Məhkəmə qərarları › İş №e-2(007)-295/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-295/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-295/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1240,25 manat pulun və 32,41 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1272,66 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(007)- 3081/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair e-2(007)-3081/2024 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 13/5112 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Bildirir ki, cavabdehin ödənilməmiş 2023-cü ilin yanvar-dekabr ayları üzrə 1765,88 manat sərfiyyat borcu və limitdən əlavə 35,62 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-avqust ayları üzrə 1067,63 manat sərfiyyat borcu və limitdən əlavə 83,37 manat sərfiyyat borcu, cəmi 2952,50 manat sərfiyyat borcu qalmışdır. 2023-cü ilin avqust ayından 2024-cü ilin avqust ayına qədər cavabdeh 1712,25 manat ödəniş etmişdir (63,25+200+200+200+65+150+537+87+210=1712,25). Beləliklə, cavabdehin İddiaçı İByə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 1240,25 (bir min iki yüz qırx manat 25 qəpik) manat təşkil etməkdədir. Həmçinin nəzərinizə çatdırır ki, cavabdehin 2023-ci ilin yanvar ayınadək 850,75 manat vəsaitin tutulması barədə xx.xx.2023-cü il tarixli, e-2(007)-975/2023 saylı Birliyin xeyrinə qətnamə çıxarılmışdır. Həmin borcdan cavabdeh 2023-cü ilin fevral ayından 2024-cü ilin avqust ayına qədər cavabdeh 850,75 manat ödəniş etmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Tərəflərin izahatları:

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir. Evləri kirayə veriblər. 12 ailə yaşayır. Ona görə də bu qədər borc yaranır. Borc daha çox idi, hissə-hissə ödəyirlər.

İş materialları:

6. Cavabdeh adına verilmiş **********00001 nömrəli abonentin saldosundan görünür ki, ünvan 2, 20A nömrəli evə xx.xx.2022-ci il tarixdə “Elster G-6T DİAFRAQMA” markalı, 40380775 nömrəli sayğac quraşdırılmışdır. Abonentin 2024-cü ilin avqustuna 1240.25 manat borc hesablanmışdır.

7. Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 01 aprel 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.

8. 09.09.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi İddiaçı məhkəməyə müraciət etmək üçün 32.41 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə abonent Cavabdeh arasında 01 aprel 2022-ci il tarixində 13/5112 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdehin ödənilməmiş 2023-cü ilin yanvar-dekabr ayları üzrə 1765,88 manat sərfiyyat borcu və limitdən əlavə 35,62 manat sərfiyyat borcu, 2024-cü ilin yanvaravqust ayları üzrə 1067,63 manat sərfiyyat borcu və limitdən əlavə 83,37 manat sərfiyyat borcu, cəmi 2952,50 manat sərfiyyat borcu qalmışdır. 2023-cü ilin avqust ayından 2024-cü ilin avqust ayına qədər cavabdeh 1712,25 manat ödəniş etmişdir (63,25+200+200+200+65+150+537+87+210=1712,25). Beləliklə, cavabdehin İddiaçı İByə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə 2024cü ilin avqust ayına 1240,25 manat təşkil edir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, cavabdeh tərəfindən istehlak edilmiş qaza görə 1240.25 manat məbləğində vəsait iddiaçıya ödənilməlidir.

16. İddiaçı tərəfindən 2024-cü ilin avqust ayına yaranmış borc ödənilməmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 20A nömrəli fərdi yaşayış evini kirayə vermişdir. Göründüyü kimi qaz sayğacı cavabdehin adınadır. Cavabdehlə iddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən edilmiş hesab üzrə qazın dəyərini ödəməlidir. Odur ki, cavabdeh müqavilə şərtlərini pozmuş və vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən istehlak edilmiş qazın dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

17. Həmçinin məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh borcu olduğunu etiraf etmişdir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1240.25 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

20. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 32.41 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

Nəticə:

21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1240,25 manat pul və 32,41 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh 1240,25 manat pul və 32,41 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar