Məhkəmə qərarları › İş №e-2(007)-2122/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2122/2024

23.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2122/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işçi tərəfindən işəgötürənə vurulmuş maddi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6587 manat 4 qəpik, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 36 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 08 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 137x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində İddiaçı MMC-nin OBA Köhnə Günəşli 14 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 4650 (dörd min altı yüz əlli) manat 07 (yeddi) qəpik, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5100 (beş min bir yüz) manat 24 (iyirmi dörd) qəpik təşkil edir. İnventarizasiya yoxlamaları və mağaza sayımları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış, iltizamnamənin qeyd hissəsində əskik gələn mallara razılığını bildirmiş və yoxlamanın nəticəsinə heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6587 (altımin beş yüzsəksən yeddi) manat 4 (dörd) qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6587 (altımin beş yüz səksən yeddi) manat 4 (dörd) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir

İş materialları :

3. Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00173 nömrəli “X1 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirak etsə də, Cavabdeh X1 iştirak etməmişdir. İddiaçı MMC tərəfindən 50 manat İMS və 10 manat poçt xərci ödənilmişdir.

4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 01 ay müddətinə satıcı-kassir vəzifəsində işə başlamışdır. Əmək haqqısı 300 manat təşkil etmişdir.

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən Cəmiyyətin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqısı ştat cədvəlinə uyğun olaraq 390 manat təyin edilmişdir.

6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, “X3 haqqında müqavilə”dən görünür ki, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul edilməklə üzərinə vəzifələr götürmüşdür.

7. İş materiallarına İddiaçı MMC-də administrator vəzifə təlimatları əlavə edilmişdir.

8. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 694 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 300 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur.

9. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 08 saylı “vəzifə dəyişikliyi haqqında” əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2023-cü il tarixdən administrator vəzifəsinə keçirilmiş və əmək haqqısı 390 manat təşkil etmişdir.

10. Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixindən onun əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

11. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 137x saylı “işdən azad haqqında” əmrindən görünür ki, cəmiyyətin satış departamentinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir.

12. OBA-Kohne Guneshli filialında aparılmış planlı inventarizasiya nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli yekun aktdan görünür ki, yoxlama dövri 146 gündür, əvvəlki yoxlama tarixi isə xx.xx.2023-cü ildir. Yoxlama nəticəsində 4650.07 manat əksiklik müəyyən edilmiş, dövriyyə isə 237122.88 manat təşkil etmişdir.

13. İş materiallarına OBA-Kohne Guneshli 14 (1271) mağazasında xx.xx.2023-cü il tarixdə keçirilmiş planlı yoxlamaya dair “İnventarizasiya siyahısı” əlavə edilmişdir. Siyahıdan görünür ki, son nəticə olaraq əksik 4650.07 manat təşkil etmişdir.

14. Cavabdeh tərəfindən “Oba Market MMC-nin İnventarizasiya Komissiyasına verilmiş xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, Cavabdeh sayımda tam iştirak etdiyini, narazılığı olmadığını və sayılan miqdarlarla razı olduğunu bildirmişdir.

15. Cavabdeh tərəfindən İddiaçı MMC-nin İnventarizasiya Şöbəsinin araşdırma bölməsinə verilmiş İltizamnamədən görünür ki, Cavabdeh kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistemi üzərindən Araşdırma Bölməsinin mütəxəssisi tərəfindən onun iştirakı ilə təkrar nəzarət qaydasında tam yoxlanıldığını və 3006 say çeşid -4560.0 əksik manat məbləğdə kənarlaşma aşkar olunduğunu öz imzası ilə təsdiq etmişdir.

16. OBA-Kohne Guneshli filialında aparılmış planlı inventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun aktdan görünür ki, yoxlama dövri 104 gündür, əvvəlki yoxlama tarixi isə xx.xx.2023-cü ildir. Yoxlama nəticəsində 5100.24 manat əksiklik müəyyən edilmiş, dövriyyə isə 168382.87 manat təşkil etmişdir.

17. OBA-Kohne Guneshli 14 (1271) mağazasında xx.xx.2023-cü il tarixdə keçirilmiş planlı yoxlamaya dair “İnventarizasiya siyahısı”ndan görünür ki, son nəticə olaraq əksik 5100.24 manat təşkil etmişdir.

18. Cavabdeh tərəfindən “Oba Market MMC-nin İnventarizasiya Komissiyasına verilmiş xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, Cavabdeh sayımda iştirak etdiyini, sayılan çəki və miqdarların qarşılaşdırma vasitəsilə yoxlanıldığını, artıq və əksiklərə düzəliş olunduğunu, həmçinin imhalıq məhsulları öz istəyi ilə yararsız hala salınıb atıldığını, sayım qrupundan narazılığı olmadığını, tam şəffaf keçirildiyini bildirmişdir.

19. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 214 nömrəli “Təbii itki normalarının tətbiqi haqqında” əmrindən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nətiəclərin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Qəhrəman oğlundan tələb edilməsi əmr edilmişdir.

20. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 1604 nömrəli “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” əmrindən görünür ki, Oba-Kohne Guneshli 14 filialı üzrə növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupunun yaradılması, maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlamasının xx.xx.2023cü il tarixində başlanaraq xx.xx.2023-cü il tarixinə kimi yekunlaşdırılması əmr edilmişdir.

21. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 1069 nömrəli “Planlı inventarizasiyanın aparılması haqqında” əmrindən görünür ki, Oba-Kohne Guneshli 14 filialı üzrə planlı yoxlamanın paraılması üçün işçi qrupunun yaradılması, maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlamasının xx.xx.2023-cü il tarixində başlanılaraq xx.xx.2023-cü il tarixinə kimi yekunlaşdırılması əmr edilmişdir.

22. ”Oba Market” MMC tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Qəhərman oğlundan xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrinin imzalanması üçün Daxili Nəzarət Departamentinə yaxınlaşması tələb olunmuşdur.

23. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh araşdırmanın nətiəcləri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-5100.24 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.

24. ”Oba Market” MMC tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyətləri yoxlanılmış və 6587.4 manat əksikgəlmə aşkar edilməsi və 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 06 may 2024-cü il tarixinə İddiaçı MMC-yə 6587.40 manat borcu qalmışdır.

26. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36 manat dövlət rüsumu ödənilmişdir.

27. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, 6587 manat borcu olduğunu və hazırki mərhələdə ödəməyə imkanı çatmadığını bildirmişdir.

Tərəflərin izahatları :

28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, cavabdeh tam maddi məsul şəxs olmuş, X3 haqqında müqavilə bağlamışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində İddiaçı MMC-nin OBA Köhnə Günəşli 14 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4650.07 manat, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5100.24 manat təşkil etmişdir. İnventarizasiya yoxlamaları və mağaza sayımları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış, iltizamnamənin qeyd hissəsində əskik gələn mallara razılığını bildirmiş və yoxlamanın nəticəsinə heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6587.4 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMCyə ümumilikdə 6587.4 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. X3 haqqında müqavilənin 3.3-cü maddəsinə əsasən, işçinin işəgötürənə vurduğu ziyana görə akt tərtib olunur. Şəxsin aktı imzalamaması onu məsuliyyətdən azad etmir. Adətən kəsri olan işçilər möhlət istəyirlər. Borcun onların əmək haqqısından tutulmasını istəyirlər. Cavabdehin fəaliyyətində əsaslı şübhələr müəyyən olunmuş, onun işlədiyi mağazada ikinci dəfə də yoxlama keçirilmişdir. İşəgötürən işçini AR ƏM-nin 70 “ç” maddəsi ilə də işdən çıxara bilərdi. Lakin, işəgötürən humanistlik etmiş, işçini həmin maddə ilə işdən çıxartmamışdır. Cavabdehin iş materiallarına əlavə edilmiş iltizamnaməsi də var. Onun etirafedici qeydi var. “İnventarizasiya Nəticələrinə” dair Akta etiraz etməsi ilə bağlı qeydi yoxdur. Cavabdeh təkrar yoxlama keçirilməsini də xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş aktlarda göstərilmiş satış dövriyyəsinə 0,78% güzəşt edilmişdir.

29. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçıdə 2023-cü ilin iyun ayına kimi işləmək istəməmiş, dəfələrlə bölgə rəhbərinə işdən çıxmaq istədiyini bildirsə də, ona yerinə qoyacaq başqa işçinin olmadığını bildirmişlər. O, mağazanı 2023-cü il tarixində təhvil almış, işdən ərizə yazaraq 2023-cü ilin sentyabr ayında çıxmışdır. Əvvəlcə başqa filialda kassir işləmiş, sonra isə hazırkı mağaza ona təhvil verilmişdir. Mağazanı təhvil aldığı zaman sistemdə göstərilən maillər ilə mağazada, stokda olan mallar arasında uyğunsuzluq olmuşdur. Qeyd edilən hallar ilə bağlı rəhbərliyə məlumat vermiş, maillər yazmışdır. Belə ki, ildən ilə keçid edildiyi zaman mağazanın stokunda dəyişiklik olduğuna görə həmin dəyişikliklə bağlı uyğunsuzluqlar yaranmışdır və bununla bağlı bölgə müdirinə məlumat vermişdir. Mağazadakı və anbardakı malların sayı üst-üstə düşməmiş və bu səhvliklə bağlı ayrıca akt tərtib edilməmişdir. Bu zaman ona stokun düzəldiləcəyi bildirilmişdir. Fevral ayının əvvəlində düzəliş edilmişdir. Mağazada yarnmış bu hallara görə, sonunda onun üçün problem yaranacağını bildiyi üçün işdən çıxmaq istəmişdir. Bununla bağlı bölgə müdirinə şifahi müraciət etmişdir. Lakin işçi olmadığı üçün icazə verilməmişdir. Qeyd etmişdir ki, mağazada belə qayda olmuşdur ki, işdən çıxmaq üçün ilk öncə bölgə müdirinə deyilməli, o ərizə ilə rəhbərliyə müraciət etməli idi. O, həmçinin qeyd etmişdir ki, inventarizasiya aktında qeyd edilmiş məhsullar ona təhvil verilmiş məhsullar olmuşdur. O, 6587 manat maddi ziyan məbləğini qəbul etdiyini bildirmişdir. Belə ki, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. O qeyd etmişdir ki, dəymiş ziyanın yaranmasının səbəbi stokda yaranmış problemlər, vazvrat malların onun tərəfindən atılması ilə, həmçinin sonra sayım zamanı vazvrat malların bölgə müdiri tərəfindən qəbul edilməməsi ilə bağlı olmuşdur. O qeyd etmişdir ki, həmin malları bölgə müdiri onlara atdırmışdır. Atdığı yararsız malları isə aktlaşdırmamışdır. Bölgə rəhbəri yararsız malları götürmürdüsə, ya malları özü ilə götürməli, ya da ki yararsız malları atmalı imiş. Həmçinin qeyd etmişdir ki, onun istirahət günlərində də mağazada olan mallar atıla bilədi. Bu səbəbdən yararsız malların nə qədər olduğunu deyə bilməcəyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, sayımı həyəta keçirən şəxslərin işi ilə razı olmuş, onlar mağazadakı malları düzgün saymışlar.

İşin faktiki halı :

30. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1 ay müddətinə müddətli əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh satıcıkassir vəzifəsinə təyin edilmişdir.

31. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “əmək müqaviləsinə əlavə” ilə xx.xx.2023-cü il tarixdən Cavabdeh Cəmiyyətin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir.

32. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə “X3 haqqında müqavilə” bağlanmışdır.

33. Cavabdeh çalışdığı mağazada xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aparılan inventarizasiyalar nəticəsində Cavabdeh cəmiyyətə müvafiq olaraq 4650.07 manat və 5100.24 manat ziyan vurması müəyyən edilmiş və müvafiq güzəştlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 6587.40 manat məbləğində müəyyən edilmişdir.

34. İddiaçı MMC tərəfindən cavabdehə borcu ödəməsi ilə əlaqədar xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir.

Məhkəmə baxışının hədləri:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; 191.1 Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2 Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1.Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.1 Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 198.1 Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199.1 İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 200.1 İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 205.2 Əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Məhkəmənin mövqeyi :

38. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

39. İddiaçı MMC Cavabdeh qarşı 6587 manat 4 qəpik məbləğində vurulmuş maddi ziyanın ödənilməsi tələbini irəli sürmüşdür.

40. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

41. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

42. İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbini Cavabdeh ilə aralarında “X3 haqqında” müqaviləyə əsasən onun tam maddi məsul şəxs olduğu mağazada aparılmış inventarizasiyalar nəticəsində cəmiyyətə zərər vurmasının müəyyən edilməsi ilə əsaslandırmışdır.

43. Məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsi nəzərdən keçirilə bilər.

44. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

45. Əmək Məcəlləsinin 194.1-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

46. Əmək Məcəlləsinin qeyd edilən normalarının məzmunundan görünür ki, əmək münasibətlərində olan işçi və işəgötürən əmək prosesi zamanı birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır və tərəflər arasında olan əmək münasibətlərinin sonlandırılması onları məsuliyyətdən azad etmir.

47. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 1 ay müddətinə satış şöbəsinə satıcı-kassir vəzifəsi üzrə işə qəbul edilmiş, daha sonra xx.xx.2023-cü il tarixli 08 saylı əmr ilə İddiaçı MMC-nin Satış departamentinin Satış şöbəsinə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin həmin tarixdə tərəflər arasında “X3 haqqında müqavilə” bağlanmış və cavabdeh administratorun vəzifə təlimatı ilə tanış olmuşdur. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Cavabdeh ərizəsinə əsasən xx.xx.2023-cü il tarixli 137x saylı əmr ilə xitam verilmişdir.

48. İşin müəyyən edilmiş halı odur ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Cavabdeh administrator olduğu Oba-köhnə Günəşli 14 filialında cavabdehin özünün iştirakı ilə yoxlama işçi qrupu tərəfindən sayım həyata keçirilmiş və nəticədə xx.xx.2023-cü il tarixli sayım zamanı 4650.07 manat və xx.xx.2023-cü il tarixli sayım zamanı isə 5100.24 manat məbləğində əksikgəlmə olduğu müəyyən edilmişdir. Bu hal müvafiq aktların cavabdeh tərəfindən imzalanması ilə təsdiq edilmişdir. Belə ki, Cavabdeh həm iş materiallarında olan iltizamnamələrdə, həm də məhkəmə iclasında verdiyi izahatında sayımda iştirak etdiyini və sayımın nəticəsi ilə razı olduğunu bildirmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 214 saylı əmrinə əsasən aparılan yoxlamaların nəticələrinə “təbii itki normaları” tətbiq edilməklə əksikgəlmələrə görə dəymiş ziyan məbləği 6587.40 manat məbləğində müəyyən edilmişdir.

49. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə qiymət vermək üçün ilk öncə cavabdehin iddiaçı ilə əmək münasibətlərində olması, əmək münasibətləri prosesində olan zaman iddiaçıya həqiqətən ziyan vurulub-vurulmaması və həmin ziyanın Cavabdeh tərəfindən vurulub-vurulmaması məsələsi araşdırmalıdır.

50. İşin müəyyən edilmiş halı odur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Beləliklə, tərəflər yoxlamaların aparıldığı müddət aralığında əmək münasibətlərində olmuş və Cavabdeh tərəflər arasında bağlanmış X3 haqqında müqaviləyə əsasən tam maddi məsul şəxs olmuşdur.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və X3 (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub və onların orta aylıq əmək haqqı miqdarında ödənilir. Əmək Məcəlləsinin 198-ci maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. İşəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır.

52. Beləliklə müəyyən edilir ki, işəgötürən işçiyə vurduğu ziyana görə hər bir halda X3 daşıdığı halda, işçi içəgötürənə vurduğu ziyana görə “X3 haqqında” müqavilə bağlanılması halı istisna olmaqla, məhdud maddi məsuliyyət daşıyır.

53. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə “X3 haqqında” müqavilə bağlanılmışdır. Yəni, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurması faktı sübuta yetirildiyi halda, cavabdeh vurulmuş ziyana görə X3 daşıyacaqdır.

54. Həmin müqavilənin 1-ci maddəsində qeyd olunmuşdur ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: 1.1 ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır.

55. Cavabdeh (işçi) tərəfindən iddiaçıya (işəgötürənə) vurulmuş maddi ziyanı müəyyənləşdirərkən, ilk öncə ziyanın həqiqi olması, ziyanın işçinin əmək müqaviləsi üzrə qanunazidd hərəkət və ya hərəkətsizliyi, əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulması, vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımınca yerinə yetirilməməsi və ziyanın işçinin qanuna zidd olan əməli nəticəsində (səbəbli-əlaqə) baş vermiş olması müəyyən edilməlidir.

56. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

57. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir.

58. Məhkəmə qeyd edir ki, ziyanın həqiqətən vurulması işin mübahisəsiz, yəni cavabdeh tərəfindən mübahisələndirilməyən və iş materialları ilə öz təsdiqini tapan halıdır.

59. Belə ki, Cavabdeh məhkəmə iclasında veridyi izahatında, həmçinin iş materiallarına əlavə edilmiş iltizamnamələrdə sayımın nəticələri ilə razı olduğunu bildirmiş, yoxlama zamanı müəyyən edilmiş əksikgəlmələrin məbləğini mübahisələndirməmişdir. Həmçinin aparılan yoxlamaların nəticələrinə dair tərtib edilmiş və müəyyən edilmiş əksikgəlmələr qeyd olunmuş aktlar cavabdeh tərəfindən imzalanmışdır.

60. İddiaçı MMC xx.xx.2023-cü il tarixli 214 saylı əmrinə əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün Cavabdeh müvafiq güzəştlər tətbiq edilmiş (yoxlama zamanı müəyyən edilmiş əksikgəlmə məbləğindən yoxlama dövründəki staış dövriyyəsinin 0.78 faizi çıxılmaqla) və qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 6587.40 olaraq müəyyən edilmişdir.

61. Araşdırılmalı olan digər məsələ ziyanın Cavabdeh əmək müqaviləsi üzrə qanunazidd hərəkət və ya hərəkətsizliyi, əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulması, vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmasını müəyyənləşdirməkdir.

62. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında dəymiş ziyanı İddiaçı MMC-də administrator vəzifəsində çalışdığı zaman ayrı-ayrı vaxtlarda geri qaytarılmalı olan məhsulların onun tərəfindən atılması, o cümlədən sayım zamanı geri qaytarılmalı olan məhsulların bölgə müdiri tərəfindən qəbul edilməməsi ilə əlaqədar olduğunu bildirmişdir. O qeyd etmişdir ki, həmin məhsulların atılması bölgə müdirinin tapşırığı əsasında olmuşdur. Həmçinin atılan məhsullar tərəfindən aktlaşdırılmadığı, o cümlədən onun istirahət günlərində də məhsulların atılma ehtimalı olduğundan hansı miqdarda məhsul atılması barədə məlumatı olmadığını bildirmişdir.

63. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən imzalanmış “administrator vəzifə təlimatı”nda administratorun vəzifə funsikayaları, vəzifə səlahiyyətləri və vəzifə məsuliyyəti öz əksini tapmışdır. Həmin təlimatda mağazada məhv ediləcək məhsulların təyin edilməsinə nəzarət və məhvetmə prosesi koordinasiya etmək vəzifə funksiyası, sayım zamanı əksik gələn məhsullara görə isə məsuliyyət daşıması vəzifə məsuliyyəti kimi göstərilmişdir.

64. Göründüyü kimi cavabdeh həmin məhsulların bölgə müdirinin tapşırığı əsasında atılmasını bildirsə də, onun tərəfindən imzalanmış administratorun vəzifə təlimatında birbaşa olaraq cavabdehin qeyd edilən hallara görə məsuliyyəti müəyyən edilmişdir. Həmçinin Cavabdeh öz etirazının əsasını təsdiq edən mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.

65. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

66. Məhkəmə tərəfindən cavabdehə qeyd edilən halların onun təqsiri ilə bağlı olmadığını təsdiq edən sübutları məhkəməyə təqdim etmək hüququ izah edilmiş, lakin cavabdeh qeyd edilən halları təsdiq edən sübutları təqdim edə bilməyəcəyini bildirmişdir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarında qeyd edilir ki, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur.

68. Beləliklə, görünür ki, cavabdeh vəzifə təlimatlarını pozmuş, dəymiş ziyanın onun təqsiri ilə bağlı olmadığını, geri qaytarılmalı olan məhsulları bölgə müdirinin tapşırığı əsasında atmasını bildirsədə, məhkəmə prosesi zamanı təqsirsizliyini sübuta yetirə bilməmişdir. 69.Yuxarıda qeyd edilən Plenum qərarında həmçinin qeyd edilir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir.

70. Onu da qeyd edək ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir.

Məhkəmə xərcləri :

71. İddiaçı MMC tərəfindən həmçinin ödənilmiş 36 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin cavabdehdən tutulması tələbi irəli sürülmüşdür.

72. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

73. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu və 60 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə :

74. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi”dair iddia tələbi təmin təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 6587.04 manat, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 6587.04 manat, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar