Məhkəmə qərarları › İş №e-2(007)-2309/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-2309/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2309/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş kirayə haqqının və faiz borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş kirayə haqqının və faiz borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 245 saylı Sərəncamına əsasən "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin söküntüsünü və göstərilən mənzilin yerləşdiyi binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada iddiaçıya 6-cı mərtəbədə sahəsi azı 55 kv.m olan mənzili tam təmirli və istismara yararlı şəkildə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilədə göstərilən şərtlərə uyğun şəkildə tam təmir edilmiş vəziyyətdə və yaşayışa tam yararlı şəkildə ona təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə aylıq 500 (beş yüz) manat kirayə haqqını tələb etmək hüququdur. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən bu Müqavilədə göstərilən şərtlərə uyğun şəkildə tam təmir edilmiş vəziyyətdə və yaşayışa tam yararlı şəkildə ona təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə aylıq 500 (beş yüz) manat kirayə haqqını hər ay onun “Nikoyl” bankının 12 saylı filialında yerləşən hesabına ödəmək öhdəliyini cavabdeh götürmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş müddətdə tikintini başa çatdırmamış və 2023-cü ilin may ayı daxil olmaqla 14 aya görə ona 7000 (yeddi min) manat məbləğində kirayə pulu borcu yaranmışdır. Bununla bağlı cavabdehə ərizə (pretenziya) ilə müraciət olunsa da, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin 7000 manat borcu saxlamasına və gecikdirilməsinə görə bir illik beş faizlə hesabladıqda ona 350 manat faiz borcu da yaranmışdır. Qeyd edilənlərə əsasən onlar arasında 10 mart 2018-ci il tarixli müqaviləyə görə ödənilməmiş 7000 (yeddi min) manatın və həmin pulların saxlanılmasına, gecikdirilməsinə görə 350 (üç yüz əlli) manat faiz borcunun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10 mart 2018-ci il tarixli müqaviləyə görə 2021-ci ilin oktyabr, 2021-ci ilin iyun, 2022-ci ilin yanvar, mart, may, iyun, iyul, noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr ayları üçün ödənilməmiş 9000 manatın və həmin pulların saxlanılmasına, gecikdirilməsinə görə 450 manat faiz borcunun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayənəsi və vəkilinin yazılı razılığı əsasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 mart 2018-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə üzrə Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 2 mənzil 15-də yerləşən “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və göstərilən mənzilin yerləşdiyi binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə sahəsinə 52,4% əlavə etməklə 36,1 m2 əvəzinə, 6-ci mərtəbədə, sahəsi azı 55 m2 (balkonun ölçüsü 0,3 əmsal nəzərə alınmaqla) olan mənzili tam təmirli və istismara yararlı şəkildə “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən yeni tikilmiş binada “Mülkiyətçi”nin mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı və Texniki Pasportu ilə birgə, bu Müqavilədə göstərilən şərtlərə uyğun şəkildə tam təmir edilmiş vəziyyətdə (Əlavə 1) və yaşayışa tam yararlı şəkildə ona təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə aylıq 500 (beş yüz) manat kirayə haqqı verilməlidir; - "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2018-xx.xx.2023-cü il tarixlələri əhatə edən çıxarışlardan görünür ki, İddiaçı məxsus hesaba 2018-ci ilin 12 ayı üzrə, 2019-cu ilin 12 ayı üzrə, 2020-ci ilin 11 ayı üzrə, 2021-ci ilin 11 ayı üzrə, 2022-ci ilin 5 ayı üzrə və 2023-cü ilin 1 ayı üzrə ödəniş edilmişdir; - İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cəmiyyətdən 7000 manat məbləğində kirayə haqqı borcu vardır; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 mart 2018-ci il müqaviləyə əsasən, həmin müqavilə üzrə Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 2 mənzil 15-də yerləşən “Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və göstərilən mənzilin yerləşdiyi binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə sahəsinə 52,4% əlavə etməklə 36,1 m2 əvəzinə, 6-ci mərtəbədə, sahəsi azı 55 m2 (balkonun ölçüsü 0,3 əmsal nəzərə alınmaqla) olan mənzili tam təmirli və istismara yararlı şəkildə iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh ididaçının mənzili tam təmir edilmiş vəziyyətdə və yaşayışa tam yararlı şəkildə ona təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə aylıq 500 (beş yüz) manat kirayə haqqı verilməyi öhdəsinə götürmüşdür. iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 10 mart 2018-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 10 mart 2018ci il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı mənzilini cavabdehə təhvil versə də, həmin mənzil ona təhvil verilməmiş, o cümlədən 2021-ci ilin oktyabr, 2021-ci ilin iyun, 2022-ci ilin yanvar, mart, may, iyun, iyul, noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr ayları üçün hər ay 500 manat olmaqla, ümumiklə ödənilməli olan 9000 manat kirayə haqqı da cavabdeh tərəfindən ödənilməmiş, cavabdeh bununla bağlı öhdəliyini də yerinə yetirməmişdir. Belə olan halda, dəymiş zərərin ödənilməsini tələb etmək hüququ iddiaçıya imkan yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, müqaviləyə əsasən ümumilikdə 9000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halıdır, o cümlədən cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iddiaçının irəli sürdüyü dəlillərə qarşı hər hansı etiraz və mülahizələrini təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 450 manat məbləğində faiz borcu tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən kirayə haqqı qismində hər ay 500 manat olmaqla, cəmi 9000 manat ödənilməmiş kirayə haqqı borcu, gecikdirilmiş vaxt üçün 450 manat faiz borcu "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməldidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırda iddia tələbinə (9450 manat) münasibətdə 114,5 manat dövlət rüsumu ödənilməlidir (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən). Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat ondan iddiaçının xeyrinə, həmçinin iddia üzrə ödənilməli olan əlavə 14,5 manat dövlət büdcəsinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən kirayə haqqı qismində hər ay 500 manat olmaqla, cəmi 9000 manat ödənilməmiş kirayə haqqı borcu, gecikdirilmiş vaxt üçün 450 manat faiz borcu, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia üzrə ödənilməli olan əlavə 14,5 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar