Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2056/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödənilmədən mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödənilmədən mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun övladlarıdır. O, cavabdehlərin anaları ilə xx.xx.1992-ci il tarixdə nikah bağlayıb. xx.xx.1992-ci il tarixdə qızı Sevinc, xx.xx.1995-ci il tarixdə digər qızı Samirə, xx.xx.1996-cı il tarixdə isə oğlu Toğrul anadan olub. 2004-cü ildə onlar ailəlikcə Rusiya Federasiyasınn Moskva şəhərinə, oradan isə Avropaya köçüblər. Uşaqları orada böyüyüb, oxuyub, hazırda da orada yaşayırlar. O və yoldaşı bu illər ərzində Azərbaycana gəlsə də, uşaqları heç vaxt bura qayıtmayıb və bundan sonra da qayıtmaq fikirləri yoxdur. Bu faktı onların ölkəyə-giriş çıxış məlumatları da bir daha təsdiq edəcəkdir. Lakin cavabdehlərin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarını pozmaqla, mənzili barədə sərəncam verməyini əngəlləyir. Belə ki, sözügedən mənzil 2001-ci ildə onun tərəfindən alınıb, cavabdehlər olan uşaqları isə orada cəmi 3 il yaşamış, sonradan isə çıxıb gediblər. Onlara mənzilindən qeydiyyatdan çıxmalarını bildirsə də, onlar Azərbaycana gəlmədiklərindən bu məsələni həll edə bilmirlər. Ona bildirirlər ki, nə vaxt gəlsələr, o zaman da qeydiyyatdan çıxarlar. Lakin o, cavabdehləri gözləyə bilməz, çünki mənzilini sata bilmir. Mənzil 2001-ci ildə alındığından cavabdehlər isə orada 2004-cü ilə qədər yaşadığından onların aralarında olan münasibətə 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq ediləcəkdir. Hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün ona məxsus mənzildən çıxıb getdiklərindən onların həmin mənzilə olan istifadə hüquqları da itirilmiş hesab olunur. Qanunvericilik ilə müəyyən edilir ki, cavabdehlər 2004-cü ildən həmin mənzildən gedərək, bir daha ora qayıtmadıqlarından, uzun müddət ərzində və davamlı olaraq bu hüquqlarından könüllü istifadə etmədiklərindən, mənzilə dair bu müddətlər ərzində hər hansı tələbləri olmadığından onların bu mənzilə hər hansı ehtiyacları qalmayıb. Belə olan halda, cavabdehlərin ona məxsus həmin mənzildə formal qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını pozmaqdadır. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kompensasiya ödənilmədən cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 96 saylı evin 69 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və ddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya ÖM № 060195 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə 1140 saylı reyestr kitabının 171198 nömrəli vərəqində 30/171198 №-si ilə xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır; - XİX-ЖГ № 480896 saylı, AZ-İ № 481593 saylı və AZ-İ № 484966 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 xx.xx.1996-ci ildə, Cavabdeh2 xx.xx.1992-ci ildə və Cavabdeh3 xx.xx.1995-ci il tarixdə doğulmuşlar. Ataları İddiaçı, anaları X2r; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-1/2-24245-23 saylı məlumatından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2004-cü tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar; - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 3-38-16/2-10713/23 saylı məlumatından görünür ki, xx.xx.1996-cı təvəllüdlü Cavabdeh1,xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3 sonuncu dəfə dövlət sərhədindən hərəkətləri barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) edilmiş çıxarışə əsasən xx.xx.2004-cü il tarixdə ölkədən çıxmış, giriş qeydiyyata alınmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2001-ci il tarixdə hazırkı İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının övladlarıdır. Hazırda iddiaçı cavabdehlərin kompensasiya verilmədən mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh X3 münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlardan məlum olur ki, cavabdehlər iddiaçıya məxsus mənzilə xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış və xx.xx.2004-cü tarixdən ölkədən çıxmışlar. Belə ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2009-cu ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Eyni Məcəllənin 60-cı maddəsinin 10-cu bəndinin sonuncu abzasında göstərilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının övladlarıdır, onlar iddiaçıya məxsus mənzilə xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır, hansı ki, cavabdehlər xx.xx.2004-cü il tarixdə ölkədən çıxmış və 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmiş və onların qeydiyyatı formal xarakter daşıyır. Ümumiyyətlə cavabdehlər ölkəni tərk edərək, özlərinə ayrıca yaşayış sahəsi seçərək orada yaşayırlar, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları iddiaçının mənzildən istifadə hüququnun saxlanılması üçün əsas deyildir, mülkiyyətçinin ona məxsus əmlakdan istifadə etmək və ona dair sərəncam vermək hüququnun pozulması ilə nəticələnə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə tərəfindən cavabdehlərin artıq 20 ilə yaxındır ki, ölkədən yaşadıqları müəyyən olunmuşdur. Onlar uzun illərdir ki, mübahisəli mənzildən istifadə etməməklə daimi yaşayış yerlərini dəyişmişlər və mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları qalmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2056/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2056/2023
04.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver