Məhkəmə qərarları › İş №e-2(007)-208/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-208/2024

08.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-208/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil qanunvericiliyin tələblərinə əməl etməklə vərəsəlik şəhadətnaməsinə əsasən onun mülkiyyətinə keçmişdir. Bundan sonra onun daşınmaz əmlak üzərində yaranmış hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** saylı xx.xx.2023-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüquqlarını rəsmiləşdirmişdir. Cavabdeh onun qızıdır. Lakin o, ailə həyatı qurduğu vaxtdan, yəni 2013-cü il tarixdən ünvan 3 ünvanında yerləşən mənzildə yaşamır. Onunla heç bir əlaqələri yoxdur. Onunla və digər övladları ilə əlaqə saxlamır və ünsiyyət qurmur. xx.xx.2022-ci il tarixli 2(007)-1383/2022 saylı Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə də qeyd edilənlər sübut olunur. Cavabdeh fərqli ünvanda yaşayır. Buna baxmayaraq ona məxsus evdə qeydiyyatda qalmaqla onun mülkiyyəti üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdehin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o, onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onunla artıq heç bir əlaqəsi yoxdur ki, onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmağına razılaşsın. Üçüncüsü isə, onun mülkiyyətində qeydiyyatda qalması onun həmin mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdrır. Belə ki, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onun razılığının alınması və yaxud evi satmaq istədikdə alıcıların narazılığına səbəb olduğundan onun üçün əlavə problemlər yarada bilər. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq başqa yerdə yaşaması, amma onun mülkiyyətində qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaratmaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun birinci maddəsində qeyd olunan tələbləri pozur.

İş materialları:

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********99-05101-093057 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 86 saylı evin, 74 saylı mənzili İddiaçıının xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 41 saylı evin, 20 saylı mənzilində qeydiyyatdadır.

5. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(007)- 1383/2022 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 5 ünvanında yerləşən miras əmlakında açıq saxlanılan ¼ hissə miras pay üzərində mirası qəbul etmiş qanun üzrə vərəsələr: İddiaçı, X1 və X2 vərəsəlik hüquqları tanınması, həmin miras əmlakında açıq saxlanılan ¼ hissə İddiaçı, X1 və X2 arasında paylarına mütənasib surətdə bölüşdürülməsi və onlara “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə verilməsi qət edilmişdir.

7. 50 saylı MKİS tərəfindən tərtib oluna aktdan görünür ki, Cavabdeh 2013-cü ilin oktyabr ayından Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 86 saylı evin, 74 saylı mənzilində yaşamır.

Tərəflərin izahatları:

8. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, cavabdeh 2013-cü ilə qədər ailə qurana kimi qeyd olunan mənzildə yaşayıb. Ailə qurub Gəncəyə köçüb hazırda da orada yaşayır. Cavabdehin mənzilə olan yaşayış ehtiyacı ödənilib. Formal olaraq mənzildə qeydiyyatdadır. Bu səbəbdən onun mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

11. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4-cü maddəsinin tələbinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

16. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi:

Belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

17. Avropa Konvensiyasının 1 saylı protokolunun: 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.

18. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun:

9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

İşin faktiki halları:

21. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 86 saylı evin, 74 saylı mənzili xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh 2013-cü ilin oktyabr ayından ailə quraraq mənzildən köçsə də formal olaraq mənzildə qeydiyyatda qalmışdır. Hazırda Cavabdeh Gəncədə yaşayır. İddiaçı cavabdehin mənzilə olan ehtiyacı ödənildiyi üçün ona kopmensasiya verilmədən mənzilə olan istifadə hüququnun itirilməsini tələb edir.

22. Bununla da cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

25. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

26. Beləliklə, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində yaşamaması, həmçinin onun 2013-cü ilin oktyabr ayından ailə quraraq Gəncəyə köçüb orada yaşaması onun artıq mənzilə olan ehtiyacının aradan qalxdığını müəyyən edir. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Belə olan halda məhkəmə iddiaçının mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinin təmin olunmasını ədalətli hesab edir.

27. Məhkəmə cavabdehin mülki işin dayandırılması ilə bağlı məkhəməyə etdiyi müraciətlərə cavab olaraq bildirir ki, Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(007)-1383/2022 nömrəli qətnaməsindən qanunvericiliyin tələbinə uyğun olmayan formada apellyasiya şikayəti vermişdir. Həmin şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7503/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Cavabdeh tərəfindən yenidən qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh tərəfindən edilən bu hərəkətlərdən açıq-aydın görünür ki, bu mülki işin lüzumsuz olaraq uzadılması üçün edilir və prosessual cəhətdən süründürməçiliyə gətirib çıxarır. Məhkəmə hesab edir ki, mülki işin dayandırılmasına əsaslar mövcud olmamış və cavabdeh tərəf bu müddət ərzində qanunvericiliyin tələbinə uyğun formada apellyasiya şikayəti verməmişdir.

Nəticə:

28. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən 2013-cü ildən yaşamadığından istifadə hüququnu itirmişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.

29. Beləliklə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 86 saylı evin, 74 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir.

30. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 86 saylı evin, 74 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar