Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-322/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əsassız varlanma” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 3136,89 manat pul vəsaitinin və 51,37 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Cavabdeh ərizə verərək bildirmişdir ki, İddiaçı əməkdaşları 4 aylıq əmək haqqını məhkəmənin qərarı olmadan, maaş kartını bloklayaraq tutublar. Ona qarşı yönəldilən bu yalanları dəfələrlə onlarla müzakirə edib sübut etsə də, heç bir iş görülməyib. 4000 manat pulu o, götürməmişdir. Məktubda göstərildiyi kimi texniki səhv olsa da, öz səhvlərini başqasının üstünə yıxırlar. Onlar keşbək debet kartını bütün hər yerdə paylayırlar. Hamıya bu kartın nağdlaşdırma kartı olduğu bildirilir. Bu qanunsuzluğa son qoyulmasını xahiş edir. Onun üstünə yazılan 4000 manatı silib, 1400 manat mənimsənilən pulunun geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 3.Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3091/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır. 4.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 2606.89 manat pul vəsaitinin və 51,37 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2022xx.xx.2022 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 3136,89 (üç min yüz otuz altı manat, 89 qəpik) ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatı: 6.Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, onların kartına bankdan 4000 manat məbləğində pul əlavə olunmayıb. O kart cashback kartıdır. Hamıya bu kartın nağdlaşdırma kartı olduğu bildirilir. Kartı işlətmədən qəbzdə mənfi yazılıb. Karta 29500 manat mədaxil olub. 29300 manatı çıxardıb. Qalan pulu isə faizlər tutub və biraz da alışveriş edib. İş materialları: 8.İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “X2 kart müqavilə”sindən görünür ki, Bank Müştəriyə “X2” ödəniş kartı (bundan sonra - “X2 Kart” və ya “Kart) verir. Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir.
9. İddiaçı ASC-nin ödəniş kartları üzrə çıxarışdan görünür ki, xx.xx.2022xx.xx.2023-cü il tarixlərində karta 30361 manat pul mədaxil edilmiş, 33497.89 manat isə məxaric edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq -3136.89 manatdır.
10. İddiaçı ASC-nin ödəniş kartları üzrə çıxarışdan görünür ki, xx.xx.2022xx.xx.2023-cü il tarixlərində karta 30891 manat pul mədaxil edilmiş, 33497.89 manat isə məxaric edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq -2606.89 manatdır.
11. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh banka 3897.89 manat borcun 5 təqvim günü ərzində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC tərəfindən həmin vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/332/2024 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə 2606.89 manat borc müəyyən edilmişdir.
13. İddiaçı Prosessinq mərkəzinin xx.xx.2023-cü il tarixli bankomat çıxarışından görünür ki, balans -3897, 89 manat təşkil edir.
14. 28.09.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 51.37 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdeh xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində ödəniş əməliyyatları aparmaqla, vəsaiti kart hesabından ATM vasitəsi ilə məxaric etməklə, həmçinin hesabından digər karta köçürmələr etməklə banka 2606.89 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh göstərilən tarixlərdə istifadəsində olan plastik kartdan ona məxsus olmayana vəsait üzrə əməliyyatlar aparmış, 2606.89 manat vəsaiti istifadə edərək, əsassız varlanmışdır. İddiaçının təkliflərinə baxmayaraq, cavabdeh əsassız olaraq əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmamışdır. Bununla da, cavabdeh əsassız varlanmışdır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti məxaric etmişdir və məxaric etdiyi pulu geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır.
19. Cavabdehin nümayəndəsi məhkəmə iclasında kart hesabına bankın səhvən əlavə pul yükləmədiyini öz pulunu xərclədiyini bildirsə də iş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin ödəniş kartları üzrə çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində karta 30891 manat pul mədaxil edilmiş, 33497.89 manat isə məxaric edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq -2606.89 manatdır. Göründüyü kimi məxaric məbləği mədaxil məbləğindən çoxdur.
20. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə 2606.89 manat borc müəyyən edilmişdir.
21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydalarına uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməli və cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 2606.89 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmə xərcləri:
23. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 51.37 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
25. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2606.89 manat və ödənilmiş 51.37 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 2606.89 manat və ödənilmiş 51.37 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova