Məhkəmə qərarları › İş №e-2(007)-3581/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3581/2024

25.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3581/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işdən azad olunma haqqında əmrin etibarsız sayılması, işə bərpa və buraxılmış günlərə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işdən azad olunma haqqında əmrin etibarsız sayılması, işə bərpa və buraxılmış günlərə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun işlədiyi "xxxx" QSC-nin işdən azad olunma haqqında əmrinin etibarsız sayılması, işə bərpa olunmaq və buraxılmış günlərə görə əmək haqqının ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Siyəzən rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqəsində uzun müddət işləmişdir. 2023-cü ilin mart ayının 6-da işini həmin yanacaq doldurmaq məntəqəsində icra edən zaman hadisə baş vermiş və oradan birbaşa onu “Siyəzən Rayon Mərkəzi Xəstəxanası”na çatdırmışdırlar. Xəstəxanada yatdığı (müalicəyə başlandığı andan) vaxtdan etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X2 Həkim Məsləhət Komissiyası tərəfindən ona bulleten açılmışdır. Uzun müddət xəstə olduğundan və əmək qabiliyyətini tam bərpa eləməməsi səbəbindən onun bulleteninin müddəti uzadılmış sonuncu tarix 31 dekabr 2023-cü il tarixinədək uzadılmışdır. “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X3 tərəfindən ona 01 dekabr 2023-cü il tariixndə verilmiş Seriya SN 00008 № ******* Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən ona təyin edilmiş İ 63.3 beyin infraktı diaqnozu bir daha təsdiq edilmişdir. Həmin xəstəxananın Həkim Məsləhət Komissiyası xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023xx.xx.2023-cü il və xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək ona xəstəlik vərəqəsi verərək və xəstəliyi ilə bağlı xx.xx.2023-cü il tarixinədək işdən azad edilməsi barəsində qərar vermişdir. Sənəddə işə başlama tarixi 31 dekabr 2023-cü il tarixi qeyd edilmişdir (xəstəxanın ona vermiş olduğu bulletenin surəti iddia ərizəsin əlavə edilmişdir). Xəstə olduğu və “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X2 Həkim Məsləhət Komissiyasının vermiş olduğu xəstəlik vəsiqəsinin qüvvədə olduğu zaman 10 dekabr 2023-cü il tarixində çalışdığı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Siyəzən rayonunda yerləşən müəssisəsinin əməkdaşları onun yaşadığı Siyəzən rayonundakı evinə gələrək ona işdən öz istəyi ilə çıxmağı barədə boş sənədə məcburən və ona təzyiq göstərərək imza çəkdirmişdirlər. Həmin ona zorla imzalatdırılan sənəd boş olmuş ona daha sonra özlərinin dolduracağını bildirmişdirlər. Hadisə bir daha bildirmək istəyir ki, 10 dekabr 2023-cü il tarixində yaşadığı Siyəzən rayonundakı evində baş vermiş və həmin zaman gündüz saatları olduğundan birgə yaşadığı həyat yoldaşı (arvadım) işdə olmuş evdə ondan başqa heç kim olmamışdır. Hansı ki, onun xəstəlik vərəqəsənin müddəti 31 dekabr 2023-cü il tarixinədək olmuşdur. Hadisədən sonra xəstəlik vərəqəsinin (bulletenin) müddəti sona çatdığından o, həmin xəstəlik vərəqini (bulleteni) xəstəxanadan alaraq işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Siyəzən rayonundakı yanacaq doldurma məntəqəsinə işə qayıtmışdır. Həmin vaxtı ona artıq işdən çıxarıldığı və orada işləmədiyi bildirildi. Bundan sonra bir neçə dəfə şifahi formada rəhbərliyə müraciət eləmiş və onlardan onu bəlkə işə qaytaracaqları barədə qərar qəbul edəcəklərini gözləmişdir. Lakin onlar tərəfdən heç bir müsbət addım atılmadı. Onuda bildirmək istəyir ki, o, həmin yerdə artıq uzun müddətdir ki, işləyir. Ailənin yeganə qazanc mənbəyi onun gəliri idi. Həyat yoldaşı rəsmi olmayaraq işləyir ancaq onunda məvacibi azdır. Eyni zamanda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti onu qanunsuz işdən çıxartmağından əlavə indiyədək onun əmək kitabçasını ona təqdim edilməmişdir, onlarda qalmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ona qarşı etdiyi qanunsuzluqlar və hüquq pozuntularından sonra, pozulmuş hüquqlarının məhkəmə müstəvisində həll edilməsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşlədiyi müəssisənin ona qarşı etmiş olduğu qanunsuzluqlarla bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl mübahisənin məhkəməyə qədər həll edilməsi məqsədilə “işdən azad olunma haqqında əmrin etibarsız sayılması, işə bərpa və buraxılmış günlərə görə əmək haqqının ödənilməsi tələbi” barədə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasının Bakı 10 saylı Mediasiya Təşkilatında onun müraciəti əsasında əmək mübahisəsi üzrə mediator X1 rəhbərliyi ilə 19 avqust 2024-cü il tarixinə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barəsində arayış təqdim etmişdir. Həmin arayışa əsasən onun, İddiaçı tərəfindən 60 manat (50 manat mediasiya haqqı, 10 manat poçt xərclərinin) ödənildiyi qeyd edilmişdir. Həmin tarixdə mediasiyaya dəvət olunan tərəf "xxxx" QSC-dən heç kim ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq :

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

4. “Dövlət rüsumu haqqında” Qanun :

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.

Məhkəmənin mövqeyi :

5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.

7. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin əsası qismində istinad etdiyi “işdən azad olunma haqqında əmr” iş materiallarına əlavə edilməmişdir. Halbuki hazırki iddia tələbinin əsasını “işdən azad olunma haqqında əmr”in etibarsız sayılması təşkil edir. Məhkəmə tərəfindən hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması üçün həmin əmrin mövcudluğu iddiaçı tərəfindən sübut edilməlidir.

8. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

9. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işdən azad olunma haqqında əmrin etibarsız sayılması, işə bərpa və buraxılmış günlərə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işdən azad olunma haqqında əmrin etibarsız sayılması, işə bərpa və buraxılmış günlərə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar