Məhkəmə qərarları › İş №e-2(007)-2734/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2734/2023

17.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2734/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh “X14” MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X14” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X14” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən çıxarılmağı barədə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 732 saylı əmrin ləğv olunması, onun işinə bərpa olunmağına, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinə görə 50 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh Hospitalda tibb bacısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə isə Fizioterapiya şöbəsinə fizioterapiya üzrə böyük tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. 02 iyun 2023cü il tarixdə heç bir tutarlı əsas göstərmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işdən azad etmişlər. Qeyd olunan əmr əsassız olaraq verilmişdir. Belə ki, əmək məzuniyyətindən qayıtdıqdan sonra yalnız bir gün işləmişdir. Səhhətində problem yaranmışdır. Bununla bağlı Bakı şəhəri 38 saylı şəhər Poliklinikasına müraciət etmiş və 02 iyun 2023-cü il tarixdən ona əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. Onun xəstəliyi ilə bağlı işdən azad edildiyi günlər xx.xx.2023-cü il tarixdən 13 iyun 2023-cü il tarixə kimi davam etmişdir. Onun işə bağladığı tarix isə xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Onun belə vəziyyətdə, yəni hansısa poliklinikada qeydiyyatda olduğu və onun adına əmək qabiliyyətinin olmaması vərəqəsi verildiyi halda onun 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad olunması yol verilməzdir. Bülletendə olduğu müddət gözlənilməli idi və bundan sonra qərar qəbul oluna bilərdi. Eyni zamanda böyük bir təşkilatdır. Həmin təşkilatın həmkarlar ittifaqı olmalı və həmkarların rəyi alınmalı idi. Çünki işçini 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması zamanı həmkarların rəyinin alınması şərtdir. Qeyd edir ki, İddiaçı ilk olaraq 02 iyundan ixtisara düşdüyünü bildirmişlər. Bundan sonra həmin tarixdə ona iki aylıq əmək haqqı hesablanaraq ödənilmişdir. Bundan sonra əmri müraciət edərək aldığı zaman əmrin verilməsi gecikdirilmiş və iki həftədən sonra, yəni işdən azad olunduqdan bir ay 11 gün sonra ona təqdim edilmişdir. Əmrin surətini rəsmi qaydada 13 iyul 2023-cü il tarixdə əmək kitabçası onlara təqdim edilmişdir. Bu zaman 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilməsini bilmişdir. Artıq hüququ pozulmuşdur. Əmrin surəti ona məqsədli şəkildə elan olunmamış, işdən çıxma əmri gizlədilmişdir. Halbuki, cavabdeh tərəf poçt vasitəsi ilə əmri və əmək kitabçasını göndərə bilərdi. Ancaq nədənsə etməmişlər. İddiaçının işlədiyi müəssisədə heç bir qanunsuz hərəkəti olmamışdır. Bununla bağlı tənbeh edilməmişdir. Fasiləsiz olaraq beş ildən çox müddətə həmin müəssisədə işləmişdir. Yuxarıda qeyd etdiyi kimi fəaliyyət göstərmişdir və deməli onun fərdi əmək müqavilə əsasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Cavabdeh qanunun tələbini pozmuş, hökmran mövqeyindən istifadə edərək, onu aldatmış və ona əmək müqaviləsini imzalatmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məzuniyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan xx.xx.2023-cü il tarixdə işə çıxmalı idi, lakin xx.xx.2023-cü il bazar gününə düşdüyündən xx.xx.2023-cü il tarixi də iş günü deyildi və xx.xx.2023-cü ildə işə çıxmalı idi. Belə olan halda iddiaçı özü işdə olmadan işçilərə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan fizioterapiya şöbəsinin işçilərinə işə çıxmamalarını deməsi mümkünsüzdür. Həmçinin onun elə bir vəzifəsi və ya səlahiyyəti yoxdur. Bundan başqa 02 iyun 2023-cü il tarixdə bülletendə olan zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad ediblər. İddiaçıya ixtisara düşmüsən deyiblər və bülleteni qəbul etməmişlər. Hesab edirlər ki, 02 iyun 2023-cü il əmri qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirərərək, qeyd etdi ki, İddiaçı əmək intizam qaydalarını pozmuşdur. Xəstəxanaya ciddi ziyan vurmuşdur belə ki, işçilərə xx.xx.2023-cü il tarixinin qeyri-iş günü olduğunu bildirmiş və işçilər işə gəlməmişlər. İddiaçıya əmr 02 iyun 2023-cü il tarixdə elan olunub. İddiaçı 02 iyun 2023-cü il tarixdə işdə olub sonra gedib bületten açdırıb. İşdə olması kameralara düşüb təsdiq olunur. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin dəftərxana vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəmə çıxışı və qoşma olaraq 1 ədəd CD disk məhkəməyə təqdim etmişdir. Məhkəmə baxış iclasında cavabdehin vəkili və nümayəndəsi təqdim etdiyi CD diskdə İddiaçı səs yazısı olduğunu bildirdi və səs yazısını indi əldə etdiklərindən məhkəmə baxışında təqdim etmişdir. Məhkəmə qeyd olunan CD diski məhkəmə baxışında təqdim olunduğundan qanunvericiliyin tələbinə əsasən sübut kimi qəbul etməmişdir. Belə ki, qeyd olunan səs yazısı məhkəmənin hazırlıq iclasından cavabdeh tərəfdə mövcud olmuşdur, lakin məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdən işə başlamalıdır. - xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “X14” MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat ilkin mediasiya xərci ödənilmişdir. - ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işdən azad olunmuşdur. - Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xitam əmri 14 saylı vəkil bürosuna göndərilmişdir. - xx.xx.2023-cü il tarixli 732 saylı əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) rəhbərliyin göstərişi əsası ilə xitam verilmişdir. - xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də “tibb bacısı” vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Müqavilədə əmək münasibətlərinin müddəti 1 il göstərilmişdir. Aylıq əmək haqqı 500 manat qeyd edilmişdir. - xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliklər və əlavələrdən görünür ki, İddiaçı “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən işçiyə əmək müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar işəgötürənin daxili qaydalarına uyğun olaraq əmlak, maddi və ya digər sərvətləri etibar edir, işçi isə ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasını və bununla bağlı tam maddi məsuliyyəti öhdəsinə götürür. - Cavabdeh MMC-nin orta tibb heyəti üzrə bölmənin fizioterapiya üzrə texnikləri X2, Y.Süleymanın və B.Onurun izahatlarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə iş olmadığını və bu barədə xəstələrə məlumat verilməsini bildirdi. - Cavabdeh MMC-nin orta tibb heyəti üzrə bölmənin işçiləri X4 və X3 izahatlarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şifahi olaraq iş olmadığını dediyi üçün işə gəlməmişlər. - Cavabdeh MMC-nin orta tibb heyəti üzrə bölmənin koordinatoru X7 izahatından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şifahi olaraq iş olmadığını dediyi üçün işə gəlməmişdir. - Cavabdeh MMC-nin orta tibb heyəti üzrə bölmənin tibb bacısı X5 və X1 izahatlarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şifahi olaraq iş olmadığını dediyi üçün işə gəlməmişlər. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları zamanı klinikanın nüfuzuna ziyan vurması barədə insan resurslarının idarə edilməsi şöbəsinə daxil olmuş raport əsasında 02 iyun 2023-cü il tarixdə izahat verməyə dəvət olunsa da izahat verməkdən imtina etdi. - Cavabdeh MMC-nin böyük tibb bacısı Saygın Demirəlin raportundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə iş günü olmağına baxmayaraq müdiriyyətə bildirmədən bütün komandanın çalışma saatını ləğv edərək xəstələrin seanslarını digər günlərə keçirmişdir. Xəstəxana büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vermişdir. Bu məsələ məlum olduqda isə etdiyi xətanı qətiyyən qəbul etməyərək inkar etmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə 02 iyun 2023-cü il tarixdə xitam verilmişdir. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı məşğulluq təsnifatı üzrə: Tibb bacısı, klinika, əmək müqaviləsi üzrə: “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 1161 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli 113 nömrəli əmrdən görünür ki, xx.xx.2023-cü il tarixdə qeyri iş günü işə cəlb olunmalı işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. - xx.xx.2023-cü il tarixli 635 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də “tibb bacısı” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə qəbul edilmişdir. Lakin o, xx.xx.2023-cü il tarixli 732 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) rəhbərliyin göstərişi əsası ilə işdən azad edilmişdir. Hazırda İddiaçı cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmağını, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 73-cü maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 110-cu maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 111-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə (bundan sonra – X8 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X8 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, tərəflər arasında əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə xx.xx.2023-cü il tarixli 732 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) rəhbərliyin göstərişi əsası ilə xitam verilmişdir. Məhkəmə iddia tələbinin “cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Əmrdən görünür ki, işdən azad edilmə əsası “rəhbərliyin göstərişi” qeyd olunmuşdur. İlk növbədə məhkəmə İddiaçı işdən azad edilmə əsasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinə əsasən sadəcə rəhbərliyin göstərişi ilə işçi izdən azad edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən işəgötürən Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Müqavilənin xitam verilməsinə istinad olunan maddi hüquq norması isə “əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi” qeyd olunmuşdur. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, İddiaçı “Fizioterapiya” şöbəsinin işçilərinə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirmiş və klinikanın fəaliyyətinə və büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 635 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmişdir. Belə olan halda iddiaçı işə xx.xx.2023-cü ildə çıxmalı idi. Belə ki, xx.xx.2023-cü il qeyri-iş günü bazar gününə təsadüf etdiyindən xx.xx.2023-cü il də iş günü deyildir. İddiaçı işdə olmadığı halda şöbənin işçilərinə xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi mümkün deyil. İşin hallarından müəyyən olunur ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətindən göründüyü kimi iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir və onun işçilərin işə çıxma qrafikini tərtib etmək kimi vəzifəsi müəyyən olunmamışdır. Eyni zamanda hamıya məlum olan hal ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə təsdiqlənmiş 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may istirahət günüdür. Həmçinin xx.xx.2023-cü il tarixli 113 nömrəli əmrdən görünür ki, xx.xx.2023-cü il tarixdə qeyri-iş günü işə cəlb olunmalı işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Faktiki olaraq İddiaçı məzuniyyətdə olsa da cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iddiaçının işdə olmasını və işçilərə xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini dediyini bildirdi. Dediklərinin təsdiqi olaraq işçilərin xx.xx.2023-cü il tarixli izahatlarını təqdim etsə də iddiaçının işdə olmasını sübuta yetirə bilməmişdir. Beləliklə bütün qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrdən görünür ki, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) qeyd olunsa da əmrdə işçinin konkret hansı hüquq pozuntularına yol verməsi qeyd olunmamışdır. Halbuki, Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa sözügedən əmrin verilməsinin əsası rəhbərliyin göstərişi qeyd olunmuşdur. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçının işdən azad olunmasına ciddi səbəb olmamış, sadəcə rəhbərliyin göstərişi ilə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş ən ağır maddəsi ilə iddiaçının karyerasına son qoyulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmçinin məhkəmə xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrin verilmə tarixinə münasibətdə bildirir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək bülletendə olmuşdur. Əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdən işə başlamalıdır. Buna münasibətdə cavabdehin vəkili və nümayəndəsi İddiaçı xx.xx.2023-cü il tarixdə işdə olduğunu sübut edən kamera görüntülərinin olmasını, 732 nömrəli əmrin iddiaçıya elan olunduqdan sonra işdən gedərək bülleten aldığını bildirmişdir. Lakin İddiaçı həmin tarixdə işdə olmasını təsdiq edən videogörüntülər yaxud digər sübütlar məhkəməyə təqdim olunmamışdır. Qanunvericiliyin tələbinə əsasən işçi xəstə olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qadağandır. Belə ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Lakin cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulmuş və iddiaçı xəstə olduğu gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixli 732 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli 732 nömrəli əmr ləğv edildiyindən İddiaçı “məşğulluq təsnifatı üzrə: Tibb bacısı, klinika, əmək müqaviləsi üzrə: “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə bərpa olunmalıdır. Əmək Məcəlləsinin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə iddia tələbinin “işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 1161 manat əmək haqqı almaqla “məşğulluq təsnifatı üzrə: Tibb bacısı, klinika, əmək müqaviləsi üzrə: “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə qəbul olunmuşdur. Beləliklə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə hesab edir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 132.1-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Odur ki, xx.xx.2023-cü il tarixli 732 nömrəli əmr ləğv edildiyindən və işçi əvvəlki vəzifəsinə işə bərpa edildiyindən İddiaçı işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə 50 (əlli) manat mediasiya xərcinin cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödədiyi mediasiya xərci ilə bağlı məhkəməyə sübutlar təqdim etdiyindən iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmri ləğv edilməli, İddiaçı “məşğulluq təsnifatı üzrə: Tibb bacısı, klinika, əmək müqaviləsi üzrə: “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə bərpa olunmalı, “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək hər ay üçün 1161 manat məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumu cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmri ləğv edilsin. İddiaçı “məşğulluq təsnifatı üzrə: Tibb bacısı, klinika, əmək müqaviləsi üzrə: “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə bərpa olunsun. “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək hər ay üçün 1161 manat məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin. “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən 50 manat mediasiya xərci və İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar