Məhkəmə qərarları › İş №e-2(007)-198/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-198/2023

01.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-198/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2h qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “əmlakın naturada bölünməsi, bü mümkün olmadıqda paylarının dəyərinin ödənilməsi və ya əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilən vəsaitinin bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2h qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “əmlakın naturada bölünməsi, bü mümkün olmadıqda paylarının dəyərinin ödənilməsi və ya əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilən vəsaitinin bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzil üzrə paylarının naturada ayrılmasına, bu mümkün olmadıqda onların paylarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüquqlarına xitam verilməsinə, bu da mümkün olmadıqda həmin mənzilin hərrac vasitəsilə satılması və satışdan əldə edilən vəsaitin paylara müvafiq olaraq mülkiyyətçilər arasında bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçilərinin payları aşağıdakı qaydada müəyyən edilib: 1) İddiaçı1 6/12 hissə; 2) İddiaçı2 1/12 hissə; 3) Cavabdeh4 1/12 hissə; 4) Cavabdeh5 1/12 hissə; 5) Cavabdeh2h qızı 1/12 hissə; 6) Cavabdeh3 1/12 hissə; 7) Cavabdeh1 1/12 hissə. Hazırda qeyd edilən mənzildə cavabdehlərlə birgə yaşayırlar və artıq uzun zamandır ki, aralarında anlaşılmazlıqlar yaranmışdır. Aralarında olan mübahisələr artıq münaqişə həddinə çatmışdır. Məhz qeyd etdiyi münaqişə və mübahisələrə görə paylı mülkiyyətdə olan həmin mənzilə sərəncam, sahiblik və ondan istifadə barədə cavabdehlərlə razılığa gəlinməsi qeyri-mümkündür. Ona görə də, hesab edir ki, həmin mənzil paylarına uyğun olaraq naturada bölünməli, bölünmə mümkün olmadıqda onların paylarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüquqlarına xitam verilməli, bu da mümkün olmadıqda həmin mənzil hərrac vasitəsilə satılmalı və satışdan əldə edilən vəsait paylarına müvafiq olaraq bölüşdürülməlidir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında razılıq əldə edilməmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, hazırda mənzildə qardaşı yaşayır və o xəstədir. Ona mənzil almaq istəyirlər, amma ev almaq üçün vaxt lazımdır. İddiaçılar tərəfindən onlara bir illik möhlət verilməsini xahiş edir. Razılıq əldə edə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2h qızı, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılaırnın izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 68,20 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzilinin 6/12 hissəsi İddiaçı1 adına xx.xx.2022-ci il tarixdə, 1/12 hissəsi Cavabdeh4 oğlunun adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh2h qızının adına, 1/12 hissəsi Cavabdeh3nın adına, 1/12 hissəsi İddiaçı2 adına və 1/12 hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır; - İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 tərəfindən Cavabdeh1, Cavabdeh2h qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvanlanmış bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzildəki paylarının dəyərinin hazırkı bazar qiymətinə uyğun ödənilməsi şərti ilə mülkiyyət hüquqlarına xitam verilməsi təklif edilmiş və 10 gün ərizndə cavab verilməsi xahiş edilmişdir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1393 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 1/12, 1/12, 1/12, 1/12, 1/12, 1/12 və 6/12 hissələrə (yeddi hissəyə) bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01,89-un 1.1., 2.1, 2.2., 2.4., 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyələrin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. - Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2023-cü il tarixli LP-089/2023 rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti 110000 manat, likvid qiyməti isə 100000 manat təkşil edir. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 68,20 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzilinin 6/12 hissəsi İddiaçı1 adına xx.xx.2022-ci il tarixdə, 1/12 hissəsi Cavabdeh4 oğlunun adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh2h qızının adına, 1/12 hissəsi Cavabdeh3nın adına, 1/12 hissəsi İddiaçı2 adına və 1/12 hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçılar cavabdehlərə onların paylarının satın alınması ilə bağlı müraciət etsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Cavabdehlər iddiaçının bununla bağlı ərizəsinə cavab verməmişlər. Məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1393 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Həmin mənzilin 1/12, 1/12, 1/12, 1/12, 1/12, 1/12 və 6/12 hissələrə (yeddi hissəyə) bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01,89-un 1.1., 2.1, 2.2., 2.4., 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyələrin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Hazırda iddiaçılar məhkəmədə iddia qaldıraraq mənzil üzrə paylarının naturada ayrılması, bu mümkün olmadıqda onların paylarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüquqlarına xitam verilməsi, bu da mümkün olmadıqda həmin mənzilin hərrac vasitəsilə satılması və satışdan əldə edilən vəsaitin paylara müvafiq olaraq mülkiyyətçilər arasında bölüşdürülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzilin 6/12 hissəsinin mülkiyyətçisi olan İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və mənzilin 1/12 hissəsinin mülkiyyətçisi olan İddiaçı2 ilə cavabdehlər ümumi mənzildəki payların dəyərinin ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçiləri hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdehlər iddaçılara məxsus payın dəyərinin ödənilməsinə razı olmadıqları üçün məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli 10/1393 saylı rəyi əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçılar İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, məhkəmə araşdırması zamanı da tərəflər arasında razılıq əldə edilməsi mümkün olmamışdır. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı ekspert rəyi də verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzilin hazırkı real bazar qiyməti 110000 manat, likvid qiyməti isə 100000 manat müəyyən edilmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzili 100000 (yüz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 6/12 hissəsi İddiaçı1, 1/12 hissəsi Cavabdeh4 oğluna, 1/12 hissəsi Cavabdeh5, 1/12 hissəsi Cavabdeh2h qızına, 1/12 hissəsi Cavabdeh3, 1/12 hissəsi İddiaçı2 və 1/12 hissəsi Cavabdeh1 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, həmçinin aparılmış əmlakın qiymətləndirilməsinin dəyəri olan 300 manat eyni qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126, mənzil 88 ünvanında yerləşən mənzili 100000 (yüz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 6/12 hissəsi İddiaçı1, 1/12 hissəsi Cavabdeh4 oğluna, 1/12 hissəsi Cavabdeh5, 1/12 hissəsi Cavabdeh2h qızına, 1/12 hissəsi Cavabdeh3, 1/12 hissəsi İddiaçı2 və 1/12 hissəsi Cavabdeh1 verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh4 oğlundan, Cavabdeh5, Cavabdeh2h qızından, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRT AZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh4 oğlundan, Cavabdeh5, Cavabdeh2h qızından, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar