Məhkəmə qərarları › İş №e-2(007)-3530/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3530/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3530/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6559,41 manat pul vəsaitinin və 85,59 manat dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilib. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə edib. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2024-cü il tarixində “onlayn” ödəniş əməliyyatları aparıb (çıxarış əlavə edilir). Nəticədə, cavabdeh banka cəmi 6559,41 (altı min beş yüz əlli doqquz manat, 41 qəpik) ziyan vurub. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxil olma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə, oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 2710,42 manat mədaxil edilib, 9266,49 manat isə məxaric edilib. İlkin qalıq da - 3,34 manat olduğundan buradan tam aydın olur ki, cavabdeh banka 6559,41 manat ziyan vurub. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməyib. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kart müqaviləsi, kart üzrə çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdeh “Texniki Overdraft” yaranması nəticəsində banka məxsus pul vəsaitindən istifadə etmiş, buna görə də o, qanunsuz əldə etdiyi pul vəsaitini bankın tələbi ilə ona geri qaytarmalıdır. “Texniki Overdraft” Bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Hesab edirlər ki, cavabdehin əldə etdiklərinin bankın tələbi ilə geri qaytarılması norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Cavabdeh bankın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqi aktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Qeyd olunanlara əsasən cavabdeh bankın hesabına əldə etdiklərini geri qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş bank isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir.

İş materialları:

3. İddiaçı ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, Cavabdeh istifadəsində olan palstik kart üzrə xx.xx.2024-xx.xx.2025-ci il tarixləri ərzində son qalıq -6559,41 manatdır.

4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BRCB9331502B299 saylı “X2 Kart” müqaviləsinin surətindən görünür ki, Bank Müştəriyə “X2” ödəniş kartı verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Müqavilənin 7.2.4-cü bəndinə əsasən müştəri kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir, dərhal Banka geri qaytarır.

5. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh Banka 6559,41 manat borcun 5 təqvim günü ərzində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC tərəfindən həmin vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə müqaciət olunacağı barədə xəbərdar olunmuşdur.

6. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 85,59 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

7. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və onun nümayəndəsi X1 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim ediblər. Məhkəmə iclasında iştirak da edərək izahat veriblər ki, 30 oktyabr 2024-cü il tarixdə cavabdehin kartında 2709 AZN vəsait olsa da, sistemdəki texniki nasazlıq səbəbindən o, bundan sonra xaricə 9267 AZN köçürmə edib. Bunun nəticəsində overdraft borcu yaranıb. Bunu kart hesabından çıxarışda aydın şəkildə görmək olar. Bütün bunları və Mülki Prosessual Məcəllənin 185-ci maddəsini nəzərə alaraq işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, kompüter sistemində bütün əməliyyatlar əks olunur. Bir dəfə “rentacar”dan karta 2700 manat məbləğində köçürmə olub, bundan başqa heç bir şirkətdən karta ödəniş daxil olmayıb. Qardaşı ondan pul istəyib, 5-10 manat pul göndərib. Banka müraciət edərək kartı bağlatdırıb. Avtomobili “rentacar”dan kirayə götürüblər, avtomobilə görə 3000 manat ödəniş ediblər. Ödənişin 2300 manatı nağd şəkildə olub, 700 manat isə həmin debet kart vasitəsi ilə həyata keçirilib. Həmin kart cashback kartı deyil, bu kartdan kredit götürmək olmur. O, kartdan cəmi bir dəfə pul çıxarıb. Keçən prosesdən sonra da yenidən bankdan çıxarış alıb. Bank işçisi özü də deyib ki, o, kartdan bir dəfə pul çıxarıb. Bank özü sübut etməlidir ki, o, kartdan 3 dəfə pul çıxarıb. Onun heç bir günahı yoxdur, ailəsində sözsöhbət yaranır.

9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib izahat verərək bildirmişdir ki, texniki overdraft sistemdə olan nasazlıq səbəbindən əmələ gəlir. Cavabdehin hesabında 2710 manat məbləğində vəsait olub, bunu inkar etmirlər. Amma 9266 manat məxaric olub. Cavabdeh də kartda 2700 manat vəsait olduğunu etiraf edib. Hesabdan çıxarışdan görünür ki, Dubay şəhərinə köçürmələr olub. Cavabdehin kart hesabından öz vəsaitində olan məbləğdən əlavə pul çıxarılıb. Cavabdehin hesabında 2700 manat məbləğində vəsaiti olub, bir dəfə pul məxaric olub, kartda 6 manat pul qalıb. Daha sonra bir dəfə də məxaric edilib, balans sıfır olub. Balans sıfır ola-ola Dubay şəhərinə üç dəfə köçürmə olub. Sistemdə nasazlıq olanda kartda vəsait olmasa da, pul çəkmək olur.

İşin faktiki halı:

10. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “X2 Kart” müqaviləsinə əsasən cavabdeh bankdan plastik kart əldə etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdeh nağdsız ödəniş əməliyyatları aparmaqla banka cəmi 6559,41 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh istifadəsində olan plastik kartdan ona məxsus olmayan vəsait üzrə əməliyyatlar aparmış, 6559,41 manat vəsaiti istifadə edərək, əsassız varlanmışdır. İddiaçının təkliflərinə baxmayaraq, cavabdeh əsassız olaraq əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmamışdır. Bununla da, cavabdeh əsassız varlanmışdır. Məhkəmə iclasında cavabdeh onun istifadəsində olan plastik karta ona məxsus olmayan vəsaitinin daxil olduğunu qəbul etmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır; 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti məxaric edərək və məxaric etdiyi pulu geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydaların uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməli və cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 6559,41 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə cavabdehin izahatına münasibətdə qeyd edir ki, cavabdehə ona məxsus debet kart hesabından xx.xx.2024-cü ildə 2700 manat vəsait məxaric etmiş və balansında 6,08 manat pul qalıb, bundan sonra o, 6,08 manatı məxaric etmiş və onun balansında sıfır manat qalmasına baxmayaraq, həmin tarixdə 3 dəfə köçürmə əməliyyatı etməklə, banka məxsus olan 6559,41 manatı məxaric etmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş ödəniş kartı üzrə çıxarışdan da görünür ki, cavabdehin kartdan istifadə etdiyi müddət ərzində cəmi 8762,12 manat mədaxil olmasına baxmayaraq, o, hesabından 15321,53 manat məbləğində məxaric əməliyyatını icra edib.

Məhkəmə xərcləri:

17. İddiaçı ASC ödənilmiş 85,59 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.

18. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 85,59 manat dövlət rüsumu ödənilmişdir.

19. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85,59 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

20. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6559,41 manat məbləğində pul və ödənilmiş 85,59 manat dövlət rüsumunun əvəzi tutulub, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 6559,41 manat məbləğində pul və ödənilmiş 85,59 manat dövlət rüsumunun əvəzi tutulub, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar