Məhkəmə qərarları › İş №e-2(007)-2438/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2438/2025

30.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2438/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “attestasiya komissiyasının qərarının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddət üzrə əmək haqqının hesablanması və ödənilməsi” Hakim Yusifova Ülkər Bayram qzının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “attestasiya komissiyasının qərarının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddət üzrə əmək haqqının hesablanması və ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb

1. İddiaçı cavabdeh Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “attestasiya komissiyasının qərarının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddət üzrə əmək haqqının hesablanması və ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarının və xx.xx.2025-ci il tarixli, 27 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi; İddiaçı əvvəlki iş yerində və vəzifəsinə, fortepiano ixtisası üzrə müəllim və konsertmeyster vəzifəsinə bərpa edilməsi; qanunsuz olaraq işdən çıxarıldığı müddətdəməcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi; hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat, notariat qaydasında tərtib olunmuş etibarnamə üçün ödənilmiş 17,25 manat (on yeddi manat, iyirmi beş qəpik), mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat, ümumilikdə 402,25 (dörd yüz iki manat, iyirmi beş qəpik) məbləğindəki məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1988-ci ildə Sumqayıt orta ixtisas məktəbinin Fortepiano ixtisasını bitirmiş, 01 fevral 1992-ci il tarixindən etibarən 316231 saylı Əmr əsasında Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim və konsertmeyster vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İddiaçı çalışdığı dövr ərzində pedaqoji fəaliyyətində yüksək nəticələr göstərmiş, məktəbin musiqi həyatında fəal iştirak etmişdir. O, həmçinin, məktəbin konsert və tədbirlərinin təşkilində təşəbbüskarlıq göstərmiş, peşəkarlığı və məsuliyyətli münasibəti və kollektivlə sağlam ünsiyyəti, nümunəvi davranışı ilə pedaqoji kollektivin hörmət və rəğbətini qazanmışdır. İddiaçı bu vəzifəni 32 il 7 ay müddətində icra etmiş və həmin dövrdə zəngin pedaqoji təcrübə toplamışdır. 2025-ci il 11 mart tarixində Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbində müəllimlərin attestasiyası prosesi həyata keçirilmişdir. Keçirilmiş attestasiyada iddiaçı obyektiv səbəblərdən və psixoloji gərginlik şəraitində qeyri-münasib qiymətləndirməyə məruz qalmışdır. Belə ki, attestasiya zamanı komissiyanın bir neçə üzvü tərəfindən eyni anda çoxsaylı sualların verilməsi nəticəsində zalda səs-küy yaranmış, bu isə attestasiyadan keçən şəxsin psixoloji durumuna mənfi təsir göstərmiş, onun təşvişə düşməsinə və yüksək emosional gərginlik yaşamasına səbəb olmuşdur. Bu isə iddiaçının emosional durumuna təsir göstərmiş və cavab vermə qabiliyyətini xeyli zəiflətmişdir, sualların bir qismini cavablandıra bilməməsi ilə nəticələnmişdir. Lakin attestasiya komissiyası tərəfindən şəxsin sağlamlıq vəziyyəti, yaranmış qeyri-obyektiv şərait və psixoloji gərginlik nəzərə alınmadan attestasiya prosesi davam etdirilmiş və nəticə etibarilə iddiaçının fəaliyyəti qeyri-obyektiv və əsassız şəkildə mənfi qiymətləndirilmişdir. Bununla yanaşı, attestasiya başa çatdıqdan dərhal sonra iddiaçının səhhəti qəfil pisləşmiş, o, huşunu itirmişdir. Baş verən hal səbəbilə dərhal hadisə yerində əvvəlcədən cəlb edilmiş təcili tibbi yardım əməkdaşları dərhal müdaxilə edərək ona ilkin tibbi yardım göstərmişlər. Qeyd olunmalıdır ki, attestasiya prosesinin sonunda iddiaçı səhhətinin ağır vəziyyətdə olması səbəbindən attestasiya vərəqəsinin məzmunu ilə tanış olmadan sənədi imzalamışdır. Daha sonra attestasiya vərəqəsi ilə tanış olduqda məlum olmuşdur ki, sənəddə cavab verdiyi sualların cavabları təhrif olunmuş, bəzi hallarda ümumiyyətlə səsləndirilməmiş sualların qarşısında “cavab verə bilmədi” və ya “yanlış cavab verdi” qeydləri edilmişdir. Nəticədə, Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli, 27 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən, iddiaçı 07 aprel 2025-ci il tarixindən etibarən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi yalnız işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi hallarında mümkündür. Göstərilən hüquqi əsas – “tutduğu vəzifəyə uyğun gəlməməsi” – attestasiya zamanı baş vermiş fövqəladə tibbi hal və obyektiv qiymətləndirmənin mümkün olmaması halları nəzərə alınmadan tətbiq edilmişdir. Halbuki attestasiya nəticələrinin mənfi olması iddiaçının səhhətində qəfil yaranmış problemlərlə, habelə attestasiya prosesində obyektivliyin pozulması ilə birbaşa əlaqədar olmuşdur. Bu halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin göstərilən norması düzgün və qanuna uyğun tətbiq edilməmiş, həmin əsasdan sui-istifadə edilmiş və nəticədə işçinin əmək hüquqları pozulmuşdur. Bu səbəbdən obyektiv qiymətləndirmənin mümkün olmadığı şəraitdə verilmiş mənfi rəy hüquqi cəhətdən hesab olunmalıdır.

Tərəflərin etirazları:

4. Cavabdeh Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır və bu səbəbdən rədd edilməlidir. Qeyri-münasib qiymətləndirməyə məruz qalma və obyektivliyin pozulması iddiası ilə əlaqədar iddia ərizəsində attestasiya vaxtı İddiaçı komissiyanın bir neçə üzvü tərəfindən eyni anda çoxsaylı sualların verilməsi ilə zalda səs-küyün yaranması və bunun İddiaçı psixoloji durumuna mənfi təsir etməsi, onun təşvişə düşməsi və yüksək emosional gərginlik yaşaması barədə qeyd edilənlər doğru deyil. Hətta belə olsaydı belə uzun müddət müəllim işləmiş şəxsin zalda yaranmış səs-küydən təşvişə düşməsi, yüksək emosional gərginlik yaşaması onun tutduğu vəzifəyə yararsız olmasına dəlalət edir. Belə ki, illərin təcrübəsi İddiaçı gərgin vəziyyətdə möhkəm dayanmağı, özünü itirməməyi və vəziyyətdən çıxmaq bacarığını qazandırmalı idi, halbuki qeyd edilənlər bunun əksini göstərir. Əgər müəllim səs-küydən təşvişə düşərsə, özünü itirərsə, şagirdə bilik və bacarıq aşılaya bilməz, nümunə ola bilməz və beləliklə də müəllim kimi fəaliyyət göstərə bilməz. Həmçinin attestasiya vərəqəsindən görünür ki, attestasiya komissiyası İddiaçı ifa etməsi ilə bağlı 3 (üç), üzdən oxuma ilə əlaqədər 1 (bir) tapşırıq vermiş, lakin ifalar qənaətbəxş olmamış, üzdən oxu zəif olmuşdur. Habelə İddiaçı ona verilən 12 sualdan 4-nə düzgün cavab vermiş, 8-nə cavab verə bilməmişdir. Sonda attestasiya komissiyasının 5 üzvündən 4-ü İddiaçı tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlmişdir. Qeyd edilənlər İddiaçı bilik və bacarıqlarının düzgün qiymətləndirildiyini və obyektivliyin pozulmadığını təsdiq edir. İddiaçının attestasiya zamanı sağlamlıq vəziyyəti ilə əlaqədar attestasiya zamanı İddiaçı komissiya üzvlərinə səhhətinin yaxşı olmaması, hər hansı formada narahatlıq keçirməsi barədə məlumat verməmiş, komissiya üzvləri də belə bir halı müşahidə etməmişlər. Eyni zamanda İddiaçı səhhəti ilə, keçirdiyi hər hansı narahatlıqla əlaqədar attestasiya prosesinin digər vaxta təxirə salınması barədə komissiyaya müraciət etməmişdir. Qeyd edilənlər isə attestasiya zamanı İddiaçı səhhətinin normal olduğunu təsdiq edir. İddiaçının attestasiyadan sonrakı sağlamlıq vəziyyəti ilə əlaqədar ilk növbədə qeyd edir ki, İddiaçı səhhətinin attestasiyadan bilavasitə sonrakı vəziyyəti barədə attestasiya komissiyasının və ya məktəb kollektivinin məlumatı olmamışdır. Yəqin etmək olar ki, attestasiya zamanı ifa və cavablarının qənaətbəxş olmadığını anlayan İddiaçı attestasiya komissiyasının verəcəyi qərardan və bununla əlaqədar sonrakı hadisələrdən narahat olmuş və səhhəti pisləşmişdir. Bu halın attestasiya komissiyasının qiymətləndirməsi ilə əlaqələndirilməsi qəbuledilməzdir. İddiaçı səhhətindəki sonrakı pisləşməni qiymətləndirmənin qeyri-obyektiv olması ilə əlaqələndirməyə çalışması onun vəziyyətdən haqsız olaraq faydalanmağa çalışmasına işarə edir. Attestasiya vərəqəsində sualların cavablarının təhrif olunması və iddiaçının attestasiya vərəqinin məzmunu ilə tanış olmadan onu imzalaması ilə əlaqədar attestasiya vərəqəsində attestasiya zamanı İddiaçı verilən tapşırıqlar və suallar sıra sayı ilə göstərilmiş və qarşısında müvafiq cavablar qeyd edilmişdir. İddia ərizəsində konkret olaraq hansı sualların cavablarının təhrif edildiyi göstərilməmiş, habelə təhrif edilməsi iddia edilən cavabların əvəzində iddiaçının hansı cavabları verdiyi bildirilməmişdir. Halbuki, attestasiya vərəqəsindən görünür ki, 32 ildən artıq əmək təcrübəsi olan İddiaçı Y.Haydının və L.V.Bethovenin musiqiyə hansı yenilik gətirməsi, Azərbaycan bəstəkarlarından ballada janrının yaradıcısının kim olması barədə suallara cavab verə bilməmiş, həmçinin Azərbaycanda ilk polifonik əsər yazan bəstəkarın kim olması barədə suala yanlış cavab vermişdir. Beləliklə də, iddia ərizəsində attestasiya vərəqəsində sualların cavablarının təhrif olunması barədə qeyd edilənlər həqiqəti əks etdirmir. Attestasiya vərəqəsində attestasiya prosesi zamanı verilən tapşırıq və suallar düzgün və tam şəkildə təsvir edilmiş, İddiaçı da həmin vərəqə ilə tanış olduğunu imza atmaqla təsdiq etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar Attestasiya komissiyasının 11 mart 2025-ci il tarixli qərarına əsasən İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi məsələsi gündəmə gəlmiş və ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən halların olması barədə məlumat verməsi təklif edilmişdir. İddiaçı sözügedən məlumatları təqdim etməkdən imtina etdikdə bu barədə 02 aprel 2025-ci il tarixli akt tərtib edilmiş və ardınca 02 aprel 2025-ci il tarixli, 27 nömrəli əmr verilməklə İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə ləğv edilmişdir. Sözügedən əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin bütün tələblərinə düzgün riayət edilmişdir. Attestasiya prosesinin videoyazı ilə qeydə alınması barədə əlavə olaraq bildirir ki, İddiaçı attestasiya prosesinin videoyazısı aparılmışdır. Sözügedən videoyazı məktəbdə olmadığına görə onu məhkəməyə təqdim edə bilmirlər. Lakin məhkəmə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə sorğu verməklə həmin videoyazını əldə edə bilər.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, attestasiya düzgün keçirilməyib. Bir neçə adam eyni vaxtda sual verib çaşdırırdılar. Qonşu otaqda keçirilən attestasiya zamanı ifa olunan piano səsləri gəlirdi və öz ifasını duymağa mane olurdu. Səhhətində problem yaranmışdı. Qulaqlarında küy əmələ gəlmişdi. Nə deyirdilər eşitmirdi özünü çox pis hiss edirdi. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, iddiaçının 32 il 7 ay stajı var. Attestasiya düzgün keçirilməyib. Bir neçə adam birdən sual verib çaşdırıblar. Attestasiya zamanı iddiaçı özünü çox pis hiss edib, yıxılıb, ora təhkim olunmuş təcili tibbi yardım müdaxilə edib.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin vəkili və nümayəndəsi Vəkil2 etirazda qeyd edilənləri müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt orta ixtisas musiqi məktəbində 1988-ci ildə fortepiano ixtisasını bitirmişdir. Ümumi əmək stajı 32 il 07 aydır. O cümlədən çalışdığı yerdə əmək stajı 32 il 07 aydır. Attestasiya keçirilən zaman Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi olmuşdur. Ümumi 16 sual verilmişdir. İş fəaliyyətinə uyğun hesab olunmayıb. 1 nəfər lehinə, 4 nəfər isə əleyhinə səs vermişdir.

11. Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə işdən azad edilir. xx.xx.2025-ci il tarixdə işə başlamalıdır.

12. 23.05.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Mediasiya təklifi xx.xx.2025-ci ildə göndərilmişdir.

13. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 27 nömrəli əmrdən görünür ki, Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi təmin edilməsi qərara alınmışdır. Əsas Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 nömrəli protokolu.

14. İş haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim və konsertmeyster təyin edilmişdir. xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

15. 02 aprel 2025-ci il tarixli aktın surətindən görünür ki, X1 - 33 nömrəli X6 tədris işləri üzrə direktor müavini, X3 33 nömrəli Uşaq Musiqi Məktəbinin orkestr alətləri şöbəsinin müdiri, X5 33 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə şöbəsinin müdiri bu aktı tərtib edirik ondan ötrü ki, 11 mart 2025-ci il tarixində 33 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 11 mart 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığının qərara alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi təklif edilmiş, lakin o, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir.

16. Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının 11 mart 2025-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhər 33 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Qeyd olunanlara əsasən məktəbin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixində attestasiyaya dəvət edilmişdir. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 16 ədəd sual verilmişdir. İddiaçı həmin suallardan 6 ədədinə cavab verə bilməmiş, 9 ədədinə qismən cavab vermiş, yalnız 1 ədədinə tam cavab verə bilmişdir. Bununla yanaşı, İddiaçı praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində verilən not nümunəsini üzdən oxunması təklif edilmiş, lakin İddiaçı həmin əsəri zəif ifa etmişdir.

17. Respublika Təcili və X4 Mərkəzinin 18 avqust 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində İddiaçı adına “Respublika Təcili və X4 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə “103” çağırış daxil olmamışdır.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.1992-ci ildə Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim və konsertmeyster təyin edilmişdir. Əmək stajı 32 il 07 aydır.11 mart 2025-ci il tarixində keçirilmiş attestasiya komissiyasının üzvləri 1 nəfər lehinə, 4 nəfər əleyhinə səs verməklə İddiaçı iş fəaliyyətinə uyğun hesab etməyib. Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 27 nömrəli əmri ilə İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarının və xx.xx.2025-ci il tarixli, 27 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi; İddiaçı əvvəlki iş yerində və vəzifəsinə-fortepiano ixtisası üzrə müəllim və konsertmeyster vəzifəsinə bərpa edilməsi; qanunsuz olaraq işdən çıxarıldığı müddətdə-məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi; hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat, notariat qaydasında tərtib olunmuş etibarnamə üçün ödənilmiş 17,25 manat (on yeddi manat iyirmi beş qəpik), mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat, ümumilikdə 402,25 (dörd yüz iki manat iyirmi beş qəpik) məbləğindəki məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia tələbi rədd edilməlidir.

21. Göründüyü kimi İddiaçı xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və 24 aprel 2025-ci il tarixdə Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinə təklif göndərilmişdir. 23 may 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.

22. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1992-ci ildə Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 11 mart 2025-ci il tarixdə Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025ci il tarixli, 27 nömrəli əmri ilə İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.

23. İddiaçı Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarının və xx.xx.2025-ci il tarixli, 27 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini və əvvəlki iş yerində fortepiano ixtisası üzrə müəllim və konsertmeyster vəzifəsinə bərpa edilməsini məhkəmədən xahiş edir.

24. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

25. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.

26. Hazırki mülki iş üzrə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

27. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilə bilər.

28. Həmin normanın “qeyd” hissəsinə əsasən 70-ci maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

29. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən attestasiya komissiyasının təşkili qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmiş, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

30. İddiaçının attestasiya zamanı ona qarşı qərəzli münasibət göstərilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən iddiaçıya hər hansı bir qərəzin olması müəyyən edilməmiş, verilmiş sualların cavablandırılması üçün şərait yaradılmasına baxmayaraq iddiaçı sualları cavablandıra bilməmişdir. Bundan əlavə iddiaçı sualları cavablandıra bilməməsini həyacanlı olması, səhhətinin pisləşməsi ilə bağlı olduğunu bildirmişdir.

31. Məhkəmə hesab edir ki, iddiaçının işdən çıxması ilə bağlı əmrin qanuniliyi şübhə doğurmur və iddia tələbinin hüquqi əsası öz təsdiqini tapmır. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, “Keçirilmiş attestasiyada iddiaçı obyektiv səbəblərdən və psixoloji gərginlik şəraitində qeyri-münasib qiymətləndirməyə məruz qalmışdır. Belə ki, attestasiya zamanı komissiyanın bir neçə üzvü tərəfindən eyni anda çoxsaylı sualların verilməsi nəticəsində zalda səs-küy yaranmış, bu isə attestasiyadan keçən şəxsin psixoloji durumuna mənfi təsir göstərmiş, onun təşvişə düşməsinə və yüksək emosional gərginlik yaşamasına səbəb olmuşdur. Bu isə iddiaçının emosional durumuna təsir göstərmiş və cavab vermə qabiliyyətini xeyli zəiflətmişdir, sualların bir qismini cavablandıra bilməməsi ilə nəticələnmişdir. Lakin attestasiya komissiyası tərəfindən şəxsin sağlamlıq vəziyyəti, yaranmış qeyri-obyektiv şərait və psixoloji gərginlik nəzərə alınmadan attestasiya prosesi davam etdirilmiş və nəticə etibarilə iddiaçının fəaliyyəti qeyri-obyektiv və əsassız şəkildə mənfi qiymətləndirilmişdir. Bununla yanaşı, attestasiya başa çatdıqdan dərhal sonra iddiaçının səhhəti qəfil pisləşmiş, o, huşunu itirmişdir. Baş verən hal səbəbilə dərhal hadisə yerində əvvəlcədən cəlb edilmiş təcili tibbi yardım əməkdaşları dərhal müdaxilə edərək ona ilkin tibbi yardım göstərmişlər”. Lakin məhkəmə qeyd edir ki, bu hallar attestasiyanın qanunsuz keçirilməsinə və iddiaçıya qarşı qərəzli münasibət göstərilməsinə əsas vermir.

32. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir.

33. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq nəzəri suallar verilmiş, həmçinin fortepianoda ifa etməsi bildirilmişdir, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərlərin ifa olunması komissiya üzvlərini qane etməmişdir, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında keçirilmiş attestasiyanın videogörüntüsünə baxış keçirilmiş və attestasiya vərəqəsində qeyd olunanlar öz təsdiqini tapmışdır.

34. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı, əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslarından biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri qanuni olmuşdur.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.

36. Məhkəmə iddiaçının “məcburi işburaxmaya görə əmək haqqının, hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat, notariat qaydasında tərtib olunmuş etibarnamə üçün ödənilmiş 17,25 manat (on yeddi manat iyirmi beş qəpik), mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat, ümumilikdə 402,25 (dörd yüz iki manat iyirmi beş qəpik) məbləğindəki məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, qeyd olunan tələb törəmə tələbdir. İddiaçının işə bərpa edilməsi və bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilmədiyindən törəmə tələb də təmin edilməməlidir.

Məhkəmə baxışının hədləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:

9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

39. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

40. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “attestasiya komissiyasının qərarının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddət üzrə əmək haqqının hesablanması və ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:

İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “attestasiya komissiyasının qərarının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddət üzrə əmək haqqının hesablanması və ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar