Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2472/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMM-nin Cavabdeh qarşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMM Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMM arasında bağlanmış Alqı-satqı müqaviləsinə əsasən, cavabdehə bitki mühafizə vasitələri satılmış, lakin dəyəri tam ödənilməmişdir. Hazırki günə cavabdehin ödəniləyən qalıq borcu 40571 (qırx min beş yüz yetmiş bir) manat təşkil edir. Mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədilə cavabdehlə dəfələrlə telefon danışığı aparılmış, eləcə də pretenziya göndərilmiş, lakin borc ödənilməmiş qalmış, müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 40571 (qırx min beş yüz yetmiş bir) manat qalıq borc, 320 manat vəkil xərci, 211.70 manat dövlət rüsumu olmaqla, cəmi 41102,70 (qırx bir min yüz iki manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMM-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, iddiaçı "Aqroservis” MMM Cavabdeh qarşı 40571,0 manat həcmində pul tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciə etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Aqroservis” MMM ilə Cavabdeh arasında "Alqı-satqı” müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə bitki mühafizə vasitələri satılmış, lakin həmin vasitələrin dəyəri tam şəkildə ödənilməmişdir. Hazırkı iddia ilə bağlı bəzi xüsusatları nəzərə çatdırmaq istəyir. Belə ki, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında heç bir "Alqı-satqı” müqaviləsi bağlanmamışdır, iddia ərizəsinə əlavə olunmuş sənədlərdə də həmin "Alqı-satqı” müqaviləsinə rast gəlinmir. Bu tamamilə iddiaçının öz yalnış mülahizələri əsasında qurulmuş əsassız bir iddiadır. Digər tərəfindən, ümumiyyətlə iddiaçı "Aqroservis” MMM ilə Cavabdeh arasında heç bir alqısatqı əməliyyatı həyata keçirilməmiş, heç bir borc münasibəti formalaşmamış, sahibkarlıq fəaliyyəti ilə əlaqədar hər hansı sövdələşmə də olmamışdır. Göründüyü kimi iddiaçı hüquqi şəxsdir və hazırkı iddiadan belə anlaşılır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə olduğu halda, mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəflə müqavilə bağlamalı, tərəfə elektron qaimə-faktura təqdim etməli, tərəfdən ödənişləri bank hesablaşma-hesabına köçürmə yolu ilə qəbul etməli və təhvil-təslim aktı tərtib edərək, satmalı olduğu məhsulları təqdim etməlidir. Lakin, hazırkı iddia üzrə iddia ərizəsində və ona qoşma olan sənədlərdə sadalanan xüsusatları təsdiq edəcək heç bir sübuta rast gəlinmir. Bundan da göründüyü kimi iddia tam əsassızdır və sübut olunmur. Qeyd olunanları nəzərə alaraq, iddiaçı "Aqroservis” MMM tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehə bitki mühafizə vasitələri satılıb. Cavabdehə mütəmadi olaraq həmin məhsullar təqdim olunmuş və cavabdeh tərəfindən ödənişlər edilmişdir. Lakin dəyəri tam ödənilməmişdir. İddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə qaimələr, arayış, tərəflərin whatsapp yazışmalarını da təqdim etmişlər. Oradan görünür ki, hər dəfə cavabdehə Aqroservis nümayəndəsi tərəfindən vasitələr təqdim olunanda qaimənin şəkli atılıb, borcun nə qədər olması ilə bağlı dəftər təyin olunub. Cavabdeh tərəfindən mütəmadi ödənişlər edilib, lakin borc tam bağlanmayıb. Cavabdeh hər dəfə vaxt istəyib, sonda ödəmədiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunub. İddiaçının nümayəndəsi X3 öz izahatında alğı-satqının necə həyata keçirildiyini bildirib. Bunun özü də bir sübut kimi məhkəməyə təqdim olunub. Həmin dəftərdən olan çıxarışlar da təqdim edilib. Cavabdehin hazırda 40.571 manat borcu var. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, cavabdeh yanvar ayına qədər ödəniş etmirdi, danışıqlar edildikdən sonra may ayına qədər ödəniş etdi. İyun ayında ödəniş etdikdən sonra yenidən vaxt istədi. Bu zaman da şirkət məhkəməyə müraciət etdi. Məhkəməyə müraciət etdikdən sonra ödəniş edib, bu da onu borclu olmağını göstərir. Vaxt verməsi üçün cavabdeh şirkət rəhbəri ilə görüşmək istədi, lakin rəhbəri buna razı olmadı. Ondan sonra cavabdeh ödənişləri dayandırıb, məhkəmədə görüşərik dedi. Whatsapp yazışmalarını təqdim etmişdir, bir insan kimi ona inanmışdır. O nə satıb necə işləyib, bilmir. Öncədən ödənişlərini edirdi, son vaxtlar isə dayandırıb. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbin qəbul etməyib, etirazını müdafiə edib əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehin bu işə aidiyyatı yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəməyə iddia tələbini təsdiq edə biləcək sübut qismində whatsapp yazışmaları, qaimələr, arayış və yazılı qeydlərin surətləri təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırda İddiaçı MMM Cavabdeh ilə arasında bağlanmış Alqı-satqı müqaviləsinə əsasən, cavabdehə bitki mühafizə vasitələrini satdığını, lakin dəyərinin tam ödənilmədiyini bildirməklə, ödənilməyən qalıq borcu 40571 (qırx min beş yüz yetmiş bir) manat pulun cavabdehdən tutulmasını xahiş edir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını və müqavilə əsasında cavabdehin borcunun yarandığını qeyd etsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında hər hansı müqavilənin bağlanması halı sübuta yetirilməmişdir, iddiaçı tərəf də bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi qaimə surətlərinə münasibətdə qeyd edir ki, həmin qaimələrə nəzər yetirdikdə qaimə-fakturalarda satıcı qismində “X2 MMM”, alıcı qismində “X6” qeydi aparılmış, ümumiyyətlə həmin qaimə-fakturalar imzalanmamış, alıcı qismində qeyd olunmuş şəxsin isə hazırkı iş üzrə Cavabdeh ilə hər hansı bağlılığı müəyyən edilməmiş, o cümlədən sübut qismində təqdim edilmiş whatsapp yazışmalarında isə yazışmanın “Nəbi Hacı” adlı şəxslə aparıldığı, eyni qaydada həmin şəxsin şəxsiyyətinin məlum olmaması müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş yazılı qeydlərdə isə, hazırkı cavabdehin şəxsiyyəti, borcunu təsdiq edən imzası və.s hər hansı hal aşkarlanmamış, ümumilikdə isə hazırkı iddia tələbinə cavab verməli olan şəxsin Cavabdeh olması sübuta yetirilməmişdir. Digər yandan, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsində verilən anlayışa görə malların təqdim edilməsi dedikdə, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi başa düşülür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının: 1.1 -ci maddəsinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.18-ci bəndinəsaən elektron qaimə-faktura tərtib edilən zaman göndərilmiş, yaxud təqdim olunmuş malların (işlərin, xidmətlərin) adlarının dəqiq qeyd edilməməsinə, ümumiləşdirilmiş adlardan (məsələn, "mallar”, "tikinti materialları”, "müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMM-nin Cavabdeh qarşı “pul” tələbinə dаir iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMM-nin Cavabdeh qarşı “pul” tələbinə dаir iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2472/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2472/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver