Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-296/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin sökülməsi, yeni mənzilin və kirayə pulunun verilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzilin sökülməsi, yeni mənzilin və kirayə pulunun verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzillərin sökülməsi, yeni mənzillərin verilməsi və kirayə pulunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 43 ünvanda yerləşən köhnə binada 48,4 kv.m sahəsi olan iki otaqlı 1 saylı mənzilinin, Cavabdeh3 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə binada 55,2 kv.m sahəsi olan iki otaqlı 4 saylı mənzilinin, Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə binada 48,4 kv.m sahəsi olan iki otaqlı 6 saylı mənzilinin, Cavabdeh1 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə binada 55,2 kv.m sahəsi olan iki otaqlı 11 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının həmin ərazidə yeni inşa etdiyi binada cavabdehlərin hər birinə onların söküləcək mənzillərinin hər birinin ümumi sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzillər tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdehlərin və onların ailə üzvlərinin söküləcək mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh3 ilə 05 may 2025-ci il tarixdə, Cavabdeh2 ilə 08 may 2025-ci il tarixdə məhkəmədən kənar razılığa gəldikləri və notarial qaydada daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandığından onlara qarşı iddia tələbi olmadığı üçün cavabdehlər sırasından çıxarılmalarını xahiş etmişdir.
3. Həmçinin MMC-nin vəkili və nümayəndəsi ərizə verərək, Cavabdeh4 ilə razılığa gəlinib və cavabdehin sökülməli olan iki otaqlı mənzilinin yeni tikiləcək binada iki ədəd bir otaqlı mənzillə əvəzləşdirilməsi barədə 19 iyun 2025-ci il tarixdə notarial qaydada təsdiq olunmuş müqavilə bağlandığını, Cavabdeh4 qarşı iddiadan imtina etdiyini və onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 55,2 kv.m sahəsi olan iki otaqlı 11 saylı mənzilinin sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının "F" blokunun 7-ci mərtəbəsində 84,98 kv.m. sahəsi olan 33 saylı iki otaqlı təmirli mənzil verilməklə, yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə cavabdehin və onun ailə üzvlərinin söküləcək mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllə ünvanındakı 2,07 ha torpaq sahəsi icarə əsasları ilə İddiaçı MMC-nin istifadəsinə verlib. İddiaçı MMC-yə ayrılmış 2,07 ha torpaq sahəsində Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 43 ünvanda ikimərtəbəli bina yerləşir. Həmin yaşayış binası ötən əsrdə tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, müasir yaşayış tələblərinə cavab vermir. 43 saylı binada yaranmış çatışmazlıqlar sakinlərin normal yaşayış şəraitini təmin etmir. Yaşayış binasının mövcud texniki vəziyyəti məhdud işləkdir. Binanın texniki vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinin xx.xx.2020-ci il tarixli rəyi var. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 2,07 ha torpaq sahəsindəki sakinlərin bir çoxu köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunsa da cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə razılıq əldə etmək mümkün olmayıb. İddiaçı Cavabdeh4 onun ünvan 3 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 48,4 kv.m təşkil edən iki otaqlı 1 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcək binada iki otaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh4 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 1 ədəd iki otaqlı və 1 ədəd bir otaqlı təmirli mənzillər tələb edir. İddiaçı Cavabdeh3 onun ünvan 3 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 55,2 kv.m təşkil edən iki otaqlı 4 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcək binada iki otaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh3 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin yeni daha abad, geniş və təmirli mənzillə dəyişdirilməsi əvəzinə 170000 manat nağd pul tələb edir. İddiaçı Cavabdeh2 onun ünvan 3 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 48,4 kv.m təşkil edən iki otaqlı 6 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcək binada ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh2 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin yeni daha abad, geniş və təmirli mənzillə dəyişdirilməsi əvəzinə 170000 manat nağd pul tələb edir. İddiaçı Cavabdeh1 onun ünvan 3 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 55,2 kv.m təşkil edən iki otaqlı 11 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcək binada iki otaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh1 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 2 ədəd bir otaqlı təmirli mənzil tələb edir. Bu səbəbdən də uzun müddətdir cavabdehləri söküləcək yaşayış sahəsindən çıxarmaq, söküntü və tikinti işlərinə başlamaq mümkün olmayıb. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı sərəncamın icrası mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MMC ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olub.
Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin son dəqiqləşməyə uyğun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh təklif etdikləri mənzil ilə razı olmur. Binada dəqiq sakinlərin sayını bilmir, amma hamı ilə razılıq əldə edilib, məhkəməyə müqavilələr təqdim edilib. Digər üç cavabdehlə də məhkəmə gedişində razılığa gəliblər.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı tərəfindən təklif edilən mənzili qəbul etmir. O, iki ayrı bir otaqlı mənzil tələb edir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırki mənzil onları qane edir. İddiaçı MMC onlara uyğun mənzil təklif etmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
İş materialları:
9. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı Sərəncamının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 182 nömrəli Sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün Nizamı rayonu, Ş Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllə ünvanında "Təmir Tikinti İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş 2,1743 ha torpaq sahəsinin 2,07 ha hissəsi eyni məqsədlər üçün İddiaçı icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 182 nömrəli Sərəncamı ilə icarə əsasında istifadəyə verilmiş torpaq sahəsinin ölçüləri 0,1043 ha müəyyən edilmiş, sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması uçun Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis“ Müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin, torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin, bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Bu Sərəncamın icrasına nəzarət Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə tapşırılmışdır.
10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun ünvan 4 ünvanında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Ş.Mirzəyev küçəsi, bina 43: Bina 1950-ci illərdə kürsülü ikimərtəbəli inşa edilmişdir. Binanın ölçüləri 39,20 x 15,00 metrdir. Kürsünün hündürlüyü 0,80 m, mərtəbələrin daxili hündürlüyü 3,10 metrdir. Evin xarici və daxili yükdaşıyan divarlarının qalınlığı 0,40 metr, arakəsmə divarlarlanın isə qalınlığı 0,20 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük mərtəbələrdə ağac materialındandır. Dam örtüyü çardaq tipli olmaqla ağac konstruksiyadan, örtüyü isə asbest-sement şiferdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan fiziki aşınmalara məruz qalmış, fiziki cəhətdən köhnəlmiş, xarici divarında, pilləkən qəfəsələrində suvaq qatının aşınması, tökülməsi hallarına rast gəlinir. Eyvanların alt hissəsinin beton mühafizə qatı tökülmüş, armatur milləri açıqda qaldığından korroziyaya uğramış və ciddi zədələnmişdir. Binanın daxilində elektrik xətlərinin primitiv şəkildə çəkilməsi sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Ağac konstruksiyalardan inşa edilmiş dam örtüyünün çürüməsi və deformasiyaya uğraması hallarına rast gəlinir. Asbest-sement şiferdən olan dam örtüyünün bəzi yerlərdə sınması nəticəsində atmosfer suları binaya daxil olur. Həyətdə sakinlər tərəfindən yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmişdir. Bu da həyətin ümümi istifadə olunan sahəsinin sıxlığına səbəb olmuş və yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Binada yaranmış çatışmazlıqlar sakinlərin normal yaşayış şəraitini təmin etmir. Yaşayış binasının mövcud texniki vəziyyəti məhdud işləkdir.
11. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş Ayric aktından görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Ş Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün 14/151 nömrəli Ayric aktı ilə xx.xx.2014cü ildə 2.1743 ha torpaq sahəsi ayrılmışdır.
12. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş cizgidən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizamı rayonu, Ş Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllədə İddiaçı MMC-nin yüksək mərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin ümumi sahəsi 2,07 ha-dır. Bu sənəd yalnız torpaq sahələrinin tikinti məqsədləri üçün ayrılmasına əsasdır və təqdim edilən sahənin texniki göstəricilərini əks etdirir.
13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixdə ETİ-41/24 nömrəli Obyektin Tikintisinə İcazədən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Ş Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllədə yaşayış baş plan üzrə 1 saylı blok H və F, qeyri-yaşayış baş plan üzrə 3 saylı blok E və G binalarının tikintisinə icazə verilmişdir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 3-16-16/2-10/866-9/818 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 43 ünvanında yerləşən 11 saylı mənzilin faktiki sahəsi 61,9 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 43 ünvanında yerləşən 11 saylı mənzilin texniki pasportunun məlumatları mülki iş materillarına əlavə olmadığından qərardadın birinci sualının ikinci hissəsi üzrə tədqaiqat aparılmadı. ünvan 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına yaxın ərazidə mənzillərin bazar dəyəri analoji mənzillərin aylıq kirayə haqqının orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 625 manat məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir).
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllədə, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/151 nömrəli Ayric aktı ilə xx.xx.2014-cü ildə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün 2,1743 ha torpaq sahəsi ayrılmışdır və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə obyektin tikintisinə icazə verilmişdir.
16. Tikinti üçün ayrılmış 2,07 ha torpaq sahəsində Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 43 ünvanda istismara yararsız ikimərtəbəli bina yerləşir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi işlərini həyata keçirir. Binada yaşayan digər sakinlərlə razılıq əldə olunmuşdur. Yalnız Cavabdeh1 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 55,2 kv.m sahəsi olan iki otaqlı 11 saylı mənzilinin sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının "F" blokunun 7-ci mərtəbəsində 84,98 kv.m. sahəsi olan 33 saylı iki otaqlı təmirli mənzil verilməklə, yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə cavabdehin və onun ailə üzvlərinin söküləcək mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
9. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.
20. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında:
Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı:
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir.
22. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarı:
1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdətutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir.
23. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
25. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:
8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir.
28. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı Sərəncamına uyğun olaraq yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün Nizamı rayonu, Ş Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllə ünvanında "Təmir Tikinti İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş 2.1743 ha torpaq sahəsinin 2.07 ha hissəsi eyni məqsədlər üçün İddiaçı icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 182 nömrəli Sərəncamı ilə icarə əsasında istifadəyə verilmiş torpaq sahəsinin ölçüləri 0,1043 ha müəyyən edilmiş, sifarişçiyə sərancamda göstərilən müvafiq tapşırıqlar verilmişdir. Həmin ərazidə tikinti işlərinin aparılmasına dair iddiaçıya icazə verilmişdir. Bu məqsəd ilə MMC söküləcək binanın digər sakinləri ilə razılığa gəlsə də, hazırki iş üzrə cavabdehlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının qeyd olunan mənzilin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur.
29. Cavabdehə məxsus mənzilin texniki pasportunu mülki iş materillarına əlavə olmadığından məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 9/818 nömrəli ekspert rəyini əsas götürərək qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 43 ünvanında yerləşən 11 saylı mənzilin faktiki sahəsi 61,9 m2 qəbul edilməlidir.
30. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış üçün məhdud işlək olan, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında ona mənzilinin sahəsindən 38% (54,98 m2-61,9 m2=23,08 m2) artıq əlavə sahə olmaqla yeni mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün Cavabdeh1 600 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MMC öz üzərinə götürür.
31. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin, yəni səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli İcra Hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur. Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanının 3.11.1-ci və 3.11.2-ci bəndlərində qeyd edilmişdir ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Göründüyü kimi, köhnə binaların sökülüb yerinə yeni binaların tikilməsinə müvafiq icra hakimiyyət orqanları nəzarət edir.
32. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, tikinti işlərini aparan İddiaçı MMC tərəfindən edilən həmin təkliflər, onun üzərinə müvafiq sərəncamla qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərin barışması üçün tədbirlər görülmüşdür. İddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə təqdim edilmişdir.
33. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun ünvan 4 ünvanında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyi ilə Ş.Mirzəyev küçəsi, 43 saylı binada yaranmış çatışmazlıqların sakinlərin normal yaşayış şəraitini təmin etmədiyi, yaşayış binasının mövcud texniki vəziyyəti məhdud işlək vəziyyətdə olduğu barədə rəy verilmişdir.
34. Məhkəmə hesab edir ki, texniki vəziyyəti qeyri-qənaətbəxş olan, mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdə olan və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşayan tərəfin həmin binada yaşamaları gələcəkdə məhz onun üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.
35. Məhkəmə bildirir ki, İddiaçı MMC-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərinə uyğundur, kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən köhnə binaların sökülərək yerində yeni binaların tikilməsinin gecikdirilməsi onun əlavə maliyyə itkilərinə məruz qalması ilə nəticələnə və həmin binada yaşayan digər sakinlərin də yeni mənzilə dair gözlənti hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər.
36. Belə ki, iddiaçı tərəfindən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırki cavabdehin mübahisəli mənzili ilə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 38% (54,98 m2-61,9 m2=23,08 m2) artıq sahəsi olan mənzil hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən iddaçı ilə razılaşmaması onun hüquqdan suiistifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehin əmlaka görə MMC-dən əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürmələrində ifadə olunur.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır.
38. Belə ki, göründüyü kimi İddiaçı MMC ilə binanın digər sakinləri arasında bağlanmış və məhkəməyə təqdim edilmiş müqavilələrə əsasən iddiaçı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 15 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçəsilərinin kəsişməsindəki 2438-ci məhəllədə yerləşən binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada razılaşdırılmış mənzilləri bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçilərə mülkiyyətinə verməyi, mülkiyyətçilər isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, mənzillərini MMC-yə təhvil verməyi öhdələrinə götüblər. Hazırda müqavilələr binanın digər sakinləri tərəfindən icra edilsə də, tərəflər müvafiq razılıq əldə etməməsi səbəbindən onların hüquqları pozulmuş və onların yeni mənzillə təmin edilməsi prosesi uzanmışdır.
39. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş).
40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan əmlak müqabilində ona ədalətli, 38% (54,98 m2-61,9 m2=23,08 m2) artıq, təmirli mənzil təklif edilmişdir bu səbəbdən iddia tələbi əsaslıdır və təmin edilməlidir.
Məhkəmə baxışının hədləri:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
42. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
43. Məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
44. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən köhnə yaşayış binasında 61,9 kv.m sahəsi olan iki otaqlı 11 saylı mənzil sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilii yaşayış binasının "F" blokunun 7-ci mərtəbəsində 84,98 kv.m. sahəsi olan 33 saylı iki otaqlı təmirli mənzil verilməli, yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh və onun ailə üzvləri söküləcək mənzildən çıxarılmalıdır.
45. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən köhnə yaşayış binasında 61,9 kv.m sahəsi olan iki otaqlı 11 saylı mənzil sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilii yaşayış binasının "F" blokunun 7-ci mərtəbəsində 84,98 kv.m. sahəsi olan 33 saylı iki otaqlı təmirli mənzil verilsin. Yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh və onun ailə üzvləri söküləcək mənzildən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova