Məhkəmə qərarları › İş №e-2(007)-2008/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2008/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2008/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı "xxxx" MMMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı MMMC Cavabdeh qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 5875,2 (beş min səkkiz yüz yetmiş beş manat iki qəpik) AZN məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqının, həmçinin ödənilmiş 82 manat dövlət rüsumunun və çəkilmiş 3 AZN poçt xərcinin, ümumlikdə 6280,2 (altı min iki yüz səksən manat iki qəpik) AZN məbləğində pulun cavabdehdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120- MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri ”Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-ci maddəsinə əsasən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır. İddiaçı MMMC qeyd olunan bu qanunun tələbinə əsasən binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən edilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı – 2910 manat, DSMF-na köçürmələr- 778 manat, İşsizlik fonduna köçürmə– 32 manat, su vurma motorlarının sərf etdiyi Elektrik enerjisi xərcləri – orta aylıq xərci - 1300 manat, liftlərin servis xidməti haqqı-800 manat, Zibilin daşınması - 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc- 30 manat, vergi və sair hesabatların verilməsi - 100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s.) - 197, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0,22 (iyirmi iki qəpik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir. İddiaçı MMMC ilə Cavabdeh arasında “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 332 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən “İdarəedici təşkilat” ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlanması və təmiri üzrə bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 332 nömrəli müqavilənin Əlavə 2-i ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 228 kv.m olan qeyri yaşayış sahəsinin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri yaşayışın sahəsi 228 kv.m, məbləği 68.4 manat və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m olan qeyri yaşayış sahəsinə (playstation) münasibətdə isə 23.4 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunanlardan dolayı, ünvan 4 ünvanda yerləşən hər iki qeyri-yaşayış sahəsinə münasibətdə Cavabdeh binanın saxlanması üçün müəyyən olunan ödənişləri vaxtında ödəməməsi (ödənişlər 64 aydır ki, edilmir) nəticəsində, hazırda onun bu xərclərdən dolayı İddiaçı MMMC-yə 5875.2 (beş min səkkiz yüz yetmiş beş manat iki qəpik) AZN məbləğində borcu yaranmışdır. Eyni zamanda, iddia ərizələrində göstərilən cavabdehə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyanın göndərilməsi üçün tərəflərindən poçt xərcləri çəkilmişdir. Belə ki, cavabdehin hər iki ünvanına (həmin pretenziyalar həm cavabdehlərin faktiki yaşadığı ünvanlara, həm də, onların MAPS arayışları üzrə rəsmi qeydiyyatda olduğu ünvanlara göndərilmişdir) pretenziyalar göndərilərkən 3 AZN məbləğində poçt xərcləri çəkilmişdir. İddia tələbinə qarşı etiraz: Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə verərək bildirmişdir ki, iddia tələbində iddia müddəti ötürülmüşdür. Belə ki, iddia müddəti keçmiş tələblərə baxıldıqda, cavabdeh iddiaçının tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdikdə iddia rədd edilir, çünki iddia tələbi 2020-ci ildən olan tələblə bağlıdır. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaydada iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır, çünki həm iddia müddəti ötürülməklə məhkəməyə verilmiş, həm də iddiaçı ona mənzillə bağlı heç bir xidmət göstərməmiş və ya göstərdiyini sübut edə bilməmişdir. İddiaçının 31 iyul 2025-ci il tarixli arayışında playstationla bağlı saxlama xərclərinin olduğunu göstərmişdir lakin onunla iddiaçı arasında olan 23 iyun 2022-ci il tarixli müqavilədə playstation yox, sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsi göstərilmişdir. Yəni 78.0 kv.m olan playstation 23 iyun 2022-ci il tarixli müqavilədə qeyd olunmayıb və bu da iddiaçının iddia tələbinin bir daha əsassız olduğunu göstərir. İddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etmişdir ki, guya iddiaçı “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 332 nömrəli müqavilənin Əlavə 2-i ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsinin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri yaşayışın sahəsi 228 kv.m, məbləği 68.4 manat və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m olan qeyriyaşayış sahəsinə (playstation) münasibətdə isə 23.4 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür. Halbuki bu da əsassızdır çünki onunla iddiaçı arasında müqavilə münasibətləri 23 iyun 2025-ci il tarixində “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” müqavilə ilə yaranmışdır. Diqqət edilməli digər məqam ondan ibarətdir ki, hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqının ödənilməsini tələb kimi qeyd etmişdir. Bildirməlidir ki, əsassız tələblə bağlı olan məhkəmə xərcləri də əsassızdır belə ki, müqavilə və elektron qaimə 320 manat hüquqi yardıma görə xidmət haqqının ödənilməsini təşkil etmir, çünki birtərəfli sübutlardır və 320 manat ödənişin edilməsini təsdiqləyici sənədlər sırasına daxil deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia tələbi qanundan irəli gələn tələb olduğu üçün tərəflər arasında müqavilənin olmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən ümumiyyətlə xidmət haqqı ödənilməmişdir. Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Belə ki, belə tələblərə 10 illik iddia müddəti tətbiq edilməlidir. Buna görə də tərəflərindən iddia müddəti ötürülməmişdir. Eyni zamanda, tərəflərindən məhkəməyə təqdim edilmiş icarə müqaviləsinə əasən playstationun sahəsi 73 kv.m göstərildiyi üçün həmin sahəyə uyğun xidmət haqqının tutulmasına etiraz etmirlər. Tərəflərindən xidmət haqqı hesablanılarkən yaşayış sahəsinin ümumi sahəsini 0,30 manata vuraraq qiymət hesablanılır və həmin qiymət də şəxs təəfindən ödəniş edilmədiyi aylara vurulur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - “Yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK-nın ünvan 5 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının zirzəmisində sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsini payçı Cavabdeh verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MTK-nın xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MTK-nın ünvan 5 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının zirzəmisində sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsinin sahibidir. Qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir, Kooperativə heç bir borcu yoxdur. - xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Cavabdeh "xxxx" MMC-nin ünvan 5 ünvanında yerləşən tikməkdə olan yaşayış binasında Cavabdeh xx.xx.2013-cü il tarixdə verilən istifadəsində və sahibliyində olan pay hüququ üzrə ona məxsus olan 73 kv.m sahəni icarəçi X2 xx.xx.2022-ci il tarixədək aylıq 300 manat icarə haqqı ödənilməklə icarəyə vermişdir. - Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2022-ci il tarixli, 332 nömrəli müqavilədən və müqaviləyə əlavə 2-dən görünür ki, ünvan 4-də yerləşən ümumi sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olaraq Cavabdeh müqavilədə qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, hər ay komunal haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin sahə üzrə 68 manat kommunal haqqını hər ay ödəməyə razı olmuşdur. - İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı MMMC Cavabdeh üç gün ərzində komunal haqqını İddiaçı MMMC-nin bank hesabına və ya kassasına ödəniş təmin edilməsə, borcun alınmasının məhkəmə qaydasında tələb olunacağını və bütün bu proses üzrə çəkilən xərclərin məhkəmə qaydasında ondan tələb olunacağını bildirmişdir. - İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, cavabdehin 2020-ci ilin aprel ayından 2025-ci ilin iyul ayına kimi qeyri-yaşayış sahəsinin (zirzəminin) saxlama xərclərinə görə 4377,60 manat, playstationun saxlama xərclərinə görə 1497,60 manat olmaqla ümumilikdə 5875,20 manat borcu vardır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC arasında bağlanılmış müqavilələrə əsasən ünvan 8 ünvanında yerləşən "xxxx" MMC tikilməkdə olan binasında ümumi sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsini (zirzəmini) və ümumi sahəsi 73 kv.m olan qeyri-yaşayış sahəsini (playstationu) alıcı Cavabdeh verməyi, alıcı isə həmin sahələri qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra "xxxx" MTK-nın ünvan 1 ünvanda inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsəttüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya Hüquqi şəxsi yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri ”Nizami- 11” MMMC-nin idarəçiliyinə keçmişdir. Tərəflər arasında Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair müqavilə bağlanılaraq ünvan 4-də yerləşən ümumi sahəsi 228 kv.m qeyri-yaşayış sahəsini mülkiyyətçisi olan Cavabdeh müqavilədə qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, hər ay komunal haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin məhkəməyə iddia ərizəsinə qarşı təqdim olunmuş yazılı etirazında digər qeyri-yaşayış sahəsi olan playstationla bağlı isə iddiaçı ilə aralarında kommunal xidmətlərin göstərilməsi ilə bağlı 2025-ci ilin iyun ayında müqavilə münasibətlərinin yaranması bildirilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 38.1-ci və 38.2-ci maddələrinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 122.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün- yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə ilk öncə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən qeyd edir ki, Cavabdeh hazırkı mübahisəyə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). İddiaçı xx.xx.2025-ci il tarixdə mənzilə göstərilmiş xidmətə görə haqq tələbi ilə məhkəməyə müraciət edərək 2020-ci ilin aprel ayından olan borc məbləğini tələb etmiş, həmçinin xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə vermişdir. Məhkəmə qeyd edir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı xidmətlər vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğu üçün bu cür tələb üzrə üç illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə (372-384-cü maddələr) nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu R.Məhərrəmovanın şikayətinin əsas dəlilinin məhz kommunal xidmətlərə görə xidmət haqlarının ödənilməsinin tələb edilməsinin mənzil qanunvericiliyinə uyğun həyata keçirilməməsi ilə bağlı olduğunu nəzərə alaraq qeyd edir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Bundan əlavə məhkəmə cavabdehin iddiaçı ilə aralarında bir qeyri-yaşayış sahəsi ilə bağlı xidmət göstərilməsi barədə müqavilə münasibətlərinin 2022-ci ildə, digər qeyriyaşayış sahəsi ilə bağlı xidmət göstərilməsi barədə isə 2025-ci ildə yaranması dəlili ilə bağlı bildirir ki, kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi cavabdehin iddiaçı ilə müqavilə münasibətlərinin yaranması anından asılı olmayaraq mənzil-tikinti kooperativi tərəfindən qeyri-yaşayış sahəsinin ona verildiyi andan yaranır. Belə ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarının məzmunundan göründüyü kimi çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçiləri yaşayış sahəsi onların mülkiyyətinə təhvil verildiyi gündən həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilmiş qaydada keçirilən ümumi yığıncağında müəyyən edilən, binanın saxlanması, təmiri xərclərini, həmçinin binanın sahə mülkiyyətçilərinin ümumi istifadəsində olan yerlərə görə ödənilməli olan kommunal haqların hər ay üzrə ödənilməsi vəzifəsini daşıyırlar. Hansı ki, iş materiallarına əlavə edilmiş sübutlar ilə qeyd olunan qeyri-yaşayış sahələrinin xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixdə cavabdehə verilməsi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iş üzrə 3 il iddia müddəti tətbiq edilərək, iddiaçı tərəfindən iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edildiyi tarixdən hər iki qeyri-yaşayış sahəsi üzrə əvvəlki 36 ay üzrə və iddia tələbinə dəqiqləşdirilmə ərizəsi verilməsi nəzərə alınaraq 2025-ci ilin may, iyun, iyul ayı da daxil olmaqla ümumilikdə 39 ayın xidmət haqqı üzrə borc hesablanmalı və cavabdehdən tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarına və cavabdehin müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən xidmət haqqının tutulması hissəsində qismən təmin edilərək ünvan 4-də yerləşən ümumi sahəsi 228 kv.m qeyri-yaşayış sahəsi üzrə 2667,60 manat (39 ay x 68,40 manat (0,30 manat x 228 kv.m)) və 73 kv.m playstation üzrə 854,10 manat (39 ay x 21,90 manat (0,30 manat x 73)) olmaqla, cəmi 3521,70 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqının və çəkilmiş 3 manat poçt xərcinin cavabdehdən tutulması hissəsi” ilə bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş poçt göndərişi qaiməsi, xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə və həmin tarixli elektron faktura-qaimə ilə iddia tələbi bu hissədə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 82 manat dövlət rüsumunun iddia tələbi təmin edilən 3521,70 manat hisəssinə uyğun olaraq 55,22 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən ödənilmiş yerdə qalan 26,78 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı MMMC-nin xeyrinə mənzilə göstərilmiş xidmətə görə 3521,70 manat pul, hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqı, çəkilmiş 3 manat poçt xərci və 55,22 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar