Məhkəmə qərarları › İş №e-2(007)-3061/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3061/2023

29.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3061/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X6 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-752/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X1 ödənilmədən ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, adıçəkilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələri ilə cavabdehin mübahisəli mənzildə yaşamaması, özünə başqa yaşayış yeri seçməsi, mənzillə bağlı ehtiyacının aradan qalxması müəyyən edilmişdir. MM-in: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X5 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. X2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilmiş, Cavabdeh1 isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil Ərazi Dairəsi, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 57, mənzil 11 ünvanında qeydiyyatdadır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X9 və X5 mübahisəli mənzildə istifadə hüququnun olmadığı müəyyən edildiyindən və olmayan hüquqa xitam verilməsi mümkün olmadığından hazırkı iddianın məqsədi həmin şəxsləri mənzildən qeydiyyatdan çıxartmaqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. İddia ərizəsindən görünür ki, iddiaçıya məxsus mənzildə xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X8 formal olaraq qeydiyyatdadırlar və onlar həmin mənzildə yaşamırlar. İddiaçının hazırkı tələblə müraciət etməkdə məqsədi onları mübahisəli mənzildən qeydiyyatdan çıxarmaqdır. Belə olan halda, onların qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, hazırki ərizə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, həmin müraciətə cavab almadıqda və ya imtina cavabını aldıqda mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Bundan başqa, Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 108-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir; 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir; 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi barədə qəbz aşkar olunsa da, qeyd edilən dövlət rüsumu xx.xx.2023-cü il tarixdə (qəbz nömərəsi: **********) məhkəmənin icraatında olmuş 2(007)-2968/2023 saylı iş üzrə ödənilmişdir. Nəticədə, iddiaçı iddia ərizəsinə görə dövlət rüsumunu qanunla müəyyən edilmiş qaydada ödəməmişdir. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, aidiyyatı üzrə müvafiq orqana müraciət etməlidir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar