Məhkəmə qərarları › İş №e-2(007)-3935/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3935/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3935/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “göstərilmiş tibbi xidmətlərin dəyərinin ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada göstərilmiş tibbi xidmətə görə 4000 (dörd min) manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 61 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər xx.xx.2023-cü il tarixdə, xəstə Cavabdeh1 tibbi xidmətlərin göstərilməsi üçün “X4 Hospital”-a müraciət etmiş, Cavabdeh2 ilə “Bona Dea’’ MMC arasında xx.xx.2023-cü il tarixli “Tibbi baxım və müalicəyə dair” müqavilə bağlanaraq, həmin müqaviləyə əsasən Cavabdeh1 stasionar şəraitdə müvafiq tibbi xidmətlər göstərilmişdir. Tərəflərin qarşılıqlı razılığına və “Tibbi baxım və müalicəyə dair” müqavilənin şərtlərinə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə fakturada müəyyənləşdirilən məbləği ödəyir. “Tibbi Xidmət Müqaviləsinin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən "Xəstə"xxxx"Xəstə yaxını" hazırki müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci bəndində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən "Xəstə" və ya 'Xəstə yaxını" əməliyyat, müalicə, müdaxilə zamanı və ya ondan sonra xəstənin sağlamlığında gözlənilməz hallar baş verdikdə, müalicə həkiminin zəruri hesab etdiyi müqavilə ilə nəzərdə tutulmayan əlavə müdaxilələr/müalicələr tətbiq etmək lazım olduqda, eləcə də zəruri hesab edilən müvafiq ixtisaslar üzrə mütəxəssislər əməliyyat/müalicə/ müdaxilədə iştiraka cəlb edildikdə, xidmət paketinə daxil olmayan protez, implant, stent balon, qreft kimi xüsusi tbbi sərflər, qan, xüsusi dərman və preparatlar istifadə olunduqda xidmətlərin qarşılığı olaraq Xəstəxana tərəfindən müəyyənləşdiriləcək məbləğin xəstəni xidmətə göndərən “Təşkilat” və ya “Sığorta Şirkəti” tərəfindən ödənilməyən hissəsini fakturanın təqdim edildiyi gündən etibarən 7 (yeddi) təqvim günü ərzində ödəməyi öz öhdəsinə götürür. Beləliklə xəstə Cavabdeh1 “X4 Hospital”da tibbi xidmətlər göstərilmiş və göstərilmiş tibbi xidmətlərin ümumi məbləği 16000 manat (on altı min) təşkil etmişdir. Lakin göstərilən bu məbləğdən 12000 manat (on iki min) məbləğində ödəniş olunmuş, geri qalan 4000 manat (dörd min) borc məbləği rəsmi qaydada xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödənilməmişdir. Kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərilən tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. “X4 Hospital” vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi yardımın qarşılığı olan məbləğin xəstə və xəstə yaxınları tərəfindən vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəb ola bilir. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-üzə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Göründüyü kimi İddiaçı MMC ilə cavabdehlər arasında müqavilələr bağlanmış, tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdehlər göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, müqaviləni bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətlərə görə yaranan borc məbləğini İddiaçı MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, İddiaçı MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC tibb müəssisəsi kimi sözü gedən müqavilədə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdehlər göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək, üzərilərinə götürdükləri öhdəliyi icra etməmişdirlər. Belə olan halda “X4 Hospital” tərəfindən göstərilmiş tibbi xidmətlərə görə, cavabdehlər tərəfindən bu günə kimi ödənilməmiş qalan 4000 manat pul məbləği, məhkəmə qaydasında onlardan tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehlərin ünvanı Nizami rayonu ərazisi olmasa da lakin, “Tibbi baxım və müalicəyə dair” müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, bu müqavilədən irəli gələn bütün mübahisələr Nizami Rayon Məhkəməsində həll ediləcəkdir. Bu əsasa görə də hazırki iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişlər.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Tibbi Baxım və Müalicəyə dair” müqavilədən görünür ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə və/və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə Qiymət Cədvəlinə əsasən fakturada müəyyənləşdirilmiş məbləği ödəyir və tərəflər müqavilədə göstərilən məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər.

4. “X4” Hospital tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Xidmət Çıxarış”dan görünür ki, Cavabdeh1 göstərilən tibbi xidmətlərə dair 16000 manat ödəniş həyata keçirilməlidir.

5. “X4” Hospital tərəfindən verilmiş epikrizlərdən görünür ki, xəstə xx.xx.2023-cü ildə AML şikayəti ilə xəstəxanaya müraciət etmiş, xx.xx.2023-cü il tarixədək “Antibiyotik müalicəsi” almış xx.xx.2023-cü il tarixdə yaxşılaşma ilə ambulator müalicə üçün evə yazılmışdır.

6. İddiaçı MMC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh, göstərilən tibbi xidmətlərin qarşılığı olaraq hesablanmış 4000 manat borcun 5 gün müddətinə ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir.

7. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Sultan qızına xx.xx.2023-cü il tarixli “Tibbi Baxım və Müalicəyə dair müqavilə”yə əsasən “X4 Hospital”da tibbi xidmətlər göstərilmiş, göstərilən tibbi xidmətlərin cəmi dəyəri 16000 manat olmuş, həmin məbləğdən 12000 manat ödəniş olunmuş, maliyyə arayışı verilən tarixi İddiaçı MMC-yə 4000 manat ödənilməmiş borc qalmışdır.

8. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 61 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı :

11. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Tibbi Baxım və Müalicəyə dair müqavilə”yə əsasən Cavabdeh1 tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətlərə görə cavabdehlərin iddiaçı qarşısında borcu yaranmışdır.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

16. İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “4000 manat məbləğində pul vəsaitinin tutulması” tələbini tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X2 göstərilmiş tibbi xidmətə görə yaranmış borcun cavabdehlər tərəfindən ödənilməli olması ilə əsaslandırmışdır.

17. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinin yaranması, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli “Tibbi Baxım və Müalicəyə dair” müqavilə bağlanması, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh X2 tibbi xidmət göstərilməsi hazırki mülki işin mübahiəsiz halını təşkil edir.

18. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, iddiaçı tərəfindən cavabdeh X2 göstərtərilən tibbi xidmətlərin dəyəri 16000 manat təşkil etmiş, həmin məbləğdən cavabdeh tərəfindən 12000 manat ödəniş edilmiş və hazırda isə qalıq borc 4000 təşkil edir.

19. İddiaçı iddia tələbinin faktiki hallarını təsdiq etmək üçün, yəni cavabdehin göstərilən tibbi xidmətlərə görə 4000 manat borcu olduğunu təsdiq etmək üçün cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsini və göstərilən xidmətlərə dair fakturanı təqdim etmişdir

20. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Tibbi Baxım və Müalicəyə dair” müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirir, xəstə və/və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə Qiymət Cədvəlinə əsasən fakturada müəyyənləşdirilmiş məbləği ödəyirlər və tərəflər müqavilədə göstərilən məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər.

21. Müqavilənin 2.2.12-ci bəndində nəzərdə tutulmuşdur ki, xəstə və ya xəstə yaxını, hazırki müqavilə ilə nəzərdə tutulmayan xidmətlərdən əlavə-yanaşı xidmətlərin götərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür.

22. İşin faktiki halı odur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı ilə Cavabdeh2 arasında qeyd edilən “xidmət müqaviləsi” bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı qarşısında yuxarıda göstərilən öhdəlikləri götürmüşdür. Həmçinin yazılı müqavilənin kim tərəfindən imzalanmasından asılı olmayaraq iddiaçı tərəfindən Cavabdeh1 müvafiq tibbi xidmət göstərilmiş, yəni onun iddiaçı qarşısında ona göstərilən tibbi xidmətlərin dəyərini ödəmək öhdəliyi yaranmışdır. Lakin cavabdehlər iddiaçı qarşısında müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmişlər.

23. Məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 tibbi xidmətlərin göstərilməsi və göstərilən tibbi xidmətlərə görə iddiaçı qarşısında borcun yaranması işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

24. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göstərilən tibbi xidmətlərin dəyəri olaraq İddiaçı MMC-nin xeyrinə 4000 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslıdır..

Məhkəmə xərcləri :

25. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada tutularaq İddiaçı MMC-nin hesabına köçürülməlidir.

Nəticə :

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada göstərilmiş tibbi xidmətə görə 4000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada göstərilmiş tibbi xidmətə görə 4000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar