Məhkəmə qərarları › İş №e-2(007)-2077/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2077/2025

02.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2077/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Vəkil Bürosuna qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “intizam tənbehi əmrinin ləğv edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Vəkil Bürosuna qarşı “intizam tənbehi əmrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Vəkil Bürosuna qarşı “intizam tənbehi əmrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun “töhmət verilməsi” barədə 10 fevral 2025-ci il tarixli 03 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixindən cavabdeh Bakı Şəhəri 6 saylı Vəkil Bürosunda vəkil köməkçisi vəzifəsində işləyir. Nəzərə çatdırır ki, xx.xx.2024-cü il tarixdə bacısı X4 işlədiyi ünvan 1 ünvanda yerləşən diş klinikasında olarkən bacısının keçmiş əri X5 əmlak bölgüsü ilə bağlı ekspertlə ora gəlmiş, əsassız mübahisələr yaratmış, bununla da ekspertin işinə mane olmuşdur. Bu zaman X5 Azərbaycan Respublikasının DİN “102” xidmətinə zəng edərək onun barəsində şikayət etmişdir. Məlumat üçün bildirir ki, o, “əmlak bölgüsü” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: Ramin Quliyev) icraatında olan 2(005)-290/2025 nömrəli mülki iş üzrə üçüncü şəxs qismində iştirak edir. Daha sonra, Bakı Şəhəri Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməkdaşları klinikaya gələrək onu və bacısını şöbəyə aparmışdır. X5 polis şöbəsində şikayətin davamı olaraq, onu şərləyərək narkotik vasitə istifadə etməyini iddia etmişdir. Nəticədə Bakı Şəhəri Nəsimi RPİ-nin 20-ci polis əməkdaşı Ruhin İbrahimov tərəfindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi üzrə protokol tərtib edilmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Tərəfindən təqdim edilən müxtəlif (dövlət və özəl) tibb müəssisələrinin rəyləri ilə birlikdə digər sübutlar qiymətləndirilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(006)-4812/2024 nömrəli qərarı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bəraət verici əsasla (İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə) xitam verilmişdir. Lakın vətəndaş X5 tərəfindən onun işgüzar nüfuzuna xələl gətirən əsassız, həqiqətə uyğun olmayan, sübuta yetirilməyən məlumatlar yaymağa başlanılmışdır. Belə ki, vətəndaş X5 tərəfindən onun işgüzar nüfuzuna xələl gətirərək, onun barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət etmişdir, onun şikayət ərizəsi xx.xx.2024-cü il tarixində 272 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır (iddia ərizəsinə əlavə edilir). Həmin şikayət ərizəsində barəsində tərtib edilmiş protokola bəraətverici əsasla xitam verilməsini bilə-bilə narkotik istifadəçisi olduğu qeyd edilir və bu səbəblə işdən azad olunmağı xahiş edilir. X1 şikayəti ilə bağlı cavabdeh Bakı Şəhəri 6 saylı Vəkil Bürosunda 19 fevral 2025-ci il tarixində saat 16:50-də izahat yazdı və büro müdirinə təqdim etdi. İzahatında “əmlak bölgüsü” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: Ramin Quliyev) icraatında olan 2(005)-290/2025 nömrəli mülki iş üzrə üçüncü şəxs qismində bacısı X4 işlədiyi ünvan 1 ünvanda yerləşən diş klinikasında ekspert baxışında iştirak etdiyini, ekspert baxışında iştirakının vəkil köməkçisi fəaliyyətilə bağlı olmadığını, X1 onu şərləyərək polisə şikayət etdiyini, barəsində bəraətverici əsasla protokola xitam verilməsi barədə qərar olduğunu qeyd etdi və həmin qərarın və tibbi sənədlərin surətini təqdim etdi. Bildirir ki, xx.xx.2025-ci il tarixində vəkil köməkçisi olduğu vəkil Elxan Əlitahirli ona töhmət verildiyini bildirdi. O, dərhal həmin əmrin surətini tələb etsə də, Büro müdiri nə əmrlə tanış etdi, nə də ki, əmrin surətini ona təqdim etdi. Həmin gün, yəni xx.xx.2025-ci il tarixində https://eroom.e-social.gov.az portalında “işəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsində Bakı Şəhəri 6 saylı Vəkil Bürosuna məktub yazaraq, X1 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına etdiyi xx.xx.2025-ci il tarixli 272 nömrəli daxilolma nömrəli əsassız, işgüzar nüfuzuna xələlə gətirən şikayəti üzrə ona verilmiş intizam tənbehi əmrinin surətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən ona təqdim edilməsini xahiş etdi. Lakin əmrin surəti ona təqdim edilmədi. Həmin gün, yəni xx.xx.2025ci il tarixində poçt vasitəsilə mediasiya prosesinin tətbiqi barədə təklifi göndərdi (müvafiq sənədlər qoşma edilir). Bir gün sonra, yəni xx.xx.2025-ci il tarixində təkrarən https://eroom.e-social.gov.az portalında “işəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsində Bakı Şəhəri 6 saylı Vəkil Bürosuna məktub yazaraq, mediasiya prosesinin tətbiqi barədə təklifi göndərdi (müvafiq sənəd qoşma edilir). Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, cavabdeh Bakı Şəhəri 6 saylı Vəkil Bürosuna çoxsaylı müraciətlərindən sonra Büro müdirinin 10 fevral 2025-ci il tarixli 03 №-li töhmət verilməsi barədə əmri ona rəsmi qaydada xx.xx.2025-ci il tarixində verildi və o, həmin əmrin məzmunu ilə ilk dəfə tanış oldu. Ona bəlli oldu ki, cavabdeh Bakı Şəhəri 6 saylı Vəkil Bürosunda 19 fevral 2025-ci il tarixində saat 16:50-da izahat yazarkən ona artıq 9 gün əvvəl töhmət verilmişdir. İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/18/2025 nömrəli arayış aldı. Cavabdeh Bakı Şəhəri 6 saylı Vəkil Bürosu mediasiya iclasına gəlməmişdir. Cavabdeh Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun 10 fevral 2025-ci il tarixli 03 №-li töhmət verilməsi barədə əmri aşağıdakılara görə qanunsuz və əsassızdır. 1. Ona töhmət verilməzdən əvvəl ondan izahat alınmamış və tələb edilməmişdir. Töhmət əmri verilməsindən 9 gün sonra, 19 fevral 2025-ci il tarixində saat 16:50-da izahat yazmışdır. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. 2. Töhmət əmri X1 onun barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına əsassız şər-böhtan xarakterli xx.xx.2024-cü il tarixində 272 daxil olma nömrəli şikayət ərizəsi əsasında verilmişdir. Halbuki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(006)- 4812/2024 nömrəli qərar ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bəraət verici əsasla (İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə) xitam verilmişdir. Göründüyü kimi, Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun 10 fevral 2025-ci il tarixli 03 №-li töhmət verilməsi barədə əmri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə ziddir. 3. Onun xx.xx.2024-cü il tarixdə bacısı X4 işlədiyi ünvan 1 ünvanında yerləşən diş klinikasında olmağı onun əmək funksiyası ilə bağlı olmamışdır. Həmin vaxt o, üçüncü şəxs qismində iştirak etdiyi “əmlak bölgüsü” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: Ramin Quliyev) icraatında olan 2(005)-290/2025 nömrəli mülki işlə əlaqədar olmuşdur. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, diş klinikasında olduğu vaxt saat 18:00-dan sonra idi. Göründüyü kimi, iş vaxtı ərzində olmayan və əmək funksiyalarına aid olmayan məsələyə görə heç bir təqsiri olmadığı halda ona intizam tənbehi verilmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 4. Bundan başqa, Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun 10 fevral 2025-ci il tarixli 03 №-li töhmət verilməsi barədə əmri sadə formada tərtib edilmiş, əsaslandırılma aparılmamış, hansı əmək funksiyasının yerinə yetirilməməsi, əmək funksiyasının pozuntusunun nədən ibarət olması qeyd edilməmişdir. Beləliklə, X1 əsassız şikayəti onun işgüzar nüfuzuna birbaşa xələl gətirərək, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyində və Büroda iş yoldaşları arasında ona qarşı mənfi fikirlər formalaşdırılmış və nəticəsi olaraq, cavabdeh Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun 10 fevral 2025-ci il tarixli 03 nömrəli əmri ilə ona əsassız və qanunsuz intizam tənbehi verilmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyniməzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, bacısının keçmiş əri X3 əsassız şikayəti əsasında ona töhmət verilib. Elnur Mirzəliyev onu və vəkil Elxan Əlitahirlini şərləyir. Narkotik vasitəsi istifadəçisi kimi şikayət etmişdi onun barəsində, lakin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati icraata xitam verilmişdi. Töhmət əsassız verilib, həmçinin niyə verilməsi əsaslandırılmayıb. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun nümayəndəsi X7 bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbi əsassızdır. Elxan Əlitahirliyə də Azərbaycan Respublikasının Vəkillər X2 qərarı ilə töhmət verilib.

İş materialları:

5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00234 nömrəli arayışdan görünür ki, Bakı Şəhəri 6 saylı Vəkil Bürosu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Mediasiya təklifi xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilmişdir.

6. Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı Şəhəri 6 saylı Vəkil Bürosunda xx.xx.2022-ci il tarixdə vəkil köməkçisi vəzifəsinə qəbul edilmişdir.

7. Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun 10 fevral 2025-ci il tarixli 03 saylı əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsində müəyyən edilmiş funksiyasını qismən yerinə yetirmədiyinə görə töhmət verilmişdir.

8. Xidmət üçün müraciətlə bağlı bildirişdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə barəsində tətbiq olunmuş intizam tənbehinin verilməsi barədə əmrin surətinin verilməsi üçün müraciət etmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(006)-4812/2024 nömrəli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

10. X3 xx.xx.2024-cü il tarixli şikayət ərizəsinin surətindən görünür ki, Bakı Şəhəri 6 saylı Vəkil Bürosunda vəkil köməkçisi işləyən İddiaçı tutduğu vəzifədən azad olunması barədə göstəriş verilməsini xahiş etmişdir.

11. Fotoşəkildən görünür ki, İddiaçı 19 ferval 2025-ci ildə izahat yazmışdır.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-290/2025 nömrəli, 01 aprel 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı Şəhəri 6 saylı Vəkil Bürosuna xx.xx.2022-ci il tarixdə vəkil köməkçisi vəzifəsinə qəbul edilmişdir. Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun 10 fevral 2025-ci il tarixli 03 saylı əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsində müəyyən edilmiş funksiyasını qismən yerinə yetirmədiyinə görə töhmət verilmişdir. Hazırda iddiaçı Bakı şəhəri 6 saylı Vəkil Bürosunun 10 fevral 2025-ci il tarixli 03 saylı əmrinin ləğv edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddənin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

15. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə (bundan sonra – X8 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X8 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı şəhəri 6 saylı Vəkil Bürosunun 10 fevral 2025-ci il tarixli 03 saylı əmri ləğv edilməlidir.

17. ƏM-nin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

18. İddiaçı xx.xx.2025-ci il tarixdə https://eroom.e-social.gov.az portalında “işəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsində Bakı Şəhəri 6 saylı Vəkil Bürosuna məktub yazaraq ona verilmiş intizam tənbehi əmrinin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Elə həmin gün iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etmək məqsədi ilə mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixində https://eroom.esocial.gov.az portalında “işəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsində Bakı Şəhəri 6 saylı Vəkil Bürosuna məktub yazaraq, mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir.

19. Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün xx.xx.2025-ci il tarixli MŞB/18/2025 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.

20. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, 10 fevral 2025-ci il tarixli 03 saylı əmr qanunvericiliyin tələbinə əsasən düzgün formada tərtib edilməmişdir. Əmrdə ümumi formada “işçi əmək müqaviləsində müəyyən edilmiş funksiyasını qismən yerinə yetirmədiyinə görə” ona töhmət verilməsi qeyd olunmuşdur. Əmək Məcəlləsinin tələbinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

21. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. Lakin işəgötürən Bakı Şəhəri 6 saylı Vəkil Bürosu tərəfindən əmrdə qeyd edilən “əmək müqaviləsində müəyyən edilmiş funksiyasını qismən yerinə yetirmədiyi” dedikdə işçi hansı funksiyasını və hansı hissədə qismən yerinə yetirməsinə aydınlıq gətirilməmişdir. Həmçinin məhkəmə iclasında da işə götürən tərəfindən sübut edilməmişdir.

22. Göründüyü kimi İddiaçı barəsində intizam tənbehi verilməsi barədə əmrin surəti verilməmişdir. Əmr yalnız o, rəsmi müraciət etdikdən sonra ona verilmişdi. Halbuki, ƏM-nin 296-cı maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin surəti verilməlidir.

23. 10 fevral 2025-ci il tarixli 03 saylı əmr qanunvericiliyin tələbi pozulmaqla verilmişdir. Belə ki, əmr 10 fevral 2025-ci il tarixdə verilsə də işçidən izahat 19 fevral 2025ci il tarixdə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Hazırki halda isə işəgötürən işçidən intizam tənbehi veriləndən sonra izahat almışdır.

24. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə bekə qənaətə gəlir ki, Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun 10 fevral 2025-ci il tarixli 03 saylı əmri ləğv edilməlidir.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

27. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

28. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun “töhmət verilməsi” barədə 10 fevral 2025-ci il tarixli 03 nömrəli əmri ləğv edilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia tələbi təmin edilsin. Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun “töhmət verilməsi” barədə 10 fevral 2025-ci il tarixli 03 nömrəli əmri ləğv edilsin. Dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar