Məhkəmə qərarları › İş №e-2(007)-2885/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2885/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2885/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “’əldən çıxmış fayda", "öhdəliyin icra edilməməsi üçün cərimə”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil1, Cavabdehin vəkil və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarş "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh ilə aralarında olan razılığa əsasən ödənilməli olan, ancaq 2024-cü ilin noyabr ayından etibarən dayandırılmış 120000 manat məbləğində borcun, 397.500 manat məbləğində cərimə borcunun və 808 manat dövlət rüsumu olmaqla, ümumilikdə 518.308 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı vəkil və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən “Yeni Ailə" Mənzil Tikinti Kooperativinin müqavilə öhdəliklərini yerinə yetirməyərək qeyri-yaşayış sahəsini onun istifadəsinə vaxtında verməməsi nəticəsində 335.077,26 manat məbləğində əldən çıxmış faydanın, həmçinin hesablanmış 309.900 manat məbləğində cərimənin və ödənilmiş 935 manat dövlət rüsumunun, ümumilikdə 645.912.26 (altı yüz qırx beş min doqquz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri yaşayış sahəsinin tikintisi haqqında 26 sentyabr 2019-cu il tarixli, 11 nömrəli müqaviləyə əsasən "xxxx", yəni Yeni Ailə Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli, 263 və 264 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının Azadlıq prospektində yerləşən,"B" blokunun qeyri-yaşayış sahəsinin yer səviyyəsi ilə eyni olan sahəsində (Azadlıq pr tərəfdən) yerləşən 320.00 kv.m sahəni bir pay kimi "Payçı”ya, yəni ona verməyi öz öhdəsinə götürmüşdür. "Рауçı" isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2-ci maddəsində qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixədək "Payçı"ya müqavilədə göstərilən şərtlər daxilində tam təhvil verilməsi icraçının öhdəliyidir. Eyni zamanda, Müqavilənin 3.3-cü maddəsinə əsasən, qeyri-yaşayış sahəsinin ümumi dəyəri 3.000.000 (üç milyon) manat təşkil edir. 08 sentyabr 2022-ci il tarixli, 30 nömrəli maliyyə arayışından isə aydın olur ki, onun tərəfindən həmin qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Həmçinin Müqavilədə qeyd edilmişdir ki, "xxxx" qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixədək "Payçı"ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün "Payçı" tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində “İcraçı"dan "Payçı"nın xeyrinə cərimə tətbiq ediləcək. Bildirir ki, Cavabdeh tərəfindən ona məxsus qeyri-yaşayış sahəsi 2025-ci ilin iyul ayının 7-də təhvil verilərək gecikdirilmişdir. Bu səbəbdən yaranmış narazılıqlarını bildirmiş, qeyri-yaşayış sahəsi ona təhvil verilmədiyi üçün aylıq 30.000 manat olmaqla, 3 illik 1.080.000 (bir milyon səksən min) manat məbləğində gəlir əldə etmək imkanından məhrum olduğunu qeyd etmiş, nəticə etibarilə onlar 2023-cü ilin oktyabr ayında razılığa gəlmişlər. Belə ki, ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin aylıq bazar dəyəri 30.000 (otuz min) manat təşkil etməsinə baxmayaraq, əldə etdikləri razılaşmaya əsasən, onlar mənzili ona təhvil verənə qədər hər ay 15.000 (on beş min) manat olmaqla ödəniş həyata keçirməyi öhdəliyə götürmüşlər. Lakin 2024-cü ilin noyabr ayından etibarən bu ödənişlər dayandırılmış və bu günə qədər heç bir ödəniş həyata keçirilməmişdir. Bu müddət ərzində ümumilikdə 120.000 (yüz iyirmi min) manat məbləğində borc yaranmışdır. Bundan əlavə, qeyd etmək istəyir ki, 08 sentyabr 2022-ci il tarixində qeyri-yaşayış sahəsinin tam dəyəri olan 3.000.000 (üç milyon) manat tərəfindən ödənilmişdir. Müqaviləyə əsasən, obyektin təhvilində gecikmə baş verdiyi təqdirdə, hər gecikmiş gün üçün ümumi ödənilmiş məbləğin 1%-i miqdarında cərimə nəzərdə tutulmuşdur. Bu günə kimi 265 (iki yüz altmış beş) gün keçmişdir və bu müddətə görə hesablanan cərimə 7.950.000 (yeddi milyon doqquz yüz əlli min) manat təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu cərimə məbləği illik 5% ilə hesablandıqda, aşağıdakı kimi hesablanır: 7950000x0.05=397.500. Beləliklə, 5% illik faizlə hesablanan cərimə məbləği 397.500 manat təşkil edir. Eyni zamanda, 2024-cü ilin noyabr ayından etibarən icraçı tərəfindən ödənilməli olan 15000 manatlıq aylıq ödənişlər də dayandırılmış və nəticədə 120000 manat məbləğində borc yaranmışdır. Ümumilikdə tələb edilən məbləğ 397.500 manat fazi və 120000 manat ödəniş borcu olmaqla, cəmi 517.500 manat təşkil edir.

4. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, müvafiq obyekt üzrə bazar dəyərlərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM №099-037/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli rəyində göstərilmişdir ki, qiymətləndirməyə təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, hal-hazırda Cavabdeh yerləşdiyi ünvanda olan, orta təmirli, ümumi sahəsi 320 kv.m olan qeyri-yaşayış obyektinin orta aylıq icarə dəyərləri 2022-ci il üçün 8.350 manat, 2023-cü il üçün 9.500 manat, 2024-cü il üçün 10.340 manat, 2025-ci il üçün isə 10.560 manat təşkil etmişdir. Həmin Müqavilənin 2-ci maddəsində göstərilmişdir ki, qeyriyaşayış sahəsinin xx.xx.2021-ci il tarixədək “Payçı”ya müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində tam təhvil verilməsi "xxxx"nın öhdəliyidir. Müqavilənin 3.3-cü maddəsinə əsasən, qeyri-yaşayış sahəsinin ümumi dəyəri 3.000.000 (üç milyon) manat müəyyən edilmişdir. 08 sentyabr 2022-ci il tarixli, 30 nömrəli maliyyə arayışından isə məlum olur ki, həmin qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən tam şəkildə ödənilmişdir. Baxmayarıq ki, müqavilədə obyektin 01 may 2021-ci il tarixədək təhvil verilməsi nəzərdə tutulsa da, onun tərəfindən ödənişin tam şəkildə 08 sentyabr 2022-ci il tarixində həyata keçirilməsi nəzərə alınmaqla, həmin tarixdən etibarən əldən çıxmış faydanın ona ödənilməlidir. Bu tarixdən etibarən ona müqavilə üzrə bütün maliyyə öhdəliklərimi tam yerinə yetirmiş, lakin "xxxx" öz öhdəliyini qeyri-yaşayış sahəsini onun istifadəsinə təqdim etməyi yerinə yetirməmişdir. Bu səbəbdən, 08 sentyabr 2022-ci il tarixindən başlayaraq həmin sahədən istifadə hüququ faktiki olaraq məhdudlaşdırılmış, nəticədə o, bu dövr ərzində obyektin icarəyə verilməsi və ya digər sahibkarlıq fəaliyyətində istifadəsi yolu ilə əldə edə biləcəyi gəlirdən məhrum edilmişdir. 8 sentyabr 2022-ci il tarixindən 07 iyul 2025-ci il tarixinə qədər, "Yeni dövr qiymətləndirmə mərkəzi” MMC-nin rəyinə əsasən, qeyri- yaşayış obyektindən əldə olunmayan əldən çıxmış fayda belə müəyyən edilmişdir: 2022-ci il üçün orta aylıq icarə dəyəri 8.350 manat olmaqla, 3 ay 22 gün müddətində fayda 31.173,26 manat təşkil etmişdir. 2023 və 2024-cü illərdə orta aylıq icarə dəyərləri müvafiq olaraq 9.500 və 10.340 manat olmaqla, illik əldən çıxmış fayda 2023-cü il üçün 114.000, 2024-cü il üçün isə 124.080 manat müəyyən edilmiş və bu iki il üzrə ümumi fayda 238.080 manat təşkil etmişdir. 2025-ci il üçün orta aylıq icarə dəyəri 10.560 manat olmaqla, 6 ay 7 gün müddətinə hesablanan əldən çıxmış fayda 65.824 manatdır. Beləliklə, 08 sentyabr 2022-ci ildən 07 iyul 2025-ci il tarixinədək ümumi əldən çıxmış fayda 335.077,26 manat təşkil edir. Bundan əlavə Müqavilədə qeyd edilmişdir ki, "xxxx" qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixədək "Payçı"ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün "Payçı" tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində “İcraçı"dan "Payçı"nın xeyrinə cərimə tətbiq ediləcək. Qeyd edir ki, bir gün üçün tətbiq olunan cərimə məbləği 3.000.000 (üç milyon) manatın 1%-i olmaqla 30.000 manat təşkil edir; 22 sentyabr 2022-ci ildən 07 iyul 2025-ci il tarixinədək olan müddət 1 033 gündir və həmin günlərin hamısı üçün hesablanan ümumi gecikdirilmiş cərimə məbləği 30.000 x 1 033 = 30.990.000 manat təşkil edir. Hesab edir ki, yuxarıda göstərilən hesablamalara əsasən müəyyən edilmiş 30.990.000 manat məbləğində gecikdirilmiş cərimə real iqtisadi münasibətlər və məhkəmə təcrübəsi baxımından həddən artıq yüksəkdir. Buna görə də, ədalət və mütənasiblik prinsipləri nəzərə alınmaqla, məhkəmə təcrübəsinə uyğun olaraq həmin məbləğin ən azı 1 faizi 309.900 manat onun xeyrinə ödənilməlidir. Bütün bunlara əsasən “Yeni Ailə" Mənzil Tikinti Kooperativinin müqavilə öhdəliklərini yerinə yetirməyərək qeyri-yaşayış sahəsini onun istifadəsinə vaxtında verməməsi nəticəsində 335.077.26 manat məbləğində əldən çıxmış faydanın, həmçinin yuxarıda əsaslandırıldığı kimi hesablanmış 309.900 manat məbləğində cərimənin və ödənilmiş 935 manat dövlət rüsumunun, ümumilikdə 645.912.26 (altı yüz qırx beş min doqquz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

İş materialları :

5. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin tikintisi haqqında” xx.xx.2019-cu il tarixli, 11 nömrəli müqavilədən görünür ki, "xxxx" Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli, 263 və 264 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının Azadlıq prospektində yerləşən B blokunun qeyri-yaşayış sahəsinin yer səviyyəsi ilə eyni olan sahəsində (Azadlıq pr tərəfdən) yerləşən 320.00 kv.m sahəni bir pay kimi “Payçı’ya verməyi öz öhdəsinə götürür. “Payçı” müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyriyaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixədək “Payçı”ya müqavilədə göstərilmiş şərtlər daxilində tam təhvil verilməlidir. Qeyriyaşayış sahəsinin ümumi sahəsi 320,00 kv.m, 1 kv.m-nin qiyməti 9375 manat, ümumi dəyəri ******* (üç miliyon) manatdan ibarətdir. “Payçı” borclu olduğu ******* (üç miliyon) manat məbləğdən 600000 (altı yüz min) manat ödəmişdir, qalan ******* (iki miliyon dörd yüz min) manat borcu isə ayda 150000 (yüz əlli min) manat olmaqla 16 ay müddətinə ödəməyi öhdəsinə götürür. "xxxx" qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixədək “Payçı”ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün “Payçı” tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində “İcraçı’dan “Payçı’nın xeyrinə cərimə tətbiq edilir.

6. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-nın, Bakı şəhəri, Azadlıq prospekti ilə S.Rəhimov, S.Rəhimov M.Qaçqay küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasının "В" girişində, (Azadlıq prosspektinə qapılan açılan istiqamətdə, yer səviyyəsi ilə bərabər) 320.00 kv.m-dən ibarət qeyri yaşayış sahəsinin dəyəri bütöv ödənilmişdir, qalıq borc yoxdur. Qeyri yaşayış sahəsində quraşdırılan sayğacların dəyəri, onların quraşdırılma və qeydiyyat xərcləri mülkiyyətçinin özü tərəfindən ödəniləcəkdir.

7. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, 7.950.000 manat cərimə və razılaşmaya əsasən yaranmış əsas borcun, yəni 8 ay üzrə 120.000 manatın 03 (üç) iş günü ərzində ödənilməsi tələb edimiş, əks halda qanunvericiliyə uyğun olaraq tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

8. 07 iyul 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, təhvil-təslim aktı ondan ötəri tərtib edilmişdir ki, tərəflər arasında təsdiqlənmiş xx.xx.2019-cu il tarixli, M-11 saylı müqaviləyə əsasən Cavabdeh MTK, İddiaçı inşa olunan binanın “B” blokunda, qeyri yaşayış sahəsinin yer səviyyəsi ilə bərabər hissəsində (Azadlıq pr-nə baxan istiqamətdə) 320 kv.m sahəli qeyri yaşayış sahəsini pay kimi verməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan 320 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi ilə bağlı müqavilədə göstərilən ölçüləri MTK tərəfindən icra olunduğundan sahə təmirsiz vəziyyətdə payçı İddiaçı təhvil verilmişdir.

9. “Yeni dövr” qiymətləndirmə mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli YDQM 009-037/2025 nömrəli hesabatdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən hal-hazırda Cavabdeh MTK-nın yerləşdiyi ünvanda olan orta təmirli 320 kv.m ümumi sahəli obyektin 2022-ci il üzə orta aylıq icarə dəyəri 8.350.0 (səkkiz min üç yüz əlli) manat, 2023-cü il üzrə orta aylıq icarə dəyəri 9.500.0 (doqquz min beş yüz) manat, 2024-cü il üzrə orta aylıq icarə dəyəri 10.340.0 (on min üç yüz qırx ) manat, 2025-ci il üzrə orta aylıq icarə dəyəri 10.560.0 (on min beş yüz altmış) manat təşkil edir.

10. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-172/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, ərizəçi "xxxx" MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, ünvan 2 ünvanında tikinti işlərinin davam etdirilməsi Cavabdeh MTK-ya qadağan edilmişdir.

11. xx.xx.2025-ci il tarixli, **********33 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 808 manat dövlət rüsumu ödənilmişdir.

12. xx.xx.2025-ci il tarixli, **********57 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 127 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil-nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkil-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh MTK-nin İddiaçı qarşısında hər hansı öhdəliyi qalmamışdır. Öhdəlik tam yerinə yetirilmişdir. Qeyri-yaşayış sahəsinin təhvil verilməsində ləngimə onunla bağlı olmuşdur ki, həmin vaxt tikinti işləri dayandırılmış və qadağa olunmuşdur.

İşin faktiki halı :

15. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixədək ümumi sahəsi 320 kv.m təşkil edən qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməli, iddiaçı müqavilənin dəyərini təşkil edən ******* manat məbləğində pul vəsaitinin qalıq hissəsi olan ******* manat məbləğində pul vəsaitini 16 ay müddətinə ayda 15000 manat olmaqla ödəməlidir.

16. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik xx.xx.2022-ci il tarixində tam şəkildə yerinə yetirilmiş, qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir.

17. Cavabdeh tərəfindən öhdəlik xx.xx.2025-ci il tarixində yerinə yetirilərək ümumi sahəsi 320 kv.m təşkil edən qeyri-yaşşayış sahəsi iddiaçıya təhvil verilmişdir.

18. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyi üçün tərəflər arasında 2023-cü ilin oktyabr ayında əldə edilmiş şifahi razılıq üzrə cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin noyabr ayınadək ayda 15000 manat məbləğində ödəniş edilmişdir.

19. Tərəflər arasında bağlanmış müqavilənin 5.6-cı bəndində nəzərdə tutulmuşdur ki, "xxxx" qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixədək “payçı”ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün “payçı” tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində "xxxx"dan “payçı”nın xeyrinə cərimə tətbiq edilir.

20. Cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya təmirli vəziyyətdə təhvil vermək öhdəliyi daşımamışdır.

21. Məhkəmə icraatı dövründə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsində təmir işləri aparılmış, fəaliyyətə başlanılmamışdır.

22. İddiaçı əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Məhkəmənin mövqeyi :

25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. İlk növbədə iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “645.912.26 manat məbləğində pul vəsaitinin tutulması” tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:

1. əldən çıxmış faydanın ödənilməsi;

2. öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi.

İddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi ilə bağlı:

27. İddiaçı tərəfindən iddia tələbinin hazırkı hissəsi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi, qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulan müddətdə təhvil verilməməsi nəticəsində onun qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqı dəyərində əldə edəcəyi gəlirdən məhrum olması ilə əsaslandırılmışdır.

28. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixədək qeyri yaşayış sahəsini ona təhvil verməli olduğu halda, müqavilə üzrə öhdəliyi vaxtında yerinə yetirməmiş, qeyri-yaşayış sahəsini xx.xx.2025-ci il tarixində təhvil vermişdir. Halbuki bu müddət ərzində o, qeyri-yaşayış sahəsini icarəyə vermək və ya digər sahibkarlıq fəaliyyətində istifadə etməklə gəlir əldə edə bilərdi. Bu səbəbdən cavabdeh onun tərəfindən müqavilə üzrə öhdəliyin icra edildiyi xx.xx.2022-ci il tarixindən qeyri-yaşayış sahəsinin təhvil verildiyi xx.xx.2025-ci il tarixədək olan dövr ərzində qeyri-yaşayış sahəsinin icarə haqqı miqdarında əldən çıxmış fayda ödəməlidir. İddiaçı əldən çıxmış faydanın miqdarı ilə bağlı məhkəməyə qeyri-yaşayış sahəsinin 2022-2025-ci il tarixlərində orta aylıq icarə haqqı miqdarına dair mütəxəssis rəyini təqdim etmişdir.

29. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik vaxtında yerinə yetirilməmiş, xx.xx.2021-ci il tarixədək təhvil verilməli olan qeyri-yaşayış sahəsi xx.xx.2025-ci il tarixində təhvil verilmişdir.

30. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.

31. Hazırki iş üzrə cavabdehin vəkil-nümayəndəsi müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsini binada tikinti işlərinin aparılmasına məhkəmənin qərardadı ilə qadağa qoyulması ilə əsaslandırılmış və qeyd edilən halı təsdiq etmək üçün məhkəməyə xx.xx.2022-ci il tarixli məhkəmə aktını təqdim etmişdir. Halbuki cavabdeh həmin akt qəbul edilənədək artıq öhdəliyi icra etməli idi. Yəni cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsinin onun cavadeh olmadığı haldan irəli gəldiyi sübuta yetirilə bilməmişdir.

32. Ona görə də məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin lazımınca və vaxtında icra edilməməsi nəticəsində iddiaçının hüququnun pozulması işin mübahisəsiz halı olduğundan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi nəticəsində 335.077,26 manat məbləğində əldə edə biləcəyə gəlirdən məhrum olması sübuta yetirilə bilmədiyindən iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində təmin edilə bilməz.

33. Əvvəla məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib. Həmin normada göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu barpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər.

35. Əldən çıxmış fayda dedikdə-hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur.

36. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələcə biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır.

37. Buna görə də Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır.

38. Göründüyü kimi, iddiaçı əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443-cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borcludur.

39. Yəni iddiaçı tərəfindən əgər qeyri-yaşayış sahəsi vaxtında təhvil verilsə idi onun mütləq qaydada gəlir əldə etmə imkanına malik olması sübuta yetirilməlidir. Onun gəlir əldə etmə imkanı ehtimallara əsaslanmamalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı əldən çıxmış faydanı müəyyənləşdirilərkən iddiaçı onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tələbini yalnız həmin qeyri-yaşayış sahəsinin 2022-2025-ci illər üzrə orta aylıq icarə haqqı miqdarına dair mütəxəssis rəyi ilə əsaslandırmışdır.

40. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən öhdəliyin vaxtında yerinə yetirilməməsi nəticəsində ona əldən çıxmış fayda şəklində zərər dəydiyini iddia etdiyindən, o ilk öncə zərərin mövcudluğunu sübuta yetirməlidir. Zərərin mövcudluğu isə ehtimallarla deyil, konkret sübutlarla (özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hazırlıq işləri görməsinə dair sübutlar, icarəyə vermək üçün hazırlıq işləri görməsinə dair sübutlar vəs.) təsdiq edilməlidir.

41. Hazırki işin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, iddiaçı əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Yəni qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsi onu əvvəllər əldə etdiyi gəlirdən məhrum etməmişdir. Digər tərəfdən əgər qeyri-yaşayış sahəsi vaxtında təhvil verilsə idi, iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsindən gəlir əldə etmək üçün tədbirlər görməsi, məsələn özü həmin obyektdən istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hazırlanmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Qeyri-yaşayış sahəsini icarəyə verməklə gəlir əldə etməsinə münasibətdə məhkəmə qəbul edir ki, təhvil verilmədiyi halda həmin əmlaka dair müqavilə balanılması qeyri-mümkündür. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən təmirli təhvil verilməli olmadığından iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə vermək üçün təmir etməli idi. Bu zaman isə iddiaçı həmin qeyri-yaşayış sahəsini hansı müddətə təmir edəcəyi qeyri-müəyyən olan haldır. Müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən 2025-ci ilin iyul ayında təhvil verilmişdir və məhkəmə icraatı dövründə təmir işləri yekunlaşmamış, davam etdirilmişdir.

42. Həmçinin iddiaçı 2022-ci ilin sentyabr ayından 2025-ci ilin iyul ayının 7-dək qeyriyaşayış sahəsinin aylıq icarə haqqı miqdarında əldən çıxmış fayda tələb etsə də, iddiaçı tərəfin məhkəməyə bildirdiklərinə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 2023-cü ilin oktyabr ayında əldə edilmiş şifahi razılıq üzrə cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin noyabr ayınadək ayda 15000 manat məbləğində ödəniş edilmişdir. Hansıki həmin dövrdə iddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 2023-cü il üzrə 9500 manat, 2024-cü il üzrə 10340 manat təşkil etmişdir.

43. Beləliklə, iddiaçı cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsi nəticəsində qeyd edilən müddət ərzində müvafiq əmlakla bağlı iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. sübut edə bilməmişdir. İddiaçı iddia tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, iddia qeyd edilən hissədə əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur.

İddia tələbinin “öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi” hissəsi ilə bağlı:

44. İddiaçı Cavabdeh MTK-ya qarşı olan iddia tələbinin “309.900 manat məbləğində cərimənin ödənilməsi” hissəsini Müqavilənin 5.6-cı bəndinə istinad edilməklə, Cavabdeh MTK tərəfindən müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsi ilə əsaslandırmışdır.

45. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 5.6-cı bəndində nəzərdə tutulmuşdur ki, "xxxx" qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixədək “payçı”ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün “payçı” tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində "xxxx"dan “payçı”nın xeyrinə cərimə tətbiq edilir.

46. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsi işin mübahisəsiz halı olduğundan və müqavilənin icra edilməməsi nəticəsində cavabdeh tərəfindən dəbbə pulu ödənilməsi şərti tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğundan iddiaçı öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.

47. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

48. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqlaqanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

49. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bununla belə, hər hansı müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil.

50. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

51. Məhkəmə hazırki mübahisə üzrə tərəflərin maddi vəziyyətini, cavabdeh tərəfindən bir il müddətində aylıq 15000 manat məbləğində ödəniş edilməsini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını, bu mənada yüksək məbləğdə dəbbə pulu hesabına kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq dəbbə pulunun tutulması hissədə iddia tələbinin qismən təmin olunaraq məbləğin 30.990 manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

52. Tərəflərin maddi vəziyyəti dedikdə, cavabdehin barəsində məhkəmənin icraatında olan işlərə əsasən onun 309.900 manat məbləğində vəsaiti ödəmək iqtidarına malik olmaması nəzərdə tutulmuşdur.

Məhkəmə xərcləri :

53. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 182.97 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

54. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə 30990 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 182.97 manat pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 30990 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 182.97 manat pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar