Məhkəmə qərarları › İş №e-2(007)-2060/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2060/2025

19.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2060/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi cəlb edilməklə, Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmrin ləğvi, işə bərpa, pul, mənəvi ziyan) X14 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi cəlb edilməklə, Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, gecikdirilmiş son-haqq hesabın və istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq pul və mənəvi zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, gecikdirilmiş son-haqq hesabın və istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq pul və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2024-ci il tarixli 290/24 K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə cavabdehdə əvvəlki iş yerinə “əczaçı” vəzifəsinə bərpa edilməsi, gecikdirilmiş son haqq-hesab üçün ödənilməmiş 1000 manat məbləğində pul vəsaitinin, 20 gün istifadə olunmamış məzuniyyət üçün ödənilməli məbləğin əvəzi olaraq 378 manat məbləğində pul vəsaitinin, İddiaçı dəymiş mənəvi zərərin əvəzi olaraq 4000 manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün 900 manat məbləğində vəkil xidmət haqqının, 60 manat məbləğində mediasiya ilə bağlı xərcin Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə aylıq əmək haqqı 416 manat olmaqla Cavabdeh ilə müddətsiz əmək müqaviləsi bağlamış, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “əczaçı” vəzifəsi üzrə çalışmışdır. Həmin əmək müqaviləsi elektron sistemə əlavə edilmişdir. İddiaçı daim öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, işinə məsuliyyətlə yanaşmışdır. Buna baxmayaraq, iş üzrə cavabdeh tərəfindən xx.xx.2024-ci il tarixdə İddiaçı (əvvəlki soyadı Həsənova) barəsində 290/24 K saylı əmr qəbul edilərək onun əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad edilmişdir (həmin bəndə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər). Sözügedən əmrə əsasən nümayəndəsi olduğum şəxs İddiaçı xx.xx.2024cü il tarixdə müştəri sorğusuna əsasən dərman preparatının aptek müdiri tərəfindən sifariş siyahısına əlavə edilməsinə baxmayaraq gələn müştərini rəqib şirkətə məxsus olan aptekə yönləndirmişdir. Bunun nəticəsində müştəri tərəfindən sifariş edilən dərman vasitəsi (Meropenem) satılmayaraq aptekə cəmi 92.40 azn məbləğində maddi ziyan vurulmasına səbəb olmuş, aptek müdirinin məsələ ilə bağlı sorğusuna alıcıların qarşısında İddiaçı tərəfindən kobud cavab verilmiş, o cümlədən onun tərəfindən mübahisə edilərək daxili davranış qaydaları kobud şəkildə pozulmuş və şirkətin işgüzar nüfuzuna xələl yetirilmişdir (bu hərəkətlər aptek müdiri və digər aptek işçiləri tərəfindən daxil olan AKT, Təqdimat və kamera görüntüləri ilə sübut olunması əmr də qeyd olunmuşdur). Göründüyü kimi işəgötürən şirkətə dəyən (92.40 azn) maddi ziyanı əsas götürərək əsassız olaraq şəxsin barəsində qanuni cəhətdən əsaslandırılmayan əmr qəbul etmişdir. Əmrdə əmək müqaviləsinin şərtlərinin, müəssisədaxili intizam qaydalarını pozulması məsələsi qeyd olunsa da, bununla bağlı əmrdə əmək müqaviləsinin bəndinin, şərti və ya müəssisədaxili intizam qaydaları ilə bağlı müvafiq bənd, hissə qeyd olunmamışdır. Bundan başqa, İddiaçı tərəfindən törədilən hərəkət və ya əməl (aptek müdirinin məsələ ilə bağlı sorğusuna alıcıların qarşısında İddiaçı tərəfindən kobud cavab verilməsi, həmçinin onun tərəfindən mübahisə edilməsi) Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması ilə əlaqədar deyildir. Həmin maddədə birbaşa qeyd olunur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Daxili davranış qaydalarının kobud şəkildə pozulması halları AR Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmamışdır. Əksinə, şəxs özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini, əmək vəzifələrini layiqincə tam yerinə yetirmiş, həmin gün ona ayrı-seçkilik qoyularaq təkidlə iş yerinin tərk edilməsi barədə məlumat verilsə də (həmçinin MMC-nin əməkdaşları Sevinc Abdullayeva, əczaçılar İlahə və Aytac adlı şəxslər iddiaçını təhqir etmişlər, satış meneceri İlqar adlı şəxs əczaçı Pərvanə Məmmədovaya yaxınlaşaraq onun iddiaçı ilə işləməmək arzusunda olması barədə akta məcburi qaydada imza çəkdirmişdir), şəxs iş yerini tərk etməmiş, alıcılara etik davranış qaydalarına tam riayət etməklə xidmət göstərmişdir. İddiaçı AR Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarla bağlı əmək vəzifələrini kobud şəkildə pozmadığını bildirsə də və bu barədə işəgötürəndən məlumat tələb etdikdə cavabdeh MMC müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini icra etməkdən yayınmışdır. Halbuki AR Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdehin bu qanunsuz və hüquqazidd hərəkəti bilavasitə İddiaçı Konstitusion hüququnu pozur. Maddi ziyan məsələsinə gəldikdə isə o da qeyd olunmalıdır ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır (AR Əmək Məcəlləsinin 10 –cu maddəsi) və işəgötürən öz növbəsində işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ mövcuddur (Əmək Məcəlləsi 11-ci maddə). Qeyd olunan qanunvericilik normasından göründüyü kimi işəgötürən işçi barəsində onun tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı qanunvericiliyə müvafiq tədbirlər görmək əvəzinə (ödəmə üsulunu seçmək əvəzinə) işçini Əmək Məcəlləsinin 70 ç-ə bəndinə istinad edərək onun əmək müqaviləsinə xitam vermişdir. Bu da onu deməyə əsas verir ki, işəgötürən əmək qanunvericiliyinin normalarını pozmuşdur. Bundan başqa işəgötürən şəxsin işdən sonra digər şirkətdə əmək fəaliyyəti ilə məşğul olmasına dəfələrlə irad tutmuşdur. Halbuki, AR Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq kimi əsas hüquqları vardır. Bu da onu deməyə tam imkan verir ki, işəgötürən əmək münasibətləri sahəsində (AR Əmək Məcəlləsinin 12-ci maddəsində) nəzərdə tutulan “işəgötürənin əsas vəzifələri” normasına riayət etməmişdir. Belə ki, həmin normaya əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdir. Bundan başqa, işəgötürən İddiaçı ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildiyi halda onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki işəgötürənin vəzifələrində (yuxarıda qeyd olunan normada) birbaşa qeyd olunur, işəgötürən işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək işəgötürənin vəzifəsidir. Bundan başqa, şəxs 20 gün istifadə olunmamış məzuniyyət üçün ödənilməli məbləği və son haqq-hesabın düzgün tam qaydada ödənilməsi ilə bağlı işəgötürənlə danışıq aparmağa cəhd etsə də, cavabdeh müraciətə laqeyd münasibət göstərmişdir (halbuki, ƏM-nin 83-cü maddəsində əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməsi imperativ norma kimi göstərilmişdir). Bundan əlavə, Əmək Məcəlləsinin 75.4-ci maddəsinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Mediasiya prosesində işin (işə bərpa olunduğu təqdirdə nümayəndəsi olduğum şəxs işdən öz təşəbbüsümlə ayrılmaq qərarını işəgötürənə nümayəndə vasitəsilə bildirsə də) məhkəmədən kənar məsələnin həll etməyə çalışsalar da, bunun bir nəticəsi olmamış, cavabdeh barışığa gəlməkdən əsassız yayınmış, müraciətə laqeyd münasibət göstərilmişdir. Belə olan təqdirdə cavabdehin bu qanunazidd hərəkətləri şəxsin pozulmuş Konstitusion hüquqlarının müdafiəsini şərtləndirir. Həmçinin göstərilən qanunvericilik normalar işəgötürəni əmək münasibətləri məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır (halbuki, cavabdeh qanunun tələblərinə riayət etsə idi, onun Konstitusion hüquqları pozulmazdı). O, hüquqlarının müdafiə olunması və pozulmuş hüquqlarının bərpa olunması üçün çalışır, nəticədə isə, həm vaxt itirir, həm də kifayət qədər xərc çəkməli olur. Bütün bunlar şəxsin əhəmiyyətli dərəcə stress, gərginlik, əsaslı sarsıntı keçirməyinə səbəb olmuşdur. Belə olan halda cavabdehin bilavasitə hüquqazidd hərəkətləri nəticəsində nümayəndəsi olduğu şəxsin keçirdiyi əsaslı stress, gərginliyə görə, ona dəymiş mənəvi zərər qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsini və həmin məbləğin 4000 (dörd min) manat məbləğində qiymətləndirilməsini məqsədəuyğun hesab edir. Mülki Məcəllənin 1096-cı maddəsinin tələblərini rəhbər tutaraq bildirir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu da onun təsdiqidir ki, cavabdeh yol verdiyi mülki hüquq pozuntusuna (delikt) görə mülki hüquq məsuliyyət daşımalıdır. Ona görə də pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsi olaraq şəxsə dəymiş mənəvi zərərin əvəzi ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Əməyin və işgüzarlıq keyfiyyətlərinin artımı, işçilərin hüquqlarının pozulmasının qarşısının alınması məhz nümayəndəsi olduğu şəxsə münasibətdə layiqli həyat səviyyəsinin təmin edilməsinə əsas verəcəkdir. Sözügedən mübahisənin hüquqi yolla həll edilməsi məqsədilə şəxs hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət etmiş, hüquqi yardımın göstərilməsi üçün 900 manat (dörd yüz əlli manat) məbləğində ödəniş etmişdir (qəbzlərin surəti iddia ərizəsinə əlavə edilir). Belə olan təqdirdə, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin cavabdehdən tutulmasını qanunamüvafiq hesab edir. İddia ərizəsinə etirazın əsaslandırıldığı hallar: Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixində iddaçı İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixində Cavabdeh MMC tərəfindən iddiaçı barəsində 290/24 K saylı əmr qəbul edilərək onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İddiaçı Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 290/24 K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə cavabdehə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsini, gecikdirilmiş son haqq-hesab üçün ödənilməmiş 1000 (min) manat məbləğində pul vəsaitinin, 20 gün istifadə olunmamış məzuniyyət üçün ödənilməli məbləğin əvəzi olaraq 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 4000 (dörd min) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün 900 (doqquz yüz) manat məbləğində vəkil xidmət haqqının, 60 (altmış) manat məbləğində mediasiya ilə bağlı xərcin cavabdeh “Vita Aptekləri" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 290/24 K saylı əmrin qanuni cəhətdən əsaslandırılmadığını qeyd etmişdir. Sözügedən əmrdə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin tələblərinin pozulduğu (əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) göstərilmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində 027/24 Ü saylı intizam tənbehi vermə haqqında əmr ilə iddiaçı AR ƏM-nin 10-cu bəndinin “a” və “b” bəndinin pozulmasına görə (a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) şiddətli töhmət verilmişdir. Həmçinin AR ƏM-nin 186.2-ci maddəsinin "xxxx" bəndinə (İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ...ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək) əsasən xx.xx.2024-cü il tarixli, 290/24 K saylı əsaslı şəkildə əmr tərtib edilmişdir. İddiaçı iddia ərizəsində “AR Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarla bağlı əmək vəzifələrini kobud şəkildə pozmadığını bildirsə də və bu barədə işəgötürəndən məlumat tələb etdikdə cavabdeh MMC müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini icra etməkdən yayınmışdır” qeyd olunmuşdur. Lakin məlumat tələb edilməsi və Cavabdeh MMC-nin öz öhdəliklərini icra etməkdən yayınması ilə bağlı hər hansısa sübut təqdim edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsində "işəgötürən nümayəndəsi olduğum şəxsin işdən sonra digər şirkətdə əmək fəaliyyəti ilə məşğul olmasına dəfələrlə irad tutmuşdur'’ qeyd edilmişdir. Lakin bunu sübut edən faktlar təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində AR ƏM-nin 12-ci maddəsinin “ə” bəndinə (işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək) istinad edərək Cavabdeh MMC-nin əsas vəzifələrini icra etmədiyini qeyd etmişdir. Lakin qeyd olunan iddia AR ƏM-nin 12-ci maddəsinin mahiyyətini ehtiva etmir və Cavabdeh MMC bu Məcəllənin 12-ci maddəsində qeyd olunan vəzifələrini tam yerinə yetirmişdir. İddiaçı iddia ərizəsində 20 (iyirmi) gün istifadə olunmamış məzuniyyət üçün ödənilməli məbləği və son haqq-hesabın düzgün tam qaydada ödənilməsi ilə bağlı Cavabdeh MMC ilə danışıq aparmağa cəhd etsə də, Cavabdeh MMC-nin laqeyd münasibət göstərilməsi qeyd olunub. Cavabdeh MMC tərəfindən AR ƏM-nin 83-cü maddəsinə uyğun olaraq iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdə, yəni sonucu iş günü xx.xx.2024-cü il tarixində iddiaçıya ödənilməli əməkhaqqı və digər ödəmələrin ödənilməsi həyata keçirilmişdir (ödəniş tapşırığı əlavə olunur) və qeyd olunan məsələni sübut edən faktlar iddia ərizəsində göstərilməmişdir. Əlavə olaraq, Cavabdeh MMC AR ƏM-nin 75.4-cü maddəsinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olan hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir. Həmçinin bunu sübut edən faktlar iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsində u...cavabdehin bilavasitə hüquqa zidd hərəkətləri nəticəsində nümayəndəsi olduğum şəxsin keçirdiyi əsaslı stress, gərginliyə görə, ona dəymiş mənəvi zərər qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsini və həmin məbləğin 4000 (dörd min) manat məbləğində qiymətləndirilməsini məqsədəuyğun hesab edirəm”, “sözügedən mübahisənin hüquqi yolla həll edilməsi məqsədilə nümayəndəsi olduğum şəxs hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət etmiş, hüquqi yardımın göstərilməsi üçün 900 manat (doqquz yüz manat) məbləğində ödəniş etmişdir. 60 (altmış) manat məbləğində mediasiya ilə bağlı xərcin Cavabdeh MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi...” qeyd edilmişdir. AR Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində “Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarının 8-ci hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərən/uran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur" qeyd olunmuşdur. Lakin iddia ərizəsində əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr X4 xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmış, bundan sonra xx.xx.2025-ci il tarixdə mediasiya təklifi göndərilmiş, xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia müddəti tətbiq edilərək iddiadan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmənin hazırlıq iclasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onunla şəxsi qərəzlik etmişlər, o heç bir nizam-intizam qaydasını pozmamışdır. Ailədə tək işləyən, qazanc gətirən o olmuşdur, xəstə anasının qeydinə qalır. İşini hər zaman qaydasında görmüş, təhvil vermişdir. İşinə maneəçilik törətmişlər. İşini görən zaman zəng edib bildirmişlər ki, o işi tərk etməlidir və məsələ araşdırılacaq. O, çıxmaq istəməmiş, lakin məcbur etmişlər. Qısa müddət sonra, əmək kitabçasını iddiaçının evinə göndərmişlər. 9 ildir ki, həmin aptekdə çalışmış, işdə onu qıcıqlandırmışlar, işini görməyə imkan verməmişlər. Qohumluq əlaqələri vardır və ona görə də onu işdən uzaqlaşdırmağa çalışmışlar. O, 2015-ci ildən Cavabdehndə çalışmışdır. Peşəkar olmayan işçi qoyduqlarına görə işləyə bilməmiş, o da şikayət etmişdir. Onunla prinsip aparmağa, şəxsi qərəzlik etməyə başlamışlar. İşçilərdən birinin təzə gəlməsinə baxmayaraq, onu yox, təzə işçini müdafiə etmişlər. Evdə tək qazanc gətirən odur deyə, şikayət etməmiş, məcbur işləmişdir. Onun 6 aylıq bonusunu kəsmişlər. O məcbur bununla razılaşmışdır. İkinci dəfə onunla şəxsi qərəzlik edəndən sonra, o narazılıq etmiş, ondan sonra prinsipə başlamışlar. Evinə yaxın olduğuna görə iş yerini dəyişmək ağır gəlmişdir. Video görüntüləri, səs yazmaları göstərsinlər. İşçilər tərəfindən ona şiddət olmuş, o həmişə səssiz qalmışdır. İmkanı olmadığı üçün şikayət etməmişdir. Maddi vəziyyəti pisdir, kasıb qızdır, atası, qardaşı yoxdur. 70-ci maddənin (ç) bəndi ilə onu heçkim işə götürmür. Burada onun həyatı rol oynayır. Həm ona, həm anasına maddi ziyan vurmuşlar. Onu əmrlə tanış etməmişlər, ona məcbur qol çəkdirmişlər. Bildirmişlər ki, izahat yaz, işdən uzaqlaş. O narazı olmağını bildirib və işdən çıxmayacağını bildirmişdir. Aytac ilə İlahə xanımın yaxın qohum olduqlarını bildirmişdir. Heç bir aptekə müştəri yönəltməmiş, hamısının şayiə olduğunu bildirmişdir. İlahə xanım və Sevinc xanım onunla prinsip aparırmışlar. O, dərman yoxdur deməmişdir. Aya 30.000 manat satış vermişdir. Satışı yaxşı olduğu üçün, işçilər ona prinsip etmişdirlər. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, rəhbər şəxsin ifadəsindən də görünür ki, iddiaçı əmək funksiyalarını tam icra etmişdir. İddiaçının barəsində son illərə qədər intizam tənbehi olmamışdır. 92 manat dəyərində olan dərman üçün müştərini başqa aptekə yönəltmə barədə əmr olmuşdur. Orada 70-ci maddənin (ç) bəndi göstərilmişdir. Lakin şəxs tərəfindən törədilən əmr ilə maddə ilə uzlaşmır. Bu əmrdə göstərilən normanın iddiaçıya aidiyyəti yoxdur. İddiaçıya son haqqhesab və məzuniyyət pulu verilməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs möhkəm sarsıntı keçirmişdir. Onun sağlamlığına ziyan dəymişdir. 92 manata görə bir insanın həyatı ilə oynamağa dəyməz. İddiaçının vəziyyətinin nəzərə alınmasını, iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyib, etirazın dəlillərini müdafiə edib, əlavə olaraq izahatında göstərdi ki, iddiaçı ilə 2018-ci ildə əmək müqaviləsi bağlanmış, 2024-cü ildə xitam verilmişdir. 2018-ci ildən 2023-cü ilə qədər iddiaçının barəsində intizam tənbehi olmamışdır, 2023-cü ilin noyabr ayında intizam tənbehi, 2024-cü ilin avqust ayında şiddətli töhmət verilmişdir, 2024-cü ilin oktyabr ayında 70-ci maddənin (ç) bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. 02 oktyabr 2024-cü ildə əmrlə tanış edilmiş, daha sonra işçiyə əmək kitabçası göndərilmiş və poçt qəbzləri iş materiallarına əlavə edilmişdir. İddia ərizəsində əczaçı vəzifəsinə bərpa olunmaq xahiş olunmuşdur, lakin iddiaçı əczaçı yox, satıcı olmuşdur. İddiaçıya son haqqhesab və məzuniyyət pulu tam şəkildə ödənilmişdir. Şəxsə mənəvi ziyan vurulması barədə işdə hansısa sübut yoxdur. İddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişlər. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 2023-cü il noyabr ayından həmin aptekdə işləyir. Ülkər ilə birlikdə işləməyinin 1 ili tamam olmamışdır. Ülkər alıcıya qəbz verməyərək, qəbzləri özünə götürmüşdür, o isə kamerada bunu görərək Ülkərə xəbərdarlıq etmişdir, Ülkər isə hər dəfə bunu təkrar etməyəcəyini dmeişdir. O, hazırda 3 aptekə rəhbərlik edir. Təmizlik işçisi daxil olmaqla, 14 işçisi var və onun heç bir işçisi ilə problemi yoxdur. O, əvvəl Vita aptekdə işləmişdir, orada şiddətli töhmət almış və onun aptekinə gəlmişdir. O, qeydiyyatsız dərman satışı edib deyə töhmət almışdır. Alıcının yanında digər işçi ilə dalaşmışdır. Bir-birlərini söyüb, döymüşlər. Onlara töhmət alıb gəlmişdir, orada da gəlib töhmət almışdır. Neçə dəfə danışmış, ona problem olmasını istəmədiyini, xətrini istədiyini demişdir. O, Ülkərə dəstək olmağa, amliyyə vəziyyətini yüksəltməyə çalışmışdır. Ülkərin tam növbəyə keçmək istəməsini rəhbərliyə bildirmişdir, lakin töhməti olduğu üçün bunu etməmişlər. Ülkər subordinasiya qaydalarını pozmuşdur. Onunla, rəhbərliklə qeyri-etik danışmışdır. Alıcının böyük resepti olmuşdur. Onlar reseptin böyük hissəsini yığmışlar, bəziləri isə qalmışdır. Alıcıya sonradan gəlməsini demişdir. O da götürməyə gəlmişdir. Amma sifariş formalaşmamışdır. O, alıcı ilə razılaşmışdır ki, saat 6 üçün gəlsin. Eşitmişdir ki, Ülkər alıcını rəqib aptekə yönləndirir. Çünki özü qeyri-rəsmi olaraq Zeytun Aptekdə də çalışmışdır. 1 növbə onlarda, bir digər növbə isə digər aptekdə işləmişdir. Ülkər özü rəqib aptekdə işlədiyini demişdir. Ülkər ilə təximini 7-8 ay birlikdə işləmişdir, töhmət verilməsi tarixləri yadında deyil. Ülkər işləmişdir, amma çox nöqsanları olmuşdur, qəbzləri alıcılara verməmişdir, alıcı dərman istəmiş, o isə olmadığını demişdir. Digər satıcı isə alıcını çağırıb həmin dərmanı satmışdır. Belə hal bir neçə dəfə baş vermişdir. Həmin şamın ödənişi hələ də olmamışdır. O dərmanı satışa göndərmək olmamışdır. Ona zəng edib məlumat vermişlər. Pulu onun stolundadır və tarixi də keçmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ülkərlə heç 1 il olmaz ki, bir yerdə işləmişlər. Ülkər ondan sonra gəlmişdir. O, 3 il olar ki, orada işləyir. Əvvəl İlahə xanımla qohumluğu olmamışdır, sonradan dayısı oğlu ilə ailə qurmuşdur. Ülkərlə münasibətləri normal olmuşdur. Amma Ülkər xarakter olaraq əsəbi olmuş, yola getməmişdir. Müştərinin yanında artıq söz danışmışdır. Bu hal ona qarşı bir dəfə olmuşdur. Başqa işçilərlə nə olduğunu bilmir. Ən çox satış edən Sevinc olmuş, o da bütün gün işləmişdir. Ülkərin satışı normal, hamı kimi olmuşdur. Aptekin satışını başqa aptekə göndərmişdir. Əslində dərmanı sifariş edə bilərdi, amma alıcını işlədiyi başqa aptekə göndərmişdir. Onların aptekindən başqa aptekdə də işləmişdir. İşə normal vaxtında gəlib-getmişdir. İşini bilmişdir, ondan əvvəl də işləmişdir. Əsəbləşmişdir, müdiriyyət ilə də artıq-əskik danışmışdır. Satış müdirləri ilə də elə danışmışdır. Heçkim məcburi imza çəkdirməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2 aptekdə Ülkərlə birlikdə işləmişlər. Əvvəl onla işlədiyi aptekdə töhmət almış, başqa aptekə getmişdir. Orada təkrar töhmət almışdır, onların aptekinə qayıtmışdır. Onlar heç vaxt yola getməmişlər. Özünü apara bilməməsi, həmişə söyüş söyməyi, təhqir etməyi olmuşdur. O hər zaman bu halları rəhbərliyə bildirmişdir. O yenə bildirmişdir ki, onunla işləmək istəmir. Həmin gün o və bir də Aytac xanım növbədə olmuşdur. Çox böyük aptek deyil, amma satışı yaxşıdır, çünki poliklinikaya yaxındır. Müştərisi çox olan aptekdir. Satışdan 8 faiz müştərilərə bonus verir. O, 14 saat işləyir, uşağını tək böyüdür. Nəyisə götürüb vurmur, pulu cibinə qoyursa, o bunu rəhbərliyə bildirməlidir. O, 23 ildir ki, işləyir, amma töhmət almamışdır. Elə müdiriyyət var işçini yola verir, üstünü örtür. Onların işlədiyi aptekdən töhmət almış və İlqar müəllimin yanına getmişdir. Oradan da töhmət alıb yenidən həmin aptekə qayıtmışdır. Onlar Ülkərlə 2023-cü ildən biryerdə işləmişlər. Onlarda 1 il idi işləyirdi ki, töhmət almışdır. Bu hadisədən bir gün qabaq 50 manat kəsri gəlmişdir. Araşdırmışlar, amma tapmamışlar. Səhər gedib 50 manatı məbləği yerinə qoymuşdur. Bu insan tək işləyir, kirayə qalır, dediyinə görə anası, bacısı və bacısı uşaqlarına baxır və 364 manat maaş alır. Əlavə bonusla birlikdə ən çoxu 500 manat olur. 2 dərmandan birini sistemə vururmuş, birini vurmurmuş. O, dalaşandan sonra digər dərmanı sistemə vurmuşdur. Külli miqdarda pulu götürüb xırdalamağa getmişdir. Gətirib pulu necə gəldi oraya tullamışdır. Səhəri gün gətirib 50 manatı vermişdir. Ülkər xanım əczaçı deyilmiş, onun kimi satıcı olmuşdur. İşini heç yaxşı bilməmişdir. İş materialları: 0666783 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-yə satıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 "xxxx" bəndinə müvafiq olaraq işdən azad edilmişdir. 874 saylı, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də 1 ştatla parfumeriya satıcısı vəzifəsinə qəbul edilmişdir, vəzifə maaşı 350 manat olmuşdur. Vəzifə təlimatı əmək müqaviləsinə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli intizam tənbehi verilməsi barədə 030/23Ü saylı əmrdən görünür ki, X4 şiddətli töhmət verilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Həsənova Ülkər şirkət daxili etik qaydalara zidd hərəkət etmişdir. Satış zalında qeyri-etik hərəkətlərə yol vermişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq hörmətsizlik etmişdir. Aptekə daxil olan müştərilərə qeyri-ciddi xidmət göstərmişdir. Bəzi hallarda mövcud olan məhsulların olmadığını qeyd edərək xidmətdən imtina etmişdir. Müştərilərə aid çekləri özünə götürmüşdür. Bu barə akt tərtib edilərək müdir S.İlahə, satıcılar A.Sevinc, M.Pərvanə və H.Aytac, xadimə B.Tünzalə tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 027/24Ü saylı intizam tənbehi verilməsi barədə əmrin surətindən görünür ki, Cavabdeh MMC-də satıcı vəzifəsində çalışan X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hisssəsinin “b” bəndinə əsasən şiddətli töhmət elan edilmişdir. Buna əsas işçinin xx.xx.2023-cü il tarixli 003/23Ü nömrəli “Apteklərdə xidmət standartlarına dair siyasət və prosedur barədə” əmrin tələblərini pozaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək aptekdə satılan məhsulların satış çeklərini müştəriyə təqdim etməyərək gün sonunda özünə götürməsi, satış etdiyi məhsullardan əlavə bonus qazanmaq üçün yaxın qohumunun adına bonus kartı açaraq şəxsi maraqları üçün istifadə etməsi, ona edilən iradlara baxmayaraq rəhbərinə və digər həmkarlarına qaşrşı qeyri-etik və təhqiramiz ifadələr işlədərək subordinasiya qaydalarını pozması olmuşdur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X8 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 027/24Ü saylı əmr ilə tanış edilmiş, “bir nüsxəsi məndədir” qeydi yazılmış, lakin imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli, 290/24K saylı işçinin əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin surətindən görünür ki, Cavabdeh MMC-də satıcı vəzifəsində çalışan X8 ilə xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 "xxxx" bəndinə əsasən xitam verilmiş, MMC-nin mühasibatlığına işçi ilə son iş günündə son haqq-hesabın aparılması tapşırılmış, istifadə etmədiyi 64 təqvim günü əmək məzuniyyəti qalığı üçün pul əvəzi və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işlədiyi müddət üçün əmək haqqının ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas xx.xx.2024-cü il tarixli akt və aptek müdiri X2 təqdimatı olmuşdur. xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Cavabdeh MMC-nin direktoru E.A.X11 2-85 Aptekində müdir vəzifəsində çalışan X7 tərəfindən təqdimat yazılmış və göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində aptek işçisi Ülkər iş yerində daxili nizam-intizam qaydalarını və işin ahəngini pozmuşdur. Belə ki, aptekə reseptlə daxil olan alıcını (Meropenem- 7 qutu, 1 qutusu 13.20 manat, ümumi 92.40 manat) dərman aptekdə olmadığı müəyyən edildikdən sonra, müdir alıcı ilə razılaşaraq dərmanı sifarişə əlavə etdikdən sonra Ülkər əhəmiyyət verməyərək alıcını işlədiyi rəqib aptekdə dərman olduğunu bildirərək həmin aptekə yönləndirmişdir. Müdir etirazını bildirdikdə o, mübahisəyə başlamışdır. Satış zalında alıcıların olmağına baxmayaraq müdirə və digər işçilərə səs tonunu qaldırıb alıcıları da narahat etmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Həsənova Ülkərin xx.xx.2024-cü il tarixdə aptekə reseptlə daxil olan müştərini dərman aptekdə olmadığına görə öz işlədiyi rəqib aptekə yönləndirməsini, buna etiraz edildikdə alıcıların yanında səs tonunu qaldırıb mübahisəyə başladığını, bunun alıcıların narazılığına səbəb olduğunu bildirərək, müdir S.İlahə, satıcılar A.Sevinc və H.Aytac bu barədə akt tərtib etmiş və imzaları ilə təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Həsənova Ülkər 10 günlük uzaqlaşdırma barədə xəbərdar edilməsinə baxmayaraq aptekə gələrək iş fəaliyyətini davam etdirmiş, İnsan Resursları əməkdaşı ilə telefon vasitəsilə mübahisı etmiş və sonra apteki tərk etmişdir. xx.xx.2024-cü il tarixli (saat 18:39:32) "xxxx" ASC-nin əmək haqqı ödənişləri barədə hesabdan çıxarışından görünür ki, X3 hesabına ödəniş növü-oktyabr 2024, tarix xx.xx.2024, 13:02, məbləğ 1300.49 manat olmaqla ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən 34 saylı Vəkil Bürosuna 90 manat və 400 manat məbləğlərində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00294 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəfə xx.xx.2025-ci il tarixdə mediasiya təklifi, xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, hər iki tərəf sessiyada iştirak etmiş, lakin tərəflər mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən X9 Xidmətinə müraciət edilmiş, xx.xx.2024cü il tarixdə müfəttişlik tərəfindən iddiaçıya cavab məktubu ünvanlanmışdır. İş materiallarına cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş içərisində 02 ədəd video olan 01 ədəd flaş yaddaş əlavə edilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsi:

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.

4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi:

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. (Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.)

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

İşin faktiki halı: Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.2018-ci il tarixli, 874 saylı əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-yə “parfumeriya satıcısı” vəzifəsinə işə qəbul edilmiş, aylıq 350 manat əmək haqqı müqabilində çalışmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 290/24K nömrəli əmr ilə Cəbrayılova (Həsənova) Ülkər Cahid qızı ilə bağlanılmış əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "xxxx" işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən xitam verilmişdir. İşçinin 64 təqvim günü əmək məzuniyyət qalığı üçün pul əvəzi və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işlədiyi müddət üçün əmək haqqının qanunvericiliyə uyğun şəkil hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, gecikdirilmiş son haqq-hesab üçün ödənilməmiş 1000 manat pulun ödənilməsi, 20 gün istifadə edilməmiş məzuniyyətin əvəzi 378 manat pulun ödənilməsi, mənəvi zərər qismində 4000 manat pulun ödənilməsi və vəkil xidmətinə çəkilmiş 900 manat vəsaitin və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir.

Məkhəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı MMC-də “satıcı” vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Bu tərəflər arasında bağlanmış əmək müqaviləsinin 8-ci maddəsində də öz əksini tapmışdır Məhkəmə İddiaçı iddia tələbinin “əmrin ləğvi, işə bərpa” hissəsini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulan qaydalara riayət etməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, o, daxili nizam-intizam qaydalarını pozmuş, aptekə müraciət edən alıcı-müştəriyə müvafiq qaydada xidmət göstərməmiş və bu səbəblərdən onun barəsində xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə şiddətli töhmət elan edilməsinə baxmayaraq o, təkrarən bu hallara yol vermiş, əmək müqaviləsi üzrə işə qəbul edildiyi Cavabdeh MMC-nin qanunla qorunan mənafeyinə uyğun olmayan hərəkətlər etmişdir. İddiaçının daxili nizam-intizam qaydalarını pozması, alıcıya təqdim edilməli qəbzləri özündə saxlaması, alıcını digər aptekə yönləndirməsi, rəhbərliklə və digər işçilərlə mübahisələr etməsi barədə akt tərtib edilmiş və müvafiq şəxslər tərəfindən imzalanmışdır, bundan sonra işəgötürənin xx.xx.2024-cü il tarixli, 290/24K nömrəli əmrilə əsaslı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında bağlanılmış Əmək müqaviləsinə və müqaviləyə əlavəyə (Vəzifə Təlimatı) əsasən, işçi daxili və əmək nizam-intizam qaydalarına riayət etməyi, əməkdaşlarla nəzakətli ünsiyyət yaratmağı, rəhbərliyin əmrlərini, tapşırıqlarını vaxtında yerinə yetirməyi və.s öhdəsinə götürmüşdür. İddiaçının məhkəmə iclasında verdiyi ifadəsindən aydın olur ki, iddiaçı heç bir qaydanı pozmadığını, onunla şəxsi qərəzlik edildiyini, işinə maneəçilik törədildiyini, işdə onu qıcıqlandırdıqlarını, digərlərinin qohumluq əlaqəsi olduğunu və onu uzaqlaşdırmaq istədiklərini bildirərək, bununla öz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. Lakin məhkəmə hesab edir ki, işçinin əmək nizam-intizamını, daxili qayadaları pozması, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə barəsində şiddətli töhmət elan edilmiş, lakin bundan sonra qanunla müəyyən edilmiş altı aylıq müddət keçəmiş işçi tərəfindən təkrarən eyni hərəkətlərə yol verilmiş və bu barədə xx.xx.2024-cü il tarixdə akt və təqdimat tərtib edilmişdir. Beləliklə, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrinin tələbləri nəzərə alınmaqla, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2024-cü il tarixdə, poçt qəbzinə imza edilməklə (“Həsənova”) iddiaçı tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən Əmək Müfəttişliyi Xidmətinə müvafiq müraciət ünvanlanmış və həmin müraciətə xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən cavab verilmişdir. Lakin iddiaçı məhkəməyə hüquqlarının müdafiəsi məqsədilə müraciət etmək üçün, qabaqcadan mediasiya təklifini xx.xx.2025-ci il tarixdə tərəfə göndərmişdir. Yəni müvafiq orqanın cavab məktubundan təxminən 4 ay sonra mediasiya təklifi göndərilmişdir. Belə olan halda iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi özlüyündə əsaslı olmadığından və iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut etmədiyindən iddia müddətinin tətbiq edilməsilə iddianın rədd edilməsinə əsaslar mövcud deyil. Məhkəmə iddia tələbinin “gecikdirilmiş haqq hesab və istifadə edilməmiş məzuniyyət üçün pul” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarış və əmək haqqının hesablanması haqqında cədvəldən görünür ki, iddiaçıya ödənilməli olan son haqq-hesab 1300.49 manat olmaqla hesablanmış və onun bank hesabına xx.xx.2024cü il tarixdə, yəni əmr imzalandıqdan 01 gün sonra ödənilmişdir. Belə olan halda iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb “əmrin ləğvi və işə bərpa” tələbindən törəmə tələbdir, “əmrin ləğvi və işə bərpa” hissəsində iddia tələbinin əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbi də təmin edilə bilməz. Belə olan halda, iddianın həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, həmin məbləğ cavabdehə aid edilə bilməz, ona görə bu məbləğ dövlət büdcəsinə aid edilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən hüquqi xidmətin və mediasiya xərcinin cavabdehdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən çəkilmiş xərclər onun özünə aid edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, gecikdirilmiş son-haqq hesabın və istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq pul və mənəvi zərər” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, gecikdirilmiş son-haqq hesabın və istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq pul və mənəvi zərər” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar