaviləsi”nə əsasən iddiaçı cavabdehə “Birkart Umico” ödəniş kartı vermiş və cavabdehin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpaolunan kredit xətti ayırmışdır.
20. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli BBUM4383083A107 nömrəli “birkart umico debet (kredit) müqaviləsi”ndən görünür ki, bank cavabdehə “Birkart Umico” ödəniş kartı verməyi, cavabdehin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpaolunan kredit xətti ayırmağı, cavabdeh isə həmin Kartdan və kredit xəttindən istifadə etməyi, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu, və.s) habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür.
21. Belə olan halda iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin bank hesabı müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilməli və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək iddiaçının iddia tələbinin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmadığını yoxlanılmalıdır.
22. İddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə əsassız varlanmaya əsaslanan tələbi əsassız edir.
23. Mülki qanunvericiliyə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür (Mülki Məcəllə maddə 954.1.).
24. Həmin Məcəllənin 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.
25. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdehə açılmış kart hesabı üzrə kredit xəttinin limiti 0 manat olmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə 1110 manat hesabdan məxaric olmuşdur.
26. Tərəflər arasında xx.xx.2021-ci il tarixli BBUM4383083A107 nömrəli müqavilənin 3.4-cü bəndinə əsasən hesabda limitdən artıq borc-overdtraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və.s) yarandığı halda Müştəri bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 iş gün ərzində ödəməlidir.
27. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Hesaba yanlış daxil olma olduqda, Müştəri bu barədə 3 iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin hesabından silinə bilər.
28. Həmin müqavilənin müştərinin vəzifələri sadalanan 7.2-ci maddəsinin 4-cü bəndində qeyd olunur ki, müştərinin vəzifələrindən biri kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməməli və onları dərhal banka geri qaytarmalıdır.
29. Mülki Məcəllənin 960.2-ci maddəsinə əsasən tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
31. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.
32. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh məxsus bank hesabında xx.xx.2023-cü il tarixdə qalıq pul vəsaitinin məbləği 94.4 manat olmasına baxmayaraq, həmin tarixdə cavabdeh tərəfindən kartdan 1110 manat məbləğində pul vəsaiti silinmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əsasən yaranamış borcu 30 gün müddətində qaytarmalı olmasına baxmayaraq, öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, ümumi borc məbləğindən 229.7 manat məbləğində ödəniş etmişdir.
33. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh qanun üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri :
34. İddiaçı ASC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.
35. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30.00 manat məbləğində dövlət rüsumu ödəmişdir.
36. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30.00 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, 785.90 manat pul vəsaiti və ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 785.9 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva