Məhkəmə qərarları › İş №e-2(007)-2887/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-2887/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2887/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqaviləyə əsasən mənzilin ona təhvil verilməsi, pul, maddi və mənəvi ziyan tutulması” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqaviləyə əsasən mənzilin ona təhvil verilməsi, pul, maddi və mənəvi ziyan tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağanmış xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinin əməl edilməklə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasında ümumi sahəsi 55,65 kv.m olan 12 saylı mənzil izolə olunmuş 1 otaqdan ibarət mənzilin ona təhvil verilməsi, xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq ona hər ay ödənilməli olan və 2020-ci il ərzində 3 ay, 2021-ci il ərzində 9 ay, 2022-ci il ərzində 10 ay olmaqla, cəmi 22 ay ödənilməmiş 5500 manat pulun, müqavilə şərtlərinin pozulması səbəbindən ona dəymiş maddi ziyanın əvəzi kimi 10000 manatın (on min), mənəvi ziyanın əvəzi kimi 500 (beş yüz) manatın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,06564 ha torpaq sahəsində yerləşən 33 nömrəli 5 mərtəbəli binanın 3-cü girişində 2-ci mərtəbəsində yerləşən 29 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 75 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 14705 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Onunla xx.xx.2016-cı il tarixdə "xxxx" MMC aras ında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MMC onların binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətdə olan mənzilin həmin mərtəbə səviyyəsində ümumi mənzil sahəsinə 25 faiz əlavə edilməklə 35,5 kv.m təmirli mənzil verilməsini öhdəsinə götürmüşdür. Mülkiyyətçi kimi o, mülkiyətində olan evi söküntü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə yeni binanın tikintisi başa çatana kimi ona müvəqqəti yaşayış üçün 1 otaqlı mənzil üçün 250 manat kirayə haqqını ödəməyi və yeni tikilimiş binanın bünövrəsi qoyulandan 16 ay müddətinə başa çatdırılaraq təhvil verilməsini cavabdeh təşkilat vəzifə kimi öz üzərinə götürmüşdür. Sonradan aralarında bağlanmış xx.xx.2020-ci il tarxli 012001 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə əlavələr edilərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının təmirli təhvil verilməli olan 36,5 kv.m mənzilin əvəzinə, təmirsiz 19,1 kv.m əlavə edilməklə ödənişsiz olaraq ümumi sahəsi 55,65 kv.m olan 12 saylı mənzil izolə olunmuş 1 otaqdan ibarət mənzilin təmirsiz bir pay kimi ona verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh təşkilat müqavilədə nəzərdə tutulmuş vəzifəsini lazımınca icra etməmiş, 16 aya tikilməsi nəzərdə tutulan mənzilin bünövrəsi 2017-ci ilin fevral ayından qoyulsa da bina bu günə kimi inşa edilib təhvil verilməmişdir. Eyni zamanda hər ay üçün 250 manat kirayə pulu ödənilməsi barədə öhdəlik götürən cavabdeh təşkilat 2020ci ilin sentyabr ayından kirayə pulunu ödəməmişdir. Göründüyü kimi cavabdeh təşkilatın təqsiri üzündən ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, o, cavabdeh təşkilatla 2016-cı il tarixdə müqavilə bağlayarkən kirayə pulu 250 manat nəzərdə tutulmuşdur. Lakin qarşı tərəf müqavilə şərtlərinə əməl etməyərək ona 2020-ci ilin sentyabr ayından kirayə pulunu ödəməmiş və eyni zamanda həmin müqavilə bağlanmasından 5 ildən artıq müddət keçmiş və hazırda onun mənzilinin yerləşdiyi ərazidə kirayə haqqı təxminən 500 manatdır. O, hərbiçidir, İkinci Qaradağ müharibəsi iştirakçısıdır və yaralanmışdır. Ailəli olmaqla himayəsində xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Cavabdeh təşkilatın vəd verdiyi kimi tikintini vaxtında başa çatdırmaması səbəbindən uşaqların məktəbə getməsi üçün lazimi şərait olmadığından o, məcbur olub uşaqların məktəbinə yaxın ünvanda kirayə ev tutmalıdır. Cavabdeh digər vətəndaşlara kirayə haqqı ödəsə də 2020-ci ilin sentyabr ayından ona ödəməli olduqları kirayə haqqını vermirlər. Bundan başqa cavabdeh təşkilat mənimlə bağlanmış müqaviləsi üzrə 16 ay müddətində evi təhvil verməməsi səbəbindən o, narahatlıq hissi keçirmişdir. Yaralı vəziyyətdə yaşamağa evi olmadığı üçün kirayə ev axtarmış, uşaqların məktəbə getməsində müəyyən çətinliklər yaranmışdır, bir məktəbdən digər məktəbə keçirmək məcburiyyətində olmuşdur. Ailəsinin narahat yaşaması üçün ev oldugu halda cavabdeh təşkilat onların evini almış, lakin vəd verdiyi müddətdə evin tikintisini başa çatdırmamışdır. Bu səbəbdən də ailəsində narahatçılıq yaranmasına səbəb olmuş, bir evdən digər evə köcməklə müəyyən qədər pul vəsaitləri xərclənmiş, bu onun maddi ziyana düşməyi ilə nəticələnmişdir. Cavabdeh təşkilatın müqavilə şərtlərinin pozulması nəticəsində meydana çıxan çətinliklər onu ağır vəziyyətə salmışdır. Belə ki, qarşı tərəf onun evini əlindən almış, həmin torpaq sahəsində çoxmərtəbəli evi tikdirməklə müəyyən fayda götürmək niyyətindədir, o isə əlavə xərclər etməklə ziyana düşmüşdür. Əgər həmin mənzildə özü yaşasaydı əlavə kirayə vermək məcburiyyətində qalmazdı. Cavabdeh tərəf onunla bağlanmış müqavilə şərtlərini pozmuş və o isə onlıarın təqsiri səbəbindən əsəb və iztirab keçirmişdir. Bütün bu olaylar ona təsir etməklə onun əsəbləri gərkinləşməklə hətta o, müəyyən xəstəliklər keçirmişdir. Odur ki, ona dəymiş maddi zərəri 10000 manat və mənəvi zərəri 500 manat kimi qiymətləndirmişdir. Məhkəmə iclasında iddiaçı X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, onların evi əvvəl aspirantlar yataqxanası olmuş, sonradan özəlləşdirilmiş və 2006-cı ildə onun adına keçmişdir. Cavabdehlə arasında müqavilə 2016-cı ildə bağlanmışdır. Həmin tarixdə qiymətlər, kirayə haqqı aşağı olmuşdur. Onların evi sökülmüş, əvəzinə bu evi vermişlər. İkinci dəfə bağlanan müqavilənin yenilənməli olduğunu cavabdeh tərəf demişdir. Ünvanlar da dəyişilmiş, əvvəl ona başqa ünvan verilmişdir. Hətta birinci müqavilədə ona veriləcək evin ünvanı göstərilməmişdir. O, 2016-cı ildən kirayədə qalır, dəfələrlə evi dəyişib başqa mənzilə köçmüşlər və bunların hamısına pul xərclənmişdir. O, ailəsi ilə burada yaşayır və 3 övladı var. Hal-hazırda 450 manata kirayə qalır, həmçinin onun köçmə xərcləri də çıxmışdır. O, həmçinin bildirdi ki, hərbiçidir, Qarabağ qazisidir. O, yaxın ərazidə olmadığına, döyüş bölgəsində olduğuna görə bu məsələ ilə məşğul ola bilməmişdir. O, ikinci Qarabağ müharibəsində yaralandığı üçün 6 ay xəstə yatdığı ərəfədən sonra, cavabdeh tərəfindən heç bir məvacib, 2020-ci ildən kirayə pulu ödənilməmiş, evi 16 aya təhvil verəcəklərini bildirsələr də, amma onu da verməmişlər. O, kartı ev sahibinə vermiş, ev sahibi demişdir ki, 6 aydır karta pul vurulmur. Onlar bina sakinlərinin yaratdığı qrupda baxanda görmüşdür ki, onun evi üst-üstə düşür. Müharibədən sonra maraqlanıb demişlər ki, ev başqa adama da satılmış, sonra demişlər ki, onlar digər şəxsi qaytaracaq və ev onun olacaq. Həmçinin, işığı cavabdehin adına keçirmişlər ,o, onu geri qaytarmışdır. O, evə gedib baxmış, qapının açarı, arakəsmələr olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2016-cı il tarixli müqaviləsinə əsasən, MMC Şərifzadə 33 ünvanında yerləşən mənzilin həmin mərtəbə səviyyəsində ümumi mənzilin sahəsinə 25 faiz əlavə edilməklə 36,5 kv.m təmirli mənzil verməyi öhdəsinə götürmüş, mülkiyyəçinnin də yeni binanın tikintisi başa çatanadək 250 manat kirayə haqqını tələb etmək vəzifəsinin olduğu müəyyən edilmişdir. Daha sonra tərəflər xx.xx.2020-ci il tarxli 012001 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə əlavələr edərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının təmirli təhvil verilməli olan 36,5 kv.m mənzilinə əlavə olaraq, təmirsiz 19,1 kv.m əlavə edilməklə ödənişsiz olaraq ümumi sahəsi 55,65 kv.m olan 12 saylı mənzil izolə olunmuş 1 otaqdan ibarət mənzilin təmirsiz bir pay kimi ona verilməsi nəzərdə tutulmuşdur. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 2020-ci il üzrə 3 ay, 2021-ci il üzrə 9 ay, 2022ci il tarixdə isə kirayə haqqı üzrə heç bir ödəniş edilməmişdir. Cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yerinə yetirməmiş, mənzili iddiaçının istifadə və sahibliyinə verməmişdir. Eyni zamanda mənzil İddiaçı verilmədiyi müddət ərzində iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq 450 manat kirayə haqqı ödənilməklə müqavilə bağlamışdır. İddiaçı hazırda məhkəmədə həmin mənzilin ona müqavilə şərtlərinə uyğun təhvil verilməsinin "xxxx" MMC-yə həvalə edilməsini, müqaviləyə əsasən kirayə haqqınınona ödənilməsi, öhdəliyin vaxtında icra edilməməsi səbəbindən dəymiş 10.000 (on min) manat maddi ziyan və 500 (beş yüz) manat mənəvi ziyanın ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasında ümumi sahəsi 55,65 kv.m olan 12 saylı mənzil ona məxsus olduğundan, cavabdeh tərəfindən həmin mənzilin iddiaçıya təhvil verilməsi nəzərdə tutulduğundan iddiaçının sifarişi əsasında hazırlanmış və payçısı olduğu həmin mənzilin cavabdeh "xxxx" MMC tərəfindən müqavilə şərtlərinə uyğun təhvil verilməsi MMC-yə həvalə edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, müqavilə şərtlərinə uyğun olaraq tikinti işlərinin 16 ay müddətinə başa çatması nəzərdə tutulsa da iddiaçıya mənzil verilməmiş, eyni zamanda müqaviləyə uyğun olaraq 2020-ci il sentyabr ayından xx.xx.2022-ci il tarixli iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verilən müddətdə 22 ay ərzində aylıq 250 manat kirayə haqqı olmaqla cəmi 5500 manat kirayə haqqı ödənilməmişdir. Beləliklə, məhkəmə müqavilədə göstərilən müddəaların "xxxx" MMC tərəfindən pozulduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi “2020-ci il ərzində 3 ay, 2021-ci il ərzində 9 ay, 2022-ci il ərzində 10 ay olmaqla, cəmi 22 ay ödənilməmiş 5500 manat pulun ona ödənilməsi” hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin “müqavilə şərtlərinin pozulması səbəbindən ona dəymiş maddi ziyanın əvəzi kimi 10000 manatın (on min) "xxxx" MMC-dən tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh "xxxx" MMC tərəfindən öhdəliklər vaxtında yerinə yetirilmiş olsaydı, müqavilədə nəzərdə tutulmuş 250 manat kirayə haqqı ona ödənilsəydi, xx.xx.2016-cı il tarixli müqavilə bağlanan zamandan İddiaçı tərəfindən dəfərlərlə yeni mənzillərə köçürülməz, onun tərəfindən xx.xx.2022-ci il tarixdən 450 manata kirayə haqqı ödənilməzdi. Ona görə də cavabdehdən maddi ziyana görə 10000 manat məbləğində vəsait tutulub iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 500 manat mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı İkinci Qarabağ müharibəsində iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma aldığından 20 gün müddətinə ona məzuniyyət verilmiş və travma haqqında arayış alınmışdır. İddiaçının cavabdeh tərəfindən öhdəliklərinin həyata keçirilməsi nəticəsində dəfələrlə mənzil dəyişməsi, cavabdehə müraciət etməsi, müqavilə üzrə ona verilməsi nəzərdə tutulmuş evin ona hələ də təhvil verilməməsi nəticəsində ciddi mənəvi sarsıntılar keçirməsi şübhəsizdir. Məhkəmə hesab edir ki, 10000 manat zərər məbləğinin maddi zərərə tənasüblüyü nəzərə alınaraq 500 manat mənəvi zərərin əvəzinin tutulmasını ağlabatan hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə əməl edilməklə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında ümumi sahəsi 55,65 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 12 saylı mənzil ona təhvil verilməli, xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı 2020-ci il ərzində 3 ay, 2021-ci il ərzində 9 ay, 2022-ci il ərzində 10 ay olmaqla, cəmi 22 ay ödənilməmiş 5500 manat, müqavilə şərtlərinin pozulması səbəbindən ona dəymiş maddi ziyanın əvəzi kimi 10000 manat (on min), mənəvi ziyanın əvəzi kimi 500 manat (beş yüz) məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat +10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müharibə veteranı olduğu və dövlət rüsumu ödəməkdən azad olduğu üçüni iddiaçının ödəməkdən azad olduğu 138 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindənxx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə əməl edilməklə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında ümumi sahəsi 55,65 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 12 saylı mənzil İddiaçı təhvil verilsin. xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı İddiaçı 2020-ci il ərzində 3 ay, 2021-ci il ərzində 9 ay, 2022-ci il ərzində 10 ay olmaqla, cəmi 22 ay ödənilməmiş 5500 manat, müqavilə şərtlərinin pozulması səbəbindən ona dəymiş maddi ziyanın əvəzi kimi 10000 manat (on min), mənəvi ziyanın əvəzi kimi 500 manat (beş yüz) məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. "xxxx" MMC-dən İddiaçı azad olduğu dövlət rüsumuna görə 138 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar