Məhkəmə qərarları › İş №e-2(007)-3074/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3074/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3074/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə qoşma qismində əlavə etdiyi müqavilələr əsasında Cavabdeh MMC-nin ona və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu bacısı Ə.Fidana borclu olduğu cəmi 22422 (iyirmi iki min dörd yüz iyirmi iki) manat məbləğində pul öhdəliyinin cavabdehdən tutularaq onların xeyirlərinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə onunla (İddiaçı2), eləcə də etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu bacısı İddiaçı1 arasında 2024-2025-ci illər ərzində bir neçə “tikiş xidməti” və “satınalma şərti ilə icarə” müqavilələri bağlanmışdır. Belə ki, tikiş xidməti müqavilələrinə əsasən, həmin müqavilələr üzrə icraçı olan cavabdeh, sifarişləri əsasında tikiş xidmətləri göstərərək səhnə və şou kostyumlarını hazır etməklə onlara təhvil vermiş, daha sonra buna müvafiq olaraq aralarında “satınalma şərti ilə icarə” müqavilələri bağlanmışdır. Bu müqavilələrə əsasən, hazırlanmış səhnə və şou kostyumları tərəflərindən cavabdehə icarəyə verilmiş, müqavilənin müddəti başa çatdıqda müqavilə predmetinin şərtləşdirilmiş məbləğ qarşılığında icarəçi tərəfindən satın alınacağı razılaşdırılmışdır. Məsələ ilə bağlı məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, cavabdehlə ilk müqavilələr (tikiş xidməti müqaviləsi və satınalma şərti ilə icarə müqaviləsi) 2024-cü ilin iyul ayında bağlanmışdır (Sonradan yeni müqavilələr bağlandığı üçün həmin müqavilə cavabdehə təhvil verildiyindən ərizəsinə qoşma kimi əlavə etməyi mümkün olmamışdır). Belə ki, tikiş xidməti müqaviləsi əsasında cavabdehə 5000 (beş min) manat ödəniş etmiş, qarşılığında hazırlanan səhnə və şou kostyumlarını hər ay 573 (beş yüz yetmiş üç) manat ödəməsi (həmçinin sonda həmin kostyumları 5000 manata alması) şərtilə cavabdehə icarəyə vermişəm. İlk 6 ay ödənişlər icra olunsa da, yanvar ayında kostyumların satın alınması üçün müvafiq məbləği təqdim edə bilməyəcəyini cavabdehin qanuni nümayəndəsi ona yeni müqavilə bağlanmasını təklif etdi. Nəticədə, bu barədə razılığa gələrək cavabdehə tikiş xidmətləri üçün 2200 manat əlavə ödəniş etmiş və xx.xx.2025-ci il tarixdə TM0327/2025 nömrəli tikiş xidməti müqaviləsi və İM0327/2025 nömrəli satınalma şərti ilə icarə müqaviləsi bağlamışlar. Sözügedən icarə müqaviləsi əsasında isə hazırlanmış kostyumların aylıq 504 (beş yüz dörd) manat icarə haqqı ödənilməsi şərtilə 12 aylıq müddətə icarəyə verilməsinə dair razılıq əldə edilmişdir. Lakin həmin müqavilə üzrə cavabdeh aylıq pul öhdəliklərini cəmi 3024 (üç min iyirmi dörd) manat (mart, aprel, may, iyun, iyul ayları üzrə) olmaqla bugünədək icra etməmişdir. Həmçinin sözügedən müqavilənin 2.2-ci bəndinə əsasən, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 %-i miqdarında əlavə ödəniş etməlidir. Beləliklə, cavabdehin gecikdirilmiş günlər üçün (mart ayı üzrə 7 avqust 2025-ci il tarixədək 129 gün, aprel ayı üzrə 99 gün, may ayı üzrə 68 gün, iyun ayı üzrə 38 gün, iyul ayı 7 gün olmaqla) cəmi 1718,64 (bir min yeddi yüz on səkkiz, altmış dörd) manat əlavə ödəniş öhdəliyi də mövcuddur. Bunun nəticəsində, qeyd etdiyim müqavilə üzrə xx.xx.2025-ci il tarixədək cavabdehin ona ümumilikdə 4742 (dörd min yeddi yüz qırx iki) manat borcu yaranmışdır. Bundan əlavə, cavabdehlə digər tikiş xidməti müqaviləsi isə xx.xx.2025-ci il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğum bacım İddiaçı1 ilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehlə 3 ay müddətinə aylıq 931 (doqquz yüz otuz) manat olmaqla yeni icarə müqaviləsi bağlanmış, müqavilə müddətinin sonunda müqavilə predmetinin 6650 (altı min altı yüz əlli) manat dəyərində satın alınacağına dair razılıq əldə olunmuşdur. Lakin cavabdeh aprel-iyun ayları ərzində cəmi 2793 (iki min yeddi yüz doxsan üç) manat icarə və 6650 (altı min altı yüz əlli) manat satınalma haqqı olmaqla cəmi 9443 (doqquz min dörd yüz qırx üç) ödənişi icra etməmişdir. Əlavə olaraq qeyd edir ki, gecikdirilmiş günlərə görə xx.xx.2025-ci il tarixədək (aprel ayı üzrə bu günədək 99 gün, may ayı üzrə 68 gün, iyun ayı üzrə 38 gün olmaqla) cəmi 1908,55 (bir min doqquz yüz səkkiz, əlli beş) manat əlavə ödəniş olunmalıdır. Odur ki, sözügedən müqavilə üzrə cəmi pul öhdəliyi 11351 (on bir min üç yüz əlli bir) manat təşkil edir. Cavabdehlə Ə.Fidan arasında digər iki müqavilə isə xx.xx.2024-cü il tarixdə bağlanmışdır. TM0223/2024 nömrəli tikiş xidməti müqaviləsi əsasında 4800 (dörd min səkkiz yüz) manat sifariş haqqı qarşılığında hazırlanmış kostyumlar İM0223/2024 nömrəli icarə müqaviləsi əsasında 6 aylıq müddətə hər ay 400 (dörd yüz) manat icarə haqqı ödənilməsi və müqavilənin müddəti başa çatdıqda 4800 (dörd min səkkiz yüz) manata satın alınması şərtilə icarəyə verilmişdir. Noyabr-fevral ayları üzrə ödəniş icra olunsa da, mart və aprel ayları ərzində ödənilməli olan 800 (səkkiz yüz) manat məbləğində icarə haqqı və 4800 (dörd min səkkiz yüz) manat məbləğində satınalma dəyəri – ümumilikdə 5600 (beş min altı yüz) manat pul öhdəliyi cavabdeh tərəfindən tamamlanmamışdır. Habelə gecikdirilmiş günlərə görə (mart ayı üzrə 129 gün, aprel ayı üzrə bu günədək 99 gün olmaqla) cəmi 912 (doqquz yüz on iki) manat əlavə ödəniş cavabdeh tərəfindən icra edilməlidir. Yuxarıda qeyd olunanlara və müqavilələrə əsasən, Cavabdeh MMC-nin mənə və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu bacısı Ə.Fidana cəmi 22422 (iyirmi iki min dörd yüz iyirmi iki) manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə ödənişlərin icra olunması ilə bağlı tərəflərindən müraciətlər edilsə də, həmin müraciətlər nəticəsiz qalmış, öhdəliyin icra ediləcəyi barədə vədlər verilsə də, hər hansı bir ödəniş icra olunmamışdır. Son zamanlarda isə cavabdehin nümayəndəsi ilə əlaqə yaratmağa çalışsalar da, zəng və mesajlarına cavab belə verilməmişdir. Bu baxımdan, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi zəruri hesab etməklə müvafiq iddia tələbi ilə çıxış edirlər. Həmçinin ərizəyə sübut və aidiyyəti sənədlər qismində “Obraz Company – Yatırımçılar” adlı WhatsApp qrupunda cavabdehin nümayəndəsi ilə müqavilələr üzrə öhdəliklərin icrasına dair olan söhbətlərin məzmunu, ödəniş qəbzlərinin, eləcə də şəxsiyyət vəsiqələrinin surətinin əlavə edilməsi nəzərdə tutulsa da, elektron məhkəmə sisteminin faylların həcminə qoyduğu tələbə və yüklədiyi zaman yekun imzalama prosesini başa çatdıra bilmədiyinə görə həmin sübutların məhkəməyə əyani şəkildə tərəfindən təqdim ediləcəyi nəzərdə tutulmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, digər iddiaçı bacısıdır. 2024-cü il 08 iyul tarixində cavabdeh tərəfin rəhbəri ilə müqavilə imzalamış, Rəhbərin qardaşı olan icraçı direktor da orada olmuşdur. Müqavilənin şərti bundan ibarətdir ki, onlar cavabdehdən səhnə mallarını alır, sonra onlara icarəyə verir və sonda həmin məhsulları cavabdeh tərəf satın alır. 08 iyul 2024-cü il tarixində o, ilk olaraq 5000 manat məbləğində ödəniş etmiş və müqavilə imzalamışlar. Müqavilədə akt üzrə tikiş xidməti və satınalma qeyd edilmişdir, onlar ona hər ay 573 manat icarə haqqı ödəyirdilər və 6 ayın sonunda ödədiyi 5000 manatı ona geri qaytarırlar. xx.xx.2024-cü il tarixli müqavilə üzrə yanvar ayına kimi bütün məbləğ ödənilmiş, sadəcə müqavilə bitəndə o, öz cibindən 2200 manat məbləğ üzərinə qoyub yeni müqavilə bağlamışlar. xx.xx.2024-cü il tarixli müqavilə üzrə problem yoxdur. Müqavilələr vaxt keçdikcə dəyişilmiş, faizlər aşağı düşmüş, 14 faiz vergiyə tutulandan sonra ona ayda 573 manat vermiş, avqust və sentyabr ayında ödənişlər vaxtında edildiyi üçün sentyabr ayında bacısı Fidanın adına digər müqavilə imzalamışlar. xx.xx.2024-cü il tarixində Fidanın adına bir müqavilə də imzalamış və onların ümumilikdə 3 müqavilələri olmuş, sonuncu müqavilə də xx.xx.2025-ci ildə olmuşdur. Fidanın adına olan sentyabrda bağlanılan müqavilə üzrə 4 ay olmaqla, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar olmaqla ödəniş edilib, 2 ayın ödənişi qalmış, ona görə də yanvar, fevral tarixləri üzrə olan bütün gecikmələri də mart ayında olan müqavilənin üstünə gəlmişlər. Sentyabrda bağlanılan müqavilə mart ayında bitir. Bundan sonra xx.xx.2025-ci il tarixində 1 illik müqavilə imzalamış, həmin müqavilə üzrə ödəniş edilməmiş, məsələ də ondan ibarətdir ki, axırıncı ödəniş yanvar ayında olmuşdur. Bacısı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə noyabr, dekabr ayları üzrə ödəniş edilmişdir. Yanvar ayının və fevral ayının ödənişi qalmışdır. 3 müqavilə üzrə gecikmələri mart ayında bağladıqları müqavilənin üzərinə gəlmişlər. Mart ayına qədər bütün ödənişlər edilib, köhnə ödənişlərlə bağlı problem yoxdur. Eyni zamanda bildirdi ki, onlar cavabdeh tərəflə müqaviləni bağladıqları zaman cavabdeh tərəf malların təhvil alınmasına dair aktın olmalı olduğu barəsində onlara bildirməmişdir. O, cavabdeh tərəfdən Orxan bəylə danışmış, Orxan bəy ona bildirmişdir ki, dekabr ayında ödəniş etməyi düşünürlər, əgər cavabdehin vəkilinin dediyi kimi cavabdehlə aralarında akt yoxdursa, o zaman nəyə görə cavabdeh tərəfin nümayəndəsi Orxan bəy onlara zəng edərək ödəniş edəcəklərini bildirdi? Ümumi olaraq, onlara ayrıayrılıqda cavabdeh tərəfindən 12 dəfə ödəniş edilib. İddiaçılara olaraq onlarla cavabdehin arasında 2024-cü ilin iyun ayının 11-də 5000 manatlıq müqavilə bağlanılıb, o müqavilə üzrə ödənişlərin hamısı ödənilib. Ödənişlər Fidan xanımın ayrı-ayrı hesablarına ödənilib. Belə ki, Orxan bəyin “M10” hesabından Fidan xanımın "xxxx" ASC, "xxxx" ASC, “M10” hesablarına ödəniş edilib. Aralarında bağlanılmış 08 yanvar 2025-ci il tarixli müqavilənin 2.1-ci bəndində vergi ilə bağlı məsələyə aydınlıq göstirilmişdir. Belə ki, müqavilənin maddəsindən aydın olur ki, vergi daxil olmadan 504 manat ödəniş onlara edilməlidir, vergi məbləğini isə cavabdeh özü ödəməlidir. Onlar müqavilə bağladıqları zaman cavabdeh onlara müəyyən edilmiş məbləği ödəyəcəklərinə dair imza edirlər. Əgər cavabdeh tərəf malları təhvil almırsa niyə müqaviləyə imza edirlər? Malların kim tərəfindən hazırlandığını bilmir. “Laçın” Ticarət Mərkəzinin arxasında cavabdeh tərəfin sexi var idi, həmin sexdə o olmuşdur, onların 5 tikiş maşını var idi, sexdə dərzilər, müxtəlif kostyumlar da var idi, bu ilin yanvar ayında isə cavabdeh tərəfin Əhmədlidə yeni açdıqları ofislərinə getmişdir, ofisin içərisində işçilər var idi, ofis iki mərtəbəli idi ,qabağında şirkətin reklamı var idi. O, malları cədvəl ilə sayıb götürməmişdir. Qarşı tərəfdən onlara bildirirdilər ki, kloun kostyumlarını qeyd etsinlər, onlara o lazımdır, ancaq sırf konkret malın kimə aid olduğunu qeyd etmirdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında icarə münasibətlərinə dair müqavilə və malların siyahısı var, ancaq bu malların cavabdeh tərəfə təhvil verməsini təsdiq edən akt yoxdur, bu məsələ bir qırağa qalsa, iddia tələbində icarə haqqı tələbi qoyulsa da, icarə haqqının ödənilməsi zamanı 14 faiz vergi məsələsi hesablama zamanı nəzərə alınmayıb və tənasübsüz qaydada hesablanıb. İddiaçı tərəfə müəyyən ödənişlər edilib. Bir az ödənişlərdə qarışıqlıq olub, ola bilsin ödənişlər səhv olunub. Ödənişlərin məbləğindən də görünür ki, ödəniş edilərkən vergi ilə bağlı olan məbləğlər çıxılmayıb. Cavabdeh tərəf aylıq ödənişi verəndə icarə haqqını çıxmalı idilər. Hesablama zamanı vergi məsələsi nəzərə alınmalı idi. Müqavilə çox olduğu üçün qarışıqlıq olub, ola bilsin ki, ödənişlər səhv edilib. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM0233/2024 saylı “Tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 4800 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir. - İddiaçı1 ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli TM0233/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən və xx.xx.2024-cü il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, 4800 manat dəyərində 9 adda, 9 ədəd geyim əşyası sifarişlə tikilmişdir. “Sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli TM0233/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı1 bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 4800 manat dəyərində olan 9 ədəd, 9 adda geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir. - İddiaçı1 ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli TM0233/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılması icarəçinin öhdəliyindədir. İcarə müddətinin sonunda tərəflər icarə müddətinin uzadılması barədə razılığa gəlməsələr, icarəçi icarə predmetini bu müqavilədə nəzərdə tutulmuş qaydada satın almağı öhdəsinə götürür. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 400 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 6 ay müəyyən olunur. - İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli TM040/2025 saylı “Tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 6650 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir. - İddiaçı1 ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli TM040/2025 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən və xx.xx.2025-ci il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, 10000 manat dəyərində 20 adda, 31 ədəd geyim əşyası sifarişlə tikilmişdir. “Sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli TM040/2025 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı1 bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 6650 manat dəyərində olan 16 ədəd, 11 adda geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir. - İddiaçı1 ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli İM040/2025 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılması icarəçinin öhdəliyindədir. İcarə müddətinin sonunda tərəflər icarə müddətinin uzadılması barədə razılığa gəlməsələr, icarəçi icarə predmetini bu müqavilədə nəzərdə tutulmuş qaydada satın almağı öhdəsinə götürür. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 931 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 3 ay müəyyən olunur. - İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli TM0327/2025 saylı “Tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 7200 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir. - İddiaçı2 ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli TM0327/2025 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən və xx.xx.2025-ci il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, 7200 manat dəyərində 24 adda, 13 ədəd geyim əşyası sifarişlə tikilmişdir. “Sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli TM0327/2025 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı2 bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 7200 manat dəyərində olan 13 ədəd, 24 adda geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir. - İddiaçı2 ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli TM0327/2025 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılması icarəçinin öhdəliyindədir. İcarə müddətinin sonunda tərəflər icarə müddətinin uzadılması barədə razılığa gəlməsələr, icarəçi icarə predmetini bu müqavilədə nəzərdə tutulmuş qaydada satın almağı öhdəsinə götürür. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 504 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur. - İş materiallarına ödəniş qəbzləri əlavə edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, icarəyə verən İddiaçı1 ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM0233/2024 saylı “Tikiş xidməti müqaviləsi” və “satınalma şərti ilə icarə” müqaviləsi, xx.xx.2025-ci il tarixli TM040/2025 saylı “Tikiş xidməti müqaviləsi” və “satınalma şərti ilə icarə” müqavilələrinə əsasən icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən səhnə və şou kostyumlarının (bundan sonra “icarə predmeti”) İcarəçiyə icarəyə verir. İcarəçi isə bunun müqabilində Müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə Müqavilələrinin 1.4-ci bəndinə əsasən icarə müddətinin sonunda tərəflər icarə müddətinin uzadılması barədə razılığa gəlməsələr, icarəçi icarə predmetini bu müqavilədə nəzərdə tutulmuş qaydada satın almağı öhdəsinə götürür. Həmin Müqavilələrin 2.1-ci bəndində icarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 931 manat və 400 manat təşkil etməsi müəyyən edilmişdir. Həmçinin müqavilələrin 3.1-ci və 3.2-ci bəndinə əsasən müqavilələrin müddəti 6 ay və 3 ay müəyyən olunmuşdur və müqaviləyə nəzərdə tutulmuş müddət bitmədən müqaviləyə xitam verilə bilməz. İcarəyə verən İddiaçı2 ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli TM0327/2025 saylı “Tikiş xidməti müqaviləsi” “satınalma şərti ilə icarə” müqavilələrinə əsasən icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 1.4-ci bəndinə əsasən icarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. Müqavilənin 2.1-ci bəndində icarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 504 manat təşkil etməsi müəyyən edilmiş və həmin müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, icarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Həmçinin müqavilənin 3.1-ci və 3.2-ci bəndinə əsasən müqavilənin müddəti 12 ay müəyyən olunmuşdur və müqaviləyə nəzərdə tutulmuş müddət bitmədən müqaviləyə xitam verilə bilməz. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqdaisə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsini İ bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir, həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçılar tərəfindən Cavabdeh MMC-yə qarşı “22422 manat pul vəsaitinin tutulması” tələbi tərəflər arasında bağlanmış “satınalma şərti ilə icarə müqaviləsi” üzrə icarə haqqlarının ödənilməməsi ilə əsaslandırılmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir (“Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından qanunvericilikdə qadağan olmayan bir çox müqavilənin ünsürlərini özündə əks etdirən müqavilə münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından qanunvericilikdə qadağan olmayan bir çox müqavilənin ünsürlərini özündə əks etdirən müqavilə münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. İşin müəyyən edilmiş faktiki halı odur ki, tərəflər arasında razılaşma odur ki, iddiaçılar tərəfindən müəyyən hissəsini (50-100%-ni) gəlir olaraq əldə etmək şərtilə yatırım qoyulur, cavabdeh isə qoyulan yatırımı hər ay razılaşdırılmış gəlir ilə birlikdə iddiaçıya geri qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında əldə edilmiş razılığın rəsmilləşdirilmiş forması isə belə olmuşdur ki, eyni gündə tərəflər arasında bağlanmış “tikiş xidməti müqaviləsi”nə əsasən hazır şou kostyumları və ya dekor ləvazimatları cavabdeh tərəfindən iddiaçıya təhvil verilir, daha sonra isə eyni gündə bağlanmış “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən isə iddiaçı tərəfindən cavabdehdən təhvil alınmış şou kostyumları və ya dekor ləvazimatları cavabdehə icarəyə verilir və cavabdeh tərəfindən iddiaçıya icarə haqqı verilir və verilmiş icarə haqqının yarısı isə satınalma dəyərinə hesablanaraq sonda icarə predmetləri cavabdeh tərəfindən satın alınmış olur. Yəni cavabdeh pul vəsaiti cəlb etmək üçün faktiki olaraq öz hazırladığı məhsulu iddiaçıya satmış, daha sonra isə iddiaçıdan həmin məhsulu dəyərini razılaşdırılmış gəlir ilə birlikdə hissə-hissə ödəməklə satın almışdır. Müqavilə münasibətlərinə daxil olarkən iddiaçıların məqsədi gəlir əldə etmək, cavabdehin məqsədi isə pul vəsaiti cəlb etməklə fəaliyyət göstərmək, fəaliyyətini genişləndirmək olmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq məhkəmə tərəfindən ilk öncə tərəflər arasında bağlanılmış müqavilələrin etibarlılığı yoxlanılmış və müəyyən edilmişdir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmışdır. Belə ki, məhkəmə tərəfindən cavabdehin realda qeyd edildiyi kimi şou kostyumlarının, dekor ləvazimatlarının kirayəsi, satışı və fəaliyyət göstəribgöstərmədiyini aydınlaşdırmaq üçün cavabdehin rəsmi internet səhifəsinə məhkəmə iclasında baxış keçirilmiş və qeyd edilən hallar öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı izahatında bildirmişdir ki, onun tərəfindən cavabdeh ilə müqavilə münasibətlərinə daxil olmamışdan öncə cavabdehin fəaliyyət göstərdiyi ünvana baxış keçirmiş, onun fəaliyyəti, tikiş sexi ilə tanış olmuş, həmçinin müqavilədə qeyd edilən şou kostyumlar görmüşdür. Məhkəmə qeyd edir ki, işin faktiki halı odur ki, tərəflər azad bazar iqtisadiyyatı şəraitində, müqavilə azadlığı prinsipi çərçivəsində bir neçə müqavilənin ünsürlərini özündə əks etdiriən müqavilə münasibətlərinə daxil olmuşlar. Yəni faktiki olaraq pul vəsaitini investisiya olaraq qoymuş, həmin pul vəsaiti hesabına cavabdeh öz fəaliyyətini təşkil etmiş, səhnə və şou kostyumlarını tikmiş, həmin kostyumları icarəyə vermiş və ya satışını həyata keçirmiş həmçinin həmin kostyumlardan istifadə etməklə gəlir əldə etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “tikiş xidmət müqaviləsi” özündə podrat müqaviləsinin ünsürlərini əks etdirsə də, hazırki mülki iş üzrə faktiki olaraq iddiaçıların xidmətin nəticəsinə mülkiyyət hüququ əldə etməyə marağı olmamış, faktiki olaraq mülkiyyət ona keçməmiş, həmin məhsullar eyni gündə onun tərəfindən cavabdehə icarəyə verilmişdir. “Satınalma şərtilə icarə müqaviləsi” isə özündə icarə müqaviləsi ilə alqı-satqı müqaviləsinin ünsürlərini əks etdirsə də, hazırki mülki iş üzrə icarə müqaviləsindən fərqli olaraq icarə müddətinin sonunda icarəçi tərəfindən icarə predmetinin satın alınma şərti, nisyə alqı-satqı müqaviləsindən fərqli olaraq isə ödənilmiş aylıq icarə haqqlarının yarısının satınalma dəyəri olaraq, yarısının isə gəlir olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, mülki dövriyyənin iştirakçıları təcrübədə bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq lazımi qaydada yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu, tərəflərin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan qarşılıqlı güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, bağlamaq istədikləri əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. ola bilər. Odur ki, tərəflər arasında bağlanmış müqavilənin icarə müqaviləsi adlandırılması bu əqdin etibarsız hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Mübahisə olduqda müqavilənin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yalnışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır. Mülki Məcəlləyə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (MM, 404.1 və 404.2-ci maddələr) Beləliklə, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində müqavilə münasibətlərinə daxil olmaqla, müqavilədə hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Tərəflər arasında əldə edilmiş razılaşma isə ondan ibarət olmuşdur ki, cavabdeh “satınalma şərtilə icarə müqaviləsi”nin predmetini təşkil edən məhsullara görə iddiaçılara hər ay (hər bir müqavilə üzrə icarə müddəti fərqlidir) sabit məbləğ (hər müqavilə üzrə fərqli məbləğ) ödəməli və həmin ödənilən məbləğin isə yarısı satınalma dəyərini, yarısı isə əldə edilmiş razılıq üzrə iddiaçılara ödənilməli olan, iddiaçılar tərəfindən qoyulan yatırım üzrə əldə etməli olduğu məbləği təşkil etmişdir. Məhkəmə qeyd edir ki, hazır ki mülki işin cavabdehin vəkil və nümayəndəsi tərəfindən mübahisələndirilən və məhkəmə tərəfindən qiymət verilməli olan halları iddiaçı tərəfindən cavabdehdən alınmış məhsulların cavabdehə təhvil verilib-verilməməsidir. Belə ki, cavabdehin vəkil və nümayəndəsi bildirmişdir ki, iş materiallarında cavabdeh tərəfindən məhsulların iddiaçıya təhvil verilməsinə dair akt olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin məhsulların cavabdehə təhvil verilməsini təsdiq edən akt yoxdur. İlk növbədə qeyd edilməlidir ki, cavabdehin vəkil və nümayəndəsinin iddiaçı tərəfindən məhsulların cavabdehə təhvil verilməsini təsdiq edən akt olmamasına dair bildirdikləri tərəflər arasında yaranmış müqavilə münasibətlərinin xarakteri nəzərə alındıqda ağlabatan olmamaqla, məsuliyyətdən yayınmağa çalışmaq üçün verilmiş izahat olaraq qiymətləndirilməlidir. Ona görə ağlabatan deyildir ki, sual yaranır ki, “satınalma şərti ilə icarə müqaviləsi”nə uyğun olaraq cavabdehə təhvil verməyəcək idisə tərəflər arasında bağlanılmış “tikiş xidməti müqaviləsi”nin predmetini təşkil edən şou kostyumlarını satın almaq iddiaçıya nə üçün lazım idi. Məhkəmə qeyd edir ki, hazırki mülki işin faktiki halları (cavabdehin həyata keçirdiyi fəaliyyət, müqavilələrin eyni gündə bağlanılması, yaranmış müqavilə münasibətlərinin xarakteri, cavabdeh tərəfindən həyata keçirilən ödənişlər vəd.) nəzərə alındıqda qeyd edilən halı (təhvil verilməmə) sübut etmə yükü cavabdehin üzərinə düşür. Həmçinin adıçəkilən müqavilələr üzrə müəyyən aylar üzrə ödənişlər edilmişdir. Məhkəmə icarə haqqı ödənişi edildiyi halda, cavabdehin nümayəndəsi və vəkilinin icarə obyektlərinin cavabdehə təhvil verilməməsi ilə bağlı mövqeyini əsassız hesab edir, əgər həmin əşyalar həqiqətən cəmiyyətə təhvil verilməsə idi, icarə ödənişlərinin edilməməsi səbəbi əşyaların ümumiyyətlə təhvil verilməməsi olardı. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməməsi, ödənişlərin həyata keçirilməməsi müqavilənin əhəmiyyətli dərəcədə pozuntusu olaraq qiymətləndirilməlidir. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçıların cavabdeh ilə müqavilə münasibətlərinə daxil olmasının əsasını həyata keçirilməli olan ödənişlər təşkil edir. Həmin ödənişlərin həyata keçirilməməsi isə iddiaçıları müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum edir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş “müqavilədə nəzərdə tutulmuş müddət bitmədən müqaviləyə xitam verilə bilməz” şərtinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, bu şərt Mülki Məcəlləyə zidd olduğundan etibarlı hesab edilə bilməz. Cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən və məhkəmə icraatı zamanı öhdəliyin yaxın vaxtlarda icra edilməsi ehtimalının az olduğu müəyyən edildiyindən məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hər iki tərəfin izahatına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə münasibətləri hazırki mülki iş üzrə təqdim edilmiş müqavilələrdən daha öncə yaranmış, aralarında bağlanmış başqa müqavilələr olmuşdur ki, onlar cavabdeh tərəfindən icra edilib qurtarmışdır. Belə olan halda cavabdeh tərəfindən təqdim edilən qəbzlərin hansı müqavilə üzrə ödənilməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. İddiaçılar tərəfindən bildirilən isə o, olmuşdur ki, hazırki mülki iş üzrə təqdim edilmiş müqavilələrdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2 ay, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 6 ay, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3 ay ödəniş olmamışdır. Cavabdeh tərəfindən isə bunu əksini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, Cavabdeh MMC xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə bağlanmış icarə müqavilələri üzrə öhdəliklərini icra etmədiyindən iddiaçıların tələbi əsasında cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə vergilər daxil olmadan icarə haqqı olaraq mart və aprel ayları üçün müqavilədə nəzərədə tutulmuş icarə haqqı 800 manat (400x2), xx.xx.2025-ci il tarixli müqavilə üzrə vergilər daxil olmadan icarə haqqı olaraq aprel, may iyun ayları üçün müqavilədə nəzərədə tutulmuş icarə haqqı 2793 manat (3x991) məbləğində pul tutularaq İddiaçı1, xx.xx.2025-ci il tarixli müqavilə üzrə mart, aprel, may, iyun, iyul və avqust ayları üçün müqavilədə nəzərədə tutulmuş icarə haqqı 3024 manat (504x6) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməlidir. Eyni zamanda cavabdeh xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrin şərtlərinə əməl etməyərək icarə haqqını vaxtında ödəməmişdir. Bu səbəbdən icarə predmeti olan əşyalar icarəçi tərəfindən satın alınmış hesab edilir və müqaviləyə və 1 saylı əlavəyə uyğun olaraq müəyyənləşdirilmiş onların dəyəri olan 4800 manat və 6650 manat cavabdehdən İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “icarə haqqlarının gecikdirilməsinə görə pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə müəyən ayların icarə haqqı üzrə ödənişlər ödənilsə də, bəzi aylar ödənişlər edilməmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Bu səbəbdən müqavilə müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanmış, tərəflər arasında bağlanmış adıçəkilən müqavilənin 2.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğinin 1 faiz miqdarında əlavə ödəniş etməli olması müəyyən edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 912 manat miqdarında cərimə pulu 800 manat məbləğinə uyğun deyil və həmin məbləğ azaldılaraq 40 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1718,64 manat miqdarında cərimə pulu 3024 manat məbləğinə uyğun deyil və həmin məbləğ azaldılaraq 150 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1908,55 manat miqdarında cərimə pulu 2793 manat məbləğinə uyğun deyil və həmin məbləğ azaldılaraq 130 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı1 və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, İM 0233/2024 saylı müqavilə üzrə 2 ay üzrə ödənilməmiş icarə haqqı kimi 800 manat pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 40 manat əlavə ödəniş, icarə predmetinin satınalma dəyəri olan 4800 manat məbləğində pul, İddiaçı1 və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, İM 040/2025 saylı müqavilə üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 2793 manat pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 130 manat əlavə ödəniş, icarə predmetinin satınalma dəyəri olan 6650 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməli, İddiaçı2 və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, İM 0327/2025 saylı müqavilə üzrə 3024 manat pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 150 manat əlavə ödəniş Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı2 tərəfindən 158 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş həmin dövlət rüsumunun 145,16 manatı cavabdehdən İddiaçı2 xeyrinə tutulmalı, 12,84 manatı isə iddiaçıya aid edilməlidir Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı1 və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, İM 0233/2024 saylı müqavilə üzrə 2 ay üzrə ödənilməmiş icarə haqqı kimi 800 manat pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 40 manat əlavə ödəniş, icarə predmetinin satınalma dəyəri olan 4800 manat məbləğində pul, İddiaçı1 və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, İM 040/2025 saylı müqavilə üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 2793 manat pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 130 manat əlavə ödəniş, icarə predmetinin satınalma dəyəri olan 6650 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. İddiaçı2 və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, İM 0327/2025 saylı müqavilə üzrə 3024 manat pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 150 manat əlavə ödəniş və ödənilmiş 145,16 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar