Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-261/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 68618,46 (altımış səkkiz min altı yüz on səkkiz dollar,qırx altı sent) ABŞ dolları və 1219,80 (min iki yüz on doqquz manat, səksən qəpik) vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq hesabına ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli, 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-ci illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşlarının seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra-müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X3 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti, Elm və Təhsil Nazirliyi Cavabdeh arasında 20 oktyabr 2020-ci il tarixli, 44 saylı üçtərəfli müqavilə bağlanılmışdır. Elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-222 saylı əmri ilə onun adı Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh 2020-ci ilin oktyabrından 2022-ci ilin iyun ayına qədər ABŞ-ın “X4”ində doktorantura səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, o müqavilə öhdəliklərini pozmuş. Cavabdeh Nazirliyin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-680F/2023 saylı əmri ilə onun adı Proqram iştirakçılarının siyahısından çıxarılmışdır. Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi pozmuşdur belə ki, müqaviləyə əsasən o, təhsilini alandan sonra Azərbaycana qayıdıb 5 il fəaliyyət göstərməli idi. Lakin o, təhsilini başa vurub diplom alsa da X1b orada fəaliyyət göstərir. Bu səbəbdən iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh ABŞ-ın “X4”ində doktorantura səviyyəsi üzrə təhsil alıb və diplomunu əldə etmişdir. Çilənay Azərbaycana qayıtmasa da ölkəsini layiqincə təmsil edib. Bütün dövlət əhəmiyyətli tədbirlərdə iştirak edib. Onalyn təhsilə qoşulub tədris edib. Həmçinin təlim vermək üçün də bakıya gəlmişdi və əlavə ödəniş olunmadan təlim keçdi. Sadəcə Çilənəy Azərbaycan Respublikasının Kanada da yaşayan vətəndaşı ilə ailə qurub və hər ikisi orada işləyir.
İş materialları:
5. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşları siyahısında Cavabdeh adı qeyd edilmişdir.
6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli, 44 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdrilməsi qaydaları”nın 1.4cü bəndinə uyğun olaraq bağlanır və proqram iştirakçısının ABŞ-ın “X4”ində “Təhsil ixtisasları” 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi doktorantura səviyyəsi üzrə 1 il 8 ay müddətinə təhsilinin maliyyələşədirilməsi və təhsilini başa vuduqdan sonra isə müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində pedoqoji fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Müqavilənin 3.5.20-ci bəndinə əsasən proqram iştirakçısının -tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi vardır. Müqavilənin 6.2-ci bəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə. Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarılmalıdır.
7. 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 22716 ABŞ dolları məbləğində pul 2 nəfərin yaşayış xərci üçün köçürülmüşdür.
8. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 08 nömrəli reyestrdən görünür ki, Cavabdeh 8064 ABŞ dolları köçürülmüşdür.
9. 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 26800 ABŞ dolları məbləğində pul 3 nəfərin yaşayış xərci üçün köçürülmüşdür.
10. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 15 nömrəli reyestrdən görünür ki, Cavabdeh 7225 ABŞ dolları köçürülmüşdür.
11. Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-222 nömrəli; xx.xx.2020-ci il tarixli, F-475 nömrəli və xx.xx.2022-ci il tarixli, F-464 nömrəli əmrlərində aşağıda qeyd olunmuş dəyişikliklərin edilməsi ilə bağlı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.2-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-475 nömrəli əmri ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının siyahısı”nda 9-cu və 20-ci hissələr ləğv edilsin. Nazirlik, Azərbaycan Tibb Universiteti və Səbinə Fərhadova və Nazirlik, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış üçtərəfli müqavilələrə xitam verilməsi əmr edilmişdir.
12. 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1694,10 manat məbləğində pul köçürülmüşdür.
13. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Cavabdeh ünvanladığı 06 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, yaşayış xərci 31997 ABŞ dolları, təhsil xərci 31976,46 ABŞ dolları, sığorta xərci 4645 ABŞ dolları, beynəlxalq nəqliyyat xərcləri 1219,80 manat ödənilib. Ödənilmiş 68618,46 ABŞ dolları və 1219,80 manat məbləği qaytarılması tələb edilmişdir.
14. Geri tələb etmə bildirişindən görünür ki, elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-680F/2023 nömrəli əmri ilə Cavabdeh adı təhsili “2019-2023 Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən doktorantlar siyahısından çıxarılmış və onunla bağlanmış üçtərəfli müqaviləyə xitam verilmişdir. Üçtərəfli müqavilənin 6.2-ci yarımbəndinə əsasən təhsilinin maliyyələşdirilməsi üçün “2019-2023 Dövlət Proqramı” tərəfindən ödənilmiş xərclər 2 ay ərzində geri qaytarılmalıdır. Müvafiq məktub və bank rekvizitləri əlavədə təqdim olunur.
15. Təhsil müddətinin bitməsinə dair bildirişdən görünür ki, Cavabdeh təhsilini bitirməsi barədə rəsmi məlumatlar tələb edilmişdir. Cavabdeh tərəfindən praktika müddətini göstərən rəsmi sənəd və proqram direktoru tərəfindən imzalanmış praktika fəaliyyətini təsdiq edən rəsmi məktub göndərilmişdir.
İşin faktiki halları:
16. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli üçtərəfli müqaviləyə əsasən müqavilənin predmeti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdirilməsi qaydaları”nın 1.4-cü bəndinə uyğun olaraq bağlanır və proqram iştirakçısının ABŞ-ın “X4”ində “Təhsil ixtisasları” 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi doktorantura səviyyəsi üzrə 1 il 8 ay müddətinə təhsilinin maliyyələşədirilməsi və təhsilini başa vuduqdan sonra isə müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində pedoqoji fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Cavabdeh xaricdə doktorantura təhsili alması üçün yaşayış xərci 31997 ABŞ dolları, təhsil xərci 31976,46 ABŞ dolları, sığorta xərci 4645 ABŞ dolları, beynəlxalq nəqliyyat xərcləri 1219,80 manat ödənilib. Ödənilmiş 68618,46 ABŞ dolları və 1219,80 manat məbləğində pul ayrılmışdır.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli üçtərəfli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdrilməsi qaydaları”nın 1.4cü bəndinə uyğun olaraq bağlanır və proqram iştirakçısının ABŞ-ın “X4”ində “Təhsil ixtisasları” 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi doktorantura səviyyəsi üzrə 1 il 8 ay müddətinə təhsilinin maliyyələşədirilməsi və təhsilini başa vuduqdan sonra isə müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində pedoqoji fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Müqavilənin 3.5.20-ci bəndinə əsasən proqram iştirakçısının tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi vardır. Müqavilənin 6.2-ci bəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə. Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarılmalıdır.
20. Cavabdehin nümayəndəsinin təqdim etdyi flash kartdan görünür ki, Azərbaycan Respublikası Prezidenti çıxışında:- “Xaricdə qalan azərbaycanlıların böyük əksəriyyəti Azərbaycana bağlı olur. Onların ürəkləri Azərbaycanla bir döyünür. Öz fəaliyyətləri ilə bizə yaşadıqları ölkələrdə xeyir gətirirlər. Xaricdə təhsil alan gənclərlə bağlı proqrama biz 2007ci ildə başlamışıq. 2006-cı ildə qərar verildi, sərəncam imzlandı və o vaxt müxtəlif fikirlər var idi. Bəziləri deyirdilər, mütləq biz şərt qoymayılıq ki, onlar qayıtsınlar və vətənə xeyir versinlər. Mən isə bununla razılaşmadım. Mənim arqumentlərim o idi:- birincisi, biz bunu nə üçün edirik. Ona görə edirik ki, azərbaycanlı gəncləri yetişdirək. Onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur:- Xalqımızın intellektual potensialının möhkəmləndirilməsi. Deməliyəm ki, 30-dan çox ölkəyə ezam etmişik gəncləri. 300-dən çox ali məktəblərə və bu məqsəd üçün 200 milyon manat vəsait xərcləndi. Onu da deməliyəm ki, bu xərclər Neft Fondundan xərcləndi. O vaxt dedim ki, belə bir şərt qoysaq nahaq iş görərik. 2-ci ən önəmli biz Azərbaycanda elə şərait yaratmalıyıq ki, onlar özləri gəlsinlər. Zorla yox, özləri gəlsinlər”.
21. Azərbaycan Respublikasının Prezidenti çıxışında qeyd etmişdir ki, xaricdə gənclərin təhsil alması üçün müqavilə bağlanarkən onların ölkəyə qayıdıb ölkədə qalması barədə şərt nəzərdə tutulmamışdır. Hazırki halda qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi , Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli üçtərəfli müqavilədə cavabdehin daimi olaraq ölkəyə qayıtması nəzərdə tutulmayıb, sadəcə 5 il müddətinə fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi qeyd olunmuşdur. Lakin cavabdeh bu öhdəliyə əməl etməmişdir.
22. Göründüyü kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli üçtərəfli müqavilənin 3.5.20-ci bəndinə əsasən proqram iştirakçısının tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi vardır. Lakin cavabdeh xaricdə təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmamışdır. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, onlayn şəkildə Azərbaycan Pedoqoji Universitetinə necə töhfə verəcəyi barədə təkliflər göndərmişdir. Cavabdeh ABŞ-da yaşayır, orada ailə qurmuş və bir övladı var. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur.
23. Həmçinin müqavilənin 6.2-ci bəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə. Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarılmalıdır. Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış üçtərəfli müqavilələrə xitam verilməsi əmr edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Nazirlik tərəfindən cavabdehə çəkilən xərclər geri qaytarılmalıdır.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
25. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xəcləri:
26. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 407,87 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə:
27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 68618,46 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 1219,80 manat vəsait tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməlidir.
28. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 68618,46 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 1219,80 manat vəsait tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilsin. Məhkəmə xərclərinə aid olan 407,87 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova