Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2132/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi və anası mərhum X4 ilə yaşamışdır. 24 dekabr 2021-ci ildə anası X4 vəfat edəndə qardaşının keçmiş arvadı (rəsmi nikahları yoxdur) Cavabdeh iki uşaqları X7 və X2 ilə yas mərasiminə gəlmişlər. Anasının vəfatının qırx gününü gözləyəndən sonra cavabdehdən mənzili boşaltmağı xahiş etsə də, cavabdeh mənzildən çıxmayacağını bildirmişdir. Göründüyü kimi, cavabdeh onun mülkiyyət hüquqlarını pozmuş, ona görə də, o məcbur qalaraq mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət edir. O, dəfələrlə cavabdehdən mənzili boşaltmağı xahiş etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə mənzili tərk etmir. Cavabdehin belə qanunsuz hərəkətləri mülkiyyətçinin hüquqlarını pozur. Cavabdeh onun ailə üzvü deyil və cavabdehin qanunsuz hərəkətləri onun hüquqlarını pozduğundan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Cavabdeh ona məxsus ünvan 6 saylı evin, 21 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı onun həyat yoldaşı X3 bacısıdır. Hər yerdə car çəkib, elan edir ki, o, KQB-nin DTX-nin əməkdaşıdır və s. Bir sözlə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin adından sui-istifadə edərək, hər kəsdə vahimə yaratmaq istəyir. Bir dəfə onu zorla uşaqlarla birlikdə çölə qovub çıxartmışdır. O, 102-yə zəng vurmuş, Nizami Polisinə də hədə-qorxu gəlirmiş ki, o, Təhlükəsizliyin əməkdaşıdır. Nizami Polisi ona yaxından kömək etmiş, onları çöldən mənzilə qaytarmışlar və baldızı İddiaçı başa salmışlar ki, dəftərxanada ya haradasa işləmişdır, indisə təqaüddədir, işləmir. O, el adətiylə, toylu büsatlı ailə qurmuş, kasetlər, şəkillər, şahidlə diskilər, hədiyyələr və s. var. Toydan birbaşa həyat yoldaşı X5 valideynlərinin, iki oğul övladları ilə birlikdə yaşadıqları ünvan 2 ünvanına gəlin gəlmiş, hal-hazırda da cehizləri həmin ünvandadır. Birgə ailə münasibətlərindən iki oğul övladları dünyaya gəlmişdir. X7 xx.xx.2018-ci ildə, X2 isə xx.xx.2019-cu ildə anadan olmuşdur. Artıq altıncı ilə keçir ki, həmin ünvanında yaşayırlar. Bu zaman ərzində müxtəlif bəhanələrlə, onunla rəsmi nikaha düşməmiş, altı ilə yaxın yaşadığı ünvana pasport qeydiyyatına aldırmamışlar. Başına gələnin, bəlanın bütün baiskarı baldızı, DTX-lə hamını qorxutmağa “çalışan” İddiaçıdır. Birbaşa onun üzünə qardaşını, onun faktiki həyat yoldaşını başa salırmış ki, bunu (onu) rədd etsin, başlarına sonra oyun açacaqdır. Körpə oğullarını gündüzlər uşaq bağçasına qoyur, axşama yaxın götürür. O, şikəst valideynlərinin qohum-əqrabanın hesabına bir təhər yaşayır. Körpə uşaqlarına da aliment vermirlər. Həyat yoldaşı da (faktiki) ona mart ayında bildirmişdir ki, çıxıb gedir, o da çıxıb valideynlərinin yanına getsin. Bütün bunların müəllifi iddiaçıdır. İddiaçı onun həyatına bir düşmən kimi daxil olmuş, ailəsini dağıdaraq, bütün mənzilə sahib olmaq arzusundadır. Özü nikahsız bir nəfərlə yaşayır, onun gününü cəhənnəmə çevirmişlər, körpə uşaqlara da, öz qardaşı oğullarına da rəhmi gəlmir. Çünki, iddiaçı ana ola bilməmişdir. Dünya miqyasında körpələrin, qayğısız böyümələri, bunun üçün tələb olunan bütün şəraitlərin yaradılmasına hər kəs, öz köməkliyini, təşəbbüsünü əsirgəməməlidir. Uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, səadət, məhəbbət və anlaşma şəraitində böyüməsi, hər kəsdən tələb olunur. Bütün bunlara rəğmən baldızı uşağın da, onun da həyatlarını qaraldıb cəhənnəmə çevirməyi davam etdirir. Baxmayaraq ki, övladları mübahisəli mənzildə rəsmi qeydiyyatadırlar, bu yetməmiş kimi, iddia ərizəsilə onun mənzildən çıxarılmağını məhkəmədən tələb edir. Düşüncəsinə görə, iddiaçı tələb yox, xahiş edə bilər. Onu da deyə bilər ki, mövcud iddia ərizəsi, qüvvədə olan qanunvericilik və hüquqi normativ aktların tələblərinə cavab vermir. Belə ki, o, mübahisəli mənzilə zorla soxulmamışdır, iddiaçının və bütün qohum əqrabasının iştirakı ilə toyu olmuş, çəkilişlər aparılmış, şəkillər çəkilmişdir. Kasetlər və şahidlər var. Həmçinin, altıncı ilə keçir ki, o, həmin ünvanda yaşayır. Qeyd etdiyi kimi, həmin mənzildə ana olmuşdur. Dünyaya iki oğul övladı gətirmişdir. Hal-hazırda mənzildə körpələri, onların atası X8 və baldızı İddiaçı qızı qeydiyyatdadırlar. Rabitə-Poçt Xidməti vasitəsilə məhkəmə tərəfindən tərtib edilmiş bildirişi ona əlavə olunmuş qərardadı, digər sənədləri alaraq tanış olaraq aşkar etmişdir ki, Bakı şəhəri, Nizami rayonu 34 №-li Mənzil-Kommunal İstismar sahəsinin rəisi Q.İ.Hüseynovun və mühasib T.M.Həsənovanın imzaları ilə 349 №-li, xx.xx.2022-ci il tarixli arayış verilmişdir, həmin arayışda onun, körpə oğlan uşaqları, övladları: X7 və X2 ünvan 3 ünvanına qüydiyyatdadır. Baxmayaraq ki, Azərbaycan Respublikası DİN-nin rəsmi arayışları ilə təsdiqlənir ki, körpə oğullarının hər ikisi də Bakı şəhəri, Rüstəmov küçəsi, ev 43, mənzil 21 qeydiyyatdadırlar, bütün bunların hamısı əsas verir ki, hansı düşüncə maraq ucbatındansa 34 saylıi MKİS yaxud kimsə məhkəməni yanlış yola düçar etmək cəhdindədir. Cavabdeh xx.xx.2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı onu mənzildən çıxarılmasına dair tələbini rədd edərək, onu həmin mənzilə hüquqlarını tanıyaraq qeydiyyata alınmaqı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ərizəsinin qəbul edilməsinə imtina edilmiş və araşdırılmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı öz evində rahat yaşaya bilmir. Cavabdeh dəfələrlə polis orqanlarına müraciət edərək, müxtəlif şikayətlər edir. İddiaçı polisə izahat verməkdən artıq bezmişdir. İddiaçı öz mülkiyyətindən istifadə edə bilmir. Bu da, iddiaçının konstitusion hüququnu pozur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, o, mübahisəli evə gəlin gəlmişdir. Həm rayonda, həm də Bakıda el adəti ilə toyu olmuşdur. İddiaçı evə qanunsuz şəkildə çıxarış almışdır. Ev əvvəlcə onun rəhmətlik qayınanasının adına olmuşdur. Hazırkı məhkəmə prosesi getdiyi vaxt ərzində iddiaçı yoldaşı Mübarizi qeydiyyatdan çıxartmışdır. Yoldaşım onu və uşaqlarını atıb getmişdir. Başqa bir qadınla yaşayır. Onun rəsmi nikahı yoxdur. Yoldaşı uşaqlarına atalıq vermişdir, lakin aliment verməkdən imtina edir. Onun gedəcək başqa yaşayış yeri yoxdur. Ev 2017-ci il tarixində qayınanasının adına olmuşdur. Bütün bunların nəzərə alınmasını və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 43 ünvanında yerləşən 59,50 kv.m ümumi sahəsi olan 21 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 10 mart 2022-ci il tarixdə qeydiyyata alınmışdır; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, ******* və ******* saylı arayışlardan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2018-ci il tarixli X7, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilində qeydiyyatdadırlar; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli, ******* saylı arayışlardan görünür ki, İddiaçı və X8 ünvan 4 ünvanında yerləşən mənzilində qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 6 ünvanında yerləşən 59,50 kv.m ümumi sahəsi olan 21 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdeh mənzildən çıxması barədə xəbərdarlıqlar etməsinə baxmayaraq cavabdeh yaşadığı evi tərk etmir. Hazırda İddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu səbəbdən məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçının qardaşı X8 ilə 2017-ci il tarixdə faktiki nikaha daxil olmuşdur. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri mənzil İddiaçı qızının mülkiyyətinə keçdikdən sonra, yəni 2022-ci ildə yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərmişdir ki, qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Eyni zamanda qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçdikdən sonra onunla Cavabdeh arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, tərəflər arasında mənzilin mülkiyyətçisi arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmamış və cavabdehin istifadə hüququ tanınmamışdır. Hazırda mənzilin mülkiyyətçisi olan İddiaçı cavabdehin mənzildən çıxarılması tələb edir. Məhkəmə cavabdehin sözügedən mənzilə münasibətdə hər hansı əşya hüququnun olmadığını, cavabdehin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsinin mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozduğunu və mənzilin hazırda İddiaçı xüsusi mülkiyyətində olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə hazırlıq iclasında Cavabdeh övladları ilə birlikdə mübahisə predmeti olan ünvanda qeydiyyatda olduğunu bildirmiş və qeyd edilən halla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə məlumat şöbəsinə sorğu ünvanlanmış, lakin sonrakı məhkəmə iclasında cavabdeh göstərilən məlumatları dəqiqləşdirərək, mübahisə predmeti olan əmlakda qeydiyyatda olmadığını bildirmişdir. Belə ki, Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan da görünür ki, cavabdeh Masallı rayonu, Qızılağac Ə/D, Qızılağac kəndində qeydiyyatdadır. Bu səbəbdən göstərilən məlumatın sorğu edilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2018-ci il tarixli X6 anaları Cavabdeh himayəsində olduqlarından onların yaşayış yeri Cavabdeh yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 6 saylı evin, 21 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu, iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 6 saylı evin, 21 saylı mənzilindən çıxarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu, İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2132/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2132/2022
29.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver