Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2079/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək Cavabdeh 3000 (üç min) AZN məbləğində əsas borcun, 48 təqvim günü üçün 3024 (üç min iyirmi dörd) AZN məbləğində ödənişlərin və bu iş üzrə məhkəmə qərarı qəbul edilənədək hər təqvim günü üçün 63 (altmış üç) AZN olmaqla penyanın, 83 (səksən üç) AZN dövlət rüsumunun, 200 (iki yüz) AZN vəkil haqqının tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağladıqları 05 mart 2023-cü il tarixli 231 saylı Lombard kredit müqaviləsinə (bundan sonra “Müqavilə”) əsasən cavabdehə 62 (altmış iki) təqvim günü müddətində 3000 (üç min) AZN məbləğində lombard krediti verilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən cavabdeh hər təqvim günü üçün 63 (altmış üç) manat gündəlik ödəniş etməli idi. Müqavilənin təminatı kimi cavabdehlə əsas borc və faizlərin cəmi məbləğində (cəmi 3900 AZN) Bakı şəhəri, 8 km Kolxoz Bazarında yerləşən “Sizin market”də olan ərzaq məhsulları (içki növləri, siqaretlər və bütün məhsullar) 05 mart 2023-cü il tarixli 231 saylı Girov müqaviləsi imzalanmışdır. Lakin cavabdehin xahişi ilə həmin ərzaq məhsullarının gündəlik satışını nəzərə alaraq, onlar faktiki olaraq girov kimi götürülməmiş və cavabdehdə qalmışdır. Cavabdehə 05 mart 2023-cü ildə 3000 (üç min) AZN məbləğində lombard krediti verilmişdir ki, bu da cavabdeh tərəfindən imzalanmış 05 mart 2023-cü il tarixli Qəbzlə təsdiq olunur. Bundan sonra, cavabdeh 14 (on dörd) təqvim günü üçün hər günə 63 (altmış üç) AZN olmaqla, cəmi 882 (səkkiz yüz səksən iki) AZN ödəmiş, 15 mart 2023-cü ildən indiyədək 48 (qırx səkkiz) təqvim günü üçün nə gündəlik ödənişləri etməmiş, nə də əsas borcu geri qaytarmamışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən, gündəlik ödəmə məbləğinin ödənilməsinin pozulmasına görə Borc alan Lombard təşkilatına gündəlik ödəmənin 100 (yüz) %-i miqdarında penya ödəməlidir. Göründüyü kimi, cavabdeh nə əsas borcu, nə də əsas borc üzrə ödəməli olduğu faizləri ödəməkdən yayınır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi yoxdur. Ona görə də vəkil xidmətlərindən istifadə etməklə, müvafiq miqdarda dövlət rüsumu ödənilməklə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Göründüyü kimi, cavabdehdən 3000 (üç min) AZN məbləğində əsas borc, 3024 (üç min iyirmi dörd) AZN məbləğində 48 təqvim günü üçün ödənişlərin və bu iş üzrə məhkəmə qərarı qəbul edilənədək hər təqvim günü üçün 63 (altmış üç) AZN penya, 83 AZN dövlət rüsumu və 200 (iki yüz) AZN vəkil haqqı tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini qeyd etmiş və əsas borc üzrə cərimə və faizlərini hesablanmasının xx.xx.2023-cü tarixdən, yəni son ödəniş tarixindən başlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, 600 manat ödəniş etmişdir. İdda tələbini 3000 manat əsas borcun ödənilməsi hissəsində qəbul edir. 48 günün ödənişini və peniya məbləğini qəbul edir. Buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişldir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Lombard təşkilatı İddiaçı MMC ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 231 saylı lombard krediti müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən 3000 manat məbləğində pulu borcalana verməyi, borcalan isə ödəmə qrafikində nəzərdə tutulmuş faizlə birlikdə vaxtında və tam həcmdə lombard təşkilatına geri qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan hər təqvim günü üçün borc məbləğinin 0,49 faizi miqdarında faiz ödəyir. 3000 manat məbləğində borc məbləği borc alana 62 təqvim günü müddətinə verilir. Borc alana faizi borc məbləği ilə birlikdə hər gün ödəyir. Borc alana borc məbləğini və faizləri vaxtından əvvəl qaytara bilər. Borc alan borc məbləğini və faizləri vaxtından əvvəl qaytardıqda hər hansı bir cərimə (penya) ödəmir. Müqavilə üzrə gündəlik ödənişin məbləği 63 manatdır. - Girov saxlayan İddiaçı MMC ilə girov qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 231 saylı girov müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 231 saylı kredit müqaviləsinə əsasən girov qoyan girov saxlayan qarşısında 3900 manat midarında borc və faizlərin 62 gün müddətində qaytarılması öhdəliyi vardır. Öhdəliyin təminatı kimi ərzaq məhsulları (içki növləri, siqaretlər və bütün məhsullar) girov saxlayana verilir. Girov predmetinin dəyəri 3900 manatdır. - Girov predmetinin təhvil təslim aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 231 saylı kredit müqaviləsinin təminatı kimi ərzaq məhsulları girov qoyan tərəfindən girov saxlayana təhvil verilmiş, sonradan həmin məhsulları girov saxlayan tərəfindən girov qoyana qaytarılmışdır. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında balanmış 05 mart 2023-cü il tarixli 231 saylı Lombard kredit müqaviləsinə əsasən cavabdehə 62 (altmış iki) təqvim günü müddətində 3000 (üç min) manat məbləğində lombard krediti verilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən cavabdeh hər təqvim günü üçün 63 (altmış üç) manat gündəlik ödəniş etməli idi. Müqavilənin təminatı kimi cavabdehlə əsas borc və faizlərin cəmi məbləğində, yəni 3900 AZN dəyərində olan ərzaq məhsulları (içki növləri, siqaretlər və bütün məhsullar) 05 mart 2023-cü il tarixli 231 saylı Girov müqaviləsi ilə girova qoyulmuşdur. Lakin həmin ərzaq məhsullarının gündəlik satışını nəzərə alaraq, onlar faktiki olaraq girov kimi götürülməmiş və cavabdehdə qalmışdır. İddiaçının dediyi məlumata əsasən cavabdeh 14 (on dörd) təqvim günü üçün hər günə 63 (altmış üç) AZN olmaqla, cəmi 882 (səkkiz yüz səksən iki) AZN ödəmiş, 15 mart 2023-cü ildən indiyədək 48 (qırx səkkiz) təqvim günü üçün nə gündəlik ödənişləri etməmiş, nə də əsas borcu geri qaytarmamışdır. Cavabdeh isə cəmiyyətə 600 manat ödəniş etdiyini qeyd etmişdir. Hazırda tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, 3000 (üç min) AZN məbləğində əsas borcun, xx.xx.2023-cü tarixdən, yəni son ödəniş tarixindən başlalayaq gündəlik ödənişlərin və bu iş üzrə məhkəmə qərarı qəbul edilənədək hər təqvim günü üçün 63 (altmış üç) AZN olmaqla penyanın, 83 (səksən üç) AZN dövlət rüsumunun, 200 (iki yüz) AZN vəkil haqqının tutularaq İddiaçınə ödənilməsi ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; 743.3-cümaddəsinə əsasən Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 05 mart 2023-cü il tarixli 231 saylı Lombard kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və cəmiyyətin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə iddia əsaslı hesab olunur. Cavabdeh isə iddiaya etiraz etməyərək iddia tələbini 3000 manat əsas borcun ödənilməsi hissəsində qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 3000 manat əsas borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin gündəlik ödənişlərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 231 saylı lombard krediti müqaviləsinə əsasən gündəlik ödənişin məbləği 63 manatdır. Cavabdeh gündəlik ödənişlərdən müəyyən məbləğlər ödəmişdir. İddiaçı tələbində cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq 48 təqvim günü üçün ödənişləri edilmədiyini və borcun 3024 manat olduğunu qeyd etmiş, daha sonra isə cavabdeh tərəfindən ödəniş edildiyindən gündəlik ödənişlərin xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə mübahisələndirilən hissədə etiraz etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə başlayaraq 40 gün üçün, hər gün 63 manat olmaqla, ümumilikdə 2520 manat cavabdehin iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “iş üzrə məhkəmə qərarı qəbul edilənədək hər təqvim günü üçün 63 (altmış üç) AZN olmaqla penyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli 231 saylı lombard krediti müqaviləsinin 5.2-ci bəndinə əsasən gündəlik ödəmə məbləğinin ödənilməsinin pozulmasına görə borc alan lombard təşkilatına gündəlik ödəmənin 100 faizi miqdarında peniya ödəyir. Məhkəmə araşdırması zamanı gündəlik ödənişlər üzrə cavabdeh tərəfindən gecikməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə borcu əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq, 210 manat müəyyən edilməlidir. MPM-in: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 manat məbləğində əsas borcun, 40 təqvim günü üçün 2520 manat məbləğində gündəlik ödəniş və 210 manat cərimə borcu olmaqla, cəmi 5730 manat borc tutularaq İddiaçınə ödənilödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 83 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyi üçün məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli, ödənilmiş dövlət rüsumunun 77,3 manatı cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan 5,7 manatı isə iddiaçıya aid edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Kiçikbəyov və Partnyorlar” Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 manat cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat məbləğində əsas borcun, 40 təqvim günü üçün 2520 manat məbləğində gündəlik ödəniş və 210 manat cərimə borcu olmaqla, cəmi 5730 manat borc, ödənilmiş 77,3 manat dövlət rüsumunun əvəzi, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pulun əvəzi tutularaq İddiaçınə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 5,7 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2079/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2079/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver