Məhkəmə qərarları › İş №e-2(007)-3221/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3221/2022

07.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3221/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkilləri Vəkil2, X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X11rşı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi,işə bərpa və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası X11rşı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi,işə bərpa və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilləri Vəkil2 iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs cavabdeh Azərbaycan Respublikası X11rşı Nizami rayon Məhkəməsində qaldırdığı iddiada məhkəmədən özünün məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Dövlət X4 Departamentinin Direktor Müavini vəzifəsinə bərpa edilməsi, habelə Azərbaycan Respublikası X15 tərəfindən dəymiş zərərin əvəzinə İddiaçı 2050 manat ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edib.İddianın əsas dəlillərindən biri kimi, iddiaçının öz vəzifə və funksiyalarını vicdanla yerinə yetirdiyinə görə rəhbərliyin qərəzli münasibətinə məruz qalması, bu səbəbdən vəzifəsinin qanunsuz olaraq ixtisara salınmasıdır.Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli DNF/6- 702 №-li etiraz ərizəsində iddianın əsasız olduğu bildirilir və buna dair cavabdehin dəlilləri göstərilir.Hesab edir ki, cavabdehin təkzib etməsinə baxmayaraq, həmin etirazın ümumi məzmununda və təqdim etdiyi sənədlərdə iddianın əsaslı olduğunu üzə çıxaran məqamlar var. Ona görə də iddia ərizəsində göstərdiyi dəlilləri müdafiə etməklə bərabər hazırda qeyd edəcəyi dəlillərə də məhkəmənin diqqətini cəlb etmək istərdi.Cavabdeh hazırlıq iclasında təqdim etdiyi etirazında qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bütün tələblərinə əməl edib. Lakin cavabdeh Əmək Məcəlləsinin 12-ci maddəsinin “i” bəndi ilə və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci və 18.3-cü maddələri ilə müəyyən edilən vəzifələrə əməl etmədiyinin mahiyyətinə hələ də varmayıb. Həmin hüquq normalarına görə,cavabdeh iddiaçının ştatını ixtisar etdikdə “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək məqəsdi ilə iddiaçının peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onun sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana rəsmi məlumat verməli idi.Bundan əlavə, cavabdeh yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən qaydada və formada elektron informasiya sisteminə daxil etməli idi. Cavabdeh bu vəzifələrə əməl etməməklə iddiaçının başqa işlə təmin edilməsinin qarşısını alaraq, onun əmək hüquqlarını kobud şəkildə pozub.Cavabdeh etirazında qeyd edir ki, işdənçıxarma əmrində Əmək Məcəlləsinin 84-cü maddəsi ilə tələb olunan bütün məlumatlar göstərilibdir.Lakin, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası və işdənçıxarma müavinətinin verilməsi qaydası göstərilsə də, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi, yəni vəzifə ştatının ixtisarı zamanı işçini başqa işlə təmin etmək qaydası göstərməyib.xx.xx.2022-ci il tarixli 19 №-li əmrdən göründüyü kimi, ləğv edilmiş vəzifə ştatlarının bazasında Fondun aparat strukturunda İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsi və Təchizat şöbəsi, müvafiq sayda ştat vahidləri yaradılıb. Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbinə əsasən, cavabdeh iddiaçının həmin vəzifələrə işə qəbul edilməsinə üstünlük hüququnu təmin etməli idi.Amma cavabdeh bu qaydalara əməl etməyərək qanunun tələblərini pozulub.Cavabdeh etirazda rəhbərliyin iddiaçı ilə ədavət apardığını və ona qarşı qərəzli mövqe tutduğunu inkar edir, iddiaçının vəzifəsinin ixtisarını “Ernst and Yang Holding Bİ Vİ” şirkəti ilə birgə X6 idarə edilməsi sistemi üzrə tətbiq edilən layihə çərçivəsində Fondun aparat strukturunun təkmilləşdirilməsi üzrə verilən təkliflərlə əsaslandırır.xx.xx.2022-ci il tarixli 19 №-li Əmrdə də eyni əsasla aparılan ixtisar nəticəsində ləğv edilən vəzifə ştatlarının bazasında Fondun aparat strukturunda İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsi və Təchizat şöbəsi yaradılır. Bu əmrdə habelə, İnsan Resursları Departamentinə tapşırılır ki, Təhlükəsizlik Departamentinin, İnzibati Departamentin, İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin və Təchizat şöbəsinin strukturlarını, vəzifələr üzrə ştat vahidlərinin saylarını hazırlayıb təqdim etsin.Lakin cavabdehin etiraz ərizəsi ilə birlikdə məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 36 №-li əmrin 1-ci bəndindən görünür ki, xx.xx.2022-ci il tarixli 19 №li Əmrlə ləğv edilən ştat vahidlərinin ixtisarı hesabına həmin əmrdə göstərilən ştat vahidləri yaradılmayıb.Əvəzində İnvestisiya Departamentinin sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsinə və Səhmlər və alternativ investisiya şöbəsinə “Treyder” vəzifəsi üzrə 2 ştat vahidi daxil edilib.Göründüyü kimi, xx.xx.2022-ci il tarixli 36 №-li əmrlə sübut olunur ki, iddiaçının vəzifəsinin ixtisarının “Ernst and Yang Holding Bİ Vİ” şirkətinin, habelə İnsan Resursları departamentinin təklifləri ilə heç bir əlaqəsi olmayıb, əslində iddiaçının vəzifəsinin ixtisar edilməsinə heç bir lüzum olmayıb.Digər tərəfdən, cavabdehin məhkəməyə auditorun təklifi kimi təqdim etdiyi bir səhifəlik vərəqi rəsmi sənəd də adlandırmaq doğru deyil. Bu sadəcə vəzifəsi və səlahiyyəti məlum olmayan Fidan Cəfərova adlı şəxslə İnsan Resursları Departamentinin rəisi Nigar Brauna xx.xx.2022-ci il tarixdə, yəni iddiaçının töhmət qərarına etiraz etməsindən qısa müddət sonra göndərdiyi e-mail məktubdur. Bu məktubdan görünür ki, o, ilkin mətn olaraq məhz Nigar Braunun tələbi əsasında hazırlanıb və auditin yekun rəyində fərqli ola bilər.Həmçinin məktubda Fondun hər hansı bir ştat vahidinin, o cümlədən iddiaçının tutduğu direktor müavini vəzifəsinin ləğv edilməsi təklif olunmur. Sadəcə olaraq müvafiq vəzifə adlarının dəyişdirilməsi təklif olunur.Məktubda habelə, qeyd olunur ki, keçid dövründə şöbə müdüri vəzifəsi direktor müavini vəzifəsi ilə əvəz edilə bilər.Beləliklə, iddiaçının vəzifəsinin ixtisarının iqtisadi və ya təşkilati baxımdan zəruri edən hər hansı bir əsas olmayıb. Bu da iddiaçıya qərəzli münasibətin isbatıdır.Cavabdeh etirazda Fondun icraçı direktorunu Fondun sahibi və ya tək rəhbəri kimi təqdim edib, bununla da İcraçı direktorun Əmək Məcəlləsində, Konstituiyada və sair qanunvericilik aktlarında işəgötürənə aid edilmiş bütün hüquqlara, habelə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək səlahiyyətinə malik olduğunu iddia edir.Halbuki, İcraçı direktor Fondun nə sahibidir, nə də tək rəhbəri. O, yalnız bir idarəetmə orqanı qismində Fondun Əsasnaməsi ilə və (və ya) yuxarı səlahiyyətli orqanların qəbul etdikləri aktlarla müəyyən edilmiş konkret səlahiyyətlər daxilində hərəkət edə, qərar qəbul edə bilər.Nə Fondun əsasnaməsində, nə də yuxarı səlahiyyətli orqanların qəbul etdikləri hər hansı bir aktda, onlara edilən əlavə və dəyişikliklədə icraçı direktora işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək səlahiyyəti verilməyibdir.Cavabdehin 30 mart 2007-ci il tarixli 2071 №-li sərəncamın konkret məsələlərin həlli ilə bağlı dəfələrlə tətbiq oluna biləcəyi iddiası da əsaslı deyil.Çünki,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununa əsasən hüquqi aktlar normativ hüquqi aktlara, normativ xarakterli aktlara və qeyri-normativ hüquqi aktlara bölünür, normativ hüquqi aktın tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilib, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəd normativ xarakterli aktdır, bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilən, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəd qeyri-normativ hüquqi aktlar-konkret təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktdır. Beləliklə, normativ xarakteli və qeyri normativ aktlar tətbiq subyektlərinə görə və tətbiq hallarına görə fərqlənirlər.Həyata keçirilən tədbirlərin konkretliyi qeyri-normativ aktları digər hüquqi aktlardan fəqləndirən əlamət deyil. Çünki konkret ictimai münasibətlərin tənzimlənməsi hüquqi aktların hər bir növünə aiddir.Qrammatik nöqteyi-nəzərdən, sözdən və ya ifadədən sonra mötərizədə verilən söz və ya ifadə həmin sözün və ya ifadənin aydınlaşdırılması,dəqiqləşdirilməsi,əlavə səciyələndirilməsi üçün istifadə edilir.Qanunun 3.1. maddəsində mötərizədə “birdəfəlik” dəqiqləşdirilməsi ümumi konkret tədbirlərin məhz birdəfəlik icra üçün nəzərdə tutulan hissəsini göstərir və bu hissə qeyri-normativ aktları digərlərindən fərqləndirir.Təsadüfi deyil ki, həmin maddədə “və ya” bağlayıcısı ilə əlavə olunmuş hissəsində qeyri-normativ aktların həmçinin digər, məhz “birdəfəlik” tədbiq halları üçün nəzərdə tutulduğu göstərilir.Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 7 may 2018-ci il tarixli 41 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının X15 haqqında Əsasnamə"nin 5.3-cü bəndinin on birinci abzasından və 5.6-cı bəndinin ikinci cümləsindən “Fondun İcraçı direktoru istisna olmaqla” sözləri çıxarılıb, bununla da Fondun İcraçı direktoruna həmçinin öz maaşını müəyyən etmək səlahiyyəti verib. Lakin icraçı direktorun 30 mart 2007-ci il tarixli 2071 nömrəli Sərəncamda nəzərdə tutulan digər səlahiyyətləri əsasnamədə nəzərdə tutulan səlahiyyətlərinə əlavə edilməyib.Bu da həmin Sərəncamda nəzərdə tutulan səlahiyyətlərin icraçı direktora birdəfəlik tətbiq üçün verildiyini bir daha göstərir.Sonrakı dövrdə Fondun icraçı direktoru tərəfindən struktur dəyişiklikləri aparmaq və ya əvvəlki sərəncamda göstərilən digər səlahiyyətləri həyata keçirmək üçün bu səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin müvafiq hüquqi aktı ilə təsdiqlənməli idi.Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli sərəncamına əsaslanaraq Fondun icraçı direktoru tərəfindən struktur dəyişiklikləri aparması və iddiaçının vəzifəsinin ixtisar edilməsi qanunsuzdur və vəzifə səlahiyyətlərini aşmaq kimi qiymətləndirilməlidir.Qeyd olunanlar, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin Fondun icraçı direktoru İsrafil Məmmədovun müvafiq sənədlərlə sübut olunan iddiaçıya qarşı qərəzli münasibətini, bununla əlaqədar aparılan struktur islahatının heç bir qanuni əsası olmadığını, onun korporativ maraqlara zidd və Fondun təhlükəsizliyinə xələl gətirən, qeyri-obyektiv və qeyri-professional idarəçilik qərarı olduğunu, icraçı direktor İ.Məmmədovun struktur dəyişikliyi aparmağa səlahiyyəti olmadığı halda belə dəyişikliyi apardığını, bununla da vəzifə səlahiyyətlərini aşdığını göstərir.İddiaçının vəsatəti əsasında məhkəmə cavabdehdən HR01-2022-0169/1 nömrəli 09 iyun 2022-ci il tarixli əmrlə iddiaçıya töhmət verilməsi ilə nəticələnmiş intizam icraatının materiallarını təqdim etməyi tələb edib. Lakin cavabdeh həmin materialları təqdim etməkdən imtina edir.Halbuki, intizam icraatının başlanması və iddiaçıya töhmət verilməsi o vaxta qədər iddiaçıya qarşı aparılan ədavətin və qərəzli münasibətin kulminasiya anıdır. Məhz bu intizam məsuliyyəti ilə razılaşmadığı və icraçı direktorla görüşərək öz şikayətini şəxsən bildirmək istəməsi qırılma nöqtəsi olub və bundan sonra iddiaçının qanunsuz ixtisar yolu ilə işdən çıxarılması əməliyyatına başlanılıb.Cavabdeh töhmət qərarının əsassız olduğunu və iddiaçının mübahisələndirdiyini bildiyi üçün intizam materiallarını məhkəməyə təqdim etmir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 08 avqust 2022-ci il tarixli **********7 №-li məktubunda iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilir ki, Fondun rəhbəliyi tərəfindən müfəttişliyə təqdim edilən sənədlərdə iddiaçının icraçı direktora ünvanladığı xx.xx.2022-ci il tarixli yazılı müraciəti Fondun işçilərinin etik davranış qaydalarına uyğun baxılması ilə bağlı Fondun icraçı direktorunun tapşırığına əsasən aparılmış araşdırmanın nəticəsi olaraq iddiaçıya töhmət verilib, gələcəkdə departamentdə etik davranış qaydalarına riayət edilməsi və korporotiv dəyərlərin tətbiq edilməsinin təmin edilməyəcəyi təqdirdə işdən çıxarılacağı barədə Fondun icraçı direktoru tərəfindən xx.xx.2022-ci il tarixli 169/1 №-li əmr verilib.Həmin əmrdə oxşar məzmunlu xəbərdarlığın qeyd olunduğu mübahisələndirilmir.Lakin müfəttişliyin məktubu və həmin əmr təsdiq edir ki, icraçı direktorun iddiaçı ilə əmək müqaviləsini pozmaq niyyəti olub. Lakin buna qanuna uyğun bir əsas tapa bilməyib. Ədavət pik həddə çatdıqdan sonra isə qanunsuz ixtisar yolu ilə əmək müqaviləsinə xitam verib.Cavabdehin vəzəfəsinin ləğv edilməsinin və onunla əmək müqaviləsinin pozulmasının qərəzli olduğunu həmçinin hazırda sadalayacağı faktlar və bu faktların ifadə olunduğu yazışmalar da təsdiq edir.İnsan Resursları departamentinin mütəxəssisi Rəna Xəlilovanın COVİD 19 pandemiyası ilə əlaqədar tətbiq olunana məhdudiyyətlər dövündə bir-sıra əməkdaşların inzibati binaya buraxılmasına dair müraciətinin təmin edilməsindən imtina haqqında iddiaçı ilə xx.xx.20220-ci il tarixdə yazışması.İddiaçının təhlükəsizlik departamentinin 9-cu mərtəbədəki işçi zalından İT avadanlıqların özbaşına sökülərək 10-cu mərtəbəyə inzibati departamentinə daşınmasına etiraz haqqında xx.xx.2022-ci il tarixli elektron yazışma,Fondun audit qrupunun qızılın saxlanılması və mühafizəsinin təmin edilməsi ilə bağlı təkliflərinə iddiaçının münasibəti və bununla bağlı mövcud fikir ayrılığına dair xx.xx.2002-xx.xx.2022 tarixlərində elektron yazışma, intizam tənbehi verilməsinə etirazını bildimək üçün icraçı direktora şikayətin verilməsi bardədə 29 iyun 2022-ci il tarixdə saat 11,24-də olan e-mail müraciət, məhz bu müaciətdən sonra həmin gün təcili olaraq iddiaçının vəzifəsinin ixtisar edilməsi barədə əsassız HR02-2022-0019 nömrəli əmr hazırlanıb. Həmin əmr 29 iyun 2022-ci il tarixdə, saat 17.50-də, yəni müraciətdən 4 saat 25 dəqiqə sonra dərc edilib.Bir daha əmin edir ki,iddiaçıya qarşı qərəzlilik vardır. Qeyd olunanları və məhkəməyə təqdim edilən sübutları nəzərə alaraq iddianın təmin olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikası X14 icraçı direktorun müavini vəzifəsinə bərpa edilməsi,habelə Azərbaycan Respublikası X15 tərəfindən dəymiş ziyana görə 2050 manat zərərin İddiaçı xeyrinə tutulması barərdə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası X14 nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı Azərbaycan Respublikası X15na (ARDNF) qarşı işə bərpa tələbinə dair iddianı əsassız hesab edir. Belə ki, iddiaçı ilə bağlanılan əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bütün normaları gözlənilməklə verilib.İddiaçı hesab edir ki, onunla bağlanılan əmək müqaviləsinə qanunsuz, ona qarşı qərəzli əməllər nəticəsində xitam verilibdir. İddia ərizəsində qeyd edilib ki, “işəgötürən tərəfindən tərtib edilən əmrdə işçinin adı, atasının adı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulan Əmək Məcəlləsinin müvafiq maddəsi,hissəsi və bəndi göstərilməmişdir”. İddiaçının bu dəlilinə etiraz edərək bildirir ki, Əmək Məcəlləsinin 84-ci maddəsində qeyd olunan bütün lazımi, o cümlədən iddiada göstərilməyən kimi qeyd olunan məlumatlar iddiaçı ilə bağlanılan əmək müqaviləsinin ləğv edilməsi haqqında 2022-ci il 12 avqust tarixli 35 nömrəli əmrin məzmununda öz əksini tapıb.İddia ərizəsində qeyd edilib ki, iddiaçı ilə bağlanılan əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ARDNF-in İcraçı direktorunun müavini tərəfindən imzalanmasına səlahiyyət verilməyib. İddiaçı ilə bağlanılan əmək müqaviləsinin ləğvinə dair əmr ARDNF-in icraçı direktorunun növbəti əmək məzuniyyətində olduğu dövrə düşən 12 avqust 2022-ci il tarixində verilməli olduğuna görə icraçı direktorun müavini tərəfindən imzalanıb.Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının X15 haqqında Əsasnamə”-də müəyyən edilib ki, ARDNF-nin fəaliyyətinə operativ rəhbərliyi həyata keçirən icraçı direktor və onun müavini vəzifəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və icraçı direktorun müavini icraçı direktorun ona həvalə etdiyi vəzifələri yerinə yetirir. Əsasnamənin 5.3-cü bəndinə əsasən icraçı direktor ARDNF-nin işçilərini vəzifəyə təyin edir və vəzifəsindən azad edir. Məlum olduğu kimi, Əsasnamə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edildiyinə görə normativ hüquqi akt statusu ilə qanunvericilik sisteminə daxil olan aktdır. Beləliklə, qanunvericiliyə tam uyğun şəkildə icraçı direktor növbəti əmək məzuniyyətinə getməsi ilə əlaqədar 2022-ci il 21 iyul tarixli 265 nömrəli əmri ilə məzuniyyətdə olduğu dövrdə işəgötürənin səlahiyyətlərinin həyata keçirilməsini icraçı direktorun müavininə həvalə edib.Eyni zamanda əmək müqavilələrinin qeydiyyatı aparılan "Əmək və Məşğulluq” altsistemində icraçı direktor tərəfindən onun məzuniyyətdə olduğu dövr üçün icraçı direktorun müavininə işəgötürən vəzifələrini yerinə yetirilməsi məqsədilə müvafiq səlahiyyətlər verilməsi təsdiq edilib.Beləliklə hesab edir ki, 2022-ci il 12 avqust tarixli 35 nömrəli əmrin Əmək Məcəlləsinə uyğun olmaması barədə iddiaçı yanılır və bu dəlillər üzərində qurulan iddia tələbi tam əsassızdır.İddiaçının iddia ərizəsində qeyd edilir ki, ona qərəzli münasibət göstərilib və onun işdən çıxarılmasının təmin edilməsi üçün ARDNF-in işçilərinin etik davranış qaydaları təsdiq edilib. İddiaçının bu dəlilinə etiraz edərək bildirir ki, ARDNF-də etik davranış qaydaları ilk dəfə 2013-cü ildə təsdiq edilib. Daha sonra isə təkmilləşdirilməsi məqsədilə sözügedən qaydaların 2019-cu və 2022-ci illərdə yeni redaksiyaları təsdiq edilib. ARDNF-in işçilərinin etik davranış qaydalarının məqsədi ARDNF-in korporativ dəyərlərinin tədbiq edilməsinə nail olunmasıdır və sözügedən qaydalar ARDNF-in bütün işçilərinə şamil edilir.İddiada qeyd edilib ki, Əmək Məcəlləsinin 28-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müharibə iştirakçılarına işdə saxlanmasına üstünlük verilir.Lakin iddiaçının tutduğu vəzifə üzrə ştatın ixtisarı həyata keçirilərkən digər müqayisə edə biləcək bir işçi olmayıb ki, iddiaçıya üstünlük verilsin.Fondun 2007-ci il 23 aprel tarixli 57 nömrəli əmri ilə İnformasiya təhlükəsizliyi və mühafizə şöbələrindən ibarət təhlükəsizlik departamenti yaradılıb. ARDNF-nin aparat strukturunun təkmilləşdirilməsi məqsədi ilə, eləcə də ARDNF-nin yeni inzibati binasının inşası ilə əlaqədar departamentdə fiziki təhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə iş yükünün artması ilə əlaqədar Fondun 2013-cü il 29 dekabr tarixli 227 nömrəli əmri ilə Təhlükəsizlik departamentinin İnformasiya təhlükəsizliyi şöbəsində “Mütəxəssis” vəzifəsinin vakant olan 1 ştat vahidinin ixtisarı hesabına həmin departamentin ştatına 1 ştat vahidi “Direktor müavini” vəzifəsi daxil edilib və ARDNF-nin 2014-cü il 19 fevral tarixli 23 nömrəli əmri ilə İddiaçı ARDNF-nin Təhlükəsizlik departamentinin direktor müavini vəzifəsinə işə qəbul edilib.ARDNF 2015-ci ildə yeni inzibati binaya köçürüldükdən sonra informasiya təhlükəsizliyi üzrə daxili aidiyyəti struktur bölmələrin fəaliyyətində optimal idarəetməni təmin etmək istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə başlanılıb. Son dövrlər, xüsusilə də pandemiya dövründə ARDNF-yə qarşı olan kiberhücumların sayının artması, həmçinin informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların qabaqcıl təcrübələrin tələblərinin yerinə yetirilməsi, informasiya təhlükəsizliyi üzrə şəffaflığın və obyektivliyin artırılması ARDNF-də informasiya təhlükəsizliyi üzrə idarəetmə sahəsində icraçılıq və nəzarət fəaliyyətlərinin subyektlərinin ayrılmasını, eləcə də satınalmalarla bağlı iş yükünün artması ARDNF-də informasiya təhlükəsizliyi və satınalmalarla bağlı yeni və müstəqil strukturların yaradılmasını zəruri edirdi.Həmçinin ARDNF-də insan resurslarının idarəedilməsi sistemi üzrə 2021-ci ilin aprel ayından başlayan layihə çərçivəsində məsləhətçi qismində çıxış edən beynəlxalq nüfuzlu “Ernst & Yanq Holdinqs Bİ.Vİ” şirkətinin ARDNF ilə bağladığı məsləhət xidmətləri haqqında müqaviləyə uyğun olaraq layihə qrupu tərəfindən layihənin “vəzifələrin analiz edilməsi, iş yükünə əsasən həddindən artıq işçi sayı olan sahələrin müəyyən edilməsi” adlanan ikinci mərhələsində müsahibələr və RACİ matrisin formalaşdırılması zamanı əldə edilən məlumatlar əsasında vəzifələr və onların funksiyaları, eləcə də maraqların toqquşması və təkrarlanan işlərin sayı müəyyən edilib, funksional təhlil metodologiyasından istifadə edilərək vəzifələrin iş yükü təhlil edilib və təşkilati strukturun təkmilləşdirilməsi üçün tövsiyyələr verilib.“Ernst & Yanq Holdinqs Bİ.Vİ” şirkəti tərəfindən ARDNF-nin aparat strukturunun təkmilləşdirilməsi ilə bağlı təqdim edilən təkliflər nəzərə alınaraq,ARDNF-nin Təhlükəsizlik və İnzibati departamentlərində struktur dəyişiklikləri barədə 2022-ci il 29 iyun tarixli 19 nömrəli əmr verilib.Dəyişikliklərə uyğun olaraq həmin departamentlərin daxilindən şöbələr çıxarılmaqla iki struktur bölmə əsasında ikisi departament və ikisi şöbə olmaqla 4 yeni struktur bölmə yaradılıb.Yeni struktura əsasən departamentlərin tərkibində şöbələr olmadığına və fəaliyyət istiqamətlərindəki ikili istiqamət ləğv edildiyinə görə həmin departamentlərdə olan “Direktor müavini” vəzifələrinə ehtiyac qalmayıb və bu vəzifələr ləğv edilib.Bununla əlaqədar, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə və 3-cü bəndinə uyğun olaraq, Təhlükəsizlik departamentinin direktor müavini İddiaçı vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən, onunla bağlanan xx.xx.2014-cü il tarixli 195Z1 nömrəli əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajına əsasən xx.xx.2022-ci il tarixində orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilməklə xitam veriləcəyinə dair rəsmi xəbərdarlıq edilib.Eyni zamanda, Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, iddaçıya xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla əmək funksiyalarının icrasından azad edilərək iş axtarmaq üçün imkan yaradılıb.Xəbərdarlıqda göstərilən tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 2022-ci il 12 avqust tarixli 35 nömrəli əmr imzalanıb, bu əmrin qeydiyyatı aparılıb, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq əmək müqaviləsi bildirişi qeydiyyata alınıb.Həmin əmrin surəti və əmək kitabçası son haqq-hesab ilə birlikdə sonuncu iş günü iddiaçıya verilib.Göründüyü kimi, iddiaçıya qarşı qərəzli münasibətə yol verilməyib, ARDNF-in aparat strukturunda edilən dəyişikliklər tək iddiaçıya deyil, həmçinin ARDNF-nin inzibati departapentinin direktor müavini ştatına da tətbiq edilib, eyni zamanda həmin struktur bölmələrdə işləyən digər işçilərlə olan əmək münasibətlərində də müvafiq dəyişikliklərə səbəb olub. Qeyd edilənlər sübut edir ki, iddiaçı ilə bağlanılan əmək müqaviləsi Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv edilməsinə dair müəyyən edilən qaydaların bütün tələblərinə əməl etməklə və əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmayaraq işəgötürən tərəfindən ləğv edilib. Struktur dəyişiklikləri ARDNF-nin icraçı direktorunun səlahiyyətidir. Əsasnamə ilə müəyyən edilib ki, ARDNF Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır. Əsasnamənin 5.1, 5.2 və 5.3-cü bəndlərinə uyğun olaraq ARDNF-in fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən icraçı direktor həyata keçirir, icraçı direktor ARDNF-in cari işini təşkil edir və ona rəhbərlik edir, ARDNF-in aparatının işçilərini qanunvericiliklə müəyyən edilən qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.Bundan başqa, Əmək Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq ARDNFnin işəgötürəni kimi çıxış edən icraçı direktor Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulan hüquqlarından istifadə edərək ştruktur dəyişiklikləri həyata keçirib və ştatları ləğv edib.Göründüyü kimi ARDNF-nin işəgötürəni qismində çıxış edən icraçı direktorun həyata keçirdiyi struktur dəyişiklikləri tamamilə onun səlahiyyətindədir. İddiaçının iddiasının əsasını təşkil edən dəlillərdən birini “Azərbaycan Respublikası X14 idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamının birdəfəlik xarakter daşıması və həmin aktın İcraçı direktora aid hissələrində verilən səlahiyyətlərdən bir dəfə istifadə etmək mümkünlüyü göstərilir.Eyni zamanda iddiaçı iddia ərizəsində göstərir ki, Fondun Əsasnaməsi normativ hüquqi aktdır. Lakin, iddiaçı nəzərə almayıb ki, həmin normativ hüquqi akt statusunda olan Əsasnamənin 1.7-ci bəndi ilə müəyyən edilib ki, Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur və 5.3-cü bəndinə əsasən icraçı direktor Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.İddiaçı əsassız olaraq birdəfəlik hesab etdiyi Sərəncama Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif illərdə müvafiq dəyişiklik və əlavələr edildiyini nəzərə almayıb.Belə ki,Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2008- ci il tarixli 797 nömrəli, 27 iyul 2010-cu il tarixli 1047 nömrəli, 11 iyun 2013-cü il tarixli 2950 nömrəli, xüsusilə 11 ildən sonra 7 may 2018-ci il tarixli 53 nömrəli sərəncamları ilə bu akta müəyyən əlavələr, o cümlədən icraçı direktorun səlahiyyətlərinə aid hissələrdə də dəyişikliklər edilib. ARDNF-də 2007-ci ildən bu günədək, 15 il ərzində, dəfələrlə aparatın strukturuna, vəzifələr üzrə ştat vahidlərinin sayına, vəzifə adına, müvafiq təsnifat və dərəcələr üzrə vəzifələrin bölgüsünə dair dəyişikliklər barədə əmrlər verilib. Bundan əlavə Azərbaycan Respublikası Konsititusiyasının 113-cü maddəsinə əsasən ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən qeyri- normativ hüquqi aktlar yalnız birdəfəlik tətbiq halları üçün deyil, həmçinin konkret təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə də qəbul edilə bilər. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki,iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası X14 icraçı direktoru İsrafil Məmmədov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunur ki, “Hörmətli İddiaçı, Azərbaycan Respublikası X14 (bundan sonra Fond) aparatının strukturunda aparılan təkmilləşdirmə ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə”bəndinə əsasən Fondun Təhlükəsizlik departamentinin “direktor müavini” vəzifəsi üzrə ştat ləğv edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Sizə ştatınızın ixtisar edilməsi ilə bağlı xəbərdarlıq edilir ki, Sizinlə bağlanmış xx.xx.2014-cü il tarixli 195/1 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixində orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinatı ödənilməklə xitam veriləcəkdir. Eyni zamanda bildirilir ki, razılığınız olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqınızın 1,4 misli əməkhaqqı birdəfəyə ödənilməklə, Sizinlə bağlanmış xx.xx.2014-cü il tarixli 195/1 nömrəli əmək müqaviləsinə müvafiq əsasla dərhal xitam verilə bilər” İşəgötürən Azərbaycan Respublikası X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 35 saylı əmrin məzmunundan görünür ki, Fondun təhlükəsizlik departamentinin direktor müavini İddiaçılə bağlanmış əmək müqaviləsinə 12 avqust 2022-ci il tarixdən xitam verilmiş və ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinatı ödənilməsi nəzərdə tutulmuşdur. Həmin əmri Fondun icraçı direktorunun müavini X8 imzalamışdır. X5 bu səlahiyyət Fondun icraçı direktoru X1 xx.xx.2022-ci il tarixli əmri ilə 23 iyul 2022ci il tarixdən 14 avqust 2022-ci il tarixi də daxil olmaqla 23 təqvim günü özünün məzuniyyətə çıxması ilə əlaqdar verilmişdir. Verilmiş səlahiyyətlərə icraçı direktora aid olunan bütün səlahiyyətlər aid edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 70.Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; [109] e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. [110] Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

8. İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.

9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. İşin hallarından görünür ki,iddiaçı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası X15nda işləyir və həmin müəssisədə onun son vəzifəsi Fondun təhlükəsizlik departamentinin direktor müavini olmuşdur. Azərbaycan Respublikası X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 35 saylı əmrlə Fondun təhlükəsizlik departamentinin direktor müavini İddiaçılə bağlanmış əmək müqaviləsinə 12 avqust 2022-ci il tarixdən xitam verilmiş və ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinatı ödənilməsi nəzərdə tutulmuşdur İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki,onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsas səbəbi,fond rəhbərliyinin ona qarşı qərəzli münasibətdən irəli gəlmişdir.Bundan başqa,onun vəzifə ştatının ixtisara salınması icraçı direktorun səlahiyyətinə aid deyil. İddiaçı fond rəhbərliyinin ona qarşı qərəzli münasibətdə olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Onun vəzifə ştatının ixtisara salınması icraçı direktorun səlahiyyətinə aid olmaması barədə dəlillərə qiymət verərəkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2000ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının X15 haqqında Əsasnamə”-ni və “Azərbaycan Respublikası X14 idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamını əsas götürür.Həmin aktlardan görünür ki,fondun icraçı direktoru işçilərin işə qəbulu və işdən çıxarılması,fonda verilmiş ştat cədvəlinə uyğun olaraq ştat vahidlərinin ixtisarı da daxil olmaqla fondun idarə olunması ilə bağlı bütün səlahiyyətlərə malikdir. Göründüyü kimi iddiaçının gətirdiyi dəlillər işin faktiki halları ilə öz təsdiqini tapmır. Bundan başqa, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası X14 icraçı direktorun müavini vəzifəsinə bərpa edilməsi, habelə Azərbaycan Respublikası X15 tərəfindən dəymiş ziyana görə 2050 manat zərərin onun xeyrinə tutulması barərdə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki,iddiaçının tələblərində onun vəzifə ştatının ixtisar edilməsi barədə işəgötürən Azərbaycan Respublikası X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 35 saylı əmrinin ləğvi barədə tələb yoxdur. Qeyd olunan əmr ləğv olunmadığı halda məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının Azərbaycan Respublikası X14 icraçı direktorun müavini vəzifəsinə bərpa edilməsinin qanuni əsası olmur. Məhkəmə Azərbaycan Respublikası X15 tərəfindən vurulmuş zərərə 2050 manat zərərin onun xeyrinə tutulması hissədə iddia tələbini də əsaslı hesab etmir. Çünki, cavabdeh tərəfindən ona 2050 manat zərərin vurulması barədə hər hansı bir sübut təqdim olunmamışdır. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası X11rşı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, işə bərpa və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar