Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-374/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmə barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı və ya işçi) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya QSC) qarşı “17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmə barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 01.07.2016-cı il tarixdən cəmiyyətdə satış meneceri vəzifəsində çalışmağa başlamışdır. 2021-ci ilin iyul ayında səhhətində olan problemlərlə bağlı işə çıxa bilməmiş bu barədə işəgötürənə məlumat vermiş və sonradan xəstəlik vərəqəsinin surətini ona təqdim etmişdir. Əmək qabiliyyəti olmayan dövrdə cəmiyyət israrla ondan tələb etmişdir ki, işə gəlsin. Şirkət tərəfindən İddiaçı istifadəsinə “VAZ 2107” minik markalı avtomobil də verilmişdir. Məcbur etmişlər ki, xəstəlik dövründə həmin avtomobili mütləq qaydada şirkətə təhvil versin. Bundan sonra iddiaçı vəkillə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış və 11.08.2021-ci il tarixdə həmin avtomobili şirkətə təhvil vermişdir. Bundan sonra O, 12.08.2021-ci il tarixdə ərizə ilə işəgötürən Cavabdeh QSC-ə müraciət edərək, yeni bir müəssisədə işə çalışmağa başlamaq üçün razılığa gəldiyini, həmin razılığa əsasən 21.08.2021-ci il tarixdə həmin müəssisə ilə əmək müqaviləsi bağlayıb işə çıxmalı olduğunu bildirmiş və təklif məktubunun surətini əlavə edərək, 20.08.2021-ci il tarixdən işdən azad olunması xahiş etmişdir. Lakin Cavabdeh QSC Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq, tələm-tələsik guya audit yoxlaması təyin etmiş, hədə-qorxu gələrək iddiaçının şirkətə 184000 ABŞ dolları məbləğində borcunun olduğunu və pulu geri qaytarmasını tələb etmişdir. Hətta rəsmi məktubla ona müraciət edərək, Əmək Məcəlləsinin tələblərinə zidd olaraq pul ödənilmədiyi halda işdən azad edilməyəcəyini bildirmişdir. Bundan başqa, "xxxx" MMC-yə məktub ünvanlayaraq, İddiaçı işdən azad edilməsinin mümkün olmadığını bildirmişdir. Dəfələrlə tərəflərindən çoxsaylı məktublarla cəmiyyətə müraciət edilərək, onların mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilmək hüquqları olduğu izah edilmiş, işdən azad edilməsi tələb olunmuşdur. Lakin cəmiyyət bundan imtina etmişdir. Bundan sonra tərəflərindən 15.09.2021-ci il tarixdə məktubla müraciət edilərək İddiaçı tutduğun vəzifədən azad edilib-edilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Cəmiyyət tərəfindən 17.09.2021-ci il tarixli 314 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı əmək müqaviləsinə 17.09.2021-ci il tarixdə xitam verilmişdir. Həmin əmr iddiaçının nümayəndəsinə 22.09.2021-ci il tarixdə təqdim edilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun və Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla tərəflər 30.10.2021-ci il tarixdə mediasiya sessiyasında iştirak etmiş, lakin barışıq əldə edilə bilməmişdir. Bu barədə arayış tərtib olunmuş, arayış iddiaçıya 12.11.2021-ci il tarixdə təqdim edilmişdir. Belə ki, Cəmiyyət tərəfindən 17.09.2021-ci il tarixli 291-K nömrəli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Əmək müqaviləsinin xitam verilməsi barədə 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmr qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassız olaraq qəbul edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz ərizəsində Əmək Məcəlləsin 69.3-cü bəndinə və 68.2ci maddənin a bəndinə istinad etməklə 20.08.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşəgötürən isə əsassız olaraq ondan pul tələb etmiş, bu səbəbdən mütləq qaydada işə çıxmalı olduğunu bildirmişdir. Yəni, cavabdeh iddiaçıya təzyiq göstərməklə onu işə çıxmağa məcbur etmişdir. Bu hallar cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış məktublarla öz təsdiqini tapır. Belə ki, iddiaçı işdən azad edilməsi barədə ərizəsinə "xxxx" MMC tərəfindən verilmiş məktubu əlavə etmişdir. Cavabdeh şirkətsə "xxxx" MMC-yə məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı şirkətə 184000 ABŞ dolları məbləğində borcu vardır. Həmin borcu tam ödədikdən sonra əmək müqaviləsinə xitam veriləcəkdir. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 30.10.2021-ci il tarixdə keçirilən mediasiyada iştirak zamanı cavabdeh cəmiyyətin nümayəndəsi şifahi olaraq bildirmişdir ki, iddiaçı üzrlü səbəb olmadan işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad etmişlər. Lakin əvvəl yazılan məktublardan görünür ki, cəmiyyətin məqsədi zorla, hədə qorxu gəlinərək iddiaçıya 184000 ABŞ dolları məbləğində əsassız olaraq pul vəsaiti ödətdirmək olmuşdur. Eyni zamanda həmin Məccəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin göstərilən maddənin tələblərinə uyğun işəgötürənin hüquqlarına və maraqlarına hər hansı formada ziyan dəyməmişdir və buna görə də əsassızdır. Digər tərəfdən, iş materiallarından aydın olur ki, işdən azad edilmə barədə ərizə 12.08.2021-ci il tarixdə işəgötürənə təqdim edilmiş, işəgötürən isə əmək qanunvericiliyinin tələblərini pozaraq 17.09.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Yəni işçini 1 ayın tamamından sonra işdən azad etməmişdir. Əmək müqavilələrinə qanunsuz və əsassız xitam verilmə ilə yanaşı həmçinin əmrin sənədləşirilməsi zamanı da ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, 17.09.2021-ci il tarixli 291-K nömrəli əmrdə, əmrin qəbul edilməsi əsasları demək olar ki, qeyd edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, QSC tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən işçinin mütləq qaydada işə çıxmalı olmasının zərurəti əsaslandırılmamışdır. Belə olan halda, işəgötürənə hər hansı bir ziyan vurulmasından söhbət gedə bilməz və əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İşəgötürən Cavabdeh QSC ilə işçı İddiaçı arasında bağlanmış 01.07.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı cavabdeh QSC-də 3 ay müddətinə satış meneceri vəzifəsində işə qəbul edilmişdir; - "xxxx" MMC-nin cavabdehə ünvanladığı 11.08.2021-ci il tarixli 05/21 saylı məktubdan görünür ki, iddiaçı müəssisə tərəfindən keçirilən iş müsahibəsindən uğurla keçərək "xxxx" vəzifəsində işə qəbul olmuşdur. Müəssisə bu vəzifə üzrə işçi ilə əmək müqaviləsi bağlamaq niyyətindədir. Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bununla əlaqədar olaraq, işçinin 21.08.2021-ci il tarixdən işə başlamalı olduğunu nəzərə alaraq müvafiq sənədləşdirmə işlərini həyata keçirilməyi cavabdehdən xahiş edilmişdir; - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 12.08.2021-ci il ərizədən görünür ki, iddiaçı başqa işə götürənlə əmək müqaviləsi bağlanmasını əsas gətirərək 20.08.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə və 69.3-cü maddəsinə əsasən tutduğu vəzifədən azad edilməsini və son haqq hesabın ödənilməsinin təmin edilməsini xahiş etmişdir; - Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 16.08.2021-ci il tarixli 263 saylı məktubda görünür ki, "xxxx" MMC-nin "xxxx" kimi əmək müqaviləsi bağlamaq istədiyi şəxsin QSC-yə 184000 ABŞ dolları dəyərində əmlak borcu var. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanuna zidd hərəkətləri ilə işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İddiaçı cəmiyyətə olan borcu tam şəkildə ödədikdən sonra, onunla əmək müqaviləsinə xitam verilə bilər; - Cavabdeh QSC tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 16.08.2021-ci il tarixli 267 saylı məktubdan görünür ki, iddiaçının QSC-yə 184000 ABŞ dolları dəyərində əmlak borcu var. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Bu səbəbdən QSC-nin əməkdaşı iddiaçının və onun nümayəndəsi və vəkili Vəkil 23 avqust 2021-ci il tarixində cəmiyyətin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 87 ünvanında yerləşən baş ofisinə gəlmələri və iddiaçının cəmiyyətə olan borcunun araşdırılması ilə bağlı izahatının verilməsində iştirak etməyə dəvət edilmişdir; - Cavabdeh QSC tərəfindən iddiaçıya ünvanlanmış 10.09.2021-ci il tarixli 305 saylı məktubdan görünür ki, iddiaçı 01 iyul 2016-cı il tarixli əmək müqaviləsi əsasında QSC-də “məişət və keramika əşyaları satışı” şöbəsinin satış meneceri vəzifəsində satış məqsədi ilə müxtəlif vaxtlarda ümumi dəyəri 184000 ABŞ dolları olan məişət avadanlıqları götürmüşdür. Razılığa əsasən avadanlıqların dəyəri avadanlıqlar satıldıqdan sonra 3 (üç) təqvim günü ərzində nağd olaraq QSC-nin hesabına ödənməli idi. Lakin dəflələrlə yazılı xəbərdarlıqlar edilsə də, iddiaçı bu günədək ödəməli olduğunuz 184000 ABŞ dolları (312 800 manat) məbləğində borcu ödəməmişdir. İddiaçıdan borcunu 10 gün müdddətində könüllü olaraq ödəməsi, əks təqdirdə cəmiyyətin qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə borcun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı barədə xəbərdar edilmişdir; - Cavabdeh QSC-nin 17.09.2021-ci il tarixli 291-K saylı “əmək müqaviləsinə xitam veriməsi” barədə əmrindən görünür ki, 17.09.2021-ci il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsini "xxxx" bəndinə (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Əmrin əsası kimi cavabdeh QSC-nin icraçı direktoru üzrə satış müavini, satış departamentinin müdiri F.İ.Səmədovun və satış şöbəsinin müdiri A.H.Həsənovun təqdimatı, müqavilələr və hüquq şöbəsinin rəyi və İddiaçı 12.08.2021-ci il tarixli ərizəsi göstərilmişdir; - Cavabdeh QSC tərəfindən iddiaçıya ünvanlanmış 17.09.2021-ci il tarixli 314 saylı bildirişdən görünür ki, həmin bildirişlə cavabdeh iddiaçıya 01.07.2016-cı il tarixli əmək müqaviləsinə 17.09.2021-ci il tarixdən xitam verildiyini bildirmiş və əmrin surətinin və əmək kitabçasının QSC-nin kadrlar şöbəsindən götürülməsi xahiş edilmişdir; - “Borcların ödənişi qarfiki” adlı sənəddən görünür ki, həmin sənədlə cəmi 196597 ABŞ dolları borcun olması göstərilmiş, həmin sənəd iddiaçı və QSC-nin icraçı Direktorunun satış üzrə müavini S.Fəzail tərəfindən imzalanmışdır; - "xxxx" X12, satıcı QSC-nin nümayəndəsi qismində iddiaçı tərəfindən imzalanmış və QSC-nin üzvlərindən ibarət Komissiya tərəfindən doğruluğu təsdiq edilmiş 23.07.2021-ci il tarixli “Üzləşmə aktı”dan görünür ki, alıcının həmin tarixə satıcıya olan borcu 18133 manat təşkil edir; - QSC-nin icraçı direktoru M.Ağabalayev tərəfindən təsdiq edilmiş, icraçı direktorun satış üzrə müavini, satış departamentinin müdiri X1, icraçı direktorun təchizat və tender məsələləri üzrə müavini X2, Müqavilələr və Hüquq Şöbəsinin müdiri X4, Baş Məsləhətçi Nümayəndə, Kadrlar şöbəsinin müdir müavini X3 tərəfindən imzalanmış eyni məzmunlu 21.08.2021-ci il tarixli, 23.08.2021-ci il tarixli, 06.09.2021-ci il tarixli və 10.09.2021-ci il tarixli aktlardan görünür ki, müvafiq olaraq 21.08.2021, 23.08.2021, 06.09.2021 və 10.09.2021-ci il tarixlərdə iddiaçıya izahat verilməsi üçün QSC-nin ofisinə dəvət edilməsinə baxmayaraq gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir; - QSC-nin Müqavilələr və Hüquq şöbəsinin müdiri Yusifov R.F, həmin şöbənin müdir müavini Bayramov R.Z və baş məsləhətçi NümayəndəS tərəfindən QSC-nin icraçı direktoru Məzahir Ağabalayeva təqdim edilmiş 10.09.2021-ci il tarixli rəyindən görünür ki, QSC-də 01 iyul 2016-cı il tarixdən “Məişət və keramika əşyaları satışı” şöbəsində Satış meneceri vəzifəsində işləyən iddiaçı 12.08.2021-ci il tarixli ərizə ilə müraciət edərək 20.08 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Lakin o, özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə onunla QSC arasında bağlanmış Əmək Müqaviləsinin və X13 haqqında Müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Belə ki, idiaçı 21 avqust 2021-ci İl tarixdən işə çıxmalı olduğu halda heç bir üzr səbəb olmədən işə çıxamamışdır. Halbuki, işçi xəbərdarlıq müddətində əvvəlki tərzdə işləməlidir, yeni əmək müqaviləsi üzrə ödəliklərini lazımınca və işəgötürənin sərəncamlarinə uyğun olaraq yerinə yetirməlidir. Əks təqdirdə işəgötürən işçi ilə əmək müqaviləsini işçinin ərizəsi əsasında deyil, heç bir üzlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsinə görə onunla X6 Məcəlləsinin 70-ci maddəsınin “c” bəndinə əsasən ləğv edə bilər. Bu pozuntu barədə İcraçı direktorun satış üzrə müavini və Satış şöbəsinin müdiri müvafiq təqdimatla şirkət rəhbərliyinə müraciət etmişdir. Eyni zamanda iddiaçı ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədilə QSC-dən götürərək ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin avadanlıqların dəyərininin 01 iyul 2021-ci il tarixli son üzləşmə aktında qeyd edilən 312000 manat məbləğində olan hissəsini şirkətin xəzinəsinə təhvil vərməməkdə təqsirli hərəkətləri nəticəsində QSC-yə maddi ziyan vurmuşdur. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı üzləşdirmə aktında qəyd etdiyinin əksinə olaraq X5 məişət avadanlıqlarının satışı ilə bağlı borcu mövcud deyildir. Bununla bağlı X7 16.06.2021-ci il tarixdə QSC-yə ərizə ilə müraciət ünvanlamışdır. İddiaçıya dəfələrlə şifahi, həmçinin 12 avqust 2021-ci il tarixli 261 saylı, 16 avqust 2021-cı İl tarixli 262 saylı, 02 sentyabr 2021-ci il tarixli 287 saylı və 07 sentyabr 2021-ci il tarixli 296 saylı sifarişli və xəbərnaməli poçt vasitəsi ilə göndərilmiş yazılı xəbərdarlıqlara baxmayaraq o, müəssisəyə gəlməkdən, vurulmuş ziyanla bağlı izahat verməkdən və QSC-yə olan borcunu ödəməkdən boyun qaçırmışdır. Yuxarıda qəyd edilən məsələlər Hüquq şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirilir ki, QSC ilə iddiaçı arasında bağlanmış 01 iyul 2016-cı il tarixli Əmək müqaviləsinin İşəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaranmışdır. Belə ki, iddiaçının 21 avqust 2021-ci il tarixdə (ondan sonrakı dövrdə də) işə çıxmalı olduğu halda heç bir üzrlü səbəb olmadan işə çıxmamasına və ona dəfərlərlə edilən şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamasına görə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi, həmçinin QSC-yə vurduğu maddi ziyana görə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur; - QSC-nin icraçı direktorun satış üzrə müavini, satış departamentinin müdiri X1 və Satış Şöbəsinin müdiri Aydın Həsənov tərəfindən QSC-nin icraçı direktoru Məzahir Ağabalayeva ünvanlanmış 10.09.2021-ci il tarixli təqdimatdan görünür ki, “Məişət və Keramika əşyaları satışı” şöbəsinin satış meneceri vəzifəsində çalışan iddiaçının 21 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixindək heç bir üzürlü səbəb olmadan işə gəlməməsi və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə və şirkətə olan əmlak borcunun ödənilməsinə görə qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir; - İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən QSC-yə ünvanlanmış 17.08.2021ci il tarixli 028/11 saylı məktubundan görünür ki, cəmiyyət tərəfindən ünvanlanmış 267 nömrəli 16.08.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının cəmiyyətə 184000 ABŞ dolları məbləğində əmlak borcu vardır. Lakin həmin borcun nəyin əsasında yaranması və buna əsas olan sənədlərin surəti məktuba əlavə edilməmişdir. Hüquqlarını təmsil etdiyi şəxsin bildirməsinə görə onun cəmiyyət qarşısında heç bir maddi məsuliyyəti yoxdur. Cəmiyyət tərəflərindən 23.08.2021-ci il tarixə təyin edilmiş audit yoxlaması barədə bildirmək istəyir ki, bu barədə müvafiq əmrin surəti onlara təqdim edilməmişdir. Eyni zamanda iddiaçının həmin audit yoxlamasında iştirak etməməsi, audit, yoxlamasının keçirilməsinə mane deyildir. Tərəflərindən audit yoxlamasının nəticəsinə uyğun olaraq izahatları yazılı olaraq cəmiyyətə təqdim ediləcəkdir. Əlavə olaraq qeyd etmək istəyir ki, 20.08.2021-ci il tarixdən 05.09.2021-ci il tarixədək əmək məzuniyyətində olduğundan həmin tarixdə cəmiyyətin yerləşdiyi ofisə gəlməyi mümkün deyildir. Eyni zamanda cəmiyyətə bildirmək istəyir ki, 169/111 iddiaçı arasında bağlanmış əmək müqaviləsinin və ona əlavələrin, o cümlədən şifahi olaraq qeyd etdikləri üzrə onun maddi məsul şəxs təyin edilməsi barədə əmrin surətinin, həmin əmrlə onun tanış edilməsi barədə müvafiq sənədlərin surətinin ona təqdim edilməsi xahiş olunmuşdur. - İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən QSC-yə ünvanlanmış 15.09.2021ci il tarixli 038/11 saylı məktubdan görünür ki, cəmiyyət tərəfindən ünvanlanmış 267 nömrəli 16.08.2021-ci il tarixli və digər məktublarda qeyd edilmişdir ki, iddiaçının cəmiyyətə 184000 ABŞ dolları məbləğində əmlak borcu vardır. Lakin həmin borcun nəyin əsasında yaranması və buna əsas olan sənədlərin surəti məktuba əlavə edilməmişdir. Bundan başqa artıq bir aya yaxın müddətdir ki, aparılan yazışmalarda tərəfinizdən əmək qanunvericiliyinin müddəaları kobud surətdə pozulur. Belə ki, iddiaçı tərəfindən 12.08.2021-ci il tarixli ərizə ilə cəmiyyətə müraciət edilərək onun 21.08.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi xahiş edilmişdir. Cəmiyyət tələm-tələsik, heç bir hüquqi əsas olmadan guya audit yoxlamasının təyin edilməsi barədə məktublarla ona müraciət edərək, iddiaçının məcburi qaydada işə çıxarılmasına çalışmışdır. Dəfələrlə məktublarla tərəflərindən cəmiyyətə müraciət edilərək, audit yoxlamasının təyin edilməsi barədə əmrin və buna əsas olmuş sənədlərin surətinin təqdim edilməsi tələb olunsa da, israrla həmin sənədlərin təqdim edilməsindən yayınmışdır. Həmin sənədlərin təqdim edilməsinə imtinanın əsası kimi onun səlahiyyətsiz şəxs olmağı bildirilmişdir. Buna zidd olaraq növbəti məktublarını isə ona ünvanlayaraq iddiaçının yoxlamada işitrak etməsini tələb edilmişdir. Məktubda qeyd edildiyi kimi, səlahiyyəti olmayan şəxsə həmin bildirişlərin göndərilməsi ağlabatan deyildir. Daha sonra müxtəlif tarixli məktublarla müraciət edərək audit yoxlamasının növbəti tarixə təyin edildiyi bildirilmişdir. Hətta "xxxx" MMC-yə müraciət edərək iddiaçının işdən azad edilməsinin qeyri-mümkünlüyünü bildirilmişdir. Həmin qeyrimümkünlüyü onunla əsaslandırmağa çalışmışdır ki, guya iddiaçının şirkətə borcu mövcuddur, həmin borc ödənildikdən sonra iddiaçı işdən azad edilə bilər. Halbuki, bu tələb Əmək Məcəlləsinin tələblərinə tamamilə ziddir. Belə ki, işçi tərəfindən şirkətə hər hansı maddi ziyan yetirilmişdirsə, bu barədə mülki qaydada dəymiş ziyanın ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İddiaçı tərəfindən tutduğu vəzifədən azad edilməsi barədə ərizənin şirkətə təqdim edilməsindən artıq bir aydan çox vaxt keçmişdir. Lakin bu günədək onun son haqq hesabı ödənilməmiş, işdən azad edilməsi barədə müvafiq əmr və əmək kitabçası ona təqdim edilməmişdir. Guya işçinin şirkətə pul vəsaiti borclu olması onun işdən azad edilməməsi üçün əsas deyildir. Bu səbəbdən hazırkı məktubla cəmiyyətə müraciət edərək, iddiaçının QSC-də tutduğu vəzifədən azad edilibedilməməsi barədə məlumatın, azad edildiyi təqdirdə işdən azad edilmə barədə əmrin və əmək kitabçasının təqdim edilməsini, cəmiyyət tərəfindən keçirilmiş audit yoxlamalarının nəticələri barədə məlumatın və sənədlərin təqdim edilməsini xahiş edilmişdir; - İddiaçı, QSC-nin icraçısı İ.Tanrıverili, icraçı direktorun satış üzrə müavini F.Səmədov tərədindən imzalanmış 01.07.2021-ci il tarixli "xxxx"ndan görünür ki, iddiaçının 30.06.2021-ci il tarixə QSC-yə olan borcu 187566 USD təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh QSC-də 01.07.2016-cı il tarixdən satış meneceri vəzifəsində çalışmağa başlamışdır. Cavabdehin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, həmin əmr qanunsuzdur və tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırır. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddia əsassız olmaqla, əmr verilərkən qanunvericliyin tələblərinə riayət edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarına görə iddiaçı 12.08.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağlamasını əsas gətirmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi və 69.3-cü maddəsini tələblərinə əsasən xitam verilməsini xahiş etmişdir. Cavabdeh QSC isə iddiaçıya, eyni zamanda iddiaçının yeni əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC-yə cavab məktubunda iddiaçının QSC-yə borcu olduğunu göstərmiş, həmin borcun araşdırılmasından sonra Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilə biləcəyini qeyd etmiş və iddiaçının ərizəsi nəzərə alınmayaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsini “a” bəndinə və 69.3-cü maddəsinin tələbinə əsasən xitam verməkdən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh cəmiyyət əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası barədə məlumatlar göstərilir. Hazırda mübahisələndirilən əmrin faktiki əsası kimi hər hansı bir hal göstərilməmiş, əsas kimi müvafiq sənədlərə istinad edilmişdir. İstinad edilən sənədlərdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsası kimi ziddiyətli hallara istinad edilmişdir. Belə ki, QSC-nin Müqavilələr və Hüquq şöbəsinin müdiri Yusifov R.F, həmin şöbənin müdir müavini Bayramov R.Z və baş məsləhətçi NümayəndəS tərəfindən QSC-nin icraçı direktoruna təqdim edilmiş 10.09.2021-ci il tarixli rəy ilə müəyyən edilir ki, həmin rəydə iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsi və iddiaçının QSC-yə borcunun olması göstərilmiş, iddiaçının üzrlü səbəb olmadan işə gəlməməsinə, QSC tərəfindən yazılı xəbərdarlıqlara məhəl qoymamasına görə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi, QSC-yə vurduğu maddi ziyana görə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, həmin rəydə iddiaçının işdən çıxarılmasını faktiki əsası kimi üzrlü səbəb olmadan işə çıxmaması göstərilmiş və bu əsasla onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi tövsiyyə edilmişdir. Lakin əmrin əsası kimi istinad edilmiş digər bir sənəd olan, yəni QSC-nin icraçı direktorun satış üzrə müavini, satış departamentinin müdiri Fəzail Səmədov və satış şöbəsinin müdiri Aydın Həsənov tərəfindən QSC-nin icraçı direktoruna ünvanlanmış 10.09.2021-ci il tarixli təqdimatda isə göstərilmişdir ki, “iddiaçı 12 avqust 2021-ci il tarixində ərizə ilə müraciət edərək xəstə olduğu səbəbindən işə gələ bilmədiyini, xəstəlik tarixinin son günü 20 avqust 2021-ci il tarixi olduğunu, həmin tarixdən vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçıya bildirilmişdir ki, onun maddi məsul şəxs olaraq şirkətə əmlak borcu var, xəstəliyi bitdikdən sonra işə gəlməli və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməli, borca dair yoxlamada iştirak etməli, izahat verməli, bundan sonra onun işdən çıxarılması məsələsinə baxılacaq. Lakin o özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə” QSC arasında bağlanmış Əmək müqaviləsinin və “X13” haqqında müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı 21 avqust 2021-ci il tarixində işə gəlməli olduğu halda işə gəlməmiş, gəlməməsi barədə də, heç bir məlumat verməmişdir. “Məişət və Keramika əşyaları satışı” şöbəsinin satış meneceri vəzifəsində işləyən iddiaçının 21 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixindək heç bir üzürlü səbəb olmadan işə gəlməməsi və əmək müqaviləsi üzrə öhdəliklərinin yerilnə yetirilməməsinə görə və şirkətə olan əmlak borcunun ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi, həmin təqdimatda iddiaçının 20.08.2021-ci il tarixədək işə gəlməsinin üzrlü səbəbdən (xəstəliyi ilə əlaqədar) olması qeyd edilmiş, iddiaçının həmin tarixdən sonra üzrlü səbəbdən işə gəlməməsi qeyd edilmişdir. Həmçinin, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi əsası kimi iddiaçının 20.08.2021-ci il tarixdən sonra işə gəlməməsi, həmçinin şirkətə olan əmlak borcunun ödənilməməsi qeyd edilmişdir. Halbuki rəydə iddiaçının QSC-yə olan borcuna görə məhkəmədə müvafiq iddia qaldırılması tövsiyyə edilmişdir. Göründüyü kimi mübahisələndirilən əmr tərtib edilərkən əmək qanunvericliyin tələblərinə əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsinin faktiki əsası göstərilməmiş, bu barədə istinad edilən digər sənədlər isə ziddiyətli olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsində Əmək Məcəlləsinin ləğv edilməsinin müxtəlif əsasları təsbit edilmişdir. Həmin əsaslardan biri də, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir (68.2-ci maddənin “a” bəndi). Əmək Məcəlləsinin 69-cü maddəsində işçi tərəfindən ləğv edilməsi qaydası müəyyən edilmişdir. Həmin maddəyə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər (maddə 69.1, 69.2, 69.3). Baxılan işdə iddiaçı 12.08.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək başqa işə götürənlə əmək müqaviləsi bağlamaq istədiyini əsas gətirərək onunla bağlanmış əmək müqaviləsinə 20.08.2021-ci il tarixdə xitam verilməsini xahiş etmişdir. İşə götürən isə bu ərizəni nəzərə almamış, bəzi sənədlərdə iddiaçının işə üzürlü səbəblərdən çıxmaması əsası ilə, bəzi sənədlərdə isə onun QSC-yə borcu olması əsası ilə iddiaçı ilə bağlanmış əmək münasibətlərinə xitam verməmişdir. Belə olan halda, iddiaçı iradəsinə zidd olaraq 20.08.2021-ci tarixdən sonra əmək münasibətlərinini davam etdirilməsinə məcbur edilmişdir ki, bu hal iddiaçının Azərbaycan Respublikasının Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını pozmuşdur. Belə ki, Konstitusiyanın 35-ci maddəsinin İİİ hissəsinə görə heç kəs zorla işlədilə bilməz. Həmin maddənin İV hissəsinə görə, əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Cavabdehin iddiaçının ərizəsini nəzərə almaması barədə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi dəlilləri ilə bağlı qeyd etmək lazımdır ki, ilk növbədə cavabdeh iddiaçının 20.08.2021-ci ilə qədər heç bir üzrlü səbəb olmadan işə çıxmamasını sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələb və etirazınıı əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, cavabdehin əmrin ləğv edilməsi əsası kimi istinad etdiyi 10.09.2021-ci il tarixli təqdimatda iddiaçının 20.08.2021-ci il tarixə qədər xəstəliyi səbəbindən işə çıxmaması göstərilmiş, lakin həmin tarixdən sonra işə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi göstərilmişdir. Lakin iddiaçı artıq həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi və 69.3-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Belə olan halda, iddiaçı artıq qeyd edilən normaların tələblərinə əsasən iddiaçı işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malik olmuşdur. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borclu idi. Cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən iddiaçının QSC-yə borcunun olması ilə bağlı qeyd edilməlidir ki, cavabdeh bu barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, iddiaçının həmin borcunun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin bu barədə cavabdehə müraciətləri də cavabsız qalmışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, bu barədə sübut təqdim edilməsi halında belə bu iddiaçı ilə bağlanmış əmək müqaviləsinin həmin maddə xitam üçün əsas deyildir. Çünki artıq iddiaçı başqa əsasla (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam vermişdir. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsində (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) təsbit edilmiş hüquqla əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi eyniləşdirilməməlidir. İddiaçı əsas zəruri və hüquqi əsası olduğundan (başqa işə götürənlə əmək müqaviləsi bağladığından) cavabdehlə bağlanmış əmək müqaviləsinə 20.08.2021-ci il tarixdən xitam vermişdir. Lakin cavabdeh heç bir əsas olmadan (cavabdehin istinad etdiyi ziddiyətli əsaslar yuxarıda qeyd edilənlərə əsasən iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas olmamışdır) əmək müqaviləsinə iddiaçı tərəfindən xitam verilməsini rəsmiləşdirməkdən boyun qaçırmış, bu isə cavavdehin əsassız olaraq iddiaçı ilə əmək müqaviləsinin başqa bir əsas ilə (Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə) xitam verilməsi ilə nəticələnmişdir ki, bu da öz növbəsində iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə və Əmək Məcəlləsi müəyyən edilmiş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə maddi ziyan vurması, sonuncunun isə bu barədə müvafiq iddia tələbi məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bu hal həmçinin cavabdeh QSC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 10.09.2021-ci il tarixli rəydə QSC-nin direktoruna müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunarkən təsbit edilmişdir. Beləliklə, iddiaçının tələbi əsaslı hesab edilməli və cavabdehin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrin ləğv edilməlidir. Məhkəmə tələbin ikinci hissəsi ilə bağlı, yəni iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməli olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının bu hissədə də tələbi təmin edilərək cavabdehin üzərinə bu vəzifə qoyulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğində pul tərəflərə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmri ləğv edilməli, İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməli, ödənilmiş 50 manat məbləğində mediasiya xərci tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmri ləğv edilsin. İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilsin. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-374/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-374/2022
10.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver