Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3133/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə2, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək müqaviləsi əsasında Cavabdeh MMC-də sürücü vəzifəsində işləyib. 21 iyun 2024-cü il tarixində cavabdeh heç bir əsas olmadan T1484-24 № li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verib. Müraciət etməyinə baxmayaraq cavabdeh onunla əmək müqaviləsinə xitam verilməsinə əsas kimi göstərilmiş araşdırma materialları ilə tanış olmağına imkan verməyib. O, aralarında yaranmış mübahisənin mediasiya vasitəsi ilə həllinə çalışsa da, cavabdeh onun pozulmuş hüquqlarını bərpa etməkdən imtina edib. Hesab edir ki, cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını kobud şəkildə pozur. Buna görə də, onun pozumuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmayıb. Qeyd edilənlərə əsasən 21 iyun 2024-cü il tarixi T1484-24 №-li əmrin ləğv edilməsi, onun işə bərpa edilməyi, bütün məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı, 50 (əlli) manat məbləğində mediaya xərci və 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh MMC-dən alınaraq ona verilməsi haqqında qətnamə edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin Nümayəndə1 xx.xx.2024-cü ildə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının tələbi əsassızdır. İlk növbədə işin faktiki hallarına nəzər salınsa, Şirkətin 21 iyun 2024-cü il tarixli, T1484-24 nömrəli əmri haqlı olaraq verdiyini görülər. Belə ki, İddiaçı 24 iyul 2019-cu il tarixində ASL781 nömrəli “Əmək Müqaviləsi” əsasında Şirkətdə “yük maşını sürücüsü” vəzifəsinə qəbul olub. Həmin Müqavilənin 1 nömrəli Əlavəsinə əsasən, işçinin vəzifə funksiyalarına aid olan öhdəliklərdən biri yük maşınlarının idarə edilməsi olub. Nəzərə çatdırmaq istəyirlər ki, Şirkətin iddiaçı barəsində 21 iyun 2024-cü il tarixli, T1484-24 nömrəli əmri verməsinin əsasında iddiaçının Şirkət əmlakını tamah məqsədilə talaması faktı dayanır. Belə ki, Şirkətin Lökbatan rayonu ərazisində yerləşən Logistika və Distribusiya mərkəzində yük maşını sürücüsü vəzifəsində çalışan bir qrup işçisi: Orucov Vüsal, Xəlilov Orxan, Şirəliyev Orxan, İddiaçı, Hüseynov Nicad, Salamov Əsail, Allahverdizadə Rahib, Əhmədov Rauf tərəfindən öz vəzifə funksiyalarını icra edərkən Şirkət tərəfindən onlara vəzifələrinin icrası məqsədilə həvalə edilən yük maşınlarının çənindən Şirkət hesabına alınmış yanacağı mənimsəyərək üçüncü şəxslərə satmaları faktı aşkarlanıb. Həmin işçilər Şirkətin müxtəlif regionlarda yerləşən marketlərinə məhsul çatdırılmasını icra edərkən gizli olaraq əlavə maddi qazanc əldə etmək üçün yanacaq satmağı planlayıb və yanacaq satmağı planladıqları şəxslərlə öncədən təyin edilmiş müvafiq görüşmə yerlərinə və yanacaq doldurma məntəqələrinə gedərək, sözügedən mənimsəmə əməlini törədiblər. Həmin faktlar ilk növbədə Şirkətin yanacaq hesablaması sistemində olan çatışmazlıq nəticəsində, daha sonra isə Şirkətin “GPS.AZ” şirkəti (bundan sonra “Podratçı”) ilə olan xidmət müqaviləsinə əsasən, podratçının yük maşınlarına quraşdırdığı nəzarət sistemi vasitəsilə müəyyən edilib. Belə ki, Şirkətdə sözügedən işçilərin idarəsində olan yük avtomobillərinin çənində yanacağın normadan az olması faktı aşkarlanıb, və bu səbəbdən, müvafiq işçilərin gediş-gəlişinə nəzarət artırılıb. Podratçının proqram izləmə pəncərisindən sürücülərin idarə etdikləri yük maşınlarının trayektoriyası izlənməyə başlanıb. İzləmə zamanı məlum olub ki, sürücülər məhsulların müvafiq mağazalara çatdırılması üçün əvvəlcədən təyin olunmuş trayektoriyadan dəfələrlə kənara çıxaraq mütəmadi şəkildə naməlum bir obyektin ərazisinə daxil olurlar. Daha sonra sürücülərin daxil olduqları ərazilər podratçının proqramı vasitəsi ilə geozonaya alınıb və Şirkət əməkdaşları tərəfindən fiziki olaraq sözügedən dayanma nöqtəsinə (obyektə) yerində baxış keçirilib. Baxış nəticəsində məlum olub ki, həmin ərazidə fiziki şəxslər tərəfindən yanacaq alğı-satqısı həyata keçirilir. Qeyd etmək istəyirlər ki, iddiaçı Bakı-Ələt-Qazax-Gürcüstan yolunda yerləşən dayanma nöqtəsində (naməlum ərazi) sözügedən hadisəni törədib. Bundan əlavə, naməlum əraziyə daxil olan sürücülər Şirkətə dəvət olunub, onlara araşdırma materialları-podratçının proqramı vasitəsilə Şirkətə məxsus nəqliyyat vasitəsinin hərəkəti zamanı müvafiq əraziyə daxil olmaları və həmin ərazilərin şəkilləri göstərilib, dəvət olunan sürücülərin bir çoxu etdikləri mənimsəməni izahatlarında etiraf edərək öz imzaları ilə təsdiq ediblər (həmin izahatlar etiraza əlavə edilir). Lakin yalnız İddiaçı Şirkətə məxsus yanacağı mənimsədiyini əksini sübut edən hər hansı dəlili olmadan inkar edib və yanacağın normadan az olduğu yerlərdə məntəqədə (Bakı-Ələt-Qazax- Gürcüstan yolu, Bakı İnzibati Ərazisi, Azərbaycan, Vəlilər) maşını hansı əsasla saxladığını xatırlamadığını, guya marketə girmək üçün bunu etdiyini və məntəqədə yanacaq çənindən azalan yanacağın səbəbini bilmədiyini qeyd edib. Lakin sözügedən məntəqəyə keçirilmiş baxış nəticəsində həmin ərazidə hər hansı market yaxud qeyri-yaşayış sahəsi aşkarlanmayıb və digər yanacaq satışı həyata keçirən əməkdaşlar alğı-satqını məhz həmin ərazidə həyata keçirib. Diqqətə çatdırırlar ki, iddiaçı idarəsində olan yük maşınının çənindəki yanacağın normadan artıq azalması faktını inkar etməyib. Bundan əlavə onu da qeyd etmək lazımdır ki, Şirkətin qurduğu iş prinsipinə əsasən işçilərə supervayzer tərəfindən onların qrafik üzrə hansı regionlara gedəcəkləri ilə bağlı bölgü edilir, whatsapp proqramında yaradılmış qrupda onlara təyin edilən maşının qeydiyyat nömrəsi yazılır. İddiaçı həmin whatsapp qrupunda **-JN-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi idarə etdiyini paylaşıb (həmin yazışma ərizəyə əlavə edilir). **-JN-*** qeydiyyat dövlət nişanlı yük maşının Azpetrol üzrə müvafiq olaraq son yüklənən üç yanacaq sərfiyyatı və həmin Azpetrol yanacaq doldurma məntəqələri arasında qət etdiyi məsafənin GPS məlumatları qeyd olunub. Məlumat üçün bildirirlər ki, hər ayın sonu bütün maşınların yanacaq çəni tam doldurularaq normativlər yoxlanılır. Həmçinin bildirirlər ki, yük maşınlarının yanacaq çənlərinin doldurulması məqsədilə həmin maşınların təyin olunduğu sürücülərə Şirkət tərəfindən müvafiq yük maşınının dövlət qeydiyyat nömrəsinin qeyd olunduğu “Azpetrol” yanacaq doldurma kartı verilir. İddiaçının idarəsinə verilən yük maşını üzrə “Azpetrol” və "xxxx" Şirkətinin məlumatları aşağıdakı kimidir: 30 aprel 2024-cü il tarixində ay sonu yanacaq çəninə 72 litr yanacaq vurularaq tam doldurulma edilmişdir. (1 litr fərq nəzərə alınmır); 02 may 2024-cü il tarixində 354 km yol qət edildikdən sonra, yanacaq çəninə 85 litr yanacaq vurularaq tam doldurulma olmuşdur (7 litr fərq soyuducuya görə yaranmışdır), yanacaq fərqi müəyyən həddə qədər nəzərə alınmır (soyuducu qoşularkən 7-8 litrə qədər fərq yarana bilər. Bu hal, nahamar yollar üçün keçərlidir); 03 may 2024-cü il tarixində nəqliyyat vasitəsi İddiaçı idarəsində Şəmkir, Tovuz rayonlarına gedərkən, nəqliyyat vasitəsinə 93 litr yanacaq vurulmuşdur, 02 may 2024-cü il tarixindən 03 may 2024-cü il tarixinə son yanacaq doldurmaya qədər qət edilən məsafə isə 265 km olmuşdur. Qeyd: nəqliyyat vasitəsinin yanacaq çən tutumu 140 litr, 100 km olan yanacaq normativi isə 22 litirdir. (93/265*100=35 litr-yanacaq 93 litr, gedilən km 265-gedilən km). Bir sözlə, iddiaçı Şirkətin malını öz şəxsi maraqlarından irəli gələrək, tamah məqsədilə mənimsəyib və Şirkətə maddi ziyan vurub. Belə olan halda, öz vəzifə səlahiyyətlərini kobud şəkildə pozan və Şirkətin etimadını doğrultmayan işçinin işdə saxlanılması absurddur və yolverilməzdir. Təkrarən qeyd etmək istəyirlər ki, Şirkət İddiaçı 21 iyun 2024cü il tarixli, T1484-24 nömrəli əmrdə də göstərildiyi kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ” maddəsi ilə işdən çıxarıb. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, işçi həqiqətən də Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində göstərilən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurma əməlini törədib. Əlavə olaraq bildirirlər ki, İddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun formada sənədləşdirilib, habelə xitam əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam uyğun şəkildə tərtib edilib. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək bildirmək istəyirlər ki, iddiaçı qanunvericilik və müqavilə üzrə öhdəliklərini pozub, Şirkətə faktiki maddi ziyan vurub. Nəticədə, Şirkət tərəfindən bütün faktlar nəzərə alınmaqla əmək müqaviləsinin ləğv edilməsinin qanunvericiliklə tələb olunan bütün qaydalarına dəqiqliklə və obyektivliklə əməl olunub. Beləliklə, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri haqqında 300-cü maddəsində istinad edilən bütün hallar Cəmiyyət tərəfindən araşdırılmaqla bütün tələblərə dəqiq riayət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddiaçının ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, mübahisənin mahiyyəti iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılması ilə bağlıdır. Hesab edirlər ki, cavabdehin hazırki hərəkəti təmsil etdiyi şəxsin hüququnu pozur və qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh tərəfindən təqdim edilmiş videogörüntüdə olan ərazidə o da olub, orada market, sanitar qovşaq, tikinti materialları satılan dükan da var, cavabdeh tərəf videogörüntünü özünə sərf edən formada çəkib. O, həftədə azı bir dəfə həmin yoldan keçir. Videogörüntü çəkilən ərazi Qaradağ postunu keçəndə sağ arxa tərəfdədir, böyük bir ərazidir, burada ehtiyat hissəsi, taxta-şalban, dəmir, benzin, yəni hər şey satırlar. Həmin ərazidə dükan, sanitar qovşağı var, yolun digər tərəfində isə restoran var. Videogörüntüdə hətta dükanda olan rəflər belə görünür. Məlumdur ki, iddiaçı maşınla dükana daxil ola bilməzdi. O, yolun bir tərəfində maşını saxlayıb dükana daxil olmalı idi. GPS şəxsə deyil, maşına quraşdırılıb. Cavabdeh tərəfindən iddiaçıdan yanacaq sərfiyyatı soruşulduqda, ona məlum olmadığını bildirib. İnsanın bir neçə gün əvvəl olan hadisəni xatırlamaması normal haldır. Maşının yanacaq sərfiyyatı təkcə maşında kondisioner, istilik sisteminin işləməyi ilə bağlı deyil, orada çox amillər var. Cavabdeh tərəfə həmin gün maşında nə qədər yük olduğunu, havanın şəraitinin necə olduğunu, yolun tıxaclı olub-olmadığını, iddiaçının həmin gün maşının pəncərəsini açıq qoyaraq maşını idarə edib-etmədiyini sual versə, bilməyəcəklər. Maşının hərəkətinə qarşı yaranan hər bir müqavimət onun sərfiyyatını artırır. Hazırda maşınların, təyyarələrin hamısının qarşısı oval şəkilindədir. Qarşısı düz olan maşınların havaya müqaviməti çox olduğuna görə yanacaq sərfiyyatını artırır. Nəqliyyat vasitəsinin istismar müddəti çox olduqca yanacaq sərfiyyatı artır. Yanacağın keyfiyyəti də buna daxildir. Yəni kifayət qədər amillər var ki, yanacağın sərfiyyatı dəyişkən olsun. Bütün nəqliyyat vasitələsinə verilən texniki parametrlər boş hərəkət trayektoriyalı şəhərdə sınaqdan keçirilməsi nəticəsində verilmiş göstəricilərdir. Magistral yol, şəhər və qarışıq rejimdə nəqliyyat vasitələrinin nə qədər yanacaq sərf etdiyi məlumdur. O, 35 litr yanacaq sərf olunduğunu demir, artıq sərfiyyatın ola biləcəyini bildirir. Əmək Məcəlləsinin 187-ci maddəsində qeyd olunur ki, şəxs intizam tənbehinə aşkar olunduğu gündən 1 ay müddətində cəlb oluna bilər. İddiaçı barəsində intizam tənbehi 1 ay müddət keçəndən sonra tətbiq olunub. Bu da Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Həmçinin qeyd edir ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizəni verməklə iddianın, tələbin düzgün olmasını qəbul edir, sadəcə iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsini xahiş edir. İddia müddətinin tətbiqi iddiaya münasibətdədir. Bu o deməkdir ki, artıq iddia əsaslıdır, sadəcə müddətin tətbiq edilməsini tələb edir. Təqdim olunmuş heç bir sübutla təsdiq olunmayıb ki, iddiaçı yanacaq satışı ilə məşğuldur. İş materiallarına digər işçilərlə bağlı çoxsaylı materialların əlavə olunmasının sırf məqsədi ondan ibarətdir ki, tərəf iddiaçının pozuntusunu sübut edə bilmədiyinə görə digər işçilər pozuntuya yol veriblərsə, iddiaçının da həmin pozuntuya yol verdiyini bildirir. Ona görə də hesab edir ki, həmin sənədlər sübut sayıla bilməz. Əmrin hansı tarixdə alınması ilə bağlı işdə sübut yoxdur. Cavabdeh tərəf iddiaçının əmri həmin gün aldığını qeyd edir. Əgər iddiaçı əmri həmin gün götürübsə, cavabdeh tərəfindən xəbərdarlıq göndərilməzdi. Cavabdeh tərəfindən də onunla bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmayıb. Cavabdeh MMC əmri və əmək kitabçasını 21 iyun 2024-cü il tarixli məktubla iddiaçıya göndərib. Ola bilər ki, iddiaçı əmri 21 iyun 2024-cü il tarixdə alıb. Amma cavabdeh iddiaçıya əmri nə vaxt təqdim etdiyinizi sübut etməlidir. İddiaçı işdən çıxarılması barədə əmri səhv etmirsə, həmin gün alıb. Ondan bir az sonra da mediasiyaya müraciət edib. Əvvəlcə mediasiya təklifi tərəfə ünvanlanmalı, 10 gün gözlənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsini 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüquqlarınn pozulduğunu aşkar etdiyi andan 1 təqvim ayıərzində məhkəməyə müraciət edə bilər. Lakin qeyd edir ki, iş üzrə iddia müddəti ötürülmüşdür. xx.xx.2024-cü il tarixində işçıyə hüququnun pozulduğu aşkar olub, xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət edib (yəni 25 gün sonra), xx.xx.2024-cü il tarixidə mediasiya arayışı alınmasına baxmayaraq 14 gün sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ilə müraciət edib. Halbuki, müraciət etmək üçün 5 gün müddət qalmışdır. Qeyd edilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh MMC əmri və əmək kitabçasını 21 iyun 2024-cü il tarixli məktubla iddiaçıya göndərib, lakin həmin tarixlə hesablasalar, yenə də iddia müddəti ötürülüb. İddiaçıya xəbərdarlıq məktubu ilə əmək kitabçası göndərilib. Həmçinin, 35 litr fərqlə bağlı qeyd edir ki, Azpetroldan aylar üzrə məlumatlar çıxarılıb. Necə ola bilər ki, sırf həmin gün o qədər fərq yaranıb, həmin gün külək olub. Məhkəməyə təqdim etdikləri diskdə ərazinin videogörüntüsü var və orada market yoxdur. O yol şəhər yolu olmayıb. Bu fakt yanacağın əskik gəlməsi ilə sübut olunur. Maşın boş və ya yüklü olaraq yolda hərəkət edərkən bu qədər fərq yarana bilməzdi, maksimum 5 litr fərq yarana bilərdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyib, etirazının dəlillərinə uyğun izahat verərək göstərdi ki, iddiaçı doqquz nəfərin trayektoriyadan çıxdığı eyni qaydada, kənarlaşma, trayektoriya ilə oradan kənara çıxıb və fərq yaranıb. Onlar maddi ziyanı həmin fərqlə sübut edirlər. Fərq ehtimallara görə deyil, Azərcell GPS-nin rəsmi göstəriciləri ilə sübut olunur. 03 may 2024-cü il tarixdə rəhbəri iddiaçıdan həmin gün nəyə görə trayektoriyadan kənara çıxdığı soruşub, iddiaçı cavan oğlandır, «alzheimer» xəstəsi deyil, trayektoriyadan tam kənara çıxıb, ola bilməz ki, iddiaçı həmin günü xatırlaya bilməsin. İddiaçı həmin gün səbəb bildirsəydi, mağazaya daxil olduğunu, sanitar qovşağından istifadə etdiyini desəydi, daha ağlabatan olardı, nə etdiyini xatırlamaması qəti şəkildə ağlabatan deyil. Onlar maddi ziyanı sübut ediblər, lakin iddiaçı izahatında fərqin nəyə görə yarandığına izah verə bilməyib. Onlar bütün potensial fərqlərlə hesablayıblar ki, 35 litr, həmçinin potensial yarana biləcək fərqlər çıxılaraq 30 litr fərq yaranıb. Fərqin yaranması maşında nasazlığın, yolda gözəbatan səviyyədə tıxacın olması ilə bağlı idisə, iddiaçı məlumat verməli idi. İddiaçının məhkəmə iclasında iştirak etməməsi də məqsədli xarakter daşıyır. Ehtimal edir ki, iddiaçı müəyyən suallardan yayınmaq üçün məhkəmə iclasında iştirak etmir. Ora yol üstü bir yer olmayıb ki, iddiaçı oranı xatırlamasın. İddiaçı trayektoriyadan məqsədli, gözəbatan şəkildə kənarlaşıb. Onlar maddi ziyanın 35 litr olmasını təsdiqləyiblər, onların təsdiqlədikləri ağlabatan faktları qarışı tərəf öz izahatı ilə formal faktlar kimi irəli sürür. Hansı ki qarşı tərəfin sadaladığı əsaslar formal mülahizələrdir. Həmin hallar nəzərə alınsa belə o qədər fərqə səbəb ola bilməzdi. Digər əmrlərə münasibət bildirir ki, məsələ eyni məsələdir, hadisə eyni yerdə, eyni şəkildə baş verib, işçilər eyni gündə çıxıblar. İddiaçının, digər işçilərin də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmalarından məlumatı olub. Doqquz nəfər işçi də eyni səbəbdən işdən çıxarılıb. Trayektoriya eyni qaydada pozulub. Onların aşkarladıqları bir fakt da var. Hansı ki, əsasları var, həmin faktı irəli sürüblər. Çünki Azercell məlumatları dövrü olaraq yenilənir, müəyyən dövrdən sonra köhnə məlumatları əldə etmək olmur. Amma bu məlumatları aşkarlayıblar. Onlar bütün potensial fərqləri nəzərə alıblar, heç bir halda 35 litr fərq yarana bilməz. O yol gedilən yoldur, potensial nə qədər fərq yaranmasını bilirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyib, etirazının dəlillərinə uyğun izahat verərək göstərdi ki, iddiaçı tərəfin qeyd etdiyi əsas qanunvericlikdə nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Sadəcə bu kobud haldır. İddiaçı həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan kobud hallara yol verərək mülkiyyətçiyə ziyan vurub. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi iki əsası müəyyənləşdirir. Əmək müqaviləsi üzrə vəzifə öhdəliyini yerinə yetirmədikdə, hansı ki Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsi ilə müəyyənləşdirilir ki, işçi intizam xətasına yol verdikdə 70-ci maddənin “ç” bəndi ilə, habelə 72-ci maddədə sadalanan kobud hallara yol verdikdə işdən çıxarıla bilər. Məhz iddiaçı da kobud hallara yol verdiyinə, mülkiyyətçiyə ziyan vurduğuna görə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə işdən azad olunub. İddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi 1 ay müddət kobud hallara yol verən işçiyə şamil olunmur. O məhz intizam xətasına yol verildiyi hallarda 1 ay müddət çərçivəsini müəyyənləşdirir. Müəyyən sənədlərlə sübut olundu ki, işçi işəgötürənə müəyyən ziyan vurub. Onun hansı formada izahat verməsi onu məsuliyyətdən azad etmir. Sadə bir arqumentlə, riyazi hesablama ilə mülkiyyətçiyə ziyan vurmanı müəyyən etmək olar. Maşının dizel tutumu 140 litrdir. İddiaçı sürücü olaraq 2024cü ilin may ayının 1, 2-si tarixlərində tam bakla maşını qəbul edib və qəbul edəndən sonra öz trayektoriya yolundan kənara çıxıb, çıxdıqdan sonra bütün hərəkətləri 265 kilometr müəyyən olunub. GPS bunu əks etdirir. 265 kilometrə 58 litr yanacaq sərf etməli idi. İddiaçı isə tam bakdan sonra Kürdəmir rayon Asan Xidmətin yolunda 93 litr zaprafka edib və 265 kilometrə 58 litr sərf olunmalı halda, 93 litr tam sərfiyyat olunub. Yəni 35 litr yanacaq satılıb. Əgər 100 kilometrə 22 litr yanacaq sərf olunursa, 265 kilomnetrə nə qədər yanacaq sərf olunar? Bu adi riyazi metodla tapmaq olar. Bu barədə Azpetroldan çıxarış var və həmin çıxarışı məhkəməyə təqdim ediblər. Bundan əvvəlki 1, 2 tarixində 677 kilometrə 157 litr yanacaq sərf olunub, yəni hər 100 kilometrə 22 litr yanacaq sərf olunması əksini göstərir. Artıq elektronika əsridir, hər şeyi elektron cihazlarla müəyyən etmək mümkündür. Qarşı tərəf yanacaq sərfiyyatının çox olmasını sadaladığı amillərlə özü də orada yanacaq çatışmazlığının olmasını qəbul edir və 30-35 litr yanacaq itkisinin olması ilə bağlı özündə də şübhə yoxdur. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə iddiaçının əmrlə tanış olması barədə özünün imzası var, biz iddiaçıya tarix qeyd etməyə məcbur edə bilməzdilər. Əmri artıq 21 iyun 2024-cü il tarixdə almamağı sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Əmri qəbul etməsinin tarixi olmadığı halda əmrin verilmə tarixi nəzərə alınmalıdır. Hesab edir ki, 21 iyun tarixli əmrin aşağı hissəsində işçi imza çəkibsə, əmri aldığı tarix də 21 iyun tarixi sayılmalıdır. İddiaçı əmrlə tanış olanda sonradan əmrlə tanış olub imza çəkmişdisə, hüquqlarını bilərəkdən orada qeyd etməli idi ki, əmrlə hansı tarixdə tanış olub və o sübut olar ki, əmr ona daha gec tarixdə verilib. Nazirlər Kabinetinin 186 saylı qərarının 10-cu hissəsinə əsasən əgər işçi həmin gün imza çəkib əmək kitabçasını götürmürsə, poçt vasitəsi ilə onun göndərilməsi qanunauyğundur. Yəni işçinin razılığı ilə əmək kitabçasının poçt vasitəsi ilə göndərilməsi mümkündür. Hesab edir ki, müqaviləyə xitam verilməsi qanuni əsaslarladır. Burada kilometrajdan söhbət gedir. 265 kilometrə 58 litr yanacaq sərf edilməli olduğu halda, 93 litr yanacaq sərf olunub. Orada 1-5 litr fərq yarana bilər, amma 35 litr ola bilməz. O yol şəhər yolu olmayıb. Bu fakt yanacağın əskik gəlməsi ilə sübut olunur. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılıb.Digər işçilər də eyni əsasla işdən çıxarılıblar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə5 iddia tələbini qəbul etməyib, etirazının dəlillərinə uyğun izahat verərək göstərdi ki, məhkəməyə təqdim etdikləri diskdə olan videogörüntü çəkən, ərazidə olan da odur. Həmin ərazi yolun kənarıdır, sürücü maşınla magistral yolla gəlir. İddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi ərazidə, doğrudur, dükan, ehtiyat hissələri, hər bir şey də var. Bu iddiaçının ayın 5-i tarixində idarə etdiyi maşındır. Həmin dükan bu ərazidədir, ön tərəfində, ehtiyat hissəsi isə digər tərəfdədir. Şəkildəki yol Bakı-Qazax magistral yoludur. İddiaçı Bakı-Qazax magistral yolu ilə hərəkət edərkən market olan tərəfə daxil olmur. Maşın birbaşa darvazadan içəri daxil olur. Haradaki sisternalar, yanacaq çənləri var. Onda şəkillər, videolar var. Yollardan biri kəndə gedən yol, bu içəri daxil olan yol, digər tərəfdə isə dükandır. Bakı-Qazax magistral yoludur, mağaza buradadır, ehtiyat hissələri isə burada satılır. Yəni bunun mağazaya və ya digər bir şeyə aidiyyəti yoxdur. Darvaza açılır, maşın darvazadan içəri daxil olur, 6 dəqiqə orada zaman itirir, həmin yanacaq itkisi burada baş verir, iddiaçı isə buradan çıxandan sonra düz yolla davam edir. Həmin giriş hissəsi bu qapıdır, burada heç bir market yoxdur. Ardınca da iddiaçı 265 nömrəli maşınla Kürdəmir rayon Asan Xidmət Mərkəzinə daxil olur, saatı, dəqiqəsi, hər şey sxemdə qeyd edilib. İddiaçı birinci yanacaqdoldurma məntəqəsindən ikinci yanacaqdoldurma məntəqəsinə qədər 265 km yol qət edir, o, 265 kilometrə 93 litr yanacaq vurur. Amma 265 kilometri 0.22-yə vursaq, 58 litr edir, halbuki 35 litr artıq yanacaq sərf edib. GPS məlumatı iddiaçı şirkətdən çıxan zamanı və qeyd etdiyim məlumatları əks etdirib. Trayektoriya göstərir ki, həmin ərazi Bakı-Qazax magistral yolu gedəndəndə yolun kənarıdır, bir tərəfdə mağazadır, iddiaçı birbaşa qapıdan içəri başqa bir yerə daxil olub, orada 6 dəqiqə zaman itirib, təzədən qayıdıb yolunu davam edib. Qarşı tərəfin sadaladığı amillərə görə yanacaqda 35 litr fərq yarana bilməz. Maşın 265 kilometr yolu şəhər ərazisi ilə deyil, region ərazisində hərəkət edib. Pəncərənin açıq olmasının, küləyin olmasının aidiyyəti yoxdur. Ümumi olaraq 2024-cü ilin yanvar ayında müəyyən ediblər. 30 aprel 2024-cü ildə yanacaq tam olaraq bağlanır, sıfırlanır. İddiaçıya istinad olunan hadisə 03 may tarixdə olub, iddiaçının şirkətə daxil olduğunu görərək, şəxsən özü aşağı düşüb iddiaçını içəri dəvət edib. Maşını saxlayıb, birbaşa ofisə qalxıblar, o, iddiaçıya ərazidən yayındığını, bu əraziyə daxil olduğunu, səbəbin nə olduğunu soruşub. İddiaçı da səbəbini izahatda göstərib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin və ona 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və o, yük maşının sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. - ASL781 nömrəli “Əmək müqaviləsi”nin: 1.1. İşçı razılaşır ki, onun əsas iş yeri Cavabdeh MMC-nin iş sahələri və ya vaxtaşırı olaraq işəgötürən tərəfindən işçinin təyin olunduğu digər yer(lər)də yerləşəcək; 1.2. İşçi yük maşını sürücüsü vəzifəsinə qəbul edilir; 2.1. Bu müqavilə xx.xx.2019-cü il tarixdə qanuni qüvvəyə minir və aşağıda verilmiş 2.2 bəndində təsvir edilmiş sınaq müddətini müvəffəqiyyətlə başa vurulmasına yaxud bu müqavilənin qüvvəsinə onun özünü yaxud Məcəllənin müddəlarına müvafiq olarq xitam verilməsi hallarına müvafiq 6 ay müddətinə bağlanılır; 2.2. Bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 ay sınaq müddəti hesab edilir və sinaq müddəti ərzində işəgötürən, işçinin özünü doğrultmadığına görə, ən azı 1 gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə bu müqaviləyə xitam verə bilər. Eyni zamanda, işçi də sınaq müddəti ərzində ən azı 3 gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququnundna istifadə edə bilər; 8.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. - Cavabdeh MMC-nin Nəqliyyat və dağıtım üzrə departement rəhbəri X5 tərəfindən Şirkətin İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinə xx.xx.2024-cü ildə ünvanlanmış təqdimatın surətindən görünür ki, yük avtomobil sürücüsü ASL781 İddiaçı xx.xx.2024-cü il tarixində idarə etdiyi **-JN-*** nömrəli yük maşınından yanacaq çəkmişdir, xatırlamadığını qeyd olunan yerdə ola bilsin alış-veriş üçün getdiyini bildirir, şəkillərdən də görünür ki, mağaza deyil, digər sürücülərin etiraf etdiyi yanacaq satış məntəqəsidir. Əlavə olaraq onu qeyd edim ki, beş sürücü həmin nöqtədə yanacaq alış verişinin olduğunu bildirib. Yol verdiyi intizam pozuntusu (əmək funksiyasını,vəzifə öhdəliklərini düzgün yerinə yetirməməsi) səbəbindən iş yerində işin və əməyin normal ahənginin pozulmasını,şirkətin hüquq və mənafeyinə ziyan dəyməsini nəzərə alaraq işçiyə əmək qanunveriçiliyi və şirkətin daxili nizam-intizam qaydalarına əsasən tənbeh olunmasını xahiş etmişdir. - Cavabdeh MMC-nin anbarda Nəqliyyat və dağıtım üzrə meneceri Nümayəndə5, nəqliyyat üzrə supervayzer X6, nəqliyyat və dağıtım departament rəhbəri X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, yük avtomobil sürücüsü ASL781 İddiaçı xx.xx.2024 tarixində idarə etdiyi **-JN-*** nömrəli yük maşınından yanacaq çəkmişdir, xatırlamadığını qeyd olunan yerdə ola bilsin alış-veriş üçün getdiyini bildirir, şəkillərdən də görünür ki, mağaza deyil, digər sürücülərin etiraf etdiyi yanacaq satış məntəqəsidir. Əlavə olaraq onu qeyd edim ki, beş sürücü həmin nöqtədə yanacaq alış verişinin olduğunu bildirib. - İddiaçı xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə izahatında əlavə olunan geo zonada qeyd olunan nöqtədə tam dəqiq xatırlamasa da çox güman ki, dükana alış-veriş üçün girib. Həmin tarixdə yanacaq sərfiyyatıyla bağlı yaramış fərqin səbəbi ona məlum deyil. Məsələ ilə bağlı özünü günahkar hiss etmir, hüquqi müstəvidə araşdırılmasına etiraz etmir. - xx.xx.2024-cü il tarixi T1484-24 nömrəli əmrin surətindən görünür ki, “Azərbaycan Supermarket" MMC-də yük maşını sürücüsü vəzifəsində çalışan İddiaçı, X7, X4, və X1 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya emək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Əsas: İşçilərin izahatları və yol verdikləri intizam pozuntusu ilə bağlı tərtib edilmiş akt. - “Mediasiya Şurası” Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00536 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 ilkin mediasiya sessiyasında iştirak etmişlər, mediasiya prosessinin davam etdirməyə razılıq verilməmişdir, İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. - Məhkəməyə cavabdeh tərəfindən 1 ədəd disk təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ASL781 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı yük maşının sürücüsü vəzifəsinə qəbul edilmişdir. Cavabdeh MMC-də yük maşının sürücüsü vəzifəsində çalışan işçisi ilə bağlanmış ASL781 saylı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ASL781 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı yük maşının sürücüsü vəzifəsinə qəbul edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehlə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və iddiaçı həmin tarixdə əmək müqaviləsinin ləğv edilməsinə dair əmri götürmüşdür. Qeyd edilənlərə əsasən müddəti tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci, 3cü və 4-cü hissələrinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı əmrin surətinin və əmək kitabçasının mərkəzdən götürülməsi barədə xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli T1484-24 saylı əmrin surətindən görünür ki, iddiaçı həmin əmrin üzərində imza etməklə əmri təhvil almışdır. Bu zaman iddiaçı əmrin alındığı tarix barədə müvafiq qeydlər etməmişdir. Bununla yanaşı, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında hakiminin “əmr xx.xx.2024-cü ildə alınıb” sualına cavabdeh olaraq iddiaçının nümayəndəsi və vəkili “bəli” cavabını, eyni suala məhkəmə baxışı iclasında isə “ola bilər ki, iddiaçı əmri 21 iyun 2024-cü il tarixdə alıb” məzmununda cavab vermişdir. Məhkəmə əmrin alınması tarixi barədə xüsusi qeydin olmamasını və proses iştirakçılarının izahatlarını nəzərə alaraq hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil alınmışdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə mübahisələndirilən əmri aldıqdan sonra xx.xx.2024-cü il tarixdə mövcud mübahisə ilə bağlı Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmiş və “Mediasiya Şurası” Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 ilkin mediasiya sessiyasında iştirak etmişlər, mediasiya prosessinin davam etdirməyə razılıq verilməmişdir. Azərbaycan Rüspublikası Mülki Məcəlləsinin: 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.1.9. bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda; 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etdiyi tarixdə artıq bir aylıq iddia müddətinin 25-ci günündə idi və xx.xx.2024-cü ildə mediasiya təşkilatına müraciət etməsi iddia müddətinin axımının dayandırılmasına səbəb olmuşdur. Bundan sonra isə iddiaçı xx.xx.2024-cü ildə “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışı tərtib edildiyi vaxtdan 5 gün müddətində məhkəmə müraciət etməli olduğu halda, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddəti ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi haqqlı olaraq “21 iyun 2024-cü il tarixi T1484-24 №-li əmrin ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Həmçinin “iddiaçının işə bərpa edilməyi, bütün məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən alınaraq ona verilməsi” tələbi, ilkin tələbdən törəmə tələb olduğundan və ilkin hissədə iddia təmin edilmədiyindən digər hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3133/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3133/2024
29.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver