Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3248/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə qarşı “kollektiv müqavilədə nəzərdə tutulan birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə qarşı “kollektiv müqavilədə nəzərdə tutulan birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCARın İnformasiya və Texnologiyaları və Rabitə İdarəsi və X1 Komitəsi arasında 2024-2026-cı illər üçün bağlanmış Kollektiv Müqavilənin 5.14-cü bəndində nəzərdə tutulan orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hesablanaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür, xx.xx.2010-cu il tarixindən SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin idarəetmə aparatında (“cavabdeh”) Avtomatika və sənaye həlləri Departamentində Departament rəisinin müavini vəzifəsində işləməyə başlayıb. SOCAR-ın İnformasiya və Texnologiyaları və Rabitə İdarəsi və X1 Komitəsi arasında 2024-2026-cı illər üçün bağlanmış Kollektiv Müqavilənin 5.14-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilir. Kollektiv Müqavilənin qeyd edilən bəndinə əsasən o, xx.xx.2025-ci il tarixində SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (SOCAR İTRİ) müraciət edilərək qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqdan sonra yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməklə onunla bağlanmış xx.xx.2010-cu il tarixli, 1050 №-li əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsini xahiş edib. Cavabdeh SOCAR İTRİ-nin xx.xx.2025-ci il tarixli, 14-2-13/3-1K- 8/2025 №-li əmrinə əsasən xx.xx.2025-ci il tarixindən iddiaçının əmək müqaviləsinə xitam verilib, lakin Kollektiv Müqavilədə nəzərdə tutulan birdəfəlik müavinət iddiaçıya ödənilməyib. Bununla əlaqədar iddiaçı tərəfindən yenidən SOCAR İTRİ-yə müraciət edilmiş, birdəfəlik müavinətin verilməsi, əks təqdirdə hüquqi əsaslandırılmış yazılı imtinanın verilməsi xahiş edilmişdir. SOCAR İTRİ tərəfindən müraciətinə baxılaraq xx.xx.2025-ci il tarixli, 14-2-13/2-M-6-33/2025 №-li məktubla bildirilmişdir ki, “SOCAR və Azərbaycan Neft və X5 Həmkarlaq İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “SOCAR-da işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına, eləcə də SOCAR və ANQSİHİRK arasında 2024-2026-cı illər üzrə X4 5.15-ci bəndinə əsasən, işçi qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda və bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında işçiyə onun orta aylıq əmək haqqınınn beş misli məbləğində işdən çıxarma müavinətinin verilməsi nəzərdə tutulur. Lakin əmək müqaviləsinin xitamı üçün müraciət etmiş işçiyə həmin tarixədək artıq yaşa görə əmək pensiyası təyin edilibsə, bu halda işçiyə sözügedən müavinət verilmir”. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 07 may 2006-cı il tarixindən iddiaçıya xidmət illərinə görə pensiya təyin edilmişdir. Lakin sözügedən Kollektiv Müqavilənin şərtlərinə əsasən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda və bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdə birdəfəlik müavinət verilir. O, kollektiv müqavilədə nəzərdə tutulan birdəfəlik müavinətin ödənilməsinə köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində X3 Xidmətinə müraciət edib. X3 Xidməti tərəfindən bu məsələ ilə bağlı məhkəmə müraciət edilməsi bildirilib. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 6 saylı Mediasiya Təşkilatına müraciət edib, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməyib, bununla əlaqədar iddiaçıya xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış” təqdim olunub. İddiaçı eyni zamanda 61 (altmış bir) manat məbləğində mediasiya xərci ödənmişdir. Mübahisənin məhkəmədən kənar mediasiya mərhələsində həll edilməsi üçün cəhd olunsa da, bu, hər hansı bir nəticə verməyib. Bu səbədən o, hazırda SOCAR-ın İnformasiya və Texnologiyaları və Rabitə İdarəsi və X1 Komitəsi arasında 2024-2026-cı illər üçün bağlanmış Kollektiv Müqavilənin 5.14-cü bəndində nəzərdə tutulan orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ona ödənilməsi məqsədilə məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etiraz: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz verərək etirazda bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009cu il tarixli 57/06-199 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına, eləcə də SOCAR və ANQSİHİRK arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. Qeyd olunan Əmr-Qərarda nəzərdə tutulan “qanunvericiliklə müəyyən olunmuş “pensiya yaşı” dedikdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanların, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi nəzərdə tutulur. Həmin qanuna edilmiş dəyişikliyə əsasən, qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququdur. İddiaçı ozü də iddasında qeyd etdiyi kimi artıq güzəştli şərtlərlə (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17- 1/2-M- 114750/2025 saylı arayışına əsasən) əmək pensiyasında olduğundan xx.xx.2006-cı il) yaşa görə əmək pensiyasında olduğundan, əmək müqaviləsinə xitam verilərkən SOCAR-ın və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-199 nömrəli əmr-qərarı, eləcədə SOCARın və ANQSİHİRK-nın Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndi ona şamil edilmir. Məzmunundan göründüyü kimi istinad olunan norma dispozitivdir və yalnız bütün şərtlər eyni anda ödənildiyi halda müraciət müəllifi belə müavinəti almağa ixtiyar qazanır. Bu şərtlər isə aşağıdakılardır: 1) Qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmaq; 2) Pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmək; 3) İşdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etmək və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması; 4) Cari məsələ ilə bağlı SOCAR-ın qərar qəbul etməsi. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququdur. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir əmələ gəldiyindən (2006-cı il tarixindən etibarən) ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçı hələ 2006-cı ildən pensiya yaşına çataraq pensiya hüququ qazansa da, onun işdən azad olunmadan əmək münasibətlərini davam etdirməsi hazırda belə bir iddianın verilməsini istisna edir. İddiaçı iddiasında o zaman haqlı ola bilərdi ki, ilk dəfə pensiya hüququ verən yaş həddinə (2006) çatarkən, 1 ay müddətində əmək münasibətlərinə xitam verilməsini xahiş etmiş olsun. Lakin iddiaçı bu qaydada davranmadığı üçün, dolayısıyla, hazırkı reallıqda belə bir iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ aradan qalxmış olur. Sözügedən kollektiv Sazişin bağlanmasında məqsəd, Preambulasında da qeyd olunduğu kimi, Dövlət Neft Şirkətində aparılan struktur islahatları çərçivəsində ştat vahidlərinin təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması, başqa sözlə, Şirkətin müəssisə və təşkilatlarda işçi heyətindən daha səmərəli istifadə etmək və xərclərin azaldılmasına nail olmaqdan və s. ibarət idi. Bu bir həvəsləndirmə tədbiridir ki, ARDNŞ pensiya yaşına çatmış işçiyə 5 misli miqdarında müavinət ödənilməsini bəyan etməklə işçini işdən azad olunmasına dəvət edir, əvəzində isə daha yeni kadrların, işçi qüvvələrinin işə cəlb olunmasına nail olmaq istəyir. Belə olan halda hazırki mübahisə üzrə zamanında (2006) pensiya yaşına çatmış iddiaçı 19 il ərzində əmək münasibətlərinə davam etdirməklə, dolayısıyla, özünə münasibətdə işəgötürəni çatmaq istədiyi hədəfdən məhrum etmişdir. Bundan əlavə, əks yanaşmanın tətbiq olunması, həmçinin, güzəştli şərtlərlə pensiya yaşına çatan və 1 ay ərzində əmək münasibətlərinə xitam verilən işçilərə münasibətdə qeyri-bərabərliyə səbəb olar. Çünki həmin şəxslər güzəştli şərtlərlə pensiya hüququ qazanan kimi müvafiq müavinəti almaq üçün 1 ay ərzində əmək münasibətlərinə xitam verməli olduqları halda (onların da illər sonra yaşa görə əmək pensiyasının ümumi əsaslarla təyin olunması istisna olunmurdu), iddiaçının işdən azad olunmadan əmək münasibətlərinə davam etdirməsi və hazırda həmin müavinətə yiyələnməsi işçilər arasında ayrı-seçkiliyə gətirib çıxarar ki, bu da Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən yolverilməzdir. Sözügedən müavinətin verilməsi üçün işçi işdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etməli və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması da tələb olunurdu. Hazırkı iş üzrə iddiaçı ona verilən səlahiyyətdən vaxtında istifadə etmədiyi üçün tərəflər arasında belə bir razılaşma imzalanmamışdır. Başqa sözlə, işçi ilə müvafiq məzmunda razılaşma bağlanmadığı üçün işəgötürənin müvafiq müavinəti ödəmək öhdəliyi də yaranmamışdır. Çünki mübahisələndirilən normanın ilkin şərtinin yerinə yetirilməməsi, sonrakı şərtlərin mövcudluğunu və əhəmiyyətini istisna edir. Buna görə də tələb əsassız və qanunsuzdur. İddiaçının yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir (2006-cı il tarixindən etibarən) əmələ gəldiyindən iddiaçıya əmək haqqının 5 mislini ödəmək üçün Kollektiv Sazişdə nəzərdə tutulan şərt mövcud deyil. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə görə əmək pensiyalarının 3 növü vardır: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Hazırki iş yaşa görə əmək pensiyası ilə bağlı olduğu üçün mübahisəyə də həmin pensiya üzrə qanunvericiliyin müəyyən etdiyi qaydalara diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun İİ fəsli (7-10-cu maddələr) yaşa görə əmək pensiyasına həsr olunub və həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddənin qeydinə görə bu maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, Qanunun 7-ci maddəsi kişi və qadınların hansı yaşda və hansı şərtlər daxilində yaşa görə əmək pensiyası hüququnu müəyyən edib. Eyni zamanda Qanunun 8 və 9-cu maddələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin də dairəsini müəyyən edib. Qanunun hazırki işə aid olan 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8 və 9-cu maddələrinin adından və məzmunundan da görünür ki, həmin normada müəyyən edilən əmək pensiyası yaşa görədir, lakin sosial həssaslıq və iş şəraiti baxımından işçinin yaşa görə daha tez pensiya çıxmasına imkan verir. Başqa sözlə, işçinin sosial həssaslıq və iş şəraiti baxımından güzəştli şərtlərlə daha tez yaşda pensiya hüququ, elə yaşa görə pensiyadır. Çünki həmin maddələrdə qeyd edilən şərtlər (sosial həssaslıq və iş şəraiti) mövcud olsa belə, bu, özlüyündə işçinin əmək pensiyası hüququnu yaratmır, bunun üçün işçinin müəyyən yaş həddinə çatması da zəruri şərtdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ güzəştli şərtlərlə daha əvvəl yaranmış, iddiaçı əmək münasibətlərini davam etdirmiş və ümumi pensiya yaşına çatdıqda əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilərkən, İddiaçı qarşı heç vaxt qərəzli münasibət olmamış, o, hər hansı ayrı-seçkiliyə məruz qalmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinə verilmiş etiraza mülahizə verərək bildirmişdir ki, cavabdeh SOCAR Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı ozü də iddasında qeyd etdiyi kimi artıq güzəştli şərtlərlə (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17- 1/2-M- 114750/2025 saylı arayışına əsasən) əmək pensiyasında olduğundan xx.xx.2006-cı il) yaşa görə əmək pensiyasında olduğundan, əmək müqaviləsinə xitam verilərkən SOCAR-ın və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-199 nömrəli əmr-qərarı, eləcədə SOCARın və ANQSİHİRK-nın Sahə (tarif) Kollektiv Sazişinin 5.16- cı bəndi ona şamil edilmir. Qeyd edilənlərlə razılaşmayaraq bildirir ki, iddiaçı kollektiv müqavilədə nəzərdə tutulan əsaslara istinadən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqdan sonra yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməklə onunla bağlanmış xx.xx.2010-cu il tarixli, 1050 №-li əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsini xahiş edib. İddiaçının xidmət illərinə görə öncədən təqaüdə çıxması müqavilədə istinad olunan müavinəti almaqdan imtina üçün əsas ola bilməz. Belə ki, nə qanunvericilik müstəvisində, nə də kollektiv müqavilədə digər növdə təqaüd alan şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur. Bununla yanaşı iddiaçıya 2006ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixindən SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin idarəetmə aparatında (“cavabdeh”) Avtomatika və sənaye həlləri Departamentində rəis müavini vəzifəsində işləməyə başlayıb. Bu halda iddiaçı işə qəbul olmadan təqaüdə çıxması kollektiv müqavilə bütün işçilərə şamil edilən güzəştlərin verilməsinə imtinaya əsas ola bilməz. Bu hal əmək münasibətlərində ayrı-seçkiliyin yaranmasına gətirib çıxarır, hansı ki, Əmək Məcəlləsinni 16-cı maddəsinə əsasən əmək münasibətlərində ayrı-seçkilik yolverilməzdir. Bununla yanaşı kollektiv müqavilədə qeyd edilir ki, “qanunvericliklə müəyyən edilmiş yaş həddinə çatdıqda”n sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilir. Lakin iddiaçıya təyin edilmiş pensiya xidmət illərinə görə - iş stajına əsasən təyin edilir. Göründüyü kimi 2 qanunvericlikdə müəyyən edilmiş pensiya yaşı və xidmət illərinə görə pensiyanın təyin edilməsi fərqli anlayışlardır. Birinci halda pensiya yaşı qanunvericliklə dəqiq tənzimləndiyi təqdirdə, xidmət illərinə görə pensiya təyin edilməsi iş stajı ilə tənzimlənir və kollektiv müqavilədə məhz “qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatdıqda” qeyd edilir. Bununla yanaşı anoloji iş üzrə Ali Məhkəmənin 2(102)-19/2025 saylı, xx.xx.2025 tarixli qərarında Ali Məhkəmə birinci və apellyasiya instnasiyaları məhkəmələrinin mövqeyi ilə razılaşaraq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsindən imtinanın qanunsuz hesab etmişdir. Odur ki, anoloji iş üzrə cavabdehə qarşı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarını və yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, kollektiv müqavilədə qeyd edilərdi ki, əvvəlcədən yaşa görə pensiyaya çıxan şəxslərə birdəfəlik müavinətin verilməsi şamil edilmir. Ancaq bu qeyd edilməmişdir. Kollektiv müqaviləyə heç kəs düzəliş edə bilməz. O, dəfələrlə rəhbərliyə yaxınlaşıb bildirmişdir ki, ona qərar verilsin, o da məhkəməyə müraciət etməsin. O, məhkəməyə müraciət etmək arzusunda deyildi, belə ki, kollektiv müqaviləyə o da imza etmişdir. O, 15 il işləməmiş, təyinatla işə gəlmiş, 1984-1987-ci illər arasında işləmiş, 1987-ci ildən Sovet hökumətinin korpusunda zabit olmuş, 2 il orada işləmiş, yenidən könüllü olaraq Azərbaycan Ordusuna gedib 16 il orada qulluq etmiş, sonra da öz iş yerinə ərizə yazıb qəbul edilmişdir. Əmək kitabçasında isə ordudan təxris edildiyi yox, orduya çağırıldığı qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı 2006-cı ildə pensiyaya çıxdıqdan 4 il sonra 2010-cu ildə “SOCAR”-ın müvafiq idarəsində işə qəbul edilib və 15 il orada çalışmış, işə qəbul edilmə də, işdən çıxarılma da kollektiv müqavilə şərtlərinə əsasən olmuşdur. 65 yaşına çatdıqda stimul yaratmaq, gənclərin işə qəbul edilməsi təqdirəlayiq bir addımdır, ancaq bunun iddiaçıya aid olduğunu hesab etmir, çünki iddiaçı onsuzda pensiyadadır, pensiyaya çıxdıqdan bir neçə il sonra əmək fəaliyyətini yenidən davam etdirmək istəyir və bununla bağlı müraciət edir, həmin vəzifəni yerinə yetirmə ilə bağlı şərtlər öyrənilir və müvafiq qurum iddiaçını işə qəbul edir, 15 ilə yaxın orada işləyir və daha sonra kollektiv müqavilə şərtlərində göstərilən bəndə uyğun ərizəsini təqdim edir. İddiaçının əmrində də qeyd edilir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsində rəhbər tutaraq yaşa görə əmək pensiyasına çıxmasını nəzərə alır. İddiaçı əvvəldən də pensiyada idi, pensiyaya xüsusi şərtlərlə çıxıb, 15 ilə yaxın işlədikdən sonra kollektiv müqavilə şərtlərinə əsasən ərizəsini verir, ona bu şərtin şamil edilməməsi ilə bağlı hansısa bir müqaviləyə əlavə, istisna edilmə ilə bağlı bildiriş, məlumat, öncədən işə qəbul ediləndə bu şərtlərin ona şamil edilmədiyi də bildirilməyib, yəni iddiaçı xüsusi şərtlərlə pensiya olduğu vaxtdan sonra müraciət edib. Onlar Ali Məhkəmənin, apellyasiya və birinci instansiya məhkəməsinin qərarına hörmətlə yanaşırlar və hesab edirlər ki, iddiaları əsaslıdır, onun haqqı çatır ki, orta aylıq əmək haqqı məbləğini 5 misli məbləği miqdarında müavinət alsın. Həm Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-ci hissəsi, həmin məcəllənin 6-cı maddəsinin 3cü bəndində kollektiv müqaviləyə verilən anlayış, həmin məcəllənin 24-cü maddəsinin 1-ci hissəsi, 12-ci maddəsinin ç bəndinə və təqdim etdiyi müqavilə və sənədlərə, “Əmək Pensiyaları” haqqında Qanunun 7-ci maddəsinə əsasən iddiaçının hüququ vardır, cavabdeh tərəfin məktubları sadəcə tövsiyə xarakterlidir ki, daxili normativ tələblərə riayət etsin. Formalaşmış məhkəmə təcrübəsinin və yuxarı instansiya məhkəməsinin göstərişləri nəzərə alınsın, ancaq bilmir ki, digər mübahisə hansı mahiyyət və məzmun, hansı hallar üzrədir. Apellyasiya məhkəməsi bir dəfə qərar qəbul edib ki, iddiaçı haqlıdır, ancaq Ali Məhkəmədə müəyyən göstərişlər qoyub. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 etirazı müdafiə edib etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, eyni məsələ üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının xeyrinə qərar qəbul etmiş, Ali Məhkəmə isə işi yenidən baxılması üçün öz tövsiyələrini verərək geri qaytarıb, Bakı Apellyasiya Məhkəməsi yekun olaraq xx.xx.2025-ci il tarixdə qətnamə qəbul edərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamış, yəni iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmçinin, bu yaxınlarda Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin kollektiv müqavilə və saziş onu nəzərdə tutduğu üçün işçilər yaş həddinə çatdıqdan sonra həvəsləndirici proses kimi tətbiq edilir ki, işçi yaş həddinə çatanda əmək haqqının 5 misli məbləğində müavinət götürüb təqaüdə çıxsın. İddiaçının yaş həddinə görə pensiya hüququ 2006-cı ildə yaranıb və həmin ildə o bu hüququndan istifadə etməyib və işləməyə davam edib, çünki güzəştli şərtlərlə pensiya hüququ yaranıb. Ancaq iddiaçı fikirləşir ki, bugünki gün onun 65 yaşı tamam olubsa o, həmin hüququndan istifadə edə bilər, ancaq bu sazişin mahiyyətinə uyğun deyildir. Pensiya hüququnun yaranmasının səbəblərini qeyd etmişdir, şərtlərlə yaranma elə yaşa görə pensiya hüququnun yaranması deməkdir. Vətəndaşın da bu hüququ 2006-cı ildə yarandığından, o həmin hüququndan həmin vaxt istifadə etmədiyindən bugün iddiaçının 65 yaşının olması ilə ona bu hüquq şamil edilmir. Həmin norma imperativ norma deyil, həmin hüquq yarananda 1 ay ərzində vətəndaş müraciət edir, həmin müraciətə baxılır və aidiyyatı orqana göndərilir, rəy verilir, aidiyyatı orqan dedikdə isə struktur bölməsi başa düşülür, onlar səlahiyyətli şəxsə müraciət edirlər. Texnologiya İdarəsinin kimə müraciət etməli olduğunu dəqiq bilmir, ola bilsin ki, “SOCAR” olmalıdır. Vətəndaş güzşətli şərtlərlə pensiyaya çıxdıqdan sonra işə götürülə bilməsi, işləyə bilməsi demək o demək deyil ki, həmin şərtlər o, 65 yaşına pensiyaya çıxanda şamil olunmalıdır, həmin şərtlərin ona şamil edilməyəcəyi barədə qabaqcadan hər hansı bir məlumat verməyə ehtiyac yoxdur, çünki kollektiv müqavilə digər məsələləri də həll edir, ancaq sırf bu maddə imperativ xarakter daşımır, vətəndaşın müraciəti əsasında baxılıb razılıq əldə edilərsə tərəflər arasında bağlanmış müqavilədən sonra bu proses olmuş, həmin proses 4 mərhələdən keçir, burada 15 il işləməyin və ya təqaüddə ola-ola işə düzəlməyin fərqi yoxdur, iddiaçı əvvəl də orada işləyə bilərdi, oradan təqaüdə çıxıb davam da etdirə bilərdi, orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət verilməsinin vətəndaşa şamil edilməsinin o qədər də fərq yoxdur, əsas məsələ odur ki, 2006-cı ildə onun pensiya hüququ o vaxt yaranıb və artıq bu hüquq ona şamil edilmir, daxili qaydalar da hamısı vətəndaşa izah edilib, razılaşma şərti olmalı deyil, elə bir şey yoxdur, imperativlik yoxdur ki, vətəndaşa istisna edilsin, əgər vətəndaş pensiya yaşına çatandan sonra işləməyə uzun müddət davam edibsə artıq ona bu hüquq şamil edilmir, bu ilk dəfə pensiyaya çıxanlara aiddir, mahiyyəti imperativ deyil, bu məcəllə və qanunla tənzimlənən məsələ deyil, bu sadəcə “SOCAR”-ın özünün öz işçilərinə müəyyən etdiyi daxili qaydalar kimi bir şeydir, həvəsləndirici bir təklifdir. Onlar məhkəmə qərarına əsasən fikirlərini qeyd edirlər. Ali Məhkəmə də yaş hüququnun yaranması məsələsinə toxunub. İddiaçının ərizəsinə baxanda ərizədə qeyd etdiyi məsələ ilə bağlı araşdırma olmuş, cavablar verilmiş, vətəndaşın özünə də göndərilmişdir. Vətəndaşın müraciəti ilə bağlı sorğu verilib, araşdırma aparılıb və sorğunun cavabı olaraq bildirilib ki, vətəndaş 2006-cı ildən pensiya alır. İddia tələbində qeyd edilən məsələ qanun və sərəncamla həll edilən məsələ deyil, kollektiv müqavilədə nəzərdə tutulur, bu, həm şirkətin işinə və işçisinə münasibətini və qayğısını göstərir, belə ki, birdəfəlik müavinətin verilməsi məcburi hal deyil, müəssisə şərait yaradır ki, yeni işçi kadrları yetişdirsin, həm də təqaüdə çıxan işçilərinə təqaüd alana kimi müəyən bir məbləğdə yardım etmək məqsədilə belə bir tədbir həyata keçirir. Yaş həddinə görə işçi təqaüdə çıxırsa 1 ay qabaqcadan pensiya yaşına çatanda pensiyaya çıxmaq istədiyinə dair müraciət edir ki, əmək haqqının birdəfəlik 5 misli miqdarında müavinət verilsin, müraciət idarə tərəfindən müzakirə edilir, əgər qarşılıqlı razılığa gəlinirsə qərar qəbul edilir və müavinət ödənilir, iddiaçının vəziyyətində onun pensiya hüququ əvvəldən güzəştli şərtlərə görə yaranıb və o pensiyaya çıxıb, işləməyə davam edib, indiyə kimi belə bir hal olmayıb, şəxs xidmət illərinə görə başqa müəssisədən pensiyaya çıxıb, pensiyaya ala-ala onların müəssisələrində işləsə belə o, pensiya hüququnu o vaxt qazanmışdır, kollektiv müqavilə belə hallara şamil edilmir, belə ki, burada 4 prosedur var, vətəndaş müraciət edir, onun müraciəti müzakirə edilir, qarşılıqlı razılıq əldə olunursa bununla bağlı qərar qəbul edilir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi və X1 Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üçün Kollektiv Müqaviləsinin 5.14-cü bəndinə əsasən, Ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən, əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı 68-ci maddənin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığın təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2010-cu il tarixli, 98/k nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin strukturunun təkmiiləşdirilməsi bərədə" xx.xx.2010-cu il tarixli 59 saylı əmrinə əsasən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin tərkibində hüquqi şəxs statusuna malik olmayan qurum kimi fəaliyyət göstərən Rabitə Departamentinin ləğv olunması nəticəsində işçilərinin ixtisara düşməsi ilə əlaqədar Rabitə Departamentinin rəis müavini İddiaçı ilə bağlanılmış bağlanmış əmək müqaviləsi xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 mədd. "b" bəndinə əsasən ləğv edilmiş, həmin əmrə əsasən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin tərkibində hüquqi şəxs statusuna malik olmayan qurum kimi fəaliyyət göstərən Rabitə Departamentinin ləğvi ilə əlaqədar İTRİ-nin strukturunda sahə kimi "İnformasiya kommunikasiya texnologiyaları xidməti" və "Radio və kabel-kommunikasiyaları" Departamentlərinin yaradılması və həmin əmrə əsasən yenidən yaradılan departamentlərin işçi qüvvəsi ilə komplektləşdirilməsini ləğv olunmuş Rabitə Departamenti işçiləri hesabına təmin etməsini nəzərə alaraq xx.xx.2010-cu il tarixdən İddiaçı Radio və kabel kommunikasiyaları departamentinin rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək bağlanılmış, İddiaçı ARDNŞ İTRİ-nin Radio və kabel kommunikasiyaları departamentinin rəis müavini vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz bağlanılmış, İddiaçı SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Avtomatika və sənaye həlləri departamenti, əsas departament rəisinin müavini vəzifəsinə təyin edilmiş, işçinin xx.xx.2010-cu ildən işə başlaması qeyd edilmişdir. - İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinəti ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli, 14-2-13/3-1K-8/2025 nömrəli Əmrdən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin idarəetmə aparatında Avtomatika və sənaye həlləri departamnetinin departament rəisinin müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2010-cu il tarixli 1050 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini rəhbər tutaraq və yaşa görə əmək pensiyasına çıxmasını nəzərə alaraq xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında mövcud olan məlumatlara əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 7 may 2006-cı il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Fond həyata keçirdiyindən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair göndərilmiş məlumat vərəqində rütbəsi “polkovnik leytenant", vəzifəsi “müəllim” qeyd olunub. Eyni zamanda, sonrakı artımlar nəzərə alınmaqla hazırda İddiaçı əmək pensiyası 3024,21 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 07 may 2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. hazırda onun əmək pensiyası 3024,21 manat məbləğində olmaqla Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən təyin edilmişdir. - İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, SOCAR İTRİ və X1 Komitəsi arasında 2024-2026-cı illər üçün bağlanmış Kollektiv Müqavilənin 5.14-cü bəndində qeyd edilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinət verilir. Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq ona orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinət verilməyib və verilməyəcəyi barədə hüquqi əsaslandırılmış yazılı imtina da təqdim edilməmişdir. Bununla əlaqədar olaraq həmin müavinətin ona verilməsini əks təqdirdə isə müavinətin verilməyəcəyi barədə hüquqi əsaslandırılmış yazılı imtinanın təqdim edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “SOCAR-da işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmr-qərarına, eləcə də SOCAR və ANQSİHİRK arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.15-ci bəndinə əsasən, işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda və bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin verilməsi nəzərdə tutulur. Lakin əmək müqaviləsinin xitamı üçün müraciət etmiş işçiyə həmin tarixədək artıq yaşa görə əmək pensiyası təyin edilibsə, bu halda işçiyə sözü gedən müavinət verilmir. Bu barədə İTRl-nin İnsan Resursları şöbəsi tərəfindən qabaqcadan məlumatlandırıldıqdan sonra, o, İTRİ rəisinin qəbulunda olaraq müstəsna hal kimi orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin verilməsi üçün SOCAR-a İTRİ tərəfindən məktubla müraciət edilməsi barədə xahiş etmişdir. Xahişi əsasında yazılmış İTRİ-nin 30 yanvar 2025ci il tarixli 14-2-13/3-6-9/2025 nömrəli məktubuna SOCAR-ın cavab məktubu onlara təqdim edilmişdir. Cavab məktubunda göstərilmişdir ki, İddiaçı orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin verilməsi məsələsinə SOCAR-ın daxili normativ sənədlərinin tələblərinə uyğun baxılması tövsiyə olunur. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ildə pensiyaya çıxdıqdan 4 il sonra xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Radio və kabel kommunikasiyaları departamentinin rəis müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq və yaşa görə əmək pensiyasına çıxması nəzərə alınaraq əmək müqaviləsinə xitam verilmiş, ona Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “SOCAR-da işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmr-qərarına, eləcə də SOCAR və ANQSİHİRK arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.14-cü bəndinə əsasən, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti verilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.6. kollektiv müqavilə - işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. Maddə 7.3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə 35. Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər: a) Baş kollektiv saziş-respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. b) Sahə (tarif) kollektiv sazişi- müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. c) Ərazi (rayon) kollektiv sazişi- ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. Maddə 39 1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər. Maddə 39.2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.1 bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. Yaşa görə əmək pensiyası; 4.1.2. Əlilliyə görə əmək pensiyası; 4.1.3. Ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1 dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini pensiya yaşına çatması ilə əlaqədar öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verdiyi halda ona Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “SOCAR-da işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmr-qərarına, eləcə də SOCAR və ANQSİHİRK arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.14-cü bəndinə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin verilməməsi, qanunvericilikdə müəyyən edilmiş pensiya yaşı və xidmət illərinə görə pensiyanın təyin edilməsinin fərqli anlayışlar olması, ona qarşı əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməsi, cavabdeh idarə tərəfindən öncədən işə qəbul ediləndə bu şərtlərin ona şamil edilməməsinin ona bildirilməməsi ilə əsaslandıraraq həmin müqavilədə nəzərdə tutulan müavinət məbləğinin hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı isə ondan ibarətdir ki, iddiaçının yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir (2006cı il tarixindən etibarən) əmələ gəldiyindən iddiaçıya əmək haqqının 5 mislini ödəmək üçün Kollektiv Sazişdə nəzərdə tutulan şərt ona tətbiq olunmamalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə görə əmək pensiyalarının 3 növü vardır: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. İddiaçının güzəştli şərtlərlə 2006-cı ildən pensiya hüququ yaranmışdır və bu pensiya da məhz yaşa görə əmək pensiyasıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 07 may 2006-cı il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Fond həyata keçirdiyindən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair göndərilmiş məlumat vərəqində rütbəsi “polkovnik leytenant", vəzifəsi “müəllim” qeyd olunub. Eyni zamanda, sonrakı artımlar nəzərə alınmaqla hazırda İddiaçı əmək pensiyası 3024,21 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddiaçı pensiya hüququ yarandıqdan sonra xx.xx.2010-cu il tarixdə əmək münasibətlərinə daxil olmaqla cavabdeh İdarənin də tabeçiliyinə olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müxtəlif departamentlərində xx.xx.2025-ci il tarixədək çalışmışdır. İddiaçı ümumi pensiya yaşına çatdıqda əmək müqaviləsinə öz xahişi ilə müavinət ödənilməklə xitam verilməsini cavabdehdən xahiş etmişdir. İddiaçı 2006-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdığına görə ona iddia tələbində istinad etdiyi kollektiv müqavilənin 5.14-cü bəndinin şərtlərinin tətbiq olunması üçün hər hansı bir əsas mövcud deyildir. Bundan başqa məhkəmə iddiaçının cavabdeh tərəfin iddiaçının işə qəbul olmamışdan öncə təqaüdə çıxmasının kollektiv müqavilə ilə bütün işçilərə şamil edilən güzəştlərin ona verilməsindən imtina edilməsinin əmək münasibətlərində ayrı-seçkiliyin yaranmasına gətirib çıxarması dəlili ilə bağlı bildirir ki, hər hansı əlamətə görə, o cümlədən əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməsi Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsi və Əmək Məcəlləsinin 16-cı maddəsi ilə qadağan edilir. Belə bir faktın müəyyən edilməsi işin digər halları nəzərə alınmaqla əmək münasibətlərindən doğan tələblərin təmin edilməsini istisna etmir. Bununla belə, hər bir halın ayrı-seçkilik kimi qiymətləndirilməsi üçün ilk növbədə həmin hala əsas verən xüsusatlar müəyyən edilməlidir. Hazırki işin halları baxımından, cavabdehin iddiaçı ilə eyni vəziyyətdə olan digər işçiyə fərqli münasibət göstərərək öz təşəbbüsü ilə müavinət verməsi müəyyən edilmir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə müxtəlif dövrləri əhatə edən əmrlər təqdim edilmişdir. Həmin əmrləri də nəzərdən keçirərkən məhkəmə iddiaçı ilə eyni vəziyyətdə olan digər işçilərə fərqli münasibət göstərilməsi halını müəyyən etməmişdir. Eyni zamanda məhkəmə iddiaçının cavabdeh tərəfindən işə qəbul edilən zaman öncədən kollektiv müqavilənin müvafiq şərtlərinin ona şamil edilməməsinin ona bildirilməməsi dəlili ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 6-cı hissəsinə görə Kollektiv müqavilə - işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə görə işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Bununla da işəgötürənin bütün işçiləri işə götürərkən onlara kollektiv müqavilədə nəzərdə tutulan birdəfəlik müavinət alıb-almamaları barədə xəbərdar etməsini ağlabatan hesab etmir. İşçinin belə bir hüququnun yaranıb-yaranmaması məsələsi həmin hüququnun həyata keçirilməsi barədə işəgötürənə müraciət edilən zaman araşdırılaraq qiymətləndirilməli hal kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə qarşı “kollektiv müqavilədə nəzərdə tutulan birdəfəlik müavinətin ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda iddia tələbi rədd edildiyi üçün məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə qarşı “SOCAR-ın İnformasiya və Texnologiyaları və Rabitə İdarəsi və X1 Komitəsi arasında 2024-2026-cı illər üçün bağlanmış Kollektiv Müqavilənin 5.14-cü bəndində nəzərdə tutulan orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hesablanaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları Və Rabitə İdarəsindən tutularaq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-3248/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3248/2025
05.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver