Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3059/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı2, İddiaçı1 və İddiaçı2 qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 X5 mülkiyyətində olmuşdur. X12 16 mart 2021-ci il tarixdə vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, o, 9 aprel 2014-cü il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda vəsiyyət yazmış, vəsiyyətə əsasən, ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmiş, 26 may 2022-ci il tarixdə Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən Cavabdeh2 yuxarıda qeyd olunan mənzil üçün ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Miras qoyanın Cavabdeh2 başqa, qanun üzrə Cavabdeh3, X18, X16 adlı vərəsələri də olmuşdur. Qanun üzrə vərəsələrdən olan X16 ilə İddiaçı2 arasında 05 iyul 1979-cu il tarixində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında 464880 №-si ilə nikah qeydiyyata alınmışdır. X1 ölümünə qədər qüvvədə olmuş, onlar birgə ailə təsərrüfatı aparmış və birgə nikahlarından xx.xx.1992-ci ildə 2-ci İddiaçı1 doğulmuşdur. Qanun üzrə vərəsələrdən olan Telman Xankişiyev 27 fevral 2010cu il tarixində vəfat etdiyindən, onun məcburi pay hüququ iddiaçıya (həyat yoldaşı İddiaçı2) və birgə nikahdan doğulmuş övladı İddiaçı1 keçmişdir. Hesab edirlər ki, vərəsəlik hüququnun müəyyən edilməsi zamanı cavabdehlər tərəfindən vərəsəlik hüquqları pozulmuşdur. Məsələ ilə bağlı məhkəmənin diqqətinə çatdırır ki, o, (İddiaçı2) X16 ilə ailə qurduğu 05 iyul 1979-cu il tarixdən ünvan 1 ünvanına gəlin köçmüş və oraya qeydiyyata düşmüş, Telmanın vəfatına qədər həmin mənzildə yaşayaraq, birgə təsərrüfatla məşğul olmuşdur. Telman 27 fevral 2010-cu ildə vəfat etdikdən sonra evdə ona və övladına (digər iddiaçı) qarşı münasibət dəyişdi, 1979-cu ildən gəlin köçərək yaşadığı evdə müxtəlif təzyiqlərə məruz qaldılar, mənzildə yaşamaq hüquqları olmasına baxmayaraq, edilən təzyiqlərə, göstərilən münasibətə dözməyək oğlu ilə birlikdə həmin evdən çıxmaq məcburiyyətində qalmışlar. Başqa sözlə ifadə edəsi olsalar evdən qovulmuşlar. Bu vəziyyət onları çox sarsıtdı. Vərəsəlik məsələsi ilə bağlı baş verənlərdən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8 ünvanında yerləşən 15 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə çağırıldıqları zaman xəbərləri olmuşdur. Belə ki, vəsiyyətnamə olmasından, mənzildə məcburi pay hüquqları olmasından iddia ərizəsi onlara gəldikdən sonra vəkilə müraciət etdikləri vaxt xəbər tutmuşlar. Evdən qovulduqdan sonra heç kimlə əlaqə saxlaya bilmədiklərindən ailədə olanlardan məlumatsız qalmışlar. Vərəsəlik açılması ilə əlaqədar onlara məlumat verən olmamışdır. Vəkil onlara izah etdi ki, “həmin mənzildə yaşasaydınız vərəsəliyi faktiki olaraq qəbul etmiş sayılırdız”. İndi başa düşürlər ki, nə üçün həyat yoldaşı vəfat etdikdən sonra onları mənzildən qovub, ailədən təcrid etdilər. Məqsəd onlara aid olan məcburi payı ələ keçirmək imiş. Ümumiyyətlə qeyd edir ki, Azərbaycanda çoxları kimi onların da şəxs öldüyü zaman miras əmlakın qəbulu ilə bağlı notariusa müraciət edilməli olmasından məlumatı olmayıb. Belə bir hüquqları olmasını sonradan bilmişlər. Görünən odur ki, həyat yoldaşının qardaş və bacısı məqsədli şəkildə onları mənzildən çıxararaq Telmanın vərəsələri olaraq onların haqqını yeyiblər, necə deyərlər “yetimin payına göz dikiblər”. O da onlara məlum oldu ki, vərəsəliyin açılması üçün müraciət edilməli olmasını bilməsələr də vərəsəliyin açılması üçün müraciət edən şəxs və notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Onlara isə bu barədə heç kim məlumat verməmişdir. Belə ki, Bakı şəhəri 50 saylı notariat kontoruna xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavaba əlavə edilmiş sənədlərdən görünür ki, 9 aprel 2014-cü ildə X12 həmin kontorda vəsiyyət yazmışdır. Vəsiyyətə əsasən, ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Həmçinin o da görünür ki, xx.xx.2021-ci ildə X19 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması, xx.xx.2021-ci ildə Cavabdeh2 vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması haqqında ərizə ilə Bakı şəhəri 50 saylı notariat kontoruna müraciət etmişlər. Onlar ərizələrində vərəsə olaraq özlərindən başqa, X10, mərhum qardaşları oğlu X6 məcburi paya malik olması barədə qeyd etsələr də, notariat ofisi vərəsələrin dairəsini müəyyən etmək üçün heç bir cəhd göstərməmiş, digər vərəsələrə məlumat verməmişdir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə şəhadətnamə verərkən məcburi pay hüququ olan vərəsələrə xəbər vermək, onları çağırmaq, axtarışı üzrə tədbir görmək, onların olub-olmamasını aydınlaşdırmaq öhdəliyi qanunla notariat orqanının üzərinə öhdəlik olaraq qoyulmuşdur. X5, ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etməsi, digər oğlu mərhum X6 vərəsələrinin həmin əmlakdan məcburi pay almaq hüquqlarını istisna etmir. Qeyd edilən mənzildə vərəsələrin hər birinin payı müəyyənləşdirilərkən vəsiyyətnamədən kənarda qalan qanun üzrə vərəsə mərhum X3 vərəsələrinin də qanun üzrə vərəsə kimi payları nəzərə alınmalı idi. Qeyd olunanlardan göründüyü kimi Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən miras qoyan şəxslər barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, bilinən vərəsələrə o cümlədən onlara məlumat verilməmiş, yalnız cavabdeh vərəsələrin ərizəsi ilə kifayətlənərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da notarius tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300, 1318-ci maddələrinin tələbləri, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması haqında” Təlimatın tələbləri pozulmuş, nəticədə digər vərəsələr, o cümlədən iş üzrə biz (iddiaçılar) miras əmlakdan məhrum olmuşlar. Notariat ofisinin digər iki cavabdehlər barəsində vəsiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qüvvədə olması, bunun əsasında 26 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsi mirasın qəbulu üçün müraciətin müsbət nəticələnməsinə mane olacaq. Çünki, notariusun öz şəhadətnaməsini ləğv etmək kimi səlahiyyəti yoxdur. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 8 saylı evin, 15 saylı mənzili ilə bağlı notariat ofisi tərəfindən Cavabdeh3 verilmiş məcburi paya vərəsəlik hüququ haqqında 02 noyabr 2021-ci il tarixli, Cavabdeh2 verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 03 noyabr 2021-ci il tarixli şəhadətnamələrin etibarsız sayılması, onların əsasında verilmiş 26 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras əmlaka iddiaçılar İddiaçı2 və İddiaçı1 məcburi paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsinə etirazla müraciət edərək etirazında göstərmişdir ki, iddiaçıların iddia tələbi tamamilə qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzili əvvəllər atası X7 məxsus olmuşdur. X32 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, müraciətinə əsasən mərhum atasının mirası üzrə 50 saylı notariat kontorunda vərəsəlik işi açılmış və X32 tərəfindən 09 aprel 2014-cü il tarixdə, 50 saylı notariat kontorunda adına rəsmiləşdirilmiş vəsiyyətnamə və bacısı X19 ilə bağlanılmış “Miras qalmış əmlakdan çatası payın əvəzinə kompensasiyanın verilməsi barədə” Müqavilə əsasında 50 saylı notariat kontorundan ona xx.xx.2021-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir ki, həmin şəhadətnamə əsasında da onun mənzil üzərində mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İddiaçıların hazırki iddia tələbinin tam əsassız və qanunsuz olduğunu hesab edərək qeyd etmək istəyir ki, iddia ərizələrində də qeyd etdikləri kimi, iddiaçılar İddiaçı2 və İddiaçı1 əvvəllər onlarla eyni mənzildə yaşasalar da, qardaşı (İddiaçı2 həyat yoldaşı, İddiaçı1 atası) X16 27 fevral 2010-cu il tarixdə vəfat etdikdən sonra iddiaçılar özlərinə aid bütün əşyaları da aparmaqla, hazırda mülkiyyətində olan mənzildən köçüb, daimi yaşamaq üçün Biləcəri qəsəbəsi ərazisində yerləşən, özlərinə məxsus olan fərdi yaşayış evinə köçüb getmişlər ki, onlar hal-hazırda da həmin ünvanda yaşamaqla, bir daha onların mənzilinə qayıtmamış və həmin vaxtdan bir gün olsun belə mənzildə onlarla birlikdə yaşamamışlar. Həm iddiaçıların iddia ərizəsində qeyd edilənlərdən, həm də, tərəflərindən məhkəməyə təqdim edilmiş (Qonşuların Aktı və Arayış) sənədlərdən də göründüyü kimi, onlar 2010-cu ilin fevral ayında, Telman Xankişiyev vəfat etdikdən sonra mənzildən köçüb getmişlər və bir daha qayıdıb mənzildə yaşamadıqlarından xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 qalan mirası da qəbul etməmişlər. İddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında bildirmişdir ki, onlar iddiaçılar olaraq qeyd olunan mənzildən köçdüklərini inkar etmirlər, səbəbi isə Mədinə xanımın ərinin vəfat etməsi və iddiaçının qaynatası və dayısının isə onları mənzildən çıxarmaları olmuşdur. Bundan başqa, iddiaçı evdən özü könüllü çıxası olsaydı, əvvəlcədən çıxardı, yoldaşının vəfat etməsi və övladının təhsil aldığı dönəmdə çıxmazdı. Buna görə də ədalətli araşdırma aparılmasını xahiş edirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib, etirazında göstərdikləri ilə eyni məzmunlu izahat vermiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, etirazda göstərdikləri ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mənzil cavabdeh Fazilin atasına məxsus olub. Notariat kontoruna müraciət etmiş və vəsiyyətnamə nəzərə alınmaqla, 11.500 manat Xalidə kompensasiya almaqla, mənzil Fazilin adına keçirilmişdir. Miras qəbulunun iki forması var, tərəf heç bir vasitədən istifadə etməmişdir. İddiaçı Mədinə xanım isə 2010-cu ildə özü Biləcəri qəsəbəsinə köçmüşdür. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, qeyd olunan mənzil onun qardaşı Fazilin adınadır. Atası vəsiyyət edəndə onun adı vəsiyyətnamədə qeyd edilməmiş, sadəcə Fazilə vəsiyyət edilmişdir. Fazil indiki zamanda da, mənzilə getmək istədikdə dava-dalaş salır və onun Fazillə münasibəti yaxşı deyil. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, o, Fazilin qonşusudur. Mədinə və Natiq, Fazilin yaşadığı ünvanda 2010-cu ilədək yaşayıblar. İndi isə orada yaşamırlar. Mədinə, onun mərhum yoldaşı Telman, qayınanası və qayınatası birlikdə yaşamışlar. Təxminən 2010 ya da 2011-ci ildə Mədinənin yoldaşı rəhmətə getdikdən sonra, sonuncu oradan köçmüşdür. Həmin vaxt, o, qonşusundan hər hansı dava-dalaş səsi eşitməmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, Fazilin qonşusudur. Mədinəgil qeyd olunan ünvanda yoldaşı rəhmətə gedənədək yaşamışlar. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, 1995-ci ildən bəri Fazilgilin qonşusudur. Fazilgil çox hörmətli qonşu olublar. Telman rəhmətə gedəndən sonra eşitmişdir ki, Mədinəgil Biləcəri qəsəbəsində ev tikdirirlər, Mirzəni isə taxta-tuxta yığıb oradan aparanda görmüşdür. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş Yüzbaşev Aslan Əbdül-Hüseyn oğlu ifadəsində bildirmişdir ki, 1963-cü ildən Mirzə ilə qonşudurlar. O, hamını tanıyır. Mədinəgil Telman rəhmətə gedəndən sonra evdən çıxıblar. Mirzə vəfat edəndən sonra Mədinəgili görməmişdir. Lakin, Telman özü rəhmətə gedəndən sonra Natiqi 2-3 dəfə məhəllədə görmüşdür. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Fazillə qonşu binada yaşayır. Telmanla o, dost olmuşdur. Telman vəfat edəndən sonra Mədinəgili məhəllədə görməmişdir, cəmi bir dəfə Natiqi görmüşdür. O, Biləcəriyə Mədinəgil ev tikdirən zaman taxta aparmışdır, həmin evi də bildiyinə görə, Mirzə tikdirmişdir. Oraya taxta aparmalarını rəhmətlik Mirzə ona demişdir. Məhkəmə iclasında Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, o, 1992-ci ildən Fazilgilin binasının 2-ci mərtəbəsində yaşayır. Mədinəgil təxminən 10 il bundan əvvəl Telman rəhmətə getdikdən sonra köçüblər və Biləcəridə evləri olduğunu deyirdilər. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməməyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nizami MKTB-nin 28 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 454 nömrəli arayışından görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. İddiaçı2 və onun oğlu İddiaçı1 qonşuların aktına əsasən 2011-ci ilin mart ayından həmin mənzildən köçüb getmişlər və həmin mənzildə yaşamırlar. - ЖГ seriyalı 464880 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X17 arasında xx.xx.1991-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1117 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Xankişiyeva soyadı verilmişdir. - xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 186634 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə Nizami rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 376 nömrə ilə qeyd edilmişdir. - AZ-T seriyalı 160618 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1958-ci ildə doğulmuşdur, atası X14, anası X2r. - AZ seriyalı 002850 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1961-ci ildə doğulmuşdur, atası X14, anası X2r. - AZ seriyalı 251198 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1971-ci ildə doğulmuşdur, atası X14, anası X2r. - AZ-İ seriyalı 400079 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cu ildə ölmüşdür. Bu barədə Nizami rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 163 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri 50 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, X12 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmişdir. - Bakı şəhəri 50 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh2dur və o, miras əmlakdan 7/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X7 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilidir. Miras əmlakın 1/8 hissəsinə Cavabdeh3 Zilfəli qızına məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Bakı şəhəri 50 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh2dur və o, miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X7 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilidir. Miras əmlakın 7/8 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzili Cavabdeh2 tam payda xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı2 qayınatası X5 mülkiyyətində olmuşdur. X12 16 mart 2021-ci il tarixdə vəfat etmişdir. 09 aprel 2014-cü il tarixdə Mirzə Xankişiyev Bakı şəhəri 50 saylı notariat kontorunda vəsiyyət yazmış, vəsiyyətə əsasən, özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmiş, 26 may 2022-ci il tarixdə Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən Cavabdeh2 yuxarıda qeyd olunan mənzil üçün ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qanun üzrə vərəsələrdən olan İddiaçı2 əri X16 ilə İddiaçı2 arasında 05 iyul 1979-cu il tarixində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında 464880 №-si ilə nikah qeydiyyata alınmışdır. X1 ölümünə qədər qüvvədə olmuş, onlar birgə ailə təsərrüfatı aparmış və birgə nikahlarından xx.xx.1992-ci ildə 2-ci İddiaçı1 doğulmuşdur. Qanun üzrə vərəsələrdən olan Telman Xankişiyev 27 fevral 2010cu il tarixində vəfat etmişdir. 09 aprel 2014-cü ildə X12 vəsiyyətnamə əsasında ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Hazırda iddiaçılar, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 8 saylı evin, 15 saylı mənzili ilə bağlı notariat ofisi tərəfindən Cavabdeh3 verilmiş məcburi paya vərəsəlik hüququ haqqında 02 noyabr 2021-ci il tarixli, Cavabdeh2 verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 03 noyabr 2021-ci il tarixli şəhadətnamələrin etibarsız sayılması, onların əsasında verilmiş 26 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras əmlaka iddiaçılar İddiaçı2 və İddiaçı1 məcburi paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014cü il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. Qanunvericiliyin mənasından görünür ki, birinci növbəli vərəsələrin mirasdan məcburi pay tələb etmək hüququ onun miras açıldığı an sağ olması ilə şərtləndirilir. Hazırkı işin faktiki halları ilə isə müəyyən edilir ki, İddiaçı2 əri X16 (xx.xx.2021-ci ildə vəfat etmiş miras qoyan X5 övladı) xx.xx.2010-cu ildə, yəni mirasın açıldığı andan 11 il əvvəl vəfat etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçıların “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-3059/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3059/2023
27.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver