Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-374/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 saylı evin 35-ci mənzilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 2736 manat və məhkəmə xərcləri üçün 47,36 manat ümumilikdə 2783,36 manat məbləğin tutularaq İddiaçı MTK-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MTK ilə cavabdeh Hüseynli (Hüseynov) İlqar Gəncum oğlu arasında xx.xx.2014-cü il tarixdə ünvan 1 saylı evin sahəsi-162.9 kv.metr (dəqiqləşmədən sonra-151.9 kv.metr) olan üç otaqlı 35-ci mənzilinin İddiaçı MTK-dən alınmasına dair 15 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. 04 noyabr 2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı MTK arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 43 saylı müqavilə bağlanmış, lakin Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh kommunal xidmət haqqını sonuncu dəfə 2021-ci ilin avqust ayında ödəmişdir. Bundan sonra cavabdeh bu günə qədər, bir dəfə də olsun borcundan qalan məbləği ödəməmişdir. Hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə kommunal xidmətlərə görə İddiaçı MTK-ya 2508 manat borcu var. Bununla da Cavabdeh İddiaçı MTK-ya müəyyən məbləğdə ziyan vurmuşdur. Cavabdeh məxsus olan 35 nömrəli mənzilin ümumi sahəsi-151,9 kv.metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi, MTK-nın qərarına əsasən, 0,50 qəpik müəyyən edilmişdir. 151,9 kv.m*0,50q=76 manat, 76*36 ay (sentyabr 2021-avqust 2024)=2736 manat. Bildirir ki, kommunal ödənişlərdən bütün təminatlara (su təchizatı, liftlərə aylıq texniki qulluq, blokların, həyətin, su nasosxanasının, liftlərin, şlaqbaumların işıq təchizatı, məişət tullantıların daşınması, blokların, mərtəbələrin, liftlərin, uşaq meydançasının, həyətin təmizlənməsi, məişət tullantıların hər mərtəbədən xadimələr tərəfindən götürülməsi, həyətin 24 saat mühafizəsi, binanın giriş qapılarının, mərtəbələrdə PVC qapıların, şüşələrin təmiri, generatorun təmiri və saxlanması, kameraların, şlaqbaumun təmiri) ödənişlər olunur, eyni zamanda həmin yığılan vəsaitdən işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər ayda müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Cavabdeh və digər investorların ödəmələrində gecikmələr olması nəticəsində İddiaçı MTK-nın Bank qarşısında, həmçinin Vergi borclarının vaxtında ödənilməməsi nəticəsində faiz borcları yaranmışdır. Bununla bağlı tərəflərindən Cavabdeh və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Cavabdeh vəkili və nümayəndəsi X3 məhkəmə iclasından sonra gələrək bildirmişdir ki, başqa məhkəmə iclasında iştirak etdiyinə görə məhkəmə iclasına gecikmiş, bu səbəbdən iclasda iştirak edə bilməmişdir. Həmçinin ərizə təqdim edərək iddia tələbinə iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli, 43 nömrəli çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, müqavilənin məqsədi vətəndaşların yaşayış binasında əlverişli yaşayış şəraitinin, lazımi idarəetmənin, çoxmənzilli binanın əmlakının, onun ümumi istifadə yerləri və eyvan sahəsinin mühəndis sistemlərinin və avadanlığının saxlanılması və təmirinin təmin edilməsi, habelə mənzilin mülkiyyətçisinə və çoxmənzilli binada yaşayan digər vətəndaşlara kommunal xidmətlərin göstərilməsidir. Müqavilənin predmeti odur ki, idarəedici təşkilat çoxmənzilli yaşayış binasında xidmətlər göstərməyi və ümumi əmlakın lazımi qaydada saxlanılması və təmiri üzrə işləri yerinə yetirməyi, mülkiyyətçilərə və mülkiyyətçinin mənzillərindən qanuni əsaslarla istifadə edən digər istifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Mülkiyyətçilər idarəedici təşkilatın xidmətlərini hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada ödəməyi öhdəsinə götürür.
9. 04 noyabr 2019-cu il tarixli müqaviləyə 01 nömrəli əlavədən görünür ki, İddiaçı MTK-nin işçi heyəti tərəfindən payçılara göstərilən xidmətlərin siyahısı aşağıdakılardır: həyətin təmizlənməsi və təmiri, blokların təmizlənməsi və yuyulması, məişət tullantılarının departament tərəfindən daşınmasının təşkili, liftlərin fasiləsiz elektrik enerjisi ilə təchizatı, liftlərə texniki xidmət, liftlərin ehtiyat hissələri ilə təchizatı, blokların işıqlandırılması üçün fasiləsiz elektrik enerjisi, lampaların dəyişdirilməsi, su nasosxanasındakı avadanlıqlara texniki xidmət, su nasosxanasının elektrik enerjisi ilə təchizatı, su nasosxanasının ehtiyyat hissələr ilə təchizatı, binanın balansında olan xarici yarımstansiyadakı avadanlıqlara, transformatorlara (vaxtaşırı yağın dəyişdirilməsi) və s. texniki xidmət, binanın balansında olan xarici yarımstansiyadan binasının və avadanlıqlarının əsaslı və cari təmiri, binanın balansında olan xarici yarımstansiyadan mənzillərə gedən elektrik enerjisinin 0,05 % itkisinin MTK tərəfindən ödənilməsi, binanın daxili elektrik şitlərinə xidməti, ehtiyat hissələrinin vaxtaşırı dəyişdirilməsi, generatoruna texniki xidmət, generatorun yanacaqla təchiz olunması, generatorun ehtiyat hissələrinin vaxtaşırı dəyişdirilməsi, 24 saat mühafizə xidmətinin təşkili, uşaq meydançasının təmizlənməsi, işıqlandırılması və saxlanması, binada yanğın əleyhinə sistemlərə xidmət göstərilməsi, binada nov və drenaj sistemlərinə xidmət göstərilməsi, illik torpaq vergisinin və s. vergilərin ödənilməsi, sakinlərə arayışların verilməsi, sakinlərdən göstərilən xidmətlərə görə ödənişlərin qəbul edilməsi. Çoxmərtəbəli binada xidmət haqqı yaşayış sahəsinin payına uyğundur və mülkiyyətçinin yaşayış sahəsinin hər kvadrat metrinə görə müəyyən edilir.
10. 04 noyabr 2019-cu il tarixli müqaviləyə 02 nömrəli əlavədən görünür ki, Cavabdeh ünvan 1 saylı evin 35-ci mənzilinə dair razılaşma protokolunu aşağıdakı şərtlərlə imzalamışdır: çoxmənzilli binanın idarə edilməsi, çoxmənzilli binada ümumi əmlakın saxlanması, cari təmir işləri, çoxmənzilli binanın soyuq su, elektrik enerjisi təchizatı, liftlərə xidmət göstərilməsi, liftlərin və blokların fasiləsiz elektrik enerjisi ilə (generator) təchizatı, ümumi sahənin təmizlənməsi, zibilin daşınması, 24 saat mühafizə xidməti. Mənzillərdə kommunal haqqı hər kv.m üçün 0,50 manat müəyyən edilmişdir.
11. İddiaçı məhkəməyə ünvanladığı 17 sentyabr 2024-cü il tarixli, 10 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi-152 kv.m olan 35 saylı mənzilin sahibi Cavabdeh İddiaçı MTK-ya kommunal xidmətlərə görə sonuncu dəfə 17 avqust 2021-ci il tarixində 456 (dörd yüz əlli altı manat) manat pul ödəmişdir. Qeyd edir ki, kommunal xidmətin ödənişi hər kv.mertə görə 0,50 manat müəyyən edilmişdir. 0,50 X 152 kv.m = 76 manat. Bu günə, yəni 17 sentyabr 2024-cü il tarixinə Cavabdeh İddiaçı MTK-ya kommunal xidmətlərə görə borcu (36 ay X 76) 2736 manat təşkil edir.
12. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********35-05301-093046 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 41, 43 saylı evin, 35 saylı mənzili, Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 41, M9, m5 Cavabdeh xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Mənzilin sahəsi 151,9 kv.mdir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 41, 43 saylı evin, 35 saylı mənzili, Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 41, M9, m5 Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında 04 noyabr 2019-cu il tarixli, 43 nömrəli çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Kommunal xidmət haqqı mənzilin hər kv.m-nə görə 0,50 manat müəyyən edilmişdir. Hazırda iddiaçı Cavabdeh ünvan 1 saylı evin 35-ci mənzilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 2736 manat və məhkəmə xərcləri üçün 47,36 manat ümumilikdə 2783,36 manat məbləğin tutularaq İddiaçı MTK-nin hesabına ödənilməsini xahiş edir. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
15. Azərbaycan Respublikası Mülki Məcəllənin:
373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarı:
Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı:
İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
18. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarları:
İddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Binanı inşa etmiş İddiaçı MTK binanın idarəçiliyini məhz özü həyata keçirir. Binada sözügedən xidmətlərin faktiki olaraq İddiaçı MTK tərəfindən verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Bu hal ona dəlalət edir ki, sahə mülkiyyətçiləri binanın idarəçiliyini İddiaçı MTK-ya tapşırmışlar. Belə ki, binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) uzun illərdir İddiaçı MTK tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçiərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir.
21. Hazırki halda 04 noyabr 2019-cu il tarixli müqaviləyə 02 nömrəli əlavədən görünür ki, Cavabdeh ünvan 1 saylı evin 35-ci mənzilinə dair razılaşma protokolunu imzalamışdır. Bununla o, iddiaçı tərəfindən xidmətlərin göstərilməsi ilə razılaşmışdır. ünvan 1 saylı evin sahəsi-151,9 kv.metr olan 35-ci mənzilin sahibi Cavabdeh yaşayış binasının ümumi əmlakının saxlanması yükünü daşıyır və o, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməli olduğu halda, bu xidmətləri həyata keçirən İddiaçı MTK-ya bununla bağlı 2021-ci ilin avqust ayından ödəniş etməmişdir. İddiaçı 2021-ci il avqust ayından 2024-cü ilin avqust ayına kimi yaranmış borc məbləğini tələb edir.
22. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
23. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər
24. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə müqavilədən əmələ gəlir və müqavilə öhdəlikləri üzrə iddia müddəti qanunvericiliyin tələbinə əsasən 3 ildir. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehdən 2022-ci ilin avqust ayından yaranmış borc məbləği tutulmalıdır. Mənzilin sahəsi 151,9 kv.m-dir. Kommunal xidmət haqqı hər kv.m-ə görə 0,50 manat müəyyən edilmişdir. 2 il üçün kommunal xidmət haqqı-151,9 kv.m*0,50*24=1822,80 manat müəyyən edilir.
25. Odur ki, qeyd edilənlərə əsasən cavabdehdən 1822,80 manat kommunal xidmət haqqı tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
27. İddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 47,36 manat dövlət rüsumunun 31,55 manatı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
Nəticə:
28. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli Cavabdeh kommunal xidmətlərə görə yaranmış 1822,80 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 31,55 manat tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
29. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh kommunal xidmətlərə görə yaranmış 1822,80 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 31,55 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova