Məhkəmə qərarları › İş №e-2(007)-257/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-257/2025

17.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-257/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı tərəf İddiaçı oğlu ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf İddiaçı ilə Cavabdeh1 MMC və Cavabdeh2 arasında xx.xx.2019-cu il və xx.xx.2020-cil tarixlərində əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh1 MMC-ilə bağladığı müqaviləyə əsasən o həmin yerdə sürücü vəzifəsində, "xxxx" MMC-ilə bağladığı müqaviləyə əsasən o, həmin yerdə mülkiyyətçi/təsisçi vəzifəsində qəbul edilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2019cu il tarixli və xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçıya hər ay 1200 və 250 manat məbləğində əmək haqqının ödənilməsi razılaşdırılmışdır. İddiaçı müəyyən bir zaman işlədikdən sonra bəzi bağlı problem yarandığından işləməkdən çətinlik çəkdikləri üçün işləyə bilməmişdir. Bir müddət sonra yeni iş yeri ilə əlaqə saxlayıb özünə yeni iş tapmaq istəmişlər, lakin hər yerdə onun sistemdə aktiv əmək müqaviləsinin mövcud olduğu bildirilərək onları işə götürməkdən imtina etmişlər. İddiaçı bu səbəbdən də məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti iddiaçıya ünvanlanmış məktubla iddiaçının xahişini təmin etməkdən imtina edərək, onun məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. İddiaçı tərəf hazırda işləmək istəsə də, onun Cavabdeh1 MMC və LA MONDE” Məhdud Məsuliyyətli Cəmiyyət i ilə olan aktiv əmək müqaviləsini əsas gətirərək, onu işə götürməkdən imtina edirlər. Buda iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Hesab edir ki, iddiaçı tərəf İddiaçı ilə Cavabdeh1 MMC və Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməlidir.

Tərəflərin izahatları :

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili və Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.

4. İddiaçı İddiaçı və Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.

Tətbiq edilən hüquq :

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.

6. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.

7. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə. Məhkəmənin mövqeyi :

8. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, mülki iş baxılmamış saxlanılmalıdır.

9. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

10. İşin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etməmiş, məhkəmə hazırlıq iclası tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi, işin hallarının əlavə araşdırılması üçün xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İddiaçının nümayəndəsi yalnız xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, tərəflər iştirak etmədiyinə görə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmə tərəfindən tərəflərə növbəti məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Həmçinin Cavabdeh1 MMC-nin nümayəndəsi iddia tələbinə münasibət bildirməmiş, işə baxılmasını məhkəmədən xahiş etməmişdir.

Nəticə :

11. Beləliklə, məhkəmə qeyd edir ki, işə iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar