Məhkəmə qərarları › İş №e-2(007)-2974/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2974/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2974/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 214.23 manat, faiz borcu üzrə 17.02 manat, cəmi 231.25 manat borcun, o cümlədən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, artıq ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə aralarında xx.xx.2023-cü il tarixli, CO0131724 saylı tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilə bağlanmışdır. Müqavilənin 6.5-ci bəndində qeyd edilir: Müştəri bu müqaviləni imzalamaqla tam karta dair bu müqavilənin 6.4-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq standart şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərin 1.11-ci bəndində qeyd edilir: Texniki overdraft - Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti Texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka əsas borc üzrə 214.23 manat, faiz borcu üzrə 17.02 manat, cəmi 231.25 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 49.29 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-18467/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

İş materialları :

3. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış “Tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair “ xx.xx.2023-cü il tarixli, CO0131724 nömrəli müqaviləyə əsasən müəyyən olunur ki, tərəflər cavabdehin adına birtərəflə tam kart ödəniş kartının buraxılmasına, tam kart vasitsəilə hesablaşmaların aparılması üçün müxtəlif valyutada kart hesabının açılmasına, tam kartdan istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılmasına, tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə dair xüsusi şərtlər barədə razılığa gəlmişlər.

4. “Bank kartının sifarişinə dair ərizə”dən görünür ki, Cavabdeh "xxxx" ASC-yə etibarlılıq müddəti 5 il olmaqla, kart verilməsini xahiş etmişdir.

5. xx.xx.2024-cü il tarixli, “Əsassız varlanmanı əks etdirən” arayışdan görünür ki, əsassız varlanmaya səbəb olan məbləğ-229.23 manat, cəmi ödənilmiş məbləğ-15 manat, əsassız varlanmaya səbəb olan qalıq məbləğ-214.23 manat, hesablanmış faiz (30%)- 13.39 manat, hesablanmış faiz (5%)-3.63 manat, əsassız varlanmaya səbəb olan cəmi məbləğ-231.25 manatdır. Hüquqi əsasə olmadan xx.xx.2023-cü il tarixdə 2.44 manat, xx.xx.2023-cü il tarixdə 1.00 manat, xx.xx.2023-cü il tarixdə 11.02 manat, xx.xx.2024-cü il tarixdə 8.01 və xx.xx.2024-cü il tarixdə 6.01 manat və 200.75 manat kart hesabının qalığından artıq məbləğdə əməliyyat olmuş, hüquqi əsası olmadan hesabdan çıxarılmış vəsaitdən xx.xx.2023-cü il tarixdə 15.00 manat ödəniş olmuşdur.

6. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış ******************** saylı hesab üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixədək dövri əhatə edən çıxarışdan görünür ki, kart üzrə kredit məbləği 326.94 manat təşkil etmiş, kartdan 541.17 manat xərclənmiş və qalıq borc məbləği -214.23 manatdır.

7. İddiaçı "xxxx" ASC tərəfindən “Fiziki şəxslərə bank xidmətlərin göstərilməsinə dair Standart Şərtlər” əlavə edilmişdir.

8. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə kart hesabının qalığından artıq məbləğdə əməliyyat apararaq, ona aid olmayan 214.23 manat məbləğində vəsaitdən istifadə etməsi, buna görə də əsas və buna müvafiq olaraq faiz borcu yaranması bildirilmişdir. Öhdəliyi 5 gün ərzində yerinə yetirmədiyi təqdirdə tərəflərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəmə qərarının çıxarılmasının xahiş olunacağı bildirilmişdir.

9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 49.29 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları :

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

12. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış “Tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair“ xx.xx.2023-cü il tarixli, CO0131724 nömrəli müqavilənin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı olan iddia tələbini cavabdehin ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitindən istifadə etməsi nəticəsində yaranmış borcun cavabdeh tərəfindən ödənilməməsi ilə əsaslandırmışdır.

17. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

18. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

19. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

20. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış “Tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair“ xx.xx.2023-cü il tarixli, CO0131724 nömrəli müqaviləyə əsasən tərəflər cavabdehin adına birtərəflə tam kart ödəniş kartının buraxılmasına, tam kart vasitsəilə hesablaşmaların aparılması üçün müxtəlif valyutada kart hesabının açılmasına, tam kartdan istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılmasına, tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə dair xüsusi şərtlər barədə razılığa gəlmişlər. iddiaçı tərəfindən caavbdehə 5 il müddətinə 326.94 manat məbləğində kredit limiti ayrılmışdır.

21. Belə olan halda iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin bank hesabı müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilməli və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək iddiaçının iddia tələbinin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmadığını yoxlanılmalıdır.

22. İddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə əsassız varlanmaya əsaslanan tələbi əsassız edir.

23. Mülki qanunvericiliyə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür (Mülki Məcəllə maddə 954.1.).

24. Həmin Məcəllənin 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.

25. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdehə açılmış kart hesabı üzrə kredit xəttinin limiti 326.94 manat olmasına baxmayaraq, cavabdeh tərəfindən hesab üzrə 541.17 manat məbləğində əməliyyat həyata keçirilmiş və nəticədə -214.23 manat hesab üzrə borc yaranmışdır.

26. Tərəflər arasında İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış “Tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair “ xx.xx.2023-cü il tarixli, CO0131724 nömrəli müqavilənin 6.4-cü bəndində qeyd edilir ki, müçtəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, “tam kart cashback debet” məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş sonuncu tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə, habelə Standart Şərtlərin 27-ci bəndində əks olunan tam kart bölməsinin tam kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanışdır və ona aşağıdakı sadalanan məsələlər barədə məlumat verilmişdir :6.4.1. tam kartdan istifadə qaydası və şərtləri, o cümlədən cashback əməliyyatları, xidmət haqqı və tariflər, tam kartla aparılan əməliyyatlar üzrə limitlər, onların dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftın kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi...

27. Müqavilənin 6.5-ci bəndində qeyd edilir ki, müştəri bu müqaviləni imzalamaqla tam karta dair bu müqavilənin 6.4-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq standart şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir.

28. “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərin” 1.11-ci bəndində qeyd edilir ki, texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır.

29. Həmin Standart şərtlərin 18.5.10-cu maddəsinə əsasən müştərinin ABB qarşısında, habelə məcburi ödənişlər və rüsumlarla bağlı dövlət qarşısında hər hansı öhdəliyi olduqda, kart hesabından və müştərinin ABB-dəki digər hesablarından ödəniş kartından/əlavə kartdan istifadə edilməklə aparılmış əməliyyatların məbləğlərini, Texniki overdraft üzrə borc məbləğlərini, ABB-nin Tariflərinə uyğun olaraq komisyon haqları Ödəniş kartından istifadə (eləcə də ABB-nin kartının ləğv edilməsi, bloklaşdırılması və.s) ilə bağlı ABB-nin çəkdiyi faktiki xərclərin məbləğlərini, Kart hesabından istifadə nəticəsində ABB-yə dəyən zərəri və bütün növ maliyyə itkilərini, sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini (cashback, xallar, millər, bonuslar və s.) Müştərinin hesablarından akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək və/və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün Kart hesabında/Hesabda olan pul vəsaitlərini bloklaşdırmaq; Müştərinin müvafiq öhdəlikləri Kart hesabının valyutasından fərqli valyutada olduqda, Kart hesabındakı vəsaitlər Müştəriyə məlumat verilmədən ABB-nin həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək Kart hesabından silinir.

30. Həmin Standart şərtlərin 18.5.23-cü maddəsinə əsasən texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğini artırmaq, kredit xətti mövcud deyilsə, başlanılma (Texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin etmək "xxxx" ASC-nin hüququdur.

31. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh kart hesabı üzrə ona ayrılmış limitdən artıq istifadə etmiş və nəticədə texniki overdraft yaranmışdır.

32. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kart hesabında (********************) 0.26 manat vəsait olduğu halda hesabdan xx.xx.2023-cü il tarixdə 2.70 manat, xx.xx.2023-cü il tarixdə 1.00 manat, xx.xx.2023-cü il tarixdə 11.02 manat, xx.xx.2024-cü il tarixdə, 8.01, 6.01 və 200.75 manat vəsait silinmişdir. Beləliklə, müştəri özünün olmayan 229.23 manat məbləği istifadə etmişdir. xx.xx.2023-cü il tarixində 15 manat vəsait ödəniş edilmiş və ödənilmiş vəsait texniki overdraftdan silinmişdir və cavabdehə texniki overdraft krediti açılmışdır.

33. Mülki Məcəllənin 960.2-ci maddəsinə əsasən tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

35. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağlanmış müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

36. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

37. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

38. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tam kart hesabı üzrə 229.23 manat məbləğində limitdən artıq əməliyyat icra edilmiş və cəmi 15 manat ödəniş edilmişdir. Belə olan halda iddiaçı "xxxx" ASC-nin cavabdehdən əsas borc üzrə 214.23 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslıdır.

39. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, CO0131724 nömrəli “tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair” müqavilənin 1.11-ci bəndində nəzərdə tutulmuşdur ki, texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır.

40. Məhkəmə tərəfindən tədqiq edilən iddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək kreditdən istifadəyə görə hesablanmış 13.39 manat faiz borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 3.63 manat faiz borcu hesablanmışdır.

41. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, CO0131724 nömrəli “tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair” müqavilə və texniki overdraft kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borc 214.23 manat, 13.39 manat faiz borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 3.63 manat faiz borcu olmaqla, cəmi 231.25 manat məbləğində pul vəsaitinin tutulması tələbini əsaslıdır.

42. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 49.29 manat məbləğində dövlət rüsumu ödəmişdir.

43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.

44. İş materiallarından görünür ki, iddiaçı tərəfindən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq məbləğdə dövlət rüsumu ödənilmişdir.

45. Buna görə də məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30.00 manat məbləğində pul vəsaiti və 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

46. Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 19.29 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır.

Nəticə :

47. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, 214.23 manat əsas borc, 17.02 manat faiz borcu olmaqla, cəmi 231.25 manat pul vəsaiti və ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.

48. Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 19.29 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 214.23 manat əsas borc, 17.02 manat faiz borcu olmaqla, cəmi 231.25 manat pul vəsaiti və ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 19.29 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar