Məhkəmə qərarları › İş №e-2(007)-2040/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2040/2023

13.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2040/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi və təmirin aparılması üçün maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi və təmirin aparılması üçün maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) ilə bağlı mübahisələrə müstəsna aidiyyət şamil olunur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 306 nömrəli mənzil və həmin ünvanda inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və təmirin aparılması üçün maneənin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbi mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğu üçün iddia daşınmaz əşyanın olduğu yerə görə verilməlidir. Mübahisəli daşınmaz əmlakların ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 306 nömrəli mənzil və həmin ünvanda inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzildir. Məhkəmə həmçinin bildirir ki, hazırki mübahisə üzrə daha obyektiv və hərtərəfli araşdırmanın aparılması məqsədilə mülki işin mübahisəli əmlakın yerləşdiyi məhkəmədə baxılması da daha məqsədəmüvafiqdir. Göründüyü kimi, hazırki iddianın Nizami rayon Məhkəməsində baxılması üçün heç bir əsas müəyyən edilməmiş və aidiyyət qaydalarının pozulması hallarına yol verilmişdir. Hansı ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir, iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi və təmirin aparılması üçün maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən ödənilmiş 100,0 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbzin nömrəsi: **********, tarix: xx.xx.2023-cü il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar