Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-298/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv. metrdən ibarət D.11.6 saylı mənzilinin hər kv.metri 900 manat olmaqla cəmi 88.650 manata tikərək müqavilə bağlandığı andan 17 ay müddətinə ona təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2018ci il tarixli 0490 saylı müqavilənin icraçının vəzifələri: bölümünün 2.2.1-ci maddəsinə əsasən çoxmərtəbəli yasayış kompleksini müqavilə bağlandığı andan etibarən 17 ay müddətinə təhvil veriləcəyini öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə görə bina xx.xx.2019-cu ildə hazır olmalı və mənzili ona təhvil verilməli idi. Onun tərəfindən müqaviləyə əlavə edilmiş 1 saylı əlavəyə əsasən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. xx.xx.2020-ci il tarixli MA-0486 saylı Maliyyə Arayışına əsasən 88.650 AZN pul tam ödənilmiş, cavabdehə heç bir borcunun qalmaması göstərilmişdir. Artıq 2 il keçməsinə baxmayaraq cavabdeh müqavilə öhdəliklərini icra etmir. Müqavilə öhdəliklərini icra etməməsi nəticəsində ona ziyan dəymişdir. Hər ay 1000 manat kirayə haqqını ödəməli olmuşdur. Müqavilə öhdəliyini yerinə yetirməməsi və mənzilinin onun istifadəsinə verilməməsi səbəbindən ümumilikdə 24.000 manatdan çox kirayə pulu ödəmişdir. Dəfələrlə cavabdeh təşkilata gedib-gəlmişdir. Hər dəfə müxtəlif bəhalərlə onu yola salmışlar. Psixoloji sarsıntı keçirmişdir. Son vaxtlar cavabdehin haqqında kütləvi informasiya vasitələrində çoxsaylı insanları aldatması ilə bağlı məlumatlar yer almışdır. Cavabdeh tikilməkdə olan binanın mənzillərinin sahiblərinə qarşı müxtəlif qanunsuz hərəkətlər edirlər. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi qismən, kirayə haqqı ilə bağlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəsini almış 14 mart 2023-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon icra şöbəsinə göndərilmişdir. İcra vərəqəsi icra edilməsi üçün icra məmuru Zaur müəllimə həvalə edilmişdir. Cavabdehin tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixdən müqavilə şərtinə əməl edilmədiyindən əldən çıxmış faydaya görə hər ay ona 600 (altı yüz) manatdan olmaqla, cəmi 12.000 manat və öhdəlik icra olunanadək hər ay 600 manat, mənəvi zərərə görə 5000 manat, vəkilə ödənilmiş 110 manat, ödənilmiş dövlət rüsumuna 150 manat pulun alınıb verilməsinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi, 20 iyun 2020-ci il tarixdən müqavilə şərtinə əməl edilmədiyindən əldən çıxmış faydaya görə hər ay ona 600 (altı yüz) manatdan olmaqla cəmi 12000 (on iki min) manat və öhdəlik icra olunanadək hər ay 600 manat, mənəvi zərərə görə 5000 manat, vəkilə ödənilmiş 110 manat, ödənilmiş dövlət rüsumuna görə 150 manat pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, müqavilə bağlanan zaman orada iştirak etmişdir. Müqavilədə tikintinin başa çatma müddəti göstərilməmiş, o, bunun düzəldilməsini xahiş etmiş, bundan sonra müqavilə dəyişdirilmiş və möhürlənmişdir. Pulu isə nağd şəkildə ödəmişlər. Müqavilə icra edilməmişdir. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, bu məsələ əvvəllər birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsində müzakirə olunmuşdur. Ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində bu dəfələrlə müzakirə olunmuşdur. İddia əsassızdır və qəti şəkildə rədd olunmalıdır. Binanın tikintisi bitmişdir. İddaçı yaxınlaşaraq müqavilənin icrasını təmin edə bilər. Bu iddia əvvəl də yuxarı instansiyada ləğv edilmişdi. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(007)-359/2022 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə pul” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi qismən, kirayə haqqı ilə bağlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. - 20 dekabr 2018-ci il tarixli, 0409 nömrəli, sifarişçi İddiaçı ilə icraçı Cavabdeh MMC arasında bağlanmış müqavilənin surətindən görünür ki, müqavilənin predmeti ümumi sahəsi 98.5 kv. metr olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki yaşayış kompleksində yerləşən D.11.6 saylı mənzildir və müqavilənin qiyməti hər kv. metr üçün 900 (doqquz yüz) manat olmaqla, 886580 (səksən səkkiz min altı yüz əlli) manatdır. Müqavilə üzrə son ödəniş tarixi 20 dekabr 2019-cu il olmuşdur. Müqavilənin 2.2.1-ci bəndində göstərilmişdir ki, çoxmərtəbəli yaşayış kompleksini müqavilə bağlandığı andan etibarən 17 ay müddətinə təhvil vermək icraçının vəzifəsidir. - 03 fevral 2020-ci il tarixli, MA-0486 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə, İddiaçı arasında imzalanmış 0490 nömrəli, xx.xx.2018-ci il tarixli “Daxili Kredit” müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində tikilməkdə olan D bloku, D.11.6 nömrəli mənzil üçün mövcud 88.650 (səksən səkkiz min altı yüz əlli) AZN borc xx.xx.2019-cu il tarixində tam ödənilmişdir. xx.xx.2019-cu il tarixindən iddiaçının heç bir borcu olmamışdır. - xx.xx.2018-ci il tarixli, 0490 saylı Müqaviləyə 1 nömrəli Əlavənin surətindən görünür ki, ümumilikdə 88.650 (səksən səkkiz min altı yüz əlli) məbləğdə pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş və iddiaçının müqavilə üzrə heç bir borcu qalmamışdır. - Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 25 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, 02 iyun 2023-cü il tarixli məlumatından və 02 iyun 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1668/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə imzalanmış 0490 nömrəli müqaviləyə əsasən cavabdeh (İcraçı) Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “D” blokunun 11-ci mərtəbəsində yerləşən sahəsi 98.5 kv.m olan, 3 otaqlı, D.11.6 nömrəli mənzili hər kv.metrinin qiyməti 900 manat olmaqla cəmi 88650 manat müqabilində iddiaçıya (Sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən, icraçı, çoxmərtəbəli yaşayış kompleksini müqavilə bağlandığı andan etibarən 17 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 1.4 və 3.2-ci bəndlərinə müvafiq olaraq müqavilə qiymətinin 50000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 38650 manat hissəsi isə 12 ay müddətində, hər ay 3221 manat olmaqla, 20 dekabr 2019-cu il tarixədək ödənilməli olmuşdur. Müqavilənin 5.2-ci maddəsinə əsasən, mənzil qrafik üzrə ödənişlər başa çatdıqdan sonra 1 ay müddətində təhvil verilməli olmuşdur. Sifarişçi olaraq müqaviləyə əsasən iddiaçı üzərinə düşən ödəmə öhdəliyini tam olaraq razılaşdırılmış müddətdə vaxtında yerinə yetirmişdir və tam təmirli mənzilin dəyəri olan 88650 manat məbləği zamanında cavabdehə ödəmişdir. Lakin, Cavabdeh MMC isə müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək hazırkı vaxtadək binanın “D” blokunun inşasını başa çatdırmamış və aldığı mənzili zamanında iddiaçıya təhvil verməmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022ci il tarixli, 2(007)-359/2022 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə pul” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi qismən, kirayə haqqı ilə bağlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda isə iddiaçı, müqavilə şərtlərinə əməl edilmədiyi üçün əldən çıxmış faydanın, öhdəlik icra olunana qədər 600 manat pul vəsaitinin və mənəvi zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6-cı maddəsinə əsasən əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2.1-ci maddəsinə əsasən bunun heç bir nəticə verməyəcəyi aydın olduqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023cü il tarixli, 2(103)-1668/2023 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “...Kollegiya qeyd edir ki, tərəflər arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 20 dekabr 2018-ci il tarixli bağlanmış müqavilədə cavabdehin bina hazır olana kimi iddiaçıya kirayə haqqı ödəməsi şərti nəzərdə tutulmamışdır...Bununla da məlum olur ki, rayon məhkəməsi iddia tələbini kirayə haqqı ilə bağlı hissədə təmin etməkdə haqlı olmamışdır, çünki tərəflər arasında bağlanmış müqavilədə cavabdehin belə bir öhdəliyi müəyyən olunmamışdır. Bundan başqa, iddiaçının həmin tələbi əldən çıxmış fayda olaraq zərər kimi də mövcud deyildir, çünki məhkəmə kollegiyasının iclasında tərəflər hər ikisi təsdiq etmişlər ki, iddiaçının bir kvadrat metri 900 manatla aldığı mənzilin, hazırda bazar dəyəri artaraq bir kv.m-nin 1500 manat olmuşdur. Demək ki, iddiaçıya zərər dəyməmişdir. İlk öncə, hazırkı iddia tələbinin “əldən çıxmış faydaya görə hər ay 600 manat olmaqla cəmi 12.000 manat pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında əldən çıxmış faydaya görə pul vəsaitinin ödənilməsinin nəzərdə tutulması artıq əvvəlki məhkəmə mübahisəsində araşdırılmış və sübuta yetirilməmişdir. Belə olan halda, hazırkı halda iddia tələbinin həmin hissədə təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “öhdəlik icra olunanadək hər ay 600 manat pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, artıq bununla bağlı məhkəmə qətnaməsi mövcuddur, belə ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində öhdəlik icra olunanadək 600 manat kirayə haqqı hissəsində iddia təmin edilsə də, həmin hissədə iddia Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Hazırkı məhkəmə araşdırması zamanı isə iddiaçının mənzil ona təhvil verilənədək hər ay 600 manat pul vəsaitini eyni məqsədlə tələb etməsi (iddia tələbində bunu kirayə haqqı olaraq tələb etdiyini göstərməsə də) məlum olmuşdur, buna görə də iddia həmin hissədə də əsassız olduğundan rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddia tələbinin “dəymiş 5.000 manat mənəvi zərərin tələb edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin tələb əsas iddia tələbindən törəmə tələbdir, maddi ziyan hissəsində iddia tələbi sübuta yetirilmədiyi halda, mənəvi ziyan hissəsində də iddia tələbi təmin edilə bilməz. O cümlədən, iddiaçı özünə mənəvi ziyan vurulmasına dair (hansı mənəvi sarsıntı və iztirablar keçirməsini və.s) məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dаir iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dаir iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-298/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-298/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver