Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3574/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi X7, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)” nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-ya qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 165/K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması onun baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 22 yanvar 2024-cü il tarixdə "xxxx" QSC-yə müşavir vəzifəsinə təyin olunmuşdur. QSC-nin keçmiş rəhbərliyi tərəfindən bu vəzifəyə təyin olunmasına dair təklif alınanadək, yəni xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Əsaslı Tikinti Təchizat İdarəsinin İqtisadi Təhlil Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Bundan əvvəl isə peşəkar təcrübəyə malik olmaqla yanaşı bank sahəsində uzun müddət rəhbər vəzifələrdə çalışmışdır. 05 iyun 2024cü il tarixdə "xxxx" QSC-nin Baş Direktor müavini vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifəyə təyin olunmağına əsas SOCAR-ın Müşahidə Şurasının Təyinat və Mükafatlandırma Komitəsinin xx.xx.2024-cü il tarixli, 41 nömrəli protokolunun 6-cı bəndi olmuşdur. Direktor müavini kimi ona satınalma, təchizat, inzibati idarəetmə və nəqliyyat sahələri təhkim olunmuşdur. Müşavir və direktor müavini vəzifələrində işlədiyi müddət ərzində nə keçmiş, nə də ki, yeni rəhbərlik tərəfindən hər hansı bir irad və töhmət verilməmişdir. 12 aprel 2025-ci il tarixdə keçmiş rəhbərliyin daha yüksək vəzifəyə təyin olunması ilə əlaqədar yeni rəhbərlik təyin edilmişdir. Yeni rəhbərliklə keçirilmiş söhbətlər (3 dəfə) əsnasında onun iş fəaliyyətinə heç bir narazılığının olmadığını və onunla işə davam etdirmək niyyətinin olduğu bildirilmişdir. Bundan bir müddət sonra, yəni 07 iyul 2025-ci il tarixdə yeni təyin olunmuş Baş Direktorun qərarı (əmri) ilə ona aid (Baş direktorun ümumi işlər üzrə müavini) bütün kurasiyaların yeni təyin edilən müşavirə təhkim edilmişdir. 15 iyul 2025 tarixdə isə ona geri, yəni xx.xx.2025-ci tarixli yeni əmr göndərilir və yenidən onunla müzakirə olunmadan TRD və Eko Park sahələrinin idarəetməsi ona tapşırılır. Bunlarla bağlı onunla öncədən hər hansı bir görüş və söhbət olunmadığı üçün bunun səbəbinin öyrənilməsi məqsədilə mail vasitəsilə və şifahi rəhbərliyə tərəfindən müraciət olunaraq izahı istənilmiş, lakin heç bir cavab və açıqlama verilməmişdir. Bundan sonra isə ona təhkim olunan xidməti avtomobilin və otağın alınması ona qarşı müəyyən qərəzin olması təsəvvür yaratmışdır (xx.xx.2025-ci tarixli mail əlavə edilir). 18 iyul 2025ci il tarixdə ona əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıq təqdim olunmuşdur. Qeyd olunan xəbərdarlıqda "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 308 nömrəli əmrinə əsasən onun işlədiyi Baş direktorunun ümumi işlər üzrə müavini ştat vahidi ixtisar edilməsi və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. Tərəfindən 308 nömrəli əmr dəfələrlə tələb olunmasına baxmayaraq ona təqdim edilməmişdir. 24 iyul 2025-ci il tarixdə ona və digər əməkdaşlara mail vasitəsilə "xxxx" QSC-nin struktur dəyişikliyi ilə əlaqədar rəhbər şəxslərin yeni iş bölgüsübarədə məlumat göndərilmiş və həmin iş bölgüsünə əsasən Baş Direktorun 2 müavini, biri dəstək üzrə, digəri isə emal üzrə müavinlər təyin olunmuşdur. Bildirir ki, Baş direktorun ümumi işlər üzrə müavini ilə Baş direktorun dəstək üzrə müavinin səlahiyyətləri ilə eyni ilə birə-birdir (xx.xx.2025-ci tarixli mail əlavə edilir). Göründüyü kimi Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsi formal olaraq ixtisara salınsa da, faktiki olaraq həmin vəzifənin funksiyaları saxlanılmış, yalnız başqa şəxsə həvalə edilmişdir. Əgər real ixtisar baş vermiş olsaydı, həmin funksiyalar ləğv olunmalı idi. Bu da onu göstərir ki, ixtisar yalnız formal xarakter daşımış, əslində isə məhz onunla bağlanmış əmək müqaviləsinə əsassız xitam verilməsi üçün bəhanə kimi istifadə edilmişdir. Hesab edir ki, göstərilən ştatın ixtisar olunması yalnız yeni direktorun əsl niyyətini pərdələmək məqsədi daşıyıb, onun işdən uzaqlaşdırılmasına nail olmağa hesablanmış addımdır. 15 avqust 2025-ci il tarixdə "xxxx" QSC-nin Baş Direktorun 165K nömrəli əmrinə əsasən həmin QSC-nin Baş direktorun ümumi işlər üzrə müavini ilə, yəni onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Buna əsas kimi Direktorlar Şurasının protokolu (tarixi və nömrəsi qeyd olunmayan) Göründüyü kimi Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsi formal olaraq ixtisara salınsa da faktiki olaraq həmin vəzifənin funksiyaları saxlanılmış, yalnız başqa şəxsə həvalə edilmişdir. xx.xx.2025-ci il tarixli maildə vəzifənin adı Baş direktorun dəstək üzrə müavini göstərilsə də reallıqda vəzifənin adı Baş direktorun müavini kimi olmuşdur. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim olunmuş arayışa əsasən 23 sentyabr 2025-ci il tarixində mediasiya sessiyasından keçmişdir. Direktorun müavini vəzifəsinə bərpa olunmağı, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim olunan sənədlər, yəni Azərbaycan Respublikası Neft Şirkəti (SOCAR) X8 18 noyabr 2025-ci il tarixli 59 nömrəli Protokolu, Cavabdeh QSC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli, 42 nömrəli protokolu, həmçinin Cavabdeh QSC-nin Direktorlar Şurasının xx.xx.2025-ci il tarixli protokolu və daxili yazışma sistemindən olan çıxarışlar onu göstərir ki, İddiaçı qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla işdən azad edilmşdir. Ona görə iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı qanunvericiliyin və daxili prosedurların tələblərinə riayət etməklə işdən azad etmişlər, bu səbəbdən iddia tələbinin rədd olunmasını xahiş etdi. Müqavilə iddiaçı ilə Cavabdeh QSC arasında bağlanıb. Rəhbərlik hesab edir ki, iddiaçının ixtisası yeni ştata uyğun deyil və bu səbəbdən də onu işdən azad etmişdir. Bu barədə iddiaçıya xəbərdarlıq da verilib. Həmin ştat hal-hazırda yoxdur. Onlar Cavabdeh QSC olaraq SOCAR və xarici şirkətə tabe olublar. İşçini işə Müşahidə Şurasının razılığı ilə SOCAR-ın prezidenti işə götürür və işdən azad edir.
5. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi X9 Cavabdeh QSC müstəqil hüquqi şəxsdir. Dövlət Neft Şirkəti cavabdehin təsisçisidir. Lakin ona görə cavabdehlik daşımır. İşə götürmək və işdən azad etmək Cavabdeh QSC-nin öz vəzifəsidir, işçini işə götürüb, işdən azad etdikdə heç bir qanun pozuntusu qeydə alınmamışdır.
İş materialları:
6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 23 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Mediasiya təşkilatı tərəfindən Cavabdeh QSC-yə ilkin mediassiya sessiyasında iştirak etməklə bağlı 16 sentyabr 2025-ci il tarixdə bildiriş göndərilmiş, lakin Cavabdeh QSC-nin nümayəndəsi iştirak etməmişdir, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
7. Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx001100 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdeh QSC-də Baş direktorun müşaviri vəzifəsinə qəbul edilmişdir.
8. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə Cavabdeh QSC-nin 05 iyun 2025-ci il tarixli, 92/K nömrəli əmrindən görünür ki, Baş direkorun müşaviri İddiaçı xx.xx.2025-ci il tarxidən Azərbaycan Respulikası Əmək Məcəlləsinin 59-cu maddəsinə və əmək müqaviləsinin şərtlərinə əsasən öz razılıqı ilə Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə keçirilmişdir. Həmin əmrə əsas kimi "xxxx"-ın X3 və Mükafatlandırma Komitəsi İclasının xx.xx.2024-cü il tarixli, 41 nömrəli protokolunun 6-cı bəndi göstərilmişdir.
9. “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xxxxxxx001101 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdeh QSC-də Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə qəbul edilmişdir.
10. "xxxx"-ın vitse prezidentinin müavini, İstedadların İdarə edilməsi və Biznes Tərəfdaşlığı Departamentinin rəisi Aytən Fərzəliyevanın 04 iyun 2024-cü il tarixdə "xxxx"ın səlahiyyətli şəxslərə ünvanladığı daxili mail məktubundan görünür ki, 31 may 2024-cü il tarixdə keçirilmiş "xxxx"-ın X5 və Mükafatlandırma Komitəsinin iclasının 41 nömrəli protokolunun 6-cı bəndinə əsasən Cavabdeh QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini X1 vəzifədən azad edilməsi və həmin vəzifəyə İddiaçı təyin edilməsi barədə qərar verilmişdir
11. Cavabdeh QSC-nin Direktorlar Şurasının xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, QSC-də idarəçiliyin təşkilini təkmiləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq, işçilərin sayının və ya ştatların ixtisarı ilə əlaqədar müvafiq qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə ştat cədvəllərinin və struktur sxeminin təsdiq edilməsinə dair qərar qəbul edilmişdir.
12. Cavabdeh QSC-nin Direktorlar Şurasının xx.xx.2025-ci il tarixli protokolu ilə təsdiq edilmiş QSC-nin ştat cədvəli çıxarışından görünür ki, rəhbərlik baş direktor və 3 müavindən ibarətdir. Baş direktorun müavinlərinin vəzifə maaşları 6630 manat məbləğində müəyyən olunmuşdur. Rəhbərlik yanında aparat baş direktorun 7 müşaviri və baş direktorun 1 köməkçinindən ibarətdir.
13. Cavabdeh QSC-nin 2025-ci il üçün ştat cədvəli çıxarışından görünür ki, rəhbərlik baş direktor və 3 müavindən ibarətdir. Baş direktorun istehsalat üzrə müavini-texniki direktor 6773 manat, SƏTƏMM üzrə müavini və ümumi işlər üzrə müavinlərə 6630 manat vəzifə maaşları müəyyən olunmuşdur. Rəhbərlik yanında aparat baş direktorun 2 müşaviri, baş direktorun 1 köməkçisi və 2 mühəndisdən ibarətdir.
14. Cavabdeh QSC-nin Baş direktorun xx.xx.2025-ci il tarixli, 308 nömrəli əmrindən görünür ki, xərclərin minimuma endirilməsi üçün işçilərin sayının və ya ştatlarının müvafiq qanunvericilyə uyğun olaraq ixtisar edilməsi istiqamətində tədbirlərin görülməsi barədə əmr verilmişdir.
15. Cavabdeh QSC-nin Baş direktorun həmin QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01HİK-xx/xx-1237/2025 nömrəli ixtisarla bağlı təqdimatından görünür ki, izafi xərclərin qarşısının alınması, iş fəaliyyətinin optimallaşdırılması səbəbindən Komitənin üzvü olan İddiaçı baş direktorun ümumi işlər üzrə müavini vəzifəsindən azad edilməsinə razılıq verilməsi xahiş olunmuşdur.
16. Cavabdeh QSC-nin Həmkarlar İttifaqı Komitəsinin 15 iyul 2025-ci il tarixli, 42 nömrəli protokolundan görünür ki, keçirilən yığıncaqda baş direktor cəmiyyətin maliyyə göstəricilərinin qənaətbəxş olmamasını bildirərək artıq xərclərin qarşısını almaq məqsədilə işçilərin sayının ixtisarına qərar verilmişdir. Həmin protokola ixtisar olan işçilərin siyahısı əlavə edilmişdir.
17. Cavabdeh QSC-nin Baş direktorun "xxxx"-ın prezidentinə nomenklatur vəzifələrin ixtisarı ilə bağlı azad edilmənin təsdiqinə razılıq alınması barədə xx.xx.2025-ci il tarixli, Ekol/3-xx-xx/2025 nömrəli xidməti məruzədən görünür ki, QSC-nin restrukturizasiyası ilə əlaqədar nomenklatur işçilərinin çalışdıqları vəzifələr üzrə (baş direktorun istehsalat üzrə müavini, SƏTƏMM üzrə və ümumi işlər üzrə müavinləri) ştatların xx.xx.2025-ci il tarixdən ixtisar edilməsi səbəbindən həmin işçilərin vəzifədən azad edilməsinə "xxxx"-ın Müşahidə Şurasının qərarı tələb olunduğu üçün vəzifədən azad edilmənin təsdiqlənməsinin razılaşdırılmasına köməklik göstərilməsinə xahiş edilmişdir.
18. 18 iyul 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıqdan görünür ki, Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 308 nömrəli əmrə əsasən İddiaçı işlədiyi Baş direktorun ümumi işlər üzrə müavini ştatı ixtisar edilmiş, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəkdir.
19. Cavabdeh QSC-nin Baş direktorunun xx.xx.2025-ci il tarixli, 312 nömrəli xəbərdarlıq müddətində işçinin əmək funksiyalarının azad edilməsi haqqında əmrindən görünür ki, baş direktorun ümumi işlər üzrə müavini İddiaçı xx.xx.2025-ci il tarixdə əmək funksiyasının icrasından azad edilsin.
20. Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorunun xx.xx.2025-ci il tarixli, 373 nömrəli xəbərdarlıq müddətində işçinin əmək funksiyalarının azad edilməsi haqqında əmrindən görünür ki, baş direktorun ümumi işlər üzrə müavini İddiaçı əmək haqqı saxlanılmaqla 12.08-xx.xx.2025-ci il tarixlərdə əmək funksiyalarının icrasından azad edilsin.
21. Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorunun xx.xx.2025-ci il tarixli, 358 nömrəli xəbərdarlıq müddətində işçinin əmək funksiyalarının azad edilməsi haqqında əmrindən görünür ki, baş direktorun ümumi işlər üzrə müavini İddiaçı əmək haqqı saxlanılmaqla 06.08-xx.xx.2025-ci il tarixlərdə əmək funksiyalarının icrasından azad edilsin
22. Əmək müqaviləsinə xitam verilməsi barədə 15 avqust 2025-ci il tarixli, 165/K nömrəli əmrdən görünür ki, Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən xitam verilmişdir
23. "xxxx"-ın vitse-prezidenti Zaur Qurbanovun Cavabdeh QSC-nin nomenklatur vəzifələrin ixtisarı ilə bağlı azad edilmələrin təsdiqinə dair "xxxx"-ın prezidentinə ünvanladığı xx.xx.2025-ci il tarixli 14-2/3-5-3418/2025 nömrəli xidməti məruzədən (məktubdan) görünür ki, Cavabdeh QSC-nin baş direktorun istehsalat üzrə müavini, SƏTƏMM üzrə və ümumi işlər üzrə müavin ştatları ixtisar edildiyindən həmin vəzifədə çalışan əməkdaşların işdən azad olunması Müşahidə Şurası ilə razılaşdırılmalıdır. "xxxx"ın Nizamnaməsinin 5.23.12-ci bəndinə əsasən "xxxx"-ın X6 ilə razılaşdırmaqla Şirkətin törəmə təsərrüfat cəmiyyətlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edilməsini təsdiqləyir.
24. "xxxx"-ın vitse-prezidenti Ziba Mustafayevanın “vəzifədən azad olunması” haqqında "xxxx"-ın prezidentinə ünvanladığı xidməti məruzədən (məktubdan) görünür ki, "xxxx"-ın vitse-prezidenti Zaur Qurbanovun xx.xx.2025-ci il tarixli 14-2/3-5-3418/2025 nömrəli məktubla müraciət edərək Cavabdeh QSC-nin baş direktorun istehsalat üzrə müavini, SƏTƏMM üzrə və ümumi işlər üzrə müavin ştat vahidlərinin ixtisar edildiyindən həmin vəzifədə çalışan əməkdaşların Müşahidə Şurası ilə razılaşdırılmaqla vəzifədən azad olunmalarına münasibət bildirilməsi xahiş edilmişdir. Məruzədə həmçinin həmin şəxslərin vəzifədən azad olunmalarına münasibət bildirilməsi və məqsədəuyğun hesab edildiyi təqdirdə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.
25. Azərbaycan Respublikası Neft Şirkəti ("xxxx") X8 18 noyabr 2025-ci il tarixli 59 nömrəli Protokolundan görünür ki, Cavabdeh QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini İddiaçı vəzifəsindən azad edilməsi məsələsi səsə qoyulmuş və vəzifədən azad olunması barədə qərar qəbul edilmişdir.
26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 5.23.12-ci maddəsinə əsasən Şirkətin (ADNŞ) X6 ilə razılaşdırmaqla, Şirkətin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin, onun strukturuna daxil olan qurumların rəhbərlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir.
27. "xxxx" Prezidentinin 24 dekabr 2024-cü il tarixli №14-2/3-1K-669/2024 nömrəli əmrinin 1 nömrəli əlavəsinə əsasən "xxxx"-ın strukturuna daxil olan hüquqi şəxs statusuna malik olan müəssisələr və "xxxx"-a birbaşa tabe olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar üzrə: rəhbər müavinlərinin işdən azad olunması (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 5.23.12-ci maddəsi nəzərə alınmaqla) yalnız Baş ofisin razılığı ilə mümkündür.
İşin faktiki halları:
28. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdeh QSC-də Baş direktorun müşaviri vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə Cavabdeh QSC-nin 05 iyun 2025-ci il tarixli, 92/K nömrəli əmri ilə Baş direkorun müşaviri İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respulikası Əmək Məcəlləsinin 59-cu maddəsinə və əmək müqaviləsinin şərtlərinə əsasən öz razılığı ilə Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə keçirilmişdir. Həmin əmrə əsas kimi SOCAR-ın X5 və Mükafatlandırma Komitəsi İclasının xx.xx.2024-cü il tarixli, 41 nömrəli protokolunun 6-cı bəndi göstərilmişdir. 31 may 2024-cü il tarixdə keçirilmiş SOCAR-ın X5 və Mükafatlandırma Komitəsinin iclasının 41 nömrəli protokolunun 6-cı bəndinə əsasən Cavabdeh QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini X1 vəzifədən azad edilməsi və həmin vəzifəyə İddiaçı təyin edilməsi barədə qərar verilmişdir. 18 iyul 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıqdan görünür ki, Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 308 nömrəli əmri ilə İddiaçı işlədiyi Baş direktorun ümumi işlər üzrə müavini ştatı ixtisar edilmiş, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəkdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 15 avqust 2025-ci il tarixli, 165/K nömrəli əmrdən görünür ki, Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 165/K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması onun baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin b) bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 74-cü maddənin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 132-ci maddəsinə əsasən, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294-cü maddənin 4-cü hissəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 294-cü maddənin 5-ci hissəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 296-cı maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddənin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
31. Göründüyü kimi İddiaçı xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edildikdən sonra xx.xx.2025-ci il tarixdə fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. 23 sentyabr 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.
32. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək, bildirir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir.
33. Məhkəmə iddia tələbinin cavabdeh “Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 165/K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
34. Məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olundu ki, Cavabdeh QSCnin Direktorlar Şurasının xx.xx.2025-ci il tarixli protokolu ilə QSC-də idarəçiliyin təşkilinin təkmiləşdirilməsi, təsərrüfat fəaliyyətinin yaxşılaşdırması, artıq xərclərin qarşısının alınması, işçilərin sayının və ya ştatların ixtisarı ilə əlaqədar müvafiq qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə ştat cədvəllərinin və struktur sxeminin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmin protokola əlavə edilmiş QSC-nin yeni ştat cədvəli çıxarışına baxış keçirdikdə müəyyən olundu ki, 2025-ci ilin əvvəlinə təsdiq olunmuş ştat cədvəlində göstərilən Baş direktorun 3 müavini yeni ştat cədvəlində də eyni əmək haqları ilə mövcüddur, yalnız formal olaraq adları dəyişdirilmişdir. Bundan başqa yeni ştat cədvəlinə baxdıqda Baş direktorun 7 müşaviri olduğu, köhnə ştat cədvəlində isə sadəcə 2 müşavir olduğu müəyyən olundu. Bu isə Cavabdeh QSC-nin Direktorlar Şurasının xx.xx.2025-ci il tarixli protokolunda göstərilən əsasla uyğun gəlmir.
35. Bundan başqa məhkəmə baxışı zamanı müyyən olundu ki, Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru təqdimatla həmin QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə xx.xx.2025-ci il tarixdə müraciət edərək izafi xərclərin qarşısının alınması, iş fəaliyyətinin optimallaşdırılması səbəbindən Komitənin üzvü olan İddiaçı baş direktorun ümumi işlər üzrə müavini vəzifəsindən azad edilməsinə razılıq verilməsini xahiş etmişdir. Cavabdeh QSC-nin Həmkarlar İttifaqı Komitəsi elə həmin gün, yəni 15 iyul 2025ci il tarixli, 42 saylı protokolla keçirilən yığıncaqda cəmiyyətin maliyyə göstəricilərinin qənaətbəxş olmamasını əsas gətirərək artıq xərclərin qarşısını almaq məqsədilə işçilərin sayının ixtisarına qərar vermiş və ixtisar olunan işçilərin siyahısını protokola əlavə etmişdir. Birincisi QSC-nin maliyyə göstəricilərinin qənaətbəxş olmaması hansı əsaslarla müəyyən olunması göstərilməmişdir. İkincisi qanunvericiliyin tələbinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini ƏM-nin 70-ci maddəsnin “b” bəndində nəzərdə tutulan halla ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla (müvafiq sənədlər əlavə olunmaqla) müraciət etməlidir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin göründüyü kimi yazılı təqdimatda hansı izafi xərclərin qarşısının alınması barədə əsaslandırma aparılmamışdır. Halbuki Cavabdeh QSC-nin Direktorlar Şurasının xx.xx.2025-ci il tarixli protokoluna əlavə edilmiş yeni ştat cədvəlində baş direktorun 3 müavini (yeni adlarla) eyni əmək haqqı olmaqla hər hansı bir izafi xərcin qarşısı alınmamış, əksinə əlavə 5 yeni müşavir ştatı əlavə edilmişdir. Həmçinin iddiaçının həmkarlar ittifaqının üzvü olması səbəbindən qanunvericilikdə göstərilən prosedurlar həyata keçirilməli olduğu halda, keçirilməyərək ona məlumat verilməmiş və bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Ən əsası isə Cavabdeh QSC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən qəbul edilən qərara Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru özü imzalayaraq qərar vermişdir. Protokoldan da görünür ki, müzakirəyə çıxarılan məsələ ümumiyyətlə səsverməyə qoyulmamış və həmin protokola Komitənin üzvləri imza etməmişlər, bu isə öz növbəsində həmin protokolun (qərarın) qanunvericiliyin tələblərini kobud surətdə pozulmaqla qəbul edilməsi deməkdir.
36. Həmçinin Cavabdeh QSC-nin Baş direktoru SOCAR-ın prezidentinə nomenklatur vəzifələrin ixtisarı ilə bağlı “azad edilmənin təsdiqinə razılıq alınması barədə” xx.xx.2025-ci il tarixli, Ekol/3-xx-xx/2025 nömrəli xidməti məruzə ilə müraciət edərək QSC-nin restrukturizasiyası ilə əlaqədar nomenklatur işçilərinin çalışdıqları vəzifələr üzrə (baş direktorun istehsalat üzrə müavini, SƏTƏMM üzrə və ümumi işlər üzrə müavinləri) ştatların xx.xx.2025-ci il tarixdən ixtisar edilməsi səbəbindən həmin işçilərin vəzifədən azad edilməsinə SOCAR-ın Müşahidə Şurasının qərarı tələb olunduğu üçün vəzifədən azad edilmənin təsdiqlənməsinin razılaşdırılmasına köməklik göstərilməsinə xahiş etmişdir. Buna səbəb Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsidir. Belə ki, həmin Nizamnamənin 5.23.12-ci maddəsinə əsasən Şirkətin (ADNŞ) X6 ilə razılaşdırmaqla, Şirkətin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin, onun strukturuna daxil olan qurumların rəhbərlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir. Bundan başqa SOCAR Prezidentinin 24 dekabr 2024-cü il tarixli №669/2024 saylı əmrinə əsasən SOCAR-ın strukturuna daxil olan hüquqi şəxs statusuna malik olan müəssisələr və SOCAR-a birbaşa tabe olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar üzrə: rəhbər müavinlərinin işdən azad olunması (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 5.23.12-ci maddəsi nəzərə alınmaqla) yalnız Baş ofisin razılığı ilə mümkündür. Lakin buna baxmayaraq X11 Şirkəti (SOCAR) X2 qərarı olmadan xx.xx.2025ci il tarixdə 165/K nömrəli əmrə əsasən Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı Cavabdeh QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini vəzifəsindən azad edilməsi məsələsi yalnız 18 noyabr 2025-ci il tarixdə, yəni işdən azad edildikdən 3 ay sonra Azərbaycan Respublikası Neft Şirkəti (SOCAR) Müşahidə Şurası tərəfindən baxılmış və MŞ İclasının 59 nömrəli Protokolundan görünür ki, İddiaçı vəzifədən azad edilməsi məsələsi səsə qoyulmuş və vəzifədən azad olunması barədə qərar qəbul edilmişdir.
37. Beləliklə, qeyd olunanlardan görünür ki, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur və işçi qərəzli şəkildə işdən çıxarılmışdır. Bu səbəbdən Cavabdeh QSC 15 avqust 2025-ci il tarixli, 165/K nömrəli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
38. Məhkəmə iddia tələbinin “iddiaçının Cavabdeh QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini vəzifəsinə bərpa edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.
39. Yuxarıda qeyd olunanlara əsasən 15 avqust 2025-ci il tarixli, 165/K nömrəli əmr ləğv edildiyindən İddiaçı əvvəlki vəzifəsinə (baş direktorunun ümumi işlər üzrə müavini) bərpa olunmalıdır.
40. Məhkəmə iddia tələbinin “işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.
41. Belə ki, 15 avqust 2025-ci il tarixli, 165/K nömrəli əmr qanunsuz və əsassız olduğundan məhkəmə hesab edir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir.
Məhkəmə baxışının hədləri:
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xərcləri:
44. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan 100 manat dövlət rüsumu Cavabdeh QSC-yə aid edilməlidir.
Nəticə:
45. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 165/K nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh QSC-də əvvəlki vəzifəsinə (baş direktorun ümumi işlər üzrə müavini) bərpa olunmalı, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir.
46. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:
İddia təmin edilsin. Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 165/K nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh QSC-də əvvəlki vəzifəsinə (baş direktorun ümumi işlər üzrə müavini) bərpa olunsun. İşdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan 100 manat dövlət rüsumu Cavabdeh QSC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova