Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-354/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanındakı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X4 Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi ev 1, 11 saylı mənzil onun mülkiyyətindədir. Cavabdehlər onun mülkiyyətindəki mənzilə girərək çıxmırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən onun mülkiyyətində olan mənzilə sərəcam vermək, ondan istifadə etmək və digər şəxlərin istifadəsinə vermək hüququ var. Cavabdehlərin onun mənzilinə girərək çıxmamalarını heç nə ilə izah edə bilmirlər və cavabdehlərin onun mülkiyyətindəki mənzildən çıxarılmasının yeganə yolu mənzilin ərazisində olan məhkəməyə iddia verməkdən keçir. Cavabdehlər onun mülkiyyətində olan mənzildən çıxacaqlarına dəfələrlə söz versələr də müxtəlif bəhanələrlə faktiki olaraq onun mənzilindən çıxmamaqla onun toxunulmaz olan mülkiyyət hüququnu pozurlar. Sonda başa cavabdehlərlə arasında olan mübahisənin məhkəmədən başqa yolu qalmadığını başa düşmüşdür. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmidir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil 1995-ci ildə onun vəsaiti hesabına əldə edilmiş, lakin müəyyən səbəblərə görə bacısı İddiaçı adına rəsmiləşdirilmişdir. Mənzil əldə edilən zaman bacısı İddiaçı 19 ( on doqquz) yaşı olmuş və onun tərəfindən qeyd edilən mənzilin alınması qeyrimümkün olmuşdur. Belə ki, o həmin zaman mənzil almaq üçün kifayət qədər vəsaitə malik deyildir. Qohumlar, tanışlar da bilir ki, qeyd edilən mənzil onundur və onun vəsaiti hesabına əldə edilmişdir. Bütün bunları bildiyi halda bacısının qeyd edilən tələblə ona qarşı iddia qaldırmasının səbəbini qardaş olaraq anlamaqda çətinlik çəkir. Əlavə olaraq o, mübahisə predmeti olan mənzildən 28 ildir ki, istifadə edir və onun qeyd edilən mənzilə istifadə hüququ var. Bu halı Nizami rayonu 28 saylı MKİS tərəfindən verilmiş arayış da sübut edir. Bilindiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Bütün bu qeyd olunanlara əsasən kompensasiya verilmədən mənzildən çıxarılmağa etiraz edir. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa yğun izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq bildirdi ki, mübahizəli mənzili özü almış, lakin bəzi məsələlərə görə həbs olunacağını bildiyi üçün mənzili iddiaçının adına keçirtmişdir. Mübahisəli mənzilin çıxarışı əvvəllər onda olmuş, amma bacısı sonradan gedib yeni çıxarış almışdır ki, ev onundur. Hazırda o, 1995-ci ildən mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, həmin mənzildən istifadə edirlər və bunu bütün qonşular bilir, görür. Lakin onun mübahisəli mənzilə qeydiyyatı yoxdur. O, həmin mənzilə qardaşının oğlunu, həyat yoldaşını qeydiyyata salmışdır. Bundan başqa onun valideynlərinə Ə.Hacıyevdə ev məxsus olmuş, həmin mənzili "xxxx" MMC sökmüş və yeni tikilən binadan ev verəndə onun razılığı ilə bacısına 68 kv.m təmirli və ona 33 kv.m təmirsiz ev götürmüşdür. Yeni binadakı evə bacısı köçüb yaşayır. Daha sonra o, MTK ilə razılaşaraq hissə-hissə ödənişlə 96 kv.m almış, arada ödənişdə gecikmələr olmuşdur. Yeni binadakı ev hazır deyil və onun başqa qalmağa yeri yoxdur. Həmçinin, o, Ə.Hacıyevdə olan evə də çıxarış almamışdır. Bacısı digər evini banka qoyub bankdan borc götürmüşdür və hələ də bacısının banka borcu vardır. Həmin iş də məhkəmədədir, bacısı ona ya onun bank borcunu ödəməsi, ya da evi satıb bölmələri ilə bağlı şərt qoymuşdur. Bacısının həyat yoldaşı rəhmətə getmişdir, bir oğlu var, o da Türkiyədə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, X1 ilə İddiaçı arasında xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən X1 Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 saylı evin, 11 saylı mənzili sonuncuya satmış və mübahisəli mənzil 000337 nömrəli, MH seriyalı qeydiyyat vəsiqəsi ilə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.1996-cı il tarixində qeydiyyat aparılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Hazırda həm iddiaçı, həm də cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 34 saylı yataqxananın 15-19 saylı otağında qeydiyyatdadırlar. Hansı ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-459/2017 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC ilə İddiaçı və Cavabdeh arasında bağlanılmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə görə bu müqaviləyə əsasən İddiaçı istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 20.0 kv.m olan 19 saylı mənzilin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi, bunun müqabilində "xxxx" MMC 4 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 16 mərtəbəli 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 68,25 kv.m olan 1otaqlı 68 saylı mənzilini tam təmirli vəziyyətdə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən Cavabdeh istifadəsində olan Bakı şəhəri Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 18,06 kv.m olan 15 saylı mənzilinin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi, bunun müqabilində "xxxx" MMC 24 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0 kv.m olan 2-otaqlı 52 saylı mənzilini təmirsiz vəziyyətdə Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılaşmasına əsasən Cavabdeh mülkiyyətinə verilən, ümumi sahəsi 196,0 kv.m olan mənzilinə görə əlavə olaraq "xxxx" MMC-nə 63000 (altmış üç min) manat məbləğində pul vəsaiti ödəyəcəkdir. Cavabdeh həmin pul məbləğinin yəni 63000 (altmış üç min) manat pul vəsaitinin 5000 (beş min) manatı xx.xx.2017-ci il tarixdə, qalan 58000 (əlli səkkiz min) manatı ilk 4 ay hər ay 3000 (üç min) manat, 46000 (qırx altı min) manatı isə 2018-ci ilin fevral ayınadək ödənilmək şərtilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yalnız dəyəri tam ödənildikdən sonra mənzil üzərində sahiblik və istifadə hüququ əldə edir. Eyni zamanda xx.xx.2018-ci il tarixdə İddiaçı Cavabdeh 50 il müddətinə, yəni xx.xx.2068-ci il tarixə qədər etibarnamə verərək xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 saylı evin, 11 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən 1 saylı arayış almağı, 1 saylı arayış aldıqdan sonra mənzil üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı və sair hərəkətləri etməyi etibar etmişdir. Həmçinin qonşular tərəfindən imzalanmış və imzaları 28 saylı MKİS tərəfindən təsdiq edilən xx.xx.2023-cü il tarixli akt ilə müəyyən edilmişdir ki, mübahisəli mənzildə Cavabdeh 1995-ci ilin axırlarından qeydiyyatsız olaraq yaşayır və mehriban qonşuluq münasibətləri vardır. Hətta Cavabdeh yaşadığı mənzilin dam örtüyünü təmir etdirmək üçün 28 saylı MKİS-ə müraciət etmiş, şüşəli ruberoidlə dam örtüyünün təmirini etdirmişdir. Hazırda iddiaçı məhkəmədə Cavabdeh qarşı Cavabdeh və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu ünvan 2 ünvanındakı mənzildən çıxarılmaları barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri mübahisəli mənzil alqısatqı müqaviləsi əsasında iddiaçı tərəfindən 1995-ci il tarixdən alındığından, cavabdeh həmin mənzildə 1995-ci il tarixdən yaşadığından və tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığından məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı iddia tələbində mənzildən çıxarılmasını tələb etdiyi şəxslərin dairəsini dəqiq göstərməmiş, iddia tələbində qeyd olunan digərləri olaraq kimi nəzərdə tutduğunu bildirməmiş, iddia tələbini yalnız Cavabdeh qarşı qaldırmışdır. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda Cavabdeh 1995-ci il tarixdən məhkəmədə mübahisələndirilən mənzildə yaşayır. Bu hal qonşular tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehin qeyd olunan mənzilə istifadə hüququ yaranmış və onun mübahisəli mənzilə ehtiyacı aradan qalxmamışdır. Belə ki, məhkəmə iclasında cavabdehin evinin hələ hazır olmaması, evə onun köçərək yaşaması üçün lazımi şəraitin olmaması, "xxxx" MMC tərəfindən verilmiş Ə.Hacıyevdə olan evə də çıxarış alınmaması və nəticədə cavabdehin özünəməxsus başqa yaşayış sahəsinə malik olmaması öz əksini tapmışdır. Bu mənada, diqqətə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi aid edilmişdir. Həmçinin, qanunvericiliyin sadalanan normalarının məzmunundan da göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi müəyyən edilməlidir. Bütün bu qeyd olunan halların əksini təsdiq edən sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bütün bunlarla yanaşı, məhkəmə cavabdehin kompensasiya verilməklə mənzildən çıxarılması ilə bağlı qeyd edir ki, bununla bağlı iddiaçıya onun tərəfindən məhkəmə iclaslarında iştirak edilmədiyi üçün təklif edilə bilinməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanındakı mənzildən çıxarılmaları” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanındakı mənzildən çıxarılmaları” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-354/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-354/2023
03.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver