Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2584/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X40 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı, İddiaçının vəkil-nümayəndəsi Vəkil1, Cavabdeh1 və onun vəkil-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3na qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarış ləğv edilməsi, vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3na qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarış ləğv edilməsi, vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı babası X14 ölümündən sonra Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxlmasının səbəbləri üzürlü hesab edərək vərəsəlik hüququna daxil olma müddətini uzadılması, Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi 2V-124 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edərək, onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, eyni zamanda X14 ölümündən sonra miras qalmış Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə İddiaçı vərəsə kimi tanınması və onun payının müəyyən edilməsi, Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə- 1266 reyestr saylı “Bağışlama müqaviləsinin” etibarsız edərək onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ünvanda yerləşən 26A ev İddiaçı babası X18 mülkiyyət hüququ üzrə məxsus idi. xx.xx.2020-ci il tarixdə İddiaçı atası X13 vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı babası X25 ölmüşdür. Onun ölümündən sonra ünvan 1 ünvanında yerləşən 53,8 kv.m-dən ibarət olan ev qalmışdır. İddiaçının babası ölümündən sonra onun altı vərəsə qalmışdır: arvadı Cavabdeh1, oğullar X19, X20, X21 və məhrum oğlu Səyavuşun qızları - Nərmin və Fazilə. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 50 saylı notariat ofisinə əriəsi ilə müraciət edərək ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə digər vərəsələr X19, X20, X21 miras qalmış əmlakda onlara düşən payından imtina etmişlər. Beləliklə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 əri X9 miras qalmış əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 vərəsəlik hüququna daxil olması barədə ərizəni verərkən mərhum oğlu Səyavuşun iki qızları - Nərmin və Faziləni gizlətmişdir. Qeyd edir ki, atası Siyavuş Abbasovun vəfat edəndən sonra qızları Nərmin və Fazilə atasının qohumları ilə əlaqə saxlamayıblar. Ona görə də onların babası Nadır Abbasovun ölümündən xəbəri olmayıb. Atalarının qohumlarından heç biri babalarının ölümü barədə onlara məlumat verməmişdir. Bundan təsadüfən xəbər tutan İddiaçı hüquqi yardım üçün vəkilə müraciət etmişdir. Vəkilin sorğusuna cavab olaraq vərəsəlik işi ilə bağlı material verilmişdir. Notariat işindən aydın olur ki, X14 ölümündən sonra miras qalmış əmlak üzərində vərəsəlik hüququna daxil olarkən X10 vəfat etmiş oğlu Siyavuşun qızları Nərmin və Faziləni gizlətmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçı vərəsəlik hüququna daxil olmaq üçün Qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürmüşdür. Bununla əlaqədar o, Bakı şəhəri 50 saylı notariat ofisinə müraciət edərək, İddiaçı İddiaçı babası X9 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhəri 50 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 1673 nömrəli məktubu ilə vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə etmişdir. Bundan başqa, məlum olub ki, vərəsəlik hüququna, sonra isə mülkiyyət hüququna daxil olaraq cavabdeh Abbasova Səriyyə miras qaldığı evi nəvəsi Cavabdeh2 hədiyəyə vermişdir. Bununla əlaqədar o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Nizami ray., Azər Manafov küç., ev 26a Cavabdeh1 adına dövlət reyestri xidmətində qeydiyyatdan keçib-keçməməsi barədə məlumatların verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişlər ki, ünvan 1 ünvanında yerləşən mənzil Bakı şəhəri 50 saylı notariat kontorunun 2V-124 reyestr nömrəli xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Lakin Bakı şəhəri 50 saylı notariat kontorunun 4Ə-1266 nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Bu cavabı aldıqdan sonra Bakı şəhəri 50 saylı notariat ofisinə müraciət edərək, X10 ilə onun nəvəsi Cavabdeh2 Natik oğlu arasında bağlanmış bağışlama müqaviləsi üzrə notariat işinin ona təqdim olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-1266 reyestr saylı “Bağışlama müqaviləsi”-nə dair notariat işinin təsdiq olunmuş sürətləri ona göndərilmişdir. Notariat işinin surətindən görünür ki, həqiqətən də 12 iyul 2023-cü il tarixdə cavabdeh X10 ilə onun nəvəsi Cavabdeh2 arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli ev üçün bağışlama müqaviləsi bağlanılmışdır. Hesab edir ki, qeyd edilən əqd tamamilə qanunsuzdur. Ərinin ölümündən sonra vərəsəlik hüququna daxil olan cavabdeh Səriyyə Abbasova İddiaçı gizlədib. Bununla da, İddiaçı qanuni vərəsəlik hüququndan məhrum etmişdir. Eyni zzamanda, Qanun üzrə vərəsə İddiaçı gizlədərək, Cavabdeh1 təkbaşına vərəsəlik və mülkiyyət hüquqlarına daxil olaraq, sonradan ərindən qalan ev digər nəvəsi - Cavabdeh2 bağışlamışdır. Bu səbəbdən hesab edirəm ki, bağışlama müqaviləsi üzrə qeyd olunan əqd etibarsız hesab edilməlidir. Onun əsasında DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh2yə verilmiş çıxarış ləğv olunmalıdır. Qeyd etməyi zəruri hesab edir ki, həmin mülki işlə bağlı o, 100 (yüz) manat məbləğində məhkəmə üçün dövlət rüsumu ödəmişdir. Ərizəsi əsasında işə baxılmadan saxlanılmış əlavə edilmiş sənədlər isə geri qaytarılmışdır. Bununla əlaqədar elektron formatında qəbzin nömrəsi yenidən göndərə bilmir. Amma əlavə edilən sənədlər qrafasında qəbzin şəkili göndərmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, ona pul verilməyib. Onlar iki bacıdırlar, bacısı iddia ərizəsi ilə müraciət etməyib. O, haqqı olduğu üçün tələb edir. O və bacısı yas mərasimində olmamışlar. Keçən iclasda ifadə verən şahidlər onları kiməsə bənzətmiş ola bilərlər. Kəmalə xanımı tanıyır, digər şahidləri isə tanımır. Şahidlər onları gördüklərini necə sübut edə bilərlər? Onlar atası 2020-ci il tarixdə vəfat etdikdən sonra rayona getməmişlər. Atası rəhmətə gedən zaman pandemiya idi, demək olar ki, yas olmadı. Babasının vəfat etdiyini təxmini sentyabr-oktyabr ayında öyrənmişlər. Onlar müraciət etməli olduqlarını bilmirdilər, evin internetdə satıldığını gördükdən sonra bilmişlər. Nənəsinin onun bacısı Faziləyə 10.000 manat verdiyindən xəbəri olub. Həmin pulu bu il yay aylarından öncə qəbul etmişlər. O kənddəki evin satışından düşən pay idi. Hazırda Bakıdakı evdən düşən payı istəyir. Atasının ölümündən anasını günahlandırdıqları üçün onlarla danışmırlar. Babası təxmini 1 il öncə vəfat edib. Onun ölümündən kənddəki evin videosunu internetdə görən zaman məlumatlı olmuşdur. O, yas mərasimində olmamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib izahatlarında bildirmişdir ki, iddiaçının babasının ölümündən sonra altı vərəsə qalmış və onlar analarının xeyrinə əmlakdan imtina ediblər. İddiaçının babasının ölümündən xəbəri olmayıb. Səriyə xanım Lənkərandakı evi satıb, iddiaçıya 10.000 manat pul verib. İddiaçı eyni zamanda Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanında yerləşən 26A nömrəli evə münasibətdə vərəsə hesab edilməlidir. Əlavə olaraq bildirir ki, sözügedən evin yarısı Səriyyə xanıma düşür. Qalan yarısı 5 nəfər arasında bölünməlidir. O beş nəfərdən biri də Nərminin atasıdır. Yəni 10-da 1 hissə Nərminə düşməlidir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib izahatlarında göstərmişdir ki, iddiaçının anasını o, məhkəmə yolu ilə evdən qovmuşdur. Atasının Lənkərandakı- kənddəki evini satıb qarşı tərəfə 10.000 manat vermişdir. Sözügedən evin, yəni miras əmlakın isə hamısı onundur. Ev ona atasından qalıb, bu evin heç kimə aidiyyatı yoxdur. Onun nəvərləri babaları xəstə olanda, vəfat edəndə də gəliblər. Yasda iştirak ediblər. Qazan-qazan yemək vermişdir yas vaxtı, onu da götürüb aparıblar. Onlara düşən payı Lənkarandakı evi sataraq 10.000 manat olmaqla hər birinə vermişdir. Onlar hətta kişinin 3 mərasimindən sonra getdilər. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahatlarında göstərmişdir ki, o, məhkəməyə etiraz ərizəsini təqdim etmişdir. Şəxsin vərəsə statusu olmayıb deyə irsi transmissiyadan danışmaq olmaz. İddiaçının atası miras qoyandan qabaq vəfat edib deyə irsi transmissiya yaranmır. Hansı ki, qarşı tərəf nəzərdə tutur ki, X15 vərəsə hesab edilməli və onun qızlarına da pay düşməlidir. Amma məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, vərəsə miras qoyandan 2 il əvvəl rəhmətə gedib. Onlar irsi transmissiya ilə razı deyil. İddiaçı tərəf babasının ölümündən xəbərdar olub. Bunu şahid ifadələri də təsdiq edir. Belə ki, onlar şəxsən yas mərasimlərində iştirak ediblər. Bundan başqa, məhkəmə çıxışında da qeyd etdiyi kimi, hazırki mülki iş üzrə məhkəmə tədqiqatı yekunlaşmışdır. Məhkəmə araşdırması zamanı tərəflər izahat və şahidlər ifadə vermiş, həmçinin iş materiallarında olan sənədlər elan ölünmüşdür. Sonda bir daha qeyd edirlər ki, cavabdeh tərəf olaraq iddianı qəbul etmirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində qeyd olunur ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində qeyd olunur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Vərəsəlik münasibətlərinin yaranması üçün, ilk növbədə, miras qoyanın ölüm faktı mövcud olmalıdır. Mülki Məcəllənin 1145-ci maddəsinə uyğun olaraq, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın Öldüyü məqamda sağ olmuş şəxslər ola bilərlər. İrsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Lakin iddiaçının atası miras açılanadək və miras qoyandan əvvəl öldüyündən o, vərəsə statuşuna keçməmiş və bununla da miras kütləsindən hər hansı pay almaq hüququ yaranmamışdır. Çünki şəxsin vərəsə sayılması üçün onun miras açılan vaxt sağ olması və mirası qəbul etməsi tələb olunur. Qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş novbə uzrə vərəsəlivin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras aovana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir. Hazırda iddiaçı mahiyyət etibarı ilə mirasın qəbul edilməsi ilə bağlı iddia qaldırsa da (çünki mirasın qəbulu ilə bağlı heç bir hərəkət etməmişdir), burada qanunvericiyin müəyyən etdiyi 2 aylıq kəsici müddəti də ötürmüşdür. Bütün bunlarla yanaşı məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid də 2022-ci ilin sentyabr və ya oktyabr aylarında mirasqoyanın ölümündən xəbər tutduqlarını bildirmişdir. Lakin iddiaçı keçən müddət ərzində mübahisə açmamış, yalnız hazırki iddianı 2024-cü ildə qaldırılmışdır. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X11 ifadəsində göstərmişdir ki, o, Nərminin anasıdır. Onlar başqa nəsə iddia etmirlər. Onlara düşən payı tələb edirlər. Karantin dövründə qayınatası xəstə yatırdı. O, qaynatasını xəstəxanadan çıxarmışdır. Heç kim yaxına getmirdi. Qorxurdular ki, koronaya yoluxarlar. O, qayınatasını xəstəxanadan çıxardıb, rayondakı evə aparmış və 1 həftə qulluq etmişdir. Sonra onun vəziyyəti yaxşılaşdığı üçün o, qayıtmışdır. Arada gedib baş çəkirdi. Sonra onu qovdular. Ondan sonra nə zəng etmiş, nə də həmin evə getmişdir. Sonradan nə o, nə də qızları qayınatasının vəziyyəti barədə məlumatlı olmamışlar. Daha sonradan öyrənmişlər ki, o yanvar ayında vəfat edibmiş. O, mərhuma qulluq edəndə hardasa payız ayları idi. Yoldaşı qayınatasından 1 il qabaq koronadan əziyyət çəkərək vəfat etmişdir. Onun qızları yasda olmayıblar. Ümumiyyətlə kişinin öldüyünü bilməyiblər. Onu döyüb qovduqları üçün bir də heç vaxt getməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X7 ifadəsində göstərmişdir ki, o, Səriyyə xanımın gəlinidir. Nərmin və Fazilə iki bacı ikisi də babalarının yasında iştirak ediblər. Babaları rəhmətə getməmiş də gəlmişdilər. Həmçinin babaları ölən günü də və 3 mərasimində də orada olublar. Amma onların anaları orada olmayıb. Özləri isə gəlmişdilər, həm də ölümündən qabaq babaları ilə sağollaşmışdılar. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X12 ifadəsində göstərmişdir ki, Səriyyə xanım onun bacısının qayınanasıdır. Yanvar ayında rəhmətə gedən kişinin, yəni bacısının qayınatasının üç məclisi olub. Qış vaxtı idi. Nərmin və bacısını yasda görmüşdür. Bacısının oğlu Nurlanı çağırırdılar, mağazaya göndərirdilər. O, dəqiq adlarını deyə bilməz. Hər ikisini üzdən tanıyır. Onlar əmisi oğlanlarını balkona çağırırdılar və nələrisə almağı tapşırırdılar. Əmilərinin məclisində isə onları görməmişdir. Amma babalarının üç mərasimində onlar orada idi. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X16 ifadəsində göstərmişdir ki, Səriyyə xanım onların kəndçisidir. O, Səriyyənin yoldaşının yasında olmuşdur. Təxminən qış aylarında rəhmətə getmişdi. Bir oğuldan iki, digər oğuldan iki nəvəsi var. Siyavuşun qızlarını da tanıyır. Biri Nərmin, digəri Fazilədir. Onlar yas mərasimində qab-qacaq yuyurdular. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - XX-ЖГ 353568 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-ci ildə doğulmuşdur. X1, anası X4r. - AZ-İİ 481354 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 və X8 xx.xx.2021-ci ildə nikah bağlamışlar və bu barədə akt qeydləri kitabında 3183 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Muxtarova soyadı verilmişdir. - AZ-İİ 245179 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2022-ci ildə vəfat etmişdir. - Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X14 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 30/196555 qeydə alma nömrəsi ilə 1309öz nömrəli kitabın 196555-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən X18 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m olan mənzildən ibarətdir. - Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-125 nömrəsi ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X14 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X18 verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.19 ha olan torpaq sahəsindən ibarətdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Bakı şəhəri 50 saylı notariat kontorunun 2V-124 reyestr nömrəli xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 50 saylı notariat kontorunun 4Ə-1266 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. - Bakı şəhəri 50 saylı notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş babası X9 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişdir. Notariat hərəkətlərinin aparılması üçün təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, mirasın qəbuluna dair ərizə qanunvericilikdə müəyyən olunmuş müddət ötürüldükdən sonra Notariat ofisinə təqdim edilmiş, eyni zamanda mirasın faktiki qəbulu ilə bağlı ərizəsinə heç bir rəsmi sübut əlavə edilməmişdir. xx.xx.2022-ci il tarixdə vəfat etmiş babası X9 miras qalmış əmlaklara dair xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. - Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş notarial qaydada verilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, X19 və X20 onlara vəfat etmiş ataları X9 miras qalmış əmlaklardan onlara çatası paydan anaları Cavabdeh1 xeyrinə imtina etmişlər, X21 isə ərizəsində vəfat etmiş X6ndan miras qalmış əmlaklardan payını rəsmi və faktiki olaraq qəbul etmədiyini bildirmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54.60 kv.m olan mənzil xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır. - XX-ЖГ 310012 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1997-ci ildə doğulmuşdur. X3, anası X2r. - AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1966-cı ildə doğulmuşdur. X6, anası Cavabdeh1dır. - AZ 009168 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 və X17 xx.xx.1962-ci ildə nikah bağlamışlar və bu barədə akt qeydləri kitabında 1769 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. - xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu K.A.Rəhmanov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən surətindən müəyyən edilir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh2 bağışlamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-ci maddələrinin məzmunu dövlət notariusu tərəfindən tərəflərə izah edilmişdir. - “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat”dan görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ünvanda yerləşən 26A ev İddiaçı babası X18 mülkiyyət hüququ üzrə məxsus olmuşdur. İddiaçı atası X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının babası X25 ölmüşdür. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 50 saylı notariat ofisinə ərizə ilə müraciət edərək ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə digər vərəsələr X19, X20, X21 miras qalmış əmlakda onlara düşən payından imtina etmişlər. Beləliklə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 əri X9 miras qalmış əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Bakı şəhəri 50 saylı notariat kontorunun 4Ə- 1266 nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən X10 nəvəsi Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26a nömrəli evi bağışlamışdır. Hazırda iddiaçı, onun babası X14 ölümündən sonra Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxlmasının səbəbləri üzürlü hesab edərək vərəsəlik hüququna daxil olma müddətini uzadılması, Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi 2V-124 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edərək, onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, eyni zamanda X14 ölümündən sonra miras qalmış Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə İddiaçı vərəsə kimi tanınması və onun payının müəyyən edilməsi, Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-1266 reyestr saylı “Bağışlama müqaviləsinin” etibarsız edərək onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəsinə əsasən, bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən, əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu yerdə məhkəmə qeyd edir ki, İddiaçı X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçının babası X25 vəfat etmişdir. İddiaçının babasının vəfatından sonra isə vərəsəlik işi açılmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normasından görünür ki, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının babasının ölümündən sonra onun altı vərəsəsimərhumun arvadı Cavabdeh1, oğulları X19, X20, X21 və mərhumun oğlu Səyavuş Abbasovun övladları olmuşdur. Azərbaycan Respublikası MM-in 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Göründüyü kimi, hazırkı İddiaçı miras qoyanın övladı iddiaçının atası Səyavuş Abbasovdan sözügedən miras əmlakdan pay almaq hüququ irsi transmissiya qaydasında vərəsə olaraq keçmişdir. Buna görə də, iddia əsaslı olduğundan həmin hissədə təmin edilməli, İddiaçı babası X14 ölümündən sonra Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxılması səbəbləri üzürlü hesab edilərək, vərəsəlik hüququna daxil olma müddəti uzadılmalıdır. Cavabdeh tərəfin hazırkı iddiaçının babasının (miras qoyanın) ölümündən xəbərinin olması və müddəti üzürlü səbəbdən buraxmaması barədə göstərdiklərinə münasibətdə isə qeyd edir ki, bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı iddiaçının babasının yas mərasimində iştirak etməsi ilə bağlı göstərdikləri məhkəmə tərəfindən sübut qismində qəbul edilməmişdir, iddiaçı da izahatında bunu təsdiq edən hər hansı bir dəlilin məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri tam şəkildə araşdırılmamış və iş üzrə əhəmiyyətli hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinin tələbinə görə, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinin tələbinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun: 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri müəyyən edilməmiş, sonuncular notariat ofisinə dəvət edilməmiş, ümumiyyətlə mərhumun vərəsələri kimi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi 2V-124 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilməli, X14 ölümündən sonra miras qalmış Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə İddiaçı vərəsə kimi tanınmalı və onun payı müəyyən edilməlidir. O cümlədən, sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi də etibarsız hesab edilməli, onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı babası X14 ölümündən sonra Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxılması səbəbləri üzürlü hesab edilərək, vərəsəlik hüququna daxil olma müddəti uzadılmalı, Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi 2V-124 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilməli, X14 ölümündən sonra miras qalmış Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə İddiaçı vərəsə kimi tanınmalı və onun payı müəyyən edilməli, Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-1266 reyestr saylı “Bağışlama müqaviləsi” etibarsız hesab edilməli və onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı babası X14 ölümündən sonra Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxılması səbəbləri üzürlü hesab edilərək, vərəsəlik hüququna daxil olma müddəti uzadılsın. Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi 2V-124 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və onun əsasında Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilsin. X14 ölümündən sonra miras qalmış Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ünvanda yerləşən 26A nömrəli evə İddiaçı vərəsə kimi tanınsın və onun payı müəyyən edilsin. Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə- 1266 reyestr saylı “Bağışlama müqaviləsi” etibarsız hesab edilsin və onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2584/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2584/2024
16.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver