Məhkəmə qərarları › İş №e-2(007)-2726/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2726/2022

25.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2726/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş kirayə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş kirayə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixə kimi mülkiyyətçisi olduğu ünvan 1 ünvanında ( AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi çıxarışı vardır və işə əlavə edilir) ilə yaşamışdır. Həmin tarixdə yaşadıqları onun razı olmadığı və daşınmadığı halda, Yasamal rayonunun sabiq İcra Başçısı İbrahim Mehdiyevin birbaşa müşayiəti və göstərişi ilə "İnşaat Konstruksiyaları” şirkəti tərəfindən sökülmüşdür. O, sökülmə başlandıqdan sonra köçdüyü üçün ev əşyalarının çoxunu daşıya bilməmişdir və qalanlardan xeylisini də dəfələrlə yaşadığı köç proseslərində itirmişdir. Bütün bu stress və həyəcan sağlamlığına ciddi mənfi təsirini göstərmiş və bunların səbəbindən onun dili tutulmuş, təcili yardım üçün ailəsi 103 xidmətinə müraciət etmişdir. Həmin vaxt keçirdiyi gərginlik, ondan sonra dəfələrə müxtəlif mənzillərə daşınma məcburiyyəti və Azərbaycan Respublikasının vətəndaşlarının Konstitusiya ilə təsbit edilmiş hüquqlarının pozulmasının mənfi təsirlərini bu gün də yaşayır. "xxxx" şirkətinin onunla xx.xx.2016-cı il tarixdə bağladığı müqavilənin (işə əlavə olunur) 2.2.5-ci maddəsində yeni tikiləcək pilot layihəli binanın bünövrəsi qoyulduqdan 16 ay sonra tkinti işlərinin tamamlanacağı göstərilsə də, xx.xx.2019-cu il tarixdə bağlanmış ikinci müqavilədə (işə əlavə olunur) bu bənd çıxarılmışdır. Binanın sökülməsindən artiq 6 il keçməsinə baxmayaraq, hələ də binanın tikintisi tamamlanmamış və binada uzun müddətdir ki, ciddi şəkildə işlər aparılmır. Bu minvalla tikintinin nə vaxt tamamlanacağını da söyləmək mümkün deyil. Bütün bu dövr ərzində 3 (üç) dəfə kirayə mənzil dəyişməklə, hələ də kirayədə (şirkət əvvəlki illərdə cüzi kirayə haqqı 300 AZN versə də, artıq 20 aydır ki, ödəmir) yaşayırlar və bunun üçün ayda 550 AZN ödəyir (müqavilə işə əlavə olunur). Əlavə olaraq qeyd edir ki, o, oğlu üçün də həmin binada mənzil almaq üçün şirkətrəhbəri Əliyev Raufla xx.xx.2016-cı il tarixdə müqavilə bağlamış və bu məqsədlə ona 16700 AZN vermişdir (qəbz işə əlavə olunur). Hal-hazırda oğlu evlidir və o da ayda 370 AZN ödəməklə, ayrıca mənzildə kirayədə yaşayır. Ayda 920 AZN kirayə vermələri onların ailənin maddi vəziyyətini xeyli gərginləşdirir. Tikintisi aparılan bu binada mənzillərin əksəriyyətinin çox sayda vətəndaşlara satışı halları vardır. Şirkətin bina yaxınlığındakı ofisi daimi bağlıdır. Şirkət rəhbərləri telefon zənglərinə cavab vermir, sakinlərə qarşı hörmətsiz davranışlar göstərirlər. Yasamal rayonunda mənzil inşaatında pilot layihənin belə məsuliyyətsiz şirkətə həvalə edilməsi tikintinin belə acınacaqlı vəziyyətinə nə vaxt son qoyulacağı barədə qeyri-müəyyən vəziyyət yaranır. Məsələ ilə əlaqədar dəfələrlə müxtəlif instansiyalara, Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Birinci Vitse Prezidentinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə (cavab məktubu işə əlavə edilir), Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna (cavab məktubu işə əlavə edilir) və s.-nə kollektiv və onun tərəfindən fərdi müraciətlər edilmişdir. "xxxx" MMC şirkəti və onun rəhbəri Əliyev Raufa qarşı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılsa da, uzun müddətdir ki, proses tamamlanmamışdır. Qeyd edilənlərə əsasən 2021 və 2022-ci illər üzrə ödənilməmiş bütün kirayə haqlarının ödənilməsi, tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, şirkət tərəfindən ona 70000 AZN təzminatın ödənilməsi, iddia ərizəsinin verilməsinə görə Bakı şəhər Nizami Rayon Məhkəməsinə ödənilən 313,5 AZN rüsumun ona ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehə qarşı digər tələblərlə yanaşı, 2021 və 2022-ci illər üzrə ödənilməmiş bütün kirayə haqlarının ödənilməsi haqqında qətnamə qəbul edilməsi ilə bağlı xahiş etmişdir. Lakin həmin ərizədə ödənilməmiş kirayə haqlarının hər növbəti ayda artdığı nəzərə alaraq, məbləğ dəqiq göstərilməmişdir. Bu məbləğin 5100 AZN kimi müəyyənləşdirilməsini xahiş etmişdir. 2021-ci il üzrə: yanvar, mart, aprel, may, iyun, iyul, avqust, noyabr; 2022-ci il üzrə: yanvar, fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr. Ödənilməmiş hər bir ay üzrə 300 AZN olmaqla, ümumilikdə 5100 AZN. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsinə dörd ədəd müqavilə əlavə edilmişdir. Həmin müqavilələr iki mənzillə bağlıdır. Onun iki otaqlı mənzili var idi. Müqavilələrdə mənzillərdən birinin sahəsi 90.25 kv.m sonradan 90.4 kv.m, digəri isə əvvəl 56.5 kv.m sonra 55.6 kv.m sahəsi olan mənzil idi. İkinci mənzili yəni sahəsi 56.5 kv.m olan mənzili öz şəxsi vəsaiti ilə oğlu üçün almışdır. 2016-cı il tarixdə müqavilələr bağlandıqdan sonra bina sökülməmiş, lakin sökülməyə başlanmışdır. Sökülməmiş binanın yerində tikiləcək binanın layihləndirilməsi mümkün deyil. Yəni boş sahə olmadan o sahədə tikiləcək binanın layihələndirilməsindən söhbət gedə bilməz. Ona görə də, başqa mücərrəd bir binanın layihəsi ilə onunla müqavilə bağlamışlar. Demişlər ki, bu blokda, bu nömrəli mənzil sizindir. Lakin onlara qol çəkdirilən binanın özü tikilməmiş, başqa bir bina tikilmişdir. Bu səbəbdən o, hər iki mənzil üçün təkrar müqavilə bağlamışdır. Şirkət rəhbərliyi ilə ortaq məxrəcə gəlmək üçün dəfələrlə danışıqlar aparmışlar, amma heç bir nəticəsi olmamışdır. 2016-cı il tarixdə bağladığı müqavilə qüvvədən düşməmiş və 2019-cu il tarixli müqavilədə əvvəlki müqavilənin qüvvədən düşməsi qeyd olunmamışdır. Cavabdeh "xxxx" MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili 28 iyul 2016-cı il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 03 avqust 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı, faktiki olaraq onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində söküntüsü nəzərdə tutulmuş binada İddiaçı mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməkə, 90,25 kv.m təmirli mənzili Əsədova onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, eyni zamanda İddiaçı yeni binanın tikinti başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Cəmiyyət yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. - İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 66 №-li mənzil 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. - İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış 25 avqust 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə, ümumi sahəsi 56,5 kv.m olan, 254 №-li mənzil 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Müqavilə üzrə məzilin dəyəri bir kv.m üçün 1000 AZN təyin edilir. Cəmi 56,5 kv.m sahəsi üçün 56500 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, yəni 16760 AZN məbləğində ödənilmişdir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. - İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15ci mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan, 67 №-li mənzil 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Müqavilə üzrə məzilin dəyəri bir kv.m üçün 850 AZN təyin edilir. Cəmi 55,6 kv.m sahəsi üçün 47260 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 35% miqdarında, yəni 16760 AZN məbləğində ödənilmişdir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. - xx.xx.2020-ci il tarixli 10 saylı kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən ona məxsus oan ünvan 5 ünvanında yerləşən mənzili kirayəçi Davudov Kənana kirayəyə vermişdir. Kirayə verilmiş mənzilin aylıq kirayə haqqı 550 manat məbləğində razılaşdırılmışdır. - AZ-İ seriyalı, 416904 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 mart 2022-ci il tarixdə 90 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Əsədova soyadı verilmişdir; - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının İ müavini tərəfindən İddiaçı elektron poçt ünvanına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı qıının ünvan 6 ünvanda “İnşaat Konstruksiyaları" MMC tikinti şirkəti tərəfindən aparılan tikinti işlərinin nə zaman başa çatacağı barədə Yasamal rayon İcra Hakimiyyətinə daxil olmuş elektron müraciətinə baxılmışdır. Bildirilir ki, A.M.Şərifzadə küçəsi 33 ünvanda hal-hazırda binanın 1, 2 və 4-cü girişlərində dəmir-beton işləri başa çatıb, 3-cü girişdə 18-ci mərtəbədə davam etdirilir. Ardıcıl olaraq hörgü və digər işlər aparılır, “İnşaat Konstruksiyaları" MMC-nin rəhbərliyinin verdiyi məlumata əsasən şirkətlə aralarında bağlanmış müqavilə şərtlərindəki ölçülərə uyğun olaraq, sakinlərə mənzilin verilməsi təmin ediləcəkdir. Tikintinin geçikməsi ilə bağlı vətəndaşların müraciətlərini nəzərə alaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 31 may 2020-ci il tarixdə sakinlərin nümayəndələri ilə şirkətin rəhbərliyinin görüşü təşkil edilmişdir. Həmin görüşdə vəziyyət araşdırılmış, ilin sonuna qədər tikinti işlərinin əsasən tamamlanmasına və təmir işlərinə başlanması barədə ümumi razılıq əldə edilmişdir. Lakin tikintidə geriləmə davam etməkdədir. Yaranmış vəziyyətlə bağlı tikinti şirkətinin rəhbərliyi ilə əlaqə saxlanılmış, xx.xx.2021-ci il tarixdə İcra Hakimiyyətinə dəvət olunmuş, işlərin sürətləndirilməsi və tezliklə başa çatdırılmasının vacibliyi bir daha onların diqqətinə çatdırılmış, məsələnin həlli İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülmüşdür. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İcra Hakimiyyətində payçıların nümayəndələri ilə şirkət rəhbərinin görüşü təşkil edilmişdir. Eyni zamanda bildirilir ki, müqavilə üzrə MMC üzrərinə götürdüyü vəzifəni yerinə yetirmədiyi təqdirdə tərəflərindən öhdəliyin icra edilməsi tələbi barədə iddialarlar məhkəməyə müraciət edilə bilər. - Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 15.04.022-ci il tarixli 680-Ş-22 saylı məktubun surətindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilməsi nəzərdə tutulmuş yüksək mərtəbəli yaşayış binasının 4-cü blok 16-cı mərtəbəsindən ümumi sahəsi 56.5.25 kv.m olan bir otaqdan ibarət mənzilin əvvəlki mənzilin əvəzində pay kimi verilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli müqavilə bağlamış, lakin sonradan binanın inşasının başa çatdırılmaması və həmin yaşayış binasından pay kimi ona verilən mənzilin tikilib təhvil verilməməsi barədə Yasamal rayon prokurorluğuna daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası MPMnin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hiiquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə da maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 50.2-ci və 306.3-cü maddələrinin tələblərinə görə prokurorun mülki mühakimə icraatında iştirakı yalnız təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənadeyinin müdafiəsi üçün iddia qaldırdığı, xüsusi icraat qaydasında ərizə verdiyi hallarda mümkündür. Ona izah edilir ki, müraciətində göstərdiyi xüsusatlar mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən mülki qaydada, həmin Məcəllənin 35-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı yerin birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları vardır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 03 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, iddiaçı faktiki olaraq onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində söküntüsü nəzərdə tutulmuş binada İddiaçı mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməkə, 90,25 kv.m təmirli mənzili Əsədova onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, iddiaçı özünə məxsus həmin mənzilləri tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay hər mənzilə görə müvafiq olaraq 300 manat məbləğində kompensasiya ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Bundan sonra isə tərəflər arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC tikinti işləri başa çatdıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 66 №-li mənzil İddiaçı verməyi öhdəsinə götürmüşdür. Hazırda isə iddiaçı 2021 və 2022-ci illər üzrə ödənilməmiş 5100 AZN kirayə haqqının ödənilməsi, tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, şirkət tərəfindən ona 70000 AZN təzminatın ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2016-cı il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı mənzilini cavabdehə təhvil versə də, cavabdehin mənzilin tikintisini başa çatdırmamış, həmçinin 2021-2022-ci illər üzrə kirayə haqqını ödəməmişdir. Məhkəmə qeyd edir ki, adıçəkilən müqavilə üzrə iddiaçıya ödəniləcək kirayə haqqı hər ay üçün 300 manat məbləğində müəyyən edilmiş, həmçinin tikintinin 16 aya başa çatacağı göstərilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2019-cu il tarixdə başqa bir müqavilə bağlanmışdır. Məhkəmə iclasında iddiaçının vermiş olduğu izahatından da aydın olur ki, həmin müqavilə başqa bir mənzillə bağlı olmamaqla, məhz iddiaçının mülkiyyətində olmuş və cavabdeh tərəfindən sökülmüş mənzillə bağlıdır. Həmin müqavilə üzrə müəyyən edilir ki, cavabdeh "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 66 №-li mənzil 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 531.3-cü maddəsinə əsasən əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ilkin, yəni xx.xx.2016-cı il tarixli müqavilə üzrə iddiaçıya hər ay 300 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulsa da, sonradan yəni xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmiyyət tərəfindən binanın tikintisi başa çatdırıldıqdan sonra iddiaçıya mənzil veriləcəyi ilə bağlı tərəflər razılağa gəlmiş və bu müqavilə ilə rəsmiləşdirilmişdir. Belə olan halda, tərəflər arasında mövcud olan xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmiş, bağıanmış yeni müqaviləyə əsasən yeni öhdəliklər yaranmışdır. Ona görə də, məhkəmə tərəfindən əvvəlki müqaviləyə əsasən 2021-2022-ci illər üzrə kirayə haqqının ödənilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “2021 və 2022-ci illər üzrə ödənilməmiş 5100 AZN kirayə haqqının ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, şirkət tərəfindən ona 70000 AZN təzminatın ödənilməsini” hissəsinə münasibətdə qeyd edir ki, iddianın verdiyi izahatla da müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə nəzərdə tutulmuş kirayə haqqının yeni müqavilə bağlanana kimi ödənilməsi mübahisələndirilməmişdir. İddiaçı iddia tələbini hazırkı hissəyə münasibətdə əsaslandırmamış, həmçinin məhkəmə tərəfindən iddia tələbinin göstərilən hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında həmçinin "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr mövcuddur. Belə ki, iddiaçının vermiş olduğu izahatlarla müəyyən edilmişdir ki, iddiaçı həmin mənzili oğlu üçün şəxsi vəsaiti hesabına almışdır. Belə ki, ilkin müqavilə üzrə cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə, ümumi sahəsi 56,5 kv.m olan, 254 №-li mənzil 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə məzilin dəyəri bir kv.m üçün 1000 AZN, cəmi 56,5 kv.m sahəsi üçün isə 56500 AZN müəyyən edilmiş və mənzilin dəyərinin bir hissəsi, yəni 16760 AZN ödənilmişdir. Sonradan isə xx.xx.2019-cu il tarixdə həmin mənzillə bağlı yeni müqavilə bağlanılmış və müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan, 67 №-li mənzilin İddiaçı veriləcəyi göstərilmişdir. Belə ki, məhkəmə tərəfindən göstərilən müqavilələrin hazırkı mübahisəyə aidiyyəti müəyyən edilməməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “2021 və 2022-ci illər üzrə ödənilməmiş bütün kirayə haqlarının ödənilməsi, tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, şirkət tərəfindən ona 70000 AZN təzminatın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “2021 və 2022-ci illər üzrə ödənilməmiş bütün kirayə haqlarının ödənilməsi, tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, şirkət tərəfindən ona 70000 AZN təzminatın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar