Məhkəmə qərarları › İş №e-2(007)-2310/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2310/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2310/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh ”Yeni Ailə” Mənzil Tikinti Kooperativinə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi ziyan və kirayə haqqının ödənilməsi) X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçının Cavabdehnə qarşı “pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdehnə qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 72.000 manat, öhdəliyinin icrasının gecikdirilməsinə görə 3.400 manat cərimə və 286 manat ödənilmiş dövlət rüsumunu, ümumilikdə 75.686 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 07 mart 2018-ci il tarixdə Cavabdeh MTK ilə 3M-152 nömrəli müqavilə bağlamışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçi İddiaçı paylı mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən 2 otaq olan 11 saylı mənzili sökülmək üçün təhvil alıb. Tikinti şirkəti tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 130.72 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzili mülkiyyətçilərə verməyi öhdəsinə götürüb. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən şirkət tərəfindən bağlanan müqavilədə 500 manat kirayə xərci şirkət tərəfindən verilən əlavə kv.m-ə görə 24 ay ödənilməyəcəkdi. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-153 reyestr nömrəli müqavilədə göstərilən mənzilin sahəsinin artması və mərtəbənin dəyişməsi ilə bağlı müqaviləyə Əlavə Saziş bağlanmışdır. Sazişin 3-cü bəndində İddiaçı Cavabdeh MTK-nın inşa etdiyi kompleksin D girişinin yaşayış mərtəbələrinin 10-cu mərtəbəsində 138,34 kv.m sahəli, 3 otaqlı mənzili təmirli şəkildə təhvil götürəcəyi qeyd olunmuşdur. Həmin sazişdən görünür ki, iddiaçı cavabdehə inşa etdiyi binadan 138,34 kv.m sahəli, 3 otaqlı, təmirli mənzil veriləcəyini öhdəsinə götürmüşdür. Həmçinin, xx.xx.2018 tarixli, 3M-153 reyestr nömrəli müqaviləyə əsasən isə verilən əlavə kv.m-ə görə cavabdeh yalnız 24 ay ərzində kirayə xərci ödəməkdən azad edilir. Lakin digər yaşayış kompleksinin tikintisinin müddəti uzanacağı təqdirdə, yəni iki ildən artıq olacağı halda, bu öhdəlikdən azad edilməmişdir. Cavabdeh müqavilədə göstərilən öhdəliklərini vicdanlı şəkildə yerinə yetirməmiş, 2022-ci ilin oktyabrından 2024cü ilin dekabrına qədər iddiaçıya ödəməli olduğu 500 manat kirayə xərcini ödəməmişdir. Cavabdehin iddiaçıya təhvil verdiyi mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış sazişə müvafiq olaraq, 138,34 kv.m deyil, ümumi sahəsi sazişdə nəzərdə tutulandan 20 kv.m sahə azdır. İddia ərizəsinə əlavə edilmiş X3 Mərkəzinin xx.xx.2025-ci il tarixli 098- 024/2025 nömrəli qiymətləndirməyə əsasən ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilin içdən-içə sahəsi 118.66 kv.m təşkil edir. Beləliklə, cavabdeh ona hər ay 500 manat olmaqla ümumilikdə 12.000 manat kirayə xərcini ödəməyərək maddi ziyan vurmuşdur. Həmçinin cavabdeh ona sazişdə göstəriləndən 20 kv.m az sahəyə malik mənzil təhvil verdiyi üçün 60.000 manat (hər kvadrat metri 3000 manatdan hesablamaqla) maddi ziyan vurmuşdur. Cavabdeh həmin məbləğləri ödəməkdən boyun qaçırdığına görə ona illik 5% məbləğdə, yəni 3.400 manat cərimə tətbiq edilməlidir. İş materialları: İddiaçı və cavabdeh Yeni Aİlə Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, "Tikinti şirkəti" söküntüsü nəzərdə tutulmuş binada "Mülkiyyətçi" İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış (reyestr nömrəsi: **********08- 05101-093009, qeydiyyat nömrəsi:**********) ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 3 ünvanında yerləşən, pay mülkiyyət hüququ əsasında məxsus olan 2 otaq (y/s-31.7 kv.m, k/s-10.6 kv.m) olan 11 saylı mənzili və "Mülkiyyətçi" X2 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018- tarixli RX seriyalı, ******* nömrəli Çıxarış (reyestr nömrəsi: **********08-05101-093009, qeydiyyat nömrəsi **********) ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 3 ünvanında yerləşən, paylı mülkiyyət hüququ əsasında məxsus olan 2 otaq (y/s-23.1 kv.m, k/s-7.8 kv.m) olan 11 saylı mənzili sökülmək üçün təhvil alıb, "Tikinti şirkəti" tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 130.72 kv.mdən ibarət 3 otaqlı təmirli mənzili "Mülkiyyətçilərə" verməyi öhdəsinə götürmüşdür. İddiaçı və X4 ilə şirkət tərəfindən bağlanan müqavilədə 500 (beş yüz) manat kirayə xərci şirkət tərəfindən verilən əlavə kv.m.-ə görə 24 (iyirmi dörd) ay ödənilməyəcəyi barədə razılaşmışlar. X4, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə Bakı Şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və həmin müqavilə reyestrdə 3M-153 nömrə ilə qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli, 3M-153 saylı müqavilədə göstərilən mənzilin sahəsinin kvadrat metrinin artması və mərtəbənin dəyişilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə sazişin surətindən görünür ki, mülkiyyətçiyə çoxmənzilli binanın D girişinin, 8-ci mərtəbəsində yerləşən, 178 saylı, 130.72 kv.m sahəli mənzilin D blokunda yaşayış mərtəbələrinin 10-cu mərtəbəsində 265 saylı 138.34 kv.m sahəli mənzilə dəyişdirilməsi tərəflər arasında razılaşdırılmışdır. X3 Mərkəzinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 2, mənzil 11 ünvanında yerləşən mənzilin içdən-içə sahəsi 118,66 kv.m təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5911 nömrəli mühəndis-texniki ekspertiza rəyinə əsasən, ünvan 2, mənzil 11 ünvanında yerləşən İddiaçı istifadəsində olan mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azaltma əmsalları tətbiq edilməklə, faktiki ümumi sahəsinin 118,6m² təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş bina.az saytından əladə olunmuş çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən analoji mənzillərin satış qiyməti 369990 manat (100 kv.m sahə), 330000 manat (104 kv.m sahə) təşkil edir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 286 manat dövlət rüsumu ödənilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə etdi, əlavə olaraq izahatında göstərdi ki, müqavilədə 2 il kirayə haqqının ödənilməyəcəyi barədə razılaşmışlar. Dedikləri mənzili verməmişlər. Sahəsini razılaşdırmaqla, başqa mənzil verilməsinə razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən mənzilin sahəsi 138 kv.m olmalı idi, amma 115 kv.m-dir. Razılaşmadan əvvəlki mənzilin sahəsi isə 130 kv.m idi. Razılaşma 16 dekabr 2024-cü ildə olmuşdur. Qiymətləndirmənin rəyinə əsasən 20 kv.m əksikdir. Kirayə haqqı verilməmişdir, mənzilin sahəsi az verilmişdir. Öhdəliklərini icra etmirlər. Saziş bağlanmasının səbəbi çertyoj dəyişməsidir. Kirayə haqqı ilə bağlı deyil. Cavabdeh şirkət öz öhdəliyini icra etməmişdir və bu məsələlər uzanmışdır. Sökülən mənzilin əvəzinə daha az kvadrat sahəli mənzil verilmişdir. Onlar mənzili təhvil götürmüşlər, lakin iddiaçı əlinə bir sənəd aldıqdan sonra həmin mənzilə köçmək istəmişdir. Cavabdeh kirayə ödənişini də verməmişdir. Ekspert gəlib ekspertiza keçirmiş, onlar da rəylə tanış olmuşlar. Tələbləri ən ucuz qiymətdir, çünki iddiaçı öz şəraitini özü qurmaq istəmişdir. Cavabdehin təklif etdiyi evlər ya tam təmirsizdir, ya da yaşayış üçün minimum təmirli formadadır. Təqdim etdiyi analoqlar eyni binada olan mənzillərdir. Mübahisə edilən mənzil analoqlardan daha yaxşı vəziyyətdədir. Analoqdakı evlərdən biri daha az təmirli formada və 369.990 manat dəyərindədir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı izahatında göstərmişdir ki, 2 il 6 aydır ki, kirayə haqqını vermirlər, pulun olmadığını deyirlər. Müqavilədə 138 kvadratmetrdir, amma ölçən zaman 115 kvadratmetr olmuşdur. Evi hələ təhvil verməmişlər, ümumiyyətlə bina hələ bitməmişdir. Səkkiz ildir ki, kirayədə qalırlar. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə təhvil verilməsi nəzərdə tutulan müvafiq sahəli mənzil ona daha az sahə ilə təhvil verildiyindən hər kvadrat metr üçün 3000 manatdan hesablanmaqla 20 kv.m sahəyə görə 60000 manat pul və 24 ay ərzində hər ay 500 manat olmaqla ümumilikdə 12000 manat kirayə xərcini habelə ödənilməmiş pul üçün cərimə məbləğini tələb edir. Məhkəmə iddia tələbinin müqavilə üzrə iddiaçıya təhvil verilməli olan lakin təhvil verilməmiş sahə üçün pulun cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarını ekspert rəyini birlikdə tədqiq edərək hesab edir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-153 saylı müqavilədə göstərilən mənzilin sahəsinin kvadrat metrinin artması və mərtəbənin dəyişilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə sazişdə mənzilin sahəsi 138.34 kv.m olaraq göstərilmişdir. Məhkəmənin qərardadı əsasında təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5911 nömrəli mühəndistexniki ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2, mənzil 11 ünvanında yerləşən İddiaçı istifadəsində olan mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azaltma əmsalları tətbiq edilməklə, faktiki ümumi sahəsi 118,6 kv.m təşkil edir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş X3 Mərkəzinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyi ilə də müəyyən edilir ki, ünvan 2, mənzil 11 ünvanında yerləşən mənzilin içdən-içə sahəsi 118,66 kv.m təşkil edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, hazırki işin hallarından aydın olmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə (əlavə sazişə) əsasən iddiaçıya ümumi sahəsi 138.34 kv.m olan mənzil əvəzinə, 19.74 kv.m az sahə olmaqla, ümumi sahəsi 118.6 kv.m olan mənzil təhvil verilmişdir. İş materiallarında olan bina.az saytından çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ünvanında yerləşən mənzillərin təxmini dəyəri 1 kv.m üçün 3100-3700 manat aralığındadır. Məhkəmə mövcud məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, analoji mənzillərin qiymətindən də göründüyü kimi, mübahisə predmeti olan mənzilin yerləşdiyi ərazidə olan digər mənzillərin kvadratmetrinin qiyməti 3000 manatdan yüksəkdir, yəni iddiaçı tərəfindən hər kv.m üçün tələb olunan 3000 manat pul məbləği ağlabatan həddədir. Beləliklə məhkəmə hesab edir ki, təhvil verilən sahə müqavilədə qeyd olunan sahədən 19,74 kv.m az olduğundan, 19,74 kv.m sahə üçün hər kvadratmetri 3000 manatdan hesablanmaqla 59220 manat pul cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin kirayə haqqının cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtinə əsasən cavabdeh MTK-nın 24 ay ərzində kirayə haqqı ödəməkdən azad olması, lakin həmin tarixdən sonra mənzil təhvil verilənədək kirayə haqqını ödəməli olması faktı işin mübahisəsiz halıdır. Lakin cavabdeh tərəfindən kirayə haqqı mavafiq qaydada iddiaçıya ödənilməmişdir və hazırda iddiaçı 2022-ci ilin oktyabr ayından 2024-cü ilin dekabr ayınadək olan müddət yəni, ümumilikdə 24 ay üçün 500 manatdan hesablanmaqla, cəmi 12000 manat pul tələb etməkdə haqlıdır. Hər ay üçün kirayə haqqının 500 manat olmsaqla, hesablanması isə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə öz əksini tapmışdır. Məhkəmə iddiaçının ödənilməli olan 72000 manat pulun ödənilmədiyi hər gün üçün cərimənin müəyyənləşdirilməsi, cavabdehdən 3400 manat pulun tutulması tələbinə münasibətdə isə qeyd edir ki, cavabdehə cərimənin tətbiq edilməsi üçün əsaslar mövcud olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında qanunun 9.1-2-ci maddəsinə əsasən mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı 316,20 manatdır. İddiaçı Dövlət rüsumu haqqında qanunun 9.1-2-ci maddəsinə əsasən dövlət rüsumun məbləğinin 10%-ni ödəməkdən azad olunduğundan və iddia tələbi sübuta yetirildiyindən, iddiaçı tərəfindən ödənilmiş 286 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, ödənilməli olan 30,2 manat dövlət rüsumu isə cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ekspertiza tədqiqatının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti cavabdehdən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilməlidir.

Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən xx.xx.2018-ci il tarixli, 3M-153 saylı müqavilə və xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə saziş üzrə, müqavilədə nəzərdə tutulandan 19.74 kv.m az sahə təhvil verilməsinə görə 59220 manat, hər ay 500 manat hesablanmaqla, 24 ay üçün ödənilməmiş 12000 manat kirayə haqqı olmaqla, ümumilikdə 71220 manat pul və 286 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, ödənilməli olan dövlət rüsumunun əvəzi olan 30,2 manat pul məbləği Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul Cavabdehndən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehndən 71220 manat və 286 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi olan 30,2 manat pul məbləği Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul Cavabdehndən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar