Məhkəmə qərarları › İş №e-2(007)-2191/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2191/2023

18.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2191/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı QSC-nin vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 991 manat əsas borc məbləği, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq olmaqla, cəmi 1201 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə, Cavabdeh (bundan sonra cavabdeh) arasında 20 fevral 2023-cü tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona, 4000 manat pul məbləği dəyərində bilet təhvil verilmişdir. Təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, cavabdeh tərəfindən verilən izahat zamanı şirkətin ekspeditoru tərəfindən biletlərin əskikləri sayılarkən 991 manat qalıq olduğu müəyyən edilmişdir. Cavabdeh 991 manat pulu icazəsiz götürdüyünü etiraf etmiş və borcu qısa müddətdə qaytaracağına söz vermişdir. Bununla da əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol verilmişdir. Lakin borc bu günə kimi qaytarılmamışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-nə olan borcu 991 manat təşkil edir. Nəticədə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə 991 manat məbləğində maddi ziyan vurulmuşdur. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilmişdir 25 may 2023-cü il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği – 991 manat, ilkin mediasiya sessiyası üzrə xərclər – 60 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq – 150 manat, cəmi – 1201 manat Məhkəmə iclasında İddiaçı QSC-nin vəkil və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh şirkətə maddi ziyan vurması nəticəsində 991 manat borcu yaranmışdır. - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı QSC-də aylıq əmək haqqı 350 manat olmaqla “satıcı” vəzifəsinə işə qəbul olunmuşdur. - Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilədən görünür ki, Cavabdeh aşağıdakı öhdəlikləri götürmüşdür: “a) Ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır, b) müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır. c) ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir. d) ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyanı həyata keçirmək”. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞB/2-02852/2023 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı QSC-nin vəkil və nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir. - 24.05.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC “Sirius” Vəkil Bürosuna hüquqi xidmətin göstərilməsi üçün 150 manat məbləğində pul ödəmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli izahatından görünür ki, işə başlarkən ona dəyəri 4000 manat olan lotereya biletləri təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə şirkətin ekspeditoru tərəfindən qalıqlar sayılıb, 991 manat əskik çıxıb. Əlavə olaraq 100 manat uduşlu biletlərdə əskik var idi, onu əmək haqqı ilə ödəmişdir. Yerdə qalan 991 manat borcunu xx.xx.2023-cü il tarixə qədər geri qaytaracağına söz vermişdir. - 22.02.2023-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, Cavabdeh dəyəri 3100 manat olan lotereya biletləri verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı QSC-də “satıcı” vəzifəsinə işə qəbul olunmuşdur. Onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Ona dəyəri 4000 manat olan lotereya biletləri təhvil verilmişdir. Lakin yoxlama zamanı ona təhvil verilmiş biletlərdə 991 manat əskik çıxmışdır. Hazırda iddiaçı ona dəymiş 991 manat zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “ç” bəndinə əsasən işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət aşıyır. 11-ci maddəsinin “e” bəndinə əsasən, işəgötürənin, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi yanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ vardır. 72-ci maddəsinin “c” və “e” bəndlərinə əsasən, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə addi ziyan vurması və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halları kimi çıxış dir. 199-cu maddəsinin “a” bəndinə əsasən işçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda tam maddi məsuliyyət daşıyır. 199-cu maddəsinin “b” və “ç” bəndinə əsasən işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə və əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam maddi məsuliyyət daşıyır. 296.5-ci maddəsinə əsasən işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən “zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 1096.1-ci maddəsinə əsasən, “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yə hərəkətsizlikdir).” 1096.2-ci maddəsinə əsasən “delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” 1097.1-ci maddəsinə əsasən “mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.” 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən üzərinə öhdəlik götürmüşdür ki, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır. Lakin o, tam maddi məsuliyyət müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, nəticədə işəgötürənə 991 manat məbləğində ziyan vurmuşdur. Həmçinin izahatında etiraf etmişdir ki, ona təhvil verilmiş lotereya biletləri əskik çıxmışdır. Şirkətə dəyən 991 manat zərəri ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı QSC-yə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Göründüyü kimi dəymiş zərər iddiaçıya tam şəkildə ödənilməmişdir. Odur ki, 991 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin mübahisəli məsələyə münasibət bildirməməsini, hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehdən 991 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəm iddia tələbinin “150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqqın tələb edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiçı tərəfindən bu hal sübuta yetirilmişdir. İş materiallarına “Sirius” Vəkil Bürosuna 150 manat vəsaitin ödənilməsi barədə ödəniş tapşırığı əlavə edilmişdir. Bu səbəbdən cavabdehdən hüquqi xidmətin göstərilməsi üçün ödənilən 150 manat məbləğində pul tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilir. Həmin qanunun 9.1-1-ci maddəsinə əsasən, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət dərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Hazırki halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün məhkəmə xərci olan 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 991 manat məbləğində əsas borc, 60 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 150 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 991 manat məbləğində əsas borc, 60 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 150 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə xərci olan 30 manat dövlət rüsumu cavabdehdən tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar