Məhkəmə qərarları › İş №e-2(007)-2934/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2934/2024

29.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2934/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı mülki iş üzrə (Açar sözlər: “əmək hüquqlarının pozulmasına görə maddi zərərin ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulmasına görə maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulmasına görə maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsindən 2024-cü ilin fevral ayından 2024-cü ilin avqust ayına kimi orta aylıq əmək haqqı (375 manat x 8 ay = 3000) 3000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müəyyən fasilələrlə 2016-cı ildən Bakı Şəhəri Nizami Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmişdir. 2019-cu ildə ailə qurmuş və bununla bağlı işdən çıxmışdır. 2021-ci ilin avqustun 15-də yenidən Nizami Bələdiyyəsində vergi müfəttişi vəzifəsinə işə götürülmüşdür. Əvvəllər ştat üzrə işləsə də sonradan müqavilə üzrə işləmişdir. İşinin xarakteri təhkim olunduğu ərazidə vergi tədiyyələrinin yığılması ilə bağlıdır. Xidmət göstərdiyi ərazidə sakinlərin hörmətini qazanmış, tapşırıqların vaxtında və tam şəkildə həll olunmasına çalışmışdır. Bələdiyyə rəhbərliyinə xidmət göstərdiyi ərazi üzrə sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır. Lakin onun göstərdiyi xidmət müqabilində Bələdiyyə rəhbərliyinin qanunsuz hərəkətləri onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla bağlı Bələdiyyənin sədrinə, digər səlahiyyətli vəzifəli şəxslərə etdiyi şikayət və müraciətlərinə baxılmamışdır. Onunla bağlanan əmək müqaviləsi qanunla tələb olunan qaydada rəsmiləşdirilmiş, lakin portala işlənməmişdir. Bələdiyyənin sədrinin tapşırıqlarını icra edən X1 adından çıxış edərək onun və digərlərinin müqavilələrini yığaraq gündə bir neçə dəfə yanına çağırıb işdən qovacağı, xidmət ərazilərini dəyişəcəyi ilə hədələyirdi, şəxsən onun, valideynlərinin ünvanına əxlaqsız söyüşlər söyür, təhqir edirdi. Xuraman Nəsibova onun xidmət göstərdiyi ərazidə yığım faizinin artıq olduğunu görüb guya sədrin göstərişi ilə həmin ərazini öz yaxın qohumuna verir. Halbuki, o, həmin ərazidə sakinlərlə işləmiş, gecə-gündüz əziyyət çəkmişdir. Bildirir ki, sonuncu dəfə onunla 07 yanvar 2024-cü il tarixdə müqavilə bağlanılmış, həmin müqaviləyə birtərəfli qaydada 12 fevral 2024-cü il tarixdə əsassız və qanunsuz olaraq xitam verilmişdir. O, cavabdeh Bakı Şəhəri Nizami Bələdiyyəsinin qanunsuz hərəkətləri və pozulmuş əmək hüquqlarının bərpa olunması barədə tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. X5 Xidmətinin apardığı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Nizami Bələdiyyəsinin sədri X6 onun qanunla qorunan əmək hüquqlarını pozmuşdur. X5 Xidmətinin xx.xx.2024cü il tarixli MN ******* saylı qərarı ilə Nizami Bələdiyyəsinin sədri X6 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. X5 Xidmətinin həmin qərarından V.H.Quliyev Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmənin 19 aprel 2024-cü il tarixli qərarı ilə X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati iş üzrə X5 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. X5 Xidməti Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 3(103)-1053/2024 nöməli qərarı ilə şikayət təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş və barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 X5 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə cavabdeh Nizami Bələdiyyəsinin sədri X3 onun qanunla qorunan əmək hüquqlarını pozması müəyyən edilmişdir. O, cavabdeh Bələdiyyənin sədri X3 qanunsuz hərəkətləri nəticəsində 2024-cü ilin fevral ayından hal-hazıra kimi işsiz qalmış, maddi və mənəvi sarsıntılar keçirmişdir, yaxın qohum və dostlarının yardımı ilə gündəlik təlabatını təmin etmişdir. O, əmək hüquqlarının pozulması ilə bağlı təzminat tələbi ilə cavabdeh Nizami Bələdiyyəsinə “Mediasiya haqqında” qanuna əsasən mediasiya prosesinin tətbiqi barədə təkliflərini göndərsə də həmin təkliflərə cavab verilməmiş və ilkin mediasiya prosesində iştirak etməkdən imtina edilmişdir. Bu barədə ona Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01743 saylı arayış verilmişdir. Ona görə də o, cavabdeh Bakı Şəhəri Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulmasına görə təzminat ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 14 fevral 2023-cü il tarixdə işdən çıxmışdır. O, ərazidə olanda ona demişdirlər ki, onun əmrini veriblər. 1 aya 3000 manat yığım məcburi idi. 3000 manat yığım verilməsə müqaviləyə birtərəfli qaydada xitam verirlər. 2019-cu ilə qədər əmək müqaviləsi bağlanmışdır. 2021-ci il isə xidməti müqavilə bağladılar. 2024-cü ildə isə tapşırıq müqaviləsi bağlanmışdır. Onlarda maaş yığılmış vergidən asılı olurdu. Qeyri-yaşayış sahələrindən və həyət evlərindən yığımın 18%, yeni tikililərdən yığımın 20% və köhnə binalardan 22%. Hər birindən nə qədər yığım edibsə ona uyğun faizlə hesablanırdı maaşı. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, iddia tələblərini qəbul etmirlər. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

İş materialları:

6. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 12 avqust 2024-cü il tarixli MŞB/8/2024-01743 saylı arayışdan görünür ki, Nizami Rayon Nizami Bələdiyyəsinin nümayəndəsi 12 avqust 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1053/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, şikayət təmin edilmiş, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə2 şikayət ərizəsi təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 27 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. 3 saylı Bakı DOST Mərkəzinin 10 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Rеspublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır.

9. İddiaçı ilə Nizami Rayon Nizami Bələdiyyəsi arasında bağanmış 07 yanvar 2024cü il tarixli tapşırıq müqaviləsinin surətindən görünür ki, “vəkalət alan” “vəkalət verən”in tapşırığı əsasında Nizami Bələdiyəsinin inzibati ərazisində qanunla fiziki və hüquqi şəxslər tərəfindən bələdiyyəyə ödənilməli olan (əmlak, torpaq, dayahacaq, otel və digər) yerli vergilərin yığılmasını təmin edir.

10. 12 fevral 2024-cü il tarixli 16 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış 07 yanvar 2024-cü il tarixli tapşırıq müqaviləsinin 3.3-cü bəndinə əsasən 12 fevral 2024-cü il tarixdən tapşırıq müqaviləsinə xitam verilmişdir.

11. VÖQ üzrə baş mütəxəssis tərəfindən xx.xx.2024-cü il tarixdə Nizami Rayon Nizami Bələdiyyəsinin sədrinə ünvanlanmış təqdimatın surətindən görünür ki, İddiaçı ona verilən tapşırıqları vicdanla icra etmir və icra tapşırıqları barədə məlumat vermir.

12. İş vaxtının uçotu tabelindən görünür ki, İddiaçı 2024-cü ilin yanvar və fevral aylarında 25 gün işləmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Nizami Rayon Nizami Bələdiyyəsində 2016-cı ildən Bakı Şəhəri Nizami Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmişdir. 2019-cu ildə işdən çıxmışdır. 2021-ci ilin avqustun 15-də yenidən Nizami Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmişdir. İddiaçı ilə Nizami Rayon Nizami Bələdiyyəsi arasında bağanmış 07 yanvar 2024-cü il tarixli tapşırıq müqaviləsinə əsasən yenidən Nizami Rayon Nizami Bələdiyyəsində vergi müfəttişi kimi işləmişdir. 12 fevral 2024-cü il tarixli 16 nömrəli əmrlə onunla bağlanmış tapşırıq müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı onun əmək hüquqlarının pozulması ilə vurulan maddi zərərə görə cavabdeh Bakı Şəhəri Nizami Bələdiyyəsindən 2024-cü ilin fevral ayından 2024-cü ilin avqust ayına kimi orta aylıq əmək haqqı məbləğində 3000 (üç min) manat məbləğində təzminat ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

17. Belə ki, məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2024-cü il tarixindən İddiaçı ilə 3 ay müddətinə “tapşırıq müqaviləsi” bağlanmışdır.

18. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin qeyd edilir ki, mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tapşırıq müqaviləsindən görünür ki, Nizami Rayon Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya Nizami Rayon Bələdiyyəsinin inzibati ərazisində qanunla fiziki və hüquqi şəxslər tərəfindən bələdiyyəyə ödənilməli olan yerli vergilərin yığılması tapşırılmışdır. Göründüyü kimi xx.xx.2024-cü il tarixli tapşırıq müqaviləsində tapşırıq alanın öhdəlikləri əmək müqaviləsi üzrə vergi müfəttişinin öhdəlikləri ilə eynilik təşkil edir.

20. İddiaçı öz iradə ifadəsi ilə cavabdeh orqanla tapşırıq müqaviləsi bağlamışdır. Halbuki, o, cavabdehdən onunla tapşırıq müqaviləsi deyil əmək müqaviləsi bağlanmasını tələb edə bilərdi.

21. Bundan başqa iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1053/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından aydın olur ki, cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsi İddiaçı ilə əmək müqaviləsi bağlamalı idi.

22. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli qərarı ilə iş materiallarının müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Nizami Rayon Nizami Bələdiyyəsi tərəfindən yerli vergilərin yığılması ilə bağlı işlərə cəlb olunmuş, onlar arasında mövcud münasibətlər əmək məcəlləsi ilə tənzimlənməli olduğu halda, işçi ilə tapşırıq müqaviləsi bağlanmışdır.

23. Tələbdən göründüyü kimi iddiaçı 2024-cü ilin fevral ayından yəni tapşırıq müqaviləsinə xitam verildikdən sonra 2024-cü ilin avqust ayına kimi orta aylıq əmək haqqı 375 manat hesablanmaqla 8 ay üçün 3000 manat məbləğində təzminat ödənilməsini xahiş edir. Tapşırıq müqaviləsindən də görünür ki müqavilə 3 ay müddətinə bağlanmışdır.

24. İddiaçı onunla əmək müqaviləsi bağlanmamasını mübahisələndirmək əvəzinə cavabdehdən işçi ilə işə götürən arasında yaranan və əmək məcəlləsi ilə tənzimlənən münasibət üzrə orta aylıq əmək haqqı 375 manat hesablanmaqla 8 ay üçün təzminat ödənilməsini xahiş edir.

25. Əmək qanunvericiliyinə əsasən işəgötürən ilə işçi arasında əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

26. Göründüyü kimi tərəflər arasında əmək münasibətləri yaranmamışdır. Odur ki, bütün qeyd olunanlardan müəyyən olunur ki, iddia tələbinin hüquqi əsası yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

28. İddiaçı cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulmasına görə maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulmasına görə maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar