Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3711/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı işdən kənar edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin 26 dekabr 2022-ci il tarixli K-397 nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi (kənarlaşmada olduğu vəzifəsinin icrasına başlamağı) vəzifəsinə işə buraxılmağı, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-562/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən hesablanmaqla məcburi iş buraxma müddəti üçün ona əmək haqqı və mükafatların ödənilməsinə (məhkəmənin qəbul edilmiş yekun aktının icra edildiyi günədək) və 50 manat ödənilmiş mediasiya xərcinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetinin və Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 2009-cu ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti) müxtəlif ərazi idarələrində hüquqşünas, qeydiyyat şöbəsinin rəisi, idarə rəisi vəzifələrində işləmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 14 aprel 2020-ci il tarixli QK-39 nömrəli əmri və struktur dəyişikliyi ilə əlaqədar həmin Əmlak Məsələləri Dövlət Xidməti rəisinin 14 fevral 2022-ci il tarixlı K-51 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 18 noyabr 2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. Uzun illər layiqli kadr kimi qüsursuz işləmiş, dəfələrlə mükafatlandırılmış, işğaldan azad olunmuş ərazilərimizdə də xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən qanunsuz və əsassız olaraq 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və istintaq Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin 26 dekabr 2022-ci il tarixli, K397 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə işdən kənarlaşdırılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(099)-22/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən iddiaçının həmin cinayətləri törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə ona bəraət verilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-22/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən iddiaçıya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə onun barəsində bəraət hökmü çıxarılmış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması ona izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)- 562/2024 saylı qərarı ilə dövlət ittihamçısı X1 apellyasiya protesti təmin edilməmiş, CM-in 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə İddiaçı bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 1(099)-22/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-768/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5. 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində maddi və mənəvi iztirablara məruz qalmış, ailəsi və özü maddi zərər çəkmişdir. İddiaçı barəsində aparılmış cinayət işi üzrə bəraət aldıqdan sonra vəzifəsinin icrasına başlaması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilat xx.xx.2025-ci il tarixli, 3-21- 3/2-S-09xxxx/2024 saylı cavab məktubunda “qaldırdığınız məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəsi barədə məlumat veriləcək” deyə qeyd edilmişdir. Sonradan iddiaçı təkrar olaraq öz vəzifəsinə geri qayıtması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ünvanlamış, lakin cavabdeh orqan tərəfindən 14 aprel 2025-ci il tarixdə 3-21-3/2-5229/2025 saylı məktubla eyni məzmunlu cavab verilmişdir. İddiaçının müraciətinə verilən cavab məktublarında göstərilən cavablar qərəzli və əsassızdır. İddiaçının barəsində bəraətverici əsaslarla məhkəmənin yekun qərarı olduğu halda 9 (doqquz) aydır nəyin araşdırılacağı məlum deyil və bu hal süründürməçilikdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən imtina cavabı alınandan sonra Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olan (Bəhlul Cəlalov) xx.xx.2025-ci il tarixli, 2-1(112)-9421/2025 saylı iş üzrə məhkəmə iclası təyin edilmiş və məhkəmə iclasında baxılmış mübahisə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-3154/2025 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9421/2025 nömrəli qərardadı ləğv edilmiş və iddia mümkün sayılmışdır.
Tərəflərin izahatları :
3. İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
4. İddiaçı vəkil-nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və mülki iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
8. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır.
9. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
10. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə məhkəmə baxış iclası təyin edilmişdir. İddiaçı vəkil-nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmədən mülki işin baxılmamış saxlanılmasını və mülki iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir.
11. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
12. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
Nəticə :
13. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən baxış icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa" tələbinə dair mülki iş baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
14. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa" tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva