Məhkəmə qərarları › İş №e-2(007)-223/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-223/2024

23.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-223/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlk iddia üzrə İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin üzərinə ona K.Balakişiyev küçəsi 3 saylı binanın 12-ci mərtəbə, 3 otaqlı 124 m2 mənzilin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, öz öhdəliyini yerinə yetirdi. Lakin "xxxx" MMC onları 5 ildən artıqdır, evsiz qoymağına baxmayaraq əmlaklarını mənimsəmişdir. Müqavilədə göstərdikləri mənzil ona verilmir. 02 iyun 2023 tarixdə cavabdehə ünvanladığı məktubda onların öhdəliklərini bir daha yadlarına çatdırdı və mənzili tələb etdilər. Lakin cavabdeh MMC müxtəlif bəhanələrlə hüquqları olan mənzili verməkdən imtina etdilər, belə ki, onlara müqavilə ilə verməli olduqları mənzili verməkdən imtina edirlər. Bundan başqa onlar hər hansı kompensasiya verməkdən də imtina edirlər. Halbuki, hazırda mənzillər hər kv.m. 1800 manatdan vətəndaşlara təklif olunur. Beləliklə ona hələ də verilməyən mənzilin dəyəri 1m2 1800 manatdan hesablanmalıdır ki, bu da 124 m2 mənzilə görə 223.200 manat edir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “mənzilin təhvil verilməsi” tələbinə dair ilk iddiası, əsassız və qanunsuz olduğundan rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunaraq "Rahatlığın Məkanı” MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin, 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan mənzilin əvəzinə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki sahəsi 124 m2 olan 3 otaqlı təmirsiz mənzil verilməsinə dair 10 yanvar 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, İddiaçı ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin üzərinə ona K.Balakişiyev küçəsi 3 saylı binanın 12-ci mərtəbə, 3 otaqlı 124 m2 mənzilin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, ilk iddia tələbi aşağıdakılara əsasən qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsini Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 olan onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Şəhərsalma əsaslandırılmasında nəzərdə tutulan 3 saylı, 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədi verilmədiyindən ünvan 1 ünvanda 5 saylı binanın 4-cü mərtəbəsindəki 3 (üç) otaqlı, 124 m2 sahəsi olan 17 saylı təmirsiz mənzil 05 sentyabr 2022-ci ildə İddiaçı rəsmi qaydada təklif olunmuşdur. Lakin İddiaçı həmin mənzildən rəsmi şəkildə imtina etmişdir. İddiaçı 02 iyun 2023-cü il tarixdə Cəmiyyətə müraciət etmiş və onun müraciətinə 11 iyul 2023-cü il tarixdə cavab verilmişdir. İddiaçı ilə dəfələrlə görüşərək mənzilin əvəzinə kompensasiya ödənilməsi barədə müzakirə aparılsa da, razılıq əldə etmək mümkün olmamışdır. Belə ki, İddiaçı sahəsi cəmi 65 m2 (rəsmi sənədlə 60 m2) olan mənzilin əvəzinə 198 000 (yüz doxsan səkkiz min) manat kompensasiya ödənilməsini tələb edir ki, bu da, mənzilin hər kvadrat metri üçün 3000 (üç min) manatdan çox pul təşkil edir. Əlavə olaraq bildirilir ki, 15 aprel 2014-cü il tarixində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 158 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 1.28 ha torpaq sahəsi “Rahatlığın Məkanı" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncama uyğun olaraq təsdiq edilən ərazinin Baş Planında qeyd olunan 1 və 2 saylı yaşayış binalarının inşası ilə bağlı işçi layihəsinin memarlıq - planlaşdırma hissəsi razılaşdırılıb və müvafiq qaydada tikintiyə icazə verilmişdir. Hazırda ünvan 2 ünvanda “Rahatlığın Məkanı'’ MMC tərəfindən inşa edilən 1 və 2 saylı yaşayış binaları tikilib başa çatdırılaraq istismara qəbul edilmişdir. Daha sonra Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 181 saylı Sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 18/76 saylı ayrıc aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti. Şirin Mirzəyev, Kamil Balakişiyev və Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 3.2 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin dövrdə torpaq sahəsinin böyüdülməsi məqsədi, həmin ərazidə yerləşən 4 mərtəbəli binaların sökülərək yerində çox mərtəbəli yaşayış binalarının inşası idi. Baş plan üzrə nəzərdə tutulmuş 3, 4 və 5 saylı yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2017-ci il tarixli, 18/03-8/2665 saylı qərarı ilə razılaşdırılıb və Dövlət Ekspertizası Baş İdarəsi tərəfındən təsdiq olunmuşdur. Lakin sonradan layihədə nəzərdə tutulan iki çoxmərtəbəli yaşayış binasının (4 və 5 saylı binalar) tikintisi üçün icazə sənədi verilsə də, həmin şəhərsalma əsaslandırılmasında nəzərdə tutulan 3 saylı, 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədi verilməmişdir. “Rahatlığın Məkanı" MMC ilə İddiaçı arasında müqavilə bağlanarkən Baş plan üzrə nəzərdə tutulmuş 3, 4 və 5 saylı yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2017-ci il tarixli, 18/03-8/2665 saylı qərarı ilə razılaşdırılıb Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən təsdiq olunsa da, sonradan həmin şəhərsalma əsaslandırılmasında nəzərdə tutulan 3 saylı 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədi verilməmişdir. Bu isə "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deməkdir. Belə ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, yəni müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar, yəni söküntü üçün kompensasiya ödəyə bilər və ya ümumiyyətlə, bağlamazdılar. Çünki cəmiyyət özü binanın tikintisindən əldə olunacaq gəliri nəzərə alaraq cavabdehə 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsi əvəzinə sahəsi 124 m2 olan 3 otaqlı təmirsiz mənzil verilməsini təklif etməzdi. Sözügedən binanın tikintisinə icazə verilməməsi səbəbindən cəmiyyət tərəfindən yaşayış sahələri sökülmüş sakinlərə mülkiyyətlərində, yaxud sahiblik və istifadələrində olan ümumi sahələr üçün söküntünün aparıldığı dövrə hesablanmaqla kompensasiya ödənilmişdir. Məhkəmə baxışı zamanı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlamış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 3 otaqlı 124 m2 sahəsi olan mənzilin cavabdeh "xxxx" MMC tərəfindən 3-cü şəxs X5 ilə İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 3 otaqlı 124 m2 sahəsi olan mənzilin ½ hissəsinin 3-cü şəxs X4 təhvil verilməsi öhdəliyinn cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddiası üzrə e-2(007)-2709/2023 nömrəli işə baxılır. X3 həmin işə hazırki iddia ilə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində qoşulması zərurəti vardır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cli il tarixli qərardadına əsasən iş üzrə mübahisəli ünvan 3 ünvanında yerləşən 11 nömrəli mənzil ½ hissədə X4 məxsusdur. xx.xx.2018-ci il tarixdə cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında qeyd olunan mənzilə dair müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC bu mənzili təhvil alıb, qarşılığında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində tikiləcək binada 3 otaqlı 124 m2 sahəsi olan mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan sonra mənzil MMC tərəfindən sökülmüş və həmin ərazidə binalar inşa edilmişdir. Lakin adıçəkilən müqavilənin bağlanmasından 6 ilə yaxın müddət keçsə də cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir, müxtəlif bəhanələrlə mənzili təhvil verməkdən yayınır. Bununla əlaqədar cavabdehə edilmiş çoxsaylı müraciətlərin də əhəmiyyəti olmamışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı ilk iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia ərizələrinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilk iddia tələbini müdafiə edərək bildirdi ki, vicdanlılıq prinsipi baxımından da tikintiyə verilən icazə ləğv olunan günü çağırıb tərəflərə bildirə bilərdilər. Lakin onlara məlumat vermədən binanı sökmüşlər, MMC birinci razılıq alıb sonra mövcud binanı sökməli idi. İddiaçı 6 ildir evsiz qalıb və kirayə haqqı da ödənilmir. "xxxx" MMC tərəfindən Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, təklif göndərilmədən məhkəməyə müraciət olunub. Odur ki, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia ərizələrinin təmin edilməməsini, "xxxx" MMC barəsində xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil3 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini, ilk iddianın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia ərizələrinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia ərizəsini müdafiə edərək təmin edilməsini, ilk və qarşılıqlı iddiaların təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini, ilk və qarşılıqlı iddiaların təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbləri təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarında olan və məhkmə iclasında tədqiq edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X4 ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanan 10 yanvar 2018ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzili əvəzinə K.Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 83 saylı təmirsiz mənzil İddiaçı verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzilinə X3 və İddiaçı hər birinin payı ½ hissədə tanınıb. Bununla əlaqədar tərəflərin razılığı ilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanan 10 yanvar 2018-ci il tarixli müqavilənin ləğv edilməsinə, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzilinə X3 və İddiaçı hər birinin payı ½ hissədə tanınmasına əsaslanan yeni müqavilənin bağlanmasına hər ikinisinin razılığı lazımdır. Hazırda 3 saylı binanın tikintisinə icazə verilmədiyi üçün ünvan 1 ünvanda 5 saylı binanın 4-cü mərtəbəsindəki 3(üç) otaqlı, 124 m2 sahəsi olan 17 saylı təmirsiz mənzil 05. 09. 2022-ci ildə onlara rəsmi qaydada təklif olunub. Onlar həmin mənzildən rəsmi şəkildə imtina etmişlər. Nəzərinizə çatdırmaq istəyirik ki, onlarla dəfələrlə görüşərək mənzilin əvəzinə kompensasiya ödənilməsi barədə müzakirə aparılsa da razılıq əldə etmək mümkün olmamışdır. Sahəsi cəmi 65 m2 (rəsmi sənədlə 60 m2) olan mənzilin əvəzinə 198000 (yüz doxsan səkkiz min) manat kompensasiya ödənilməsini tələb edirlər. MMC bunu açıq-aşkar hüquqdan sui-istifadə halı kimi qiymətləndirir. Belə ki, onlar mənzilin hər kvadratmetri üçün 3000 (üç min) manatdan çox kompensasiya tələb edirlər ki, bu da qəzalı vəziyyətdə olan, mənzil üçün ağlabatan məbləğ hesab oluna bilməz. Nəzərinizə çatdırırıq ki, kirayə haqqı ödəniləcəyi təqdirdə onlara Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzilin 2018-ci ilin əvvəlinə olan bazar qiymətindən 20 faiz artıq ödəniş etməyə hazırdırlar. Mülkiyyətinizdə olmuş mənzilin bazar qiymətini analoji mənzillərin 2018-ci ildəki bazar qiymətlərinə əsasən müəyyən etmək mümkündür. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsini Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 olan mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. - 09.01.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı istifadəsinə və mülkiyyətinə veriləcək Bak şəhəri, Şirin Mirzəyev küçəsi, 65 ünvanında tikiləcək 4 saylı binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 44 saylı təmirsiz mənzil ilə ünvan 4 ünvanında tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 83 saylı təmirsiz mənzil ilə dəyişdirilməsinə etiraz etmir. - xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, X5 istifadəsinə və mülkiyyətinə veriləcək Bak şəhəri, Şirin Mirzəyev küçəsi, 65 ünvanında tikiləcək 4 saylı binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 44 saylı təmirsiz mənzil ilə Bak şəhəri, Şirin Mirzəyev küçəsi, 65 ünvanında tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 83 saylı təmirsiz mənzil ilə dəyişdirilməsinə etiraz etmir. - AZ-İ seriyalı 324355 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında nikah xx.xx.2019-cu il tarixdə 196 nömrəli qeydlə pozulmuşdur. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqi barədə qərardadına əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzili icra vərəqəsində göstərilən qaydada tərəflər arasında ½ nisbətdə (Hissədə) bölünür. - Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsini Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 olan mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. X5 və İddiaçı istifadəsinə və mülkiyyətinə veriləcək Bak şəhəri, Şirin Mirzəyev küçəsi, 65 ünvanında tikiləcək 4 saylı binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 44 saylı təmirsiz mənzil ilə Bak şəhəri, Şirin Mirzəyev küçəsi, 65 ünvanında tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 83 saylı təmirsiz mənzil ilə dəyişdirilməsinə etiraz etməmişlər. X1 ilə İddiaçı arasında nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. İddiaçı ilə X5 arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqi barədə qərardadına əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzili (sökülmüş mənzil) icra vərəqəsində göstərilən qaydada tərəflər arasında ½ hissədə bölünmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə ilk iddia tələbi üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbinə münasibətdə qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsini Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 olan onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 3 otaqlı 124 m2 sahəsi olan mənzilin yerləşdiyi 3 saylı bina faktiki olaraq mövcud deyildir və gələcəkdə tikilməsi imkansızdır. Belə ki, 2019-cu il tarixli layihəyə əsasən "xxxx" MMC-yə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən həmin ərazidəki binaların sıxlığı səbəbindən 3 saylı binanın tikintisinə icazə verilməmişdir. Bu səbəbdən 10 yanvar 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan bina tikilməmişdir və iddiaçıya verilməsi nəzərdə tutulan mənzil mövcud deyil. "xxxx" MMC tərəfindən İddiaçı və X4 başqa mənzilin verilməsi yaxud kompensasiya verilməsi təklif edilsə də qəbul etməmişlər. Məhkəmə gedişatı zamanı X5 "xxxx" MMC tərəfindən edilən təkliflərlə razı olsa da, İddiaçı təkliflərlə razılaşmamış və o, müqavilədə qeyd olunan 3 saylı binadan mənzil verilməsində israrlı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı 10 yanvar 2018-ci il tarixli müqavilədən çıxış dərək K.Balakişiyev küçəsi 3 saylı binanın 12-ci mərtəbə, 3 otaqlı 124 m2 mənzilin təhvil verilməsini tələb edir. Ancaq qanunveriliyin tələbinə görə müqavilənin mühüm şərtləri sırasında müqavilənin predmeti durur. Müqavilənin predmet isə mənzilin təhvil verilməsidir, lakin mənzil mövcud deyil və həmin mənzilin nə vaxtsa təhvil verilməsi qeyri-mümkündür. Belə olan halda artıq müqavilə "xxxx" MMC-nin öhdəliklərinin icrası mümkün olmayan kağız daşıyıcıdan başqa bir əhəmiyyətə malik olmur və həmin müqavilə üzrə hər hansı tələb irəli sürülməsi formallıqdır. Halbuki, icrası daha real olan tələblə yəni kompensasiya tələb etmək hüququ ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, qeyd olunan hallara əsasən ilk iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbləri təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Beləliklə, məhkəmə qeyd edir ki, ilk iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbləri təmin edilsə gələcəkdə həmin qətnamənin icrası mümkün olmayacaqdır və qətnamə formal olaraq qəbul edilmiş olmaqla mübahisənin həllinə xidmət etmiş olmayacaq. Həmçinin məhkəmə ilk iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 "xxxx" MMC-dən kompensasiya almaq hüquqlarının olduğunu izah edir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən verilməsi nəzərdə tutulan mənzilin yerləşdiyi 3 saylı bina faktiki olaraq mövcud deyil və həmin binanın tikintisinə icazə verilmədiyindən müqavilədə qeyd olunan mənzilin gələcəkdə tikilib təhvil verilməsi mümkün deyil. Belə olan halda müqavilə formal olaraq qalmış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Məhkəmə, ilk iddiaçının vəkili və nümayəndəsinin çıxışında qeyd etdiyi MMC-nin qanunvericiliyin tələbini pozmaqla təklif göndərmədən iddia qaldırmasına münasibətdə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X4 ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onlara müqavilədə qeyd olunan ünvanın yaxınlığında yerləşən binadan mənzil və ya mənzilin dəyərinə uyğun kompensasiya təklif edilsə də İddiaçı və X5 razı olmamışlar. Odur ki, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X4 ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubu təklif kimi qəbul edərək qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə qeyd olunanlara əsasən "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqavilə ləğv edilməlidir. İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 21 yanvar 2024-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək "xxxx" MMC barəsində dələduzluq etdiyi üçün xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir belə ki, şəraitin dəyişməsi səbəbindən Cəmiyyət müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməmişdir, bu da işin hallarından qçıq-aydın görünür. Beləliklə, qeyd olunan halların mülki xarakterli mübahisə olduğunu, bu səbəbdən də vəsatətin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbi təmin edilməməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir; qarşılıqlı iddia təmin edilməli, "Rahatlığın Məkanı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqavilə ləğv edilməli, İddiaçı ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbi təmin edilməməli, məhkəmə xərcləri X4 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. "Rahatlığın Məkanı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqavilə ləğv edilsin. İddiaçı ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbi təmin edilməsin. Məhkəmə xərcləri X4 aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar