Məhkəmə qərarları › İş №e-2(007)-2424/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2424/2022

29.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2424/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamışlar. Bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016cı il təvəllüdlü X6 dünyaya gəlmişlər. İddiaçı onunla ailə həyatı qurduqdan bir neçə il sonra, kiçik övladının təxminən iki yaşı olanda onunla pis rəftar etməyə başlamışdır. Hər bir övlad valideynlərinə baş çəkdiyi kimi o, da hərdən bir valideyninin evinə gedərək onları ziyarət etmişdir. Bu halı iddiaçı pis qəbul edərək və onunla münasibətlərini gərgin vəziyyətə gətirib çıxardaraq sonunda isə Nizami Rayon Məhkəməsində ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. İddiaçı son vaxtlar ona bir qadın kimi, ailəsi kimi diqqətini dəyişmişdir, sonda isə ona başqa qadınlarla xəyanət etməyə başlamışdır. Uşaqlarına hər zaman diqqətlə yanaşmışdır, onların tərbiyə və təhsili ilə yaxından maraqlanmışdır. Yoldaşının valideynlərinə də hər zaman hörmətlə yanaşmışdır. Qarşılıqlı münasibətləri normal olmuşdur. İddiaçı ilə münasibətləri kəskinləşdikdən sonra dözülməz hal almış və o, valideynlərinin evinə qayıtmağa məcbur qalmışdır. Onu alçaltmağa, əskiltməyə, təhqir etməyə başlamışdır. Bu halda 2021-ci ilin dekabr ayının axırları dözülməz qalaraq atası evinə qayıtmışdır. Kiçik övladı onunla gəlmişdir. İkinci övladını da aparmaq istəyərkən onu polislə hədələməyə başlamışdır. Mübahisəli ünvanda pasport qeydiyyatındadır. Hesab edir ki, həmin mənzilə istifadə hüququ yaranmışdır. Göstərilənlərə əsasən, onun Cavabdeh məxsus ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması və 2 uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, iddiaçının münasibətlərinin kəskinləşməsi ilə bağlı iddia etdikləri tamamilə yalan və uydurmadan ibarətdir. Belə ki, bütün münasibətlər kənar müdaxilələr nəticəsində İddiaçı evi özbaşına tərk edərək aylarla ata evində məskunlaşmasından sonra korlanmış və vəziyyət daha da kəskinləşmişdir. Mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə gəldikdə isə bu tələbin də heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən mənzil bağışlanma yolu ilə onun mülkiyyətinə keçmişdir. Burada hər hansı birgə mülkiyyətdən ümumiyyətlə söhbət gedə bilməz. Bundan əlavə, qeyd etmək lazımdır ki, İddiaçı həmin mənzildə qeydiyyata 2014-cü ildən düşmüşdür. Ailə Məcəlləsinin 30.4-cü maddəsinin son hissəsindən göründüyü kimi, əgər həqiqətən keçmiş ailə üzvünün maddi və sair cəhətdən imkanı olmadıqda, istifadə hüququ saxlanıla bilər. Lakin bunun İddiaçı münasibətdə tətbiq edilməsi üçün heç bir əsas yoxdur. İddiaçı işləyir, rəsmi gəlirə malikdir. Bundan əlavə, valideynlərinin mülkiyyətində olan mənzildə uzun müddətdir yaşayır. Həmçinin bildirir ki, onun valideynlərinin Bakı şəhəri ərazisində mənzil və bağ evlərindən ibarət 5 ədəd daşınmaz əmlakı vardır. Yəni, iddiaçının ev və maddi cəhətdən heç bir sıxıntısı və problemi yoxdur. Buna görə də, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianın dəlillərini müdafiə edib izahatında əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan mənzil cavabdehin adınadır. Həmin mənzilə ailə üzvü olduğundan Səbinə xanımın istifadə hüququ yaranır. İddiaçı həmin mənzildə cavabdehlə nikaha daxil olduğu, yəni təxminən 2006-cı ilin sonlarından 2021-ci ilin dekabr ayınadək yaşamışdır. Buna görə də, həmin məsələ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin MPM-nin 228-ci maddəsi ilə bağlı qərarı ilə tənzimlənməlidir. 2014-cü il tarixdən isə qeydiyyata düşmüşdür. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyib, iddia tələbinə etirazda göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı sözügedən mənzildə 2014-cü ildən qeydiyyatdadır, yəni 2009-cu ildən sonra qeydiyyata düşüb. Buna görə də, hazırda iddia tələbində qeyd olunan məsələlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. Mənzil Cavabdeh adınadır, belə ki, həmin mənzil bağışlama müqaviləsi əsasında Emilə nənəsi tərəfindən bağışlanmışdır. İddiaçının valideynlərinin Bakı şəhərində 5 mənzili var. İddiaçı mənzildə 2007-ci ildən yaşayır, 2014-cü ildə isə qeydiyyata düşüb. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T seriyalı, 039566 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 68 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Kazımova soyadı verilmişdir. - AZ-İİ seriyalı, 001704 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-T seriyalı, 185556 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - xx.xx.2012-ci il tarixli mənzilin bağışlama müqaviləsinin surətindən görünür ki, X7 Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 133 saylı reyestr kitabında 22075 səhifədə qeydiyyat 30/22075, xx.xx.1992-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi əsasında ona məxsus olan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərədindən xx.xx.2012-ci il tarixdə verilmiş 11/9204 nömrəli arayışa əsasən ümumi sahəsi 62.1 kv.m olan və ünvan 1 ünvanında mülkiyyətində olan üç otaqlı mənzilini Cavabdeh bağışlamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********35 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 41, 40 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli, MŞB/5-02274 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər hər ikisi ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Mediasiya xərci qismində 50 manat məbləğində pul vəsaiti İddiaçı nümayəndəsi tərəfindən ödənilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün İddiaçı tərəfindən 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 5 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrı qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X6, X2, X5 və Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışlar. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşlar. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 41, 40 saylı mənzil xx.xx.2012-ci il tarixli mənzilin bağışlama müqaviləsi əsasında X7 tərəfindən Cavabdeh bağışlanmışdır. Hazırda tərəflərin münasibətləri pisləşmiş, tərəflər faktiki olaraq ayrı yaşayırlar. İddiaçı onun Cavabdeh məxsus ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması və 2 uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 41, 40 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Belə ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri tərəflər arasında 2012-ci ildə bağışlama müqaviləsi bağlandıqdan sonra yarandığından, hazırki mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ilə birgə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş, həmin mənzil 2012-ci il tarixdə cavabdehin nənəsi tərəfindən ona bağışlanmışdır. Daha sonra İddiaçı Cavabdeh ilə münasibətləri pisləşdikdən sonra, mübahisəli mənzili tərk etmiş və hazırki vaxtadək orada yaşamır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “mənzilə köçürülmə” hissəsində əsaslı olduğundan təmin edilməli, İddiaçı övladları xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanına köçürülməlidir. Məhkəmə iddia tələbinin “istifadə hüququnun tanınması” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatında olması, həmin mənzildə müəyyən müddət yaşaması, hazırki halda tərəflərin arasında olan nikaha xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmaması halları da nəzərə alınaraq, 2012-ci il tarixdə mənzil cavabdehin mülkiyyətinə keçdikdən sonra iddiaçının həmin yaşayış sahəsində istifadə hüququnun mövcud olması müəyyən edilir. Buna görə də iddiaçının hazırda istifadə hüququnun sözügedən mənzilə mövcud olması nəzərə alınmaqla, iddia tələbi “mənzilə istifadə hüququnun tanınması” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı övladları xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanına köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladları xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar