Məhkəmə qərarları › İş №e-2(007)-2503/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2503/2025

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(007)-2503/2025 12.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İsayev Sultan Xalit oğluna qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (bank; kredit müqaviləsi; pul tələbi və s.) Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh İsayev Sultan Xalit oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı İddiaçı cavabdeh İsayev Sultan Xalit oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdeh İsayev Sultan Xalit oğlundan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 398,34 manat məbləğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 0,90 manat məbləğində pul, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı 0,40 qəpik olmaqla cəmi 429,64 (dörd yüz iyirmi doqquz manat 64 qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı (Sunny Electronics) mağazasına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronics) mağazası (bundan sonra iddiaçı) cavabdeh İsayev Sultan Xalit oğlu (bundan sonra cavabdeh) arasında bağlanmış ## #### 2012-ci il tarixli, **** saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 705 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdır. Daha sonra borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2013-cü il tarixli məhkəmə qərarı ilə, borclu İsayev Sultan Xalit oğlundan cəmi 735,40 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 10 il, 10 ay, yəni (130 ay) müddətində ##.##.2024-cü il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdeh qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydi iddiaçı, öz sahəsində istifadə etməklə daha gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 735.40 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (735.40 AZN x 0.05%=36.77 AZN /12 ay=3.06 AZN x 130 ay=398.34 AZN) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehlərə rəsmi qaydada pretenziya göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-****/**** saylı məhkəmə əmrindən görünür ki, borclu İsayev Sultan Xalit oğlundan İddiaçı xeyrinə 705 manat məbləğində əsas borc, 30 manat 40 qəpik məbləğində dövlət rüsumu, ümumilikdə 735 manat 40 qəpik məbləğində borc tutulması qərara alınmışdır. ##.##.2024-cü il tarixli, icraata xitam verilməsi barədə ərizədə qeyd olunur ki, Nizami rayon Məhkəməsinin ##.##.2013-ci il tarixli, *(***)-****/**** saylı məhkəmə əmrinə əsasən borclular, İsayev Sultan Xalit oğlu və X1 ümumilikdə 735,4 manat məbləğində pul vəsaiti alınaraq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunan məhkəmə əmri üzrə borc məbləği borclular, İsayev Sultan Xalit oğlu və X1 tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Nizami rayon Məhkəməsinin ##.##.2013-ci il tarixli, *(***)-****/**** saylı məhkəmə əmri üzrə icraata xitam verilməyi xahiş edilmişdir. ##.##.2025-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, məhkəmə qərarının icrası 10 il, 10 ay, yəni (130 ay) gecikdirilərək icra olduğundan (ödənildiyindən)Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, 398.34 manat məbləğində hesablanmış faiz borcunu bu bildirişi (pretenziyanı) aldıqları gündən 5 gün müddətində kreditor “Sunny Electronics” mağazası (tələbkar) İddiaçı məxsus (qoşmaya əlavə edilmiş bank hesabına) ödənilməsi və həmin ödəniş qəbzini dərhal onlara təqdim olunması, əks halda hesablanmış faiz borcu və eyni zamanda məhkəmə xərclərinin ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə olunacaqdır. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının ## ###### 2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2013-cü il tarixli məhkəmə əmri ilə İsayev Sultan Xalit oğlundan tutulan 735,00 manat pul məbləğinin ##.##.2013-cü il tarixdən məhkəmə əmrinin icra edildiyi, ##.##.2024-cü il tarixədək illik 5 faiz olmaqla tələb edilən faiz borcu 391,50 manat məbləğində təşkil edir. ##.##.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına whatsapp yazışmalarının ekran şəkilləri əlavə olunmuşdur. İşdə iştirak edən şəxslər: İddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh İsayev Sultan Xalit oğlu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair ## ###### 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə İsayev Sultan Xalit oğlu arasında ## #### 2012-ci il tarixfə, **** saylı alqı-satqı müqaviləsi bağlanmış, İsayev Sultan Xalit oğlu 705 manat dəyərində olan malın 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Lakin o öhdəliyi lazımınca icra etməmiş, borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2013-cü il tarixli məhkəmə qərarı ilə, borclu İsayev Sultan Xalit oğlundan cəmi 735,40 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin məhkəmə əmri ##.##.2024-cü il tarixdə icra olunmuşdur. Bu səbəbdən iddiaçı 705 manat pulun ##.##.2013-cü il tarixdən ##.##.2024-cü il tarixədək illik 5 faizinin cavabdehdən tutulması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə qanunvericiliyin tələblərini və Plenum qərarının mövqeyini tədqiq edib iddiaçının iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməyərək gecikdirməsi borclunun iddiaçı qarşısında gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyini yaratmışdır. Cavabdeh tərəfindən borc ##.##.2024-cü il tarixdə tam ödənilmişdir. İddiaçı 705 manat pul vəsaitinə görə illik 5 faiz bank uçot dərəcəsinin tutulmasını sadə riyazi üsulla hesablamışdır. Bu səbəbdən də, məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. ## ###### 2025-ci il tarixli */**** nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2013-cü il tarixli məhkəmə əmri ilə İsayev Sultan Xalit oğlundan tutulan 735,00 manat pul məbləğinin ##.##.2013-cü il tarixdən məhkəmə əmrinin icra edildiyi, ##.##.2024-cü il tarixədək illik 5 faiz olmaqla tələb edilən faiz borcu 391,50 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehdən ##.##.2013-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddətə illik 5 faiz hesablanmaqla ödənilməmiş 391,50 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən bildiriş göndərilməsi üçün ödənilmiş 0,90 manat, 0,40 qəpik bank xidmət haqqı və 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş ümumilikdə 100 manat pul İsayev Sultan Xalit oğlundan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 1700326621, hesab: AZ34CTRE00000000000002088501, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Nəticə: Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh İsayev Sultan Xalit oğlundan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 391,50 manat məbləğində 5% faiz borc, bildiriş göndərilməsi üçün ödənilmiş 0,90 manat məbləğində pul, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı 0,40 qəpik olmaqla cəmi 422,88 manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə tutulmalı, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul İsayev Sultan Xalit oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 1401555071, X3, Kod 210005, Müxbir hesab AZ41NABZ01360100000000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İsayev Sultan Xalit oğlundan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 391,50 manat məbləğində 5% faiz borc, bildiriş göndərilməsi üçün ödənilmiş 0,90 manat, 0,40 qəpik bank xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla 422,8 manat pul İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul İsayev Sultan Xalit oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 1401555071, X3, Kod 210005, Müxbir hesab AZ41NABZ01360100000000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar