Məhkəmə qərarları › İş №e-2(007)-399/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-399/2023

22.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-399/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı maraqlı şəxs qismində cəlb olunmaqla “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı Maraqlı şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı maraqlı şəxs qismində cəlb olunmaqla “öhdəliyin qoyulması və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 01 fevral 2021-ci il tarixdən 26 may 2022-ci il tarixədək "xxxx" MMC-nin, “X4es” MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və 01 noyabr 2021-ci il tarixdən 26 may 2022-ci il tarixədək “X9” MMC-nin vergi hesabatlarının təqdim edilməsi üçün tərtib edilmiş cədvəllərin, mənfəət bəyannamələri üzrə toplanmış balans məlumatlarının, gəlir xərclərinin açıqlamasının, əsas vəsaitlərin amortizasiya cədvəllərinin və ümumi hesabatlar üçün toplanmış məlumatların iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və Cavabdeh toplanmış məlumatların iddiaçıya təqdim etməməsi səbəbindən iddiaçıya dəymiş 24.000 manat məbləğində zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh) İddiaçı MMC-də (bundan sonra iddiaçı) “Baş mühasib” vəzifəsində işləməyə başladığı xx.xx.2021ci il tarixdən iddiaçının 01 fevral 2021-ci il tarixli əmri ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, "xxxx" MMC, “X4es” MMC, "xxxx" MMC və "xxxx" MMC-nin və 01 noyabr 2021-ci il tarixli əmri ilə “X9” MMC-nin (bundan sonra xidmət göstərilən Şirkətlər) mühasibatlıq əməliyyatları ona tapşırılmış, həmin şirkətlərin mühasibat uçotunun qurulması, 1C proqramında mühasibat uçotu məlumatlarının yığılması, vergi xidməti və statistika idarəsinə verilən hesabatların tərtibi, göndərilməsi cavabdeh tərəfindən həyata keçirilmiş, bütün bu məlumatlar onda toplanmışdır. Cavabdehin işlədiyi dövr ərzində onun əsas əmək funksiyasının bir hissəsi də xidmət göstərilən şirkətlərin vergi hesabatlarının təqdim edilməsi üçün cədvəllər tərtib etmək, mənfəət bəyannamələri üzrə balans məlumatları toplamaq, gəlir xərclərinin açıqlaması, əsas vəsaitlərin amortizasiya cədvəlləri və ümumi hesabatlar üçün məlumatlar toplamaq olmuş, o, işlədiyi dövr ərzində öz əmək funksiyasını yerinə yetirmiş, bu dövr ərzində bütün bu məlumatları toplamış və həmin məlumatlara əsasən bəyannamələr təqdim etmiş, kameral və səyyar vergi yoxlaması zamanı vergi nümayəndəsinə tələb edilən sənədlərin və məlumatların təqdim edilməsini təmin etmiş, bütün bu məlumatlar yalnız cavabdehin özündə toplanmışdır. Cavabdehin əsas vəzifələrindən biri də, topladığı bu məlumatları və gördüyü işə dair hesabatları iddiaçıya və xidmət göstərdiyi şirkətə təhvil vermək olmuşdur. Lakin cavabdeh işlədiyi dövr ərzində xidmət göstərdiyi şirkətlərə aid onda toplanmış heç bir məlumatı iddiaçıya və ya xidmət göstərdiyi şirkətlərə təhvil verməmiş, bütün məlumatlarla yalnız cavabdeh özü işlədiyinə görə həmin məlumatların ondan tələb edilməsinə zərurət olmamışdır. Cavabdehin xx.xx.2022-ci il tarixdən əmək məzuniyyətinə çıxmağı ilə əlaqədar olaraq ona tapşırılmış şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin şirkətlərə məxsus sənədlər və digər məlumatların İddiaçı MMC-yə təhvil verilməsi ondan tələb edilsə də, o, həmin sənədləri İddiaçı MMC-yə təhvil verməmiş, müxtəlif bəhanələrlə sənədləri onlara təhvil verməkdən yayınmış, hətta ona bu barədə verilmiş rəsmi bildirişə də əhəmiyyət verməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehdə olan sənədlər və digər elektron məlumatlar olmadan qeyd edilən şirkətlərin mühasibatlıq işlərinin davam etdirilməsi mümkünsüz olmuşdur ki, bunun nəticəsində də, qeyd edilən şirkətlər ciddi zərərlərlə üzləşmək təhlükəsi qarşısında qalaraq, onlarla olan xidmət müqavilələrini ləğv etmək ehtimalı yaranmışdır. Məhz cavabdeh əmək məzuniyyətinə çıxdıqdan sonra xidmət göstərilən şirkətlərin vergi hesabatlarının təqdim edilməsi üçün tərtib edilmiş cədvəlləri, mənfəət bəyannamələri üzrə toplanmış balans məlumatlarını, gəlir xərclərinin açıqlaması, əsas vəsaitlərin amortizasiya cədvəllərini və ümumi hesabatlar üçün toplanmış məlumatları onlara təqdim etmədiyindən onların tərəfindən həmin dövrdə xidmət göstərilən şirkətlərin bəyannamələrində səhvlərə yol verilmişdir. Belə ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 25 iyul 2022-ci il tarixdə onlara məktub ünvanlayaraq, onların tərəfindən hesabatların düzgün bəyan edilməməsi səbəbindən, may, iyun və 2-ci rüb 2022-ci il üzrə vergi hesabatlarının (bəyannamələr) onlar tərəfindən təkrar hazırlanıb göndərilməsi və hesabatları səhv bəyan edilməsi nəticəsində yaranan problemləri nəzərə alaraq Filialın təsisçisi Kevin Robert tərəfindən “X6 və Hydroserv Caspian” LTD arasında bağlanmış müqaviləyə xitam verilməsinin qərara alınması göstərilmişdir. Eyni zamanda həmin məktubla əlavə olaraq qeyd edilmişdir ki, 2022-ci ilin iyun ayının ƏDV bəyannaməsi və 2-ci rüb üzrə ÖMV hesabatı səhv tərtib olunmuş və 2022-ci ilin 2-ci rübü üzrə Vahid bəyannamə hesabatı ümumiyyətlə təqdim olunmamışdır. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı qeyd edilən məktubu onlara ünvanladıqdan sonra onların xidmətindən imtina etmiş, bununla da cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara 24 000 manat məbləğində zərər dəymişdir. Belə ki, İddiaçı 2017-ci ildən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına mühasibatlıq sahəsində xidmət göstərmiş, bu dövr ərzində isə onların aralarında hər hansı bir mübahisə olmamış, heç bir zaman məlumatların səhv göndərilməsi halları baş verməmişdir. Məhz cavabdehin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına aid vergi hesabatlarının təqdim edilməsi üçün tərtib edilmiş cədvəlləri, mənfəət bəyannamələri üzrə toplanmış balans məlumatlarını, gəlir xərclərinin açıqlamasını, əsas vəsaitlərin amortizasiya cədvəllərini və ümumi hesabatlar üçün toplanmış məlumatları vaxtında onlara təqdim etmədiyindən onların tərəfindən natamam məlumatlarla verilmiş bəyannamələrdə səhvlərə yol verilmiş, həmin səhvlər nəticəsində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı iddiaçı ilə olan müqaviləyə xitam vermiş, bununla da iddiaçının yaxın iki ildə həmin müqavilənin icrasından gözlədiyi qazancı əldən çıxmışdır. Belə ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə iddiaçı arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında müqavilə”yə əsasən hər ay "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddiaçıya 1000 manat (ƏDV nəzərə alınmadan) xidmət haqqı ödəmişdir. Bu müqavilə müddətsiz idi və əgər cavabdeh yuxarıda qeyd edilən sənədləri (məlumatları) vaxtında iddiaçıya təqdim etsə idi, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı bu müqaviləni ən azından iki il davam etdirər, bu 24 ay ərzində hər ay 1000 manat xidmət haqqı ödəyər, bununla da iddiaçı 24000 manat qazanmış olardı. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən onların xidmətindən imtina etməsinin səbəbi də cavabdeh məzuniyyətə çıxdıqdan sonra iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrin səhv olmasıdır. İddiaçı tərəfindən bəyannamələrin səhv olmasının səbəbi isə cavabdehin məzuniyyətə çıxdıqdan sonra zəruri məlumatları iddiaçıya təqdim etməməsidir. Məhkəmənin nəzərinə bir halı da çatdırmaq istəyir ki, cavabdehlə iddiaçı arasında olan əmək müqaviləsinə cavabdehin ərizəsinə əsasən xitam verildikdən sonra cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işə qəbul edilmişdir. Belə düşünür ki, cavabdeh zəruri məlumatları qəsdən iddiaçıya təqdim etməmiş, həmin məlumatlar olmadan bəyannamələrin verilməsinin mümkünsüz olmasını yaxşı bilmiş, bununla da öz hərəkətləri ilə cavabdeh iddiaçıya 24000 manat məbləğində zərər vurmuşdur. O, yuxarıda öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları göstərmiş, aşağıda isə bu halları təsdiq edən sübutların siyahısını qeyd edir. 1. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə iddiaçı arasında bağlanmış 01 fevral 2018-ci il və 05 yanvar 2021-ci il tarixli müqavilələr 2. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında müqavilə” 3. “X4es” MMC ilə iddiaçı arasında bağlanmış müqavilə

4. “X9” MMC ilə iddiaçı arasında bağlanmış 01 iyun 2019-cu il tarixli müqavilə 5. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli müqavilə 6. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 01 fevral 2017-ci il tarixli müqavilə 7. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 25 iyul 2022-ci il tarixli elektron məktubu 8. “X9” MMC-nin məktubu 9. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi.

10. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi. 11.xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əmrlər. 12. İşçiyə əmək məzuniyyəti verilməsi barədə işçinin ərizəsi və əmr. Beləliklə də, belə hesab edir ki, xidmət göstərilən şirkətlərin vergi hesabatlarının təqdim edilməsi üçün tərtib edilmiş cədvəllərin, mənfəət bəyannamələri üzrə toplanmış balans məlumatlarının, gəlir xərclərinin açıqlamasının, əsas vəsaitlərin amortizasiya cədvəllərinin və ümumi hesabatlar üçün toplanmış məlumatların İddiaçı MMC-yə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı və Cavabdeh toplanmış məlumatların iddiaçıya təqdim etmədiyi səbəbindən İddiaçı MMC-yədəymiş 24000 manat məbləğində zərər Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı əmək vəzifələrini həyata keçirdiyi dövrdə toplanmış məlumatların və sənədlərin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və cavabdehdə olan məlumatların iddiaçıya təqdim edilməməsi səbəbindən İddiaçı MMC-yə dəymiş 24000 (iyirmi dörd min) manat məbləğində zərərin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə Bakı Şəhər Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Qeyd edir ki, sözügedən tələb qanunsuzdur və həqiqəti əks etdirməməkdədir. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 012 saylı əmək müqaviləsi ilə İddiaçı MMC-yə mühasib vəzifəsinə təyin olunmuşdur. Cavabdeh işlədiyi müddət ərzində nümunəvi işçilərdən olmuş, öz əmək funksiyalarını layiqincə yerinə yetirmiş və cavabdehin işində heç bir nöqsan aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 69.6-cı maddəsinə müvafiq olaraq Cavabdeh iddiaçı "xxxx" MMC ilə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh işdən ayrıldıqdan sonra İddiaçı MMC-nin direktoru X1 qərəzli olaraq belə bir iddia irəli sürmüşdür ki, guya cavabdeh işlədiyi dövr ərzində xidmət göstərdiyi Maraqlı şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı, "xxxx" MMC, “X4es” MMC, "xxxx" MMC, "xxxx" MMC və “X9” MMC-nin vergi hesabatlarının təqdim edilməsi üçün tərtib etdiyi cədvəlləri, mənfəət bəyannamələri üzrə topladığı balans məlumatlarını, gəlir xərclərinin açıqlanmasını, əsas vəsaitlərin amortizasiya cədvəlləri və ümumi hesabatlar üçün topladığı məlumatları onlara təhvil verməmişdir. Sözügedən iddia tamamilə həqiqətdən uzaq iddiaçının uydurmalarından ibarətdir. Belə ki, qeyd edilən bütün məlumatları cavabdeh iddiaçıya və iddiaçının işçilərinə təqdim etmişdir və bunu təsdiq edən telefon yazışmaları iş materiallarına əlavə edilmişdir. Lakin bu məlumatların Cavabdeh qalması və şirkətə təhvil verməməyi ilə bağlı hər hansı əsaslı sübut iddiaçıda mövcud deyildir. Əslində isə iddiaçının cavabdehə qarşı tələblər irəli sürməkdə əsas məqsədi Cavabdeh peşəsi ilə bağlı istifadə etdiyi proqram təminatının əldə edilməsinə yönəlmişdir. Belə ki, cavabdeh "xxxx" MMC-də mühasib işləyərkən mühasibatlığa dair işlərini səmərəli şəkildə təmin edəcək proqramlardan istifadə etmişdir. Sözügedən proqram təminatının əldə edilməsinə nail olmadığını görən iddiaçı "xxxx" MMC-nin direktoru X1 Cavabdeh barəsində hüquq mühafizə orqanlarına şikayət vermişdir. Belə ki, iddiaçı tərəfindən Binəqədi Rayon Prokurorluğuna cavabdeh barəsində əsassız şikayət verilmişdir. Sözügedən şikayətə dair prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılmış, qarşı tərəfin ittihamlarının əsassız olduğu və cinayət tərkibinin olmadığı aşkar edildikdən sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa, Cavabdeh iddiaçı tərəfindən davamlı şəkildə təzyiqlərə məruz qalmış, hətta hal-hazırda cavabdehin işlədiyi müəssisəyə İddiaçı MMC tərəfindən məktublar göndərilmişdir. Sözügedən məktublarda Cavabdeh işgüzar nüfuzuna xələl gətirəcək və ona mənəvi zərər verəcək yalan məlumatlar əks olunmuşdur. Bu hal cavabdehin həm maddi, həm mənəvi zərər görməsinə səbəb olmuşdur. Belə ki, Cavabdeh aldığı davamlı təzyiqlər, barəsində verilmiş böhtan xarakterli məlumatlar şəxsin özünün və ailə üzvlərinin mənəvi sarsıntı və iztirab yaşamasına, yaşlı ana və atasının yaşadığı stressdən dolayı səhhətində müxtəlif problemlər yaranmasına, cavabdehin çalışdığı müəssisə rəhbərliyi və işçilərində cavabdeh barəsində müəyyən mənfi fikirlərin formalaşmasına, hətta vəzifəsini itirməsi riskinə səbəb olmuşdur. Həmçinin, cavabdeh pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi yardım almaq məcburiyyətində qalmış, bu barədə ödənişli vəkil xidmətindən istifadə etmişdir. Həmçinin, 01 iyun 2022-ci il tarixində İddiaçı MMC ilə əmək müqaviləsinə xitam verildiyi halda, cavabdehin əmək kitabçasına şirkətin möhürü vurulmamışdır. Bu barədə cavabdeh tərəfindən ərizə ilə sözügedən müəssisəyə müraciət edilmiş, əmək kitabçasına möhür vurulması xahiş edilmişdir. Lakin iddiaçı tərəfindən ərizəyə baxılmamış və hələ də işçinin əmək kitabçasına möhür vurulmamışdır. Həmçinin İddiaçı MMC tərəfindən Cavabdeh məzuniyyətlə bağlı ödənilməli olan pul məbləğinin gecikdirilməsi səbəbindən Cavabdeh pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı AR ƏƏSMN-ə müraciət etmişdir. X3 tərəfindən müraciətə baxılmış, xx.xx.2022-ci il tarixli, **********9 nömrəli cavab məktubu ilə iddiaçının AR Əmək Məcəlləsinin 144.2-ci maddəsinə müvafiq olaraq işçinin istifadə etmədiyi bütün iş illərinin əmək məzuniyyətlərinə görə pul əvəzi və həmin Məcəllənin 83.2-ci maddəsinə görə işçinin son haqq-hesabı ödənilməməsi aşkar olunmuş, sözügedən hüquq pozuntusuna dair İddiaçı MMC-nin vəzifəli şəxsi barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçının ərizəsində "xxxx" Şirkətinin İddiaçı MMC tərəfindən hesabatların düzgün bəyan edilməməsi səbəbindən, onunla olan müqaviləyə xitam verməsinin səbəbi kimi cavabdehi göstərməsi isə tamamilə absurddur. Çünki, Cavabdeh işdən ayrıldıqdan sonrakı dövrdə şirkətin adından çıxış edən mühasibin öz vəzifə səlahiyyətlərini düzgün şəkildə yerinə yetirməməsi və bu səbəbdən şirkətin zərərə uğramasında, həmçinin, "xxxx" şirkəti ilə İddiaçı MMC arasında olan əməkdaşlığın pozulmasında cavabdehin heç bir təqsiri yoxdur. Bu səbəbdən, İddiaçı MMC tərəfindən verilmiş iddia rədd edilməlidir. Bundan başqa, iddia ərizəsində qeyd edilmişdir ki, “cavabdeh şirkətdə işlədiyi dövr ərzində kameral və səyyar vergi yoxlaması zamanı vergi nümayəndəsinə tələb edilən sənədlərin və məlumatların təqdim edilməsini təmin etmiş, bütün bu məlumatlar yalnız cavabdehin özündə toplanmışdır.” Lakin bu iddia da əsassızdır. Belə ki, istənilən şirkətin vergi məlumatları və vergi yoxlaması elektron sənəd mübadiləsinə əsasən elektron kabinet üzərindən həyata keçirilir və bütün hərəkətlər bu kabinetdə qeyd edilir. Yəni, iddiaçının kameral və səyyar vergi yoxlaması barədə sənəd və məlumatların yalnız cavabdehdə olduğunu iddia etməsi həqiqətə uyğun deyildir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə 21 iyun 2023-cü il tarixdə ərizə verərək iddianın “Cavabdeh tərəfindən 01 fevral 2021-ci il tarixdən 26 may 2022-ci il tarixədək "xxxx" MMC-nin, “X4es” MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və 01 noyabr 2021-ci il tarixdən 26 may 2022-ci il tarixədək “X9” MMC-nin vergi hesabatlarının təqdim edilməsi üçün tərtib edilmiş cədvəllərin, mənfəət bəyannamələri üzrə toplanmış balans məlumatlarının, gəlir xərclərinin açıqlamasının, əsas vəsaitlərin amortizasiya cədvəllərinin və ümumi hesabatlar üçün toplanmış məlumatların İddiaçı MMC-yə təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsindən imtina edirlər və həmin hissədə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2(007)- 399/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin “öhdəliyin qoyulması” hissəsindən imtinası qəbul edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı Maraqlı şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı maraqlı şəxs qismində cəlb olunmaqla “öhdəliyin qoyulması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, cavabdeh sənədləri təqdim etmədiyi üçün başqa əməkdaşlar səhvə yol verdilər. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 25 iyul 2022-ci il tarixdə onlara məktub ünvanlayaraq xidməti dayandırdılar. 2017-ci ildən sözügedən şirkətə mühasibatlıq xidməti göstərmişlər və problemlər olmamışdır. Nərgiz xanım hesabatları vermədiyi üçün aralarındakı müqavilə ləğv olmuş və təxmini 2 il xidmət göstərmiş olsa idilər 2 il ərzində hər ay 1000 manat olmaqla 24000 manat Hidroservis ödəniş etmiş olardı. Ağayeva işdən çıxandan sonra Hidroservisdə işləməyə baçlamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir, Hidroservisin 2 mühasibi vardır. Xalidə xanım və İsmayıl bəy sənədləri işləyib ona göndərirdilər. Bankdan çıxarışı və hansı ödınişin hansı qaiməyə aid olduğunu. O, isə ƏDV bəyənnaməsi tərtib edirdi. Beynəlxalq sazişlər, protokollarla, ölkənin qanunları ilə bərabər tətbiq olunaraq hesablanır. Olar beynəlxalq sazişləri və protokolları bilmədikləri üçün də hesabatı düzgün verməyiblər. Hidroservis xarici şirkətin Azərbaycan Respublikasındakı filialıdır. Ona görə də burada beynəlxalq qaydalar tətbiq olunmalıdır. DSMF hesabatında səhv olmuşdur. 3 aylıq əmək haqqını Xalidə xanım onlara verirdi. O, da DSMF-yə məlumat verirdi. 20 iyul 2023-cü il tarixdə hesabat verilməli idi, lakin gecikdiriblər. Ödəmə mənbəyindən vergi bu hesabatların çıxarışından hesablanıb verilir. Hesablamanı düzgün bilmədiyi üçün onun əvvəl işlədikləri hesabatlara baxıb və yalnız dividenti dəyişib verib. Ona görə də vergi məbləği şişib. Şirkətə də ziyan vurulub. Vergini azaltmaq üçün 3 aylıq gömrük məlumatına salıb ƏDV-yə belə vergini azaldıb. Mənfəət bəyannamələri, balans məlumatları, gəlir xərclərinin açıqlanması, əsas vəsaitlərin amortizasiya cədvəllərinin hamısı illik hesabatdır. Onların hələ vaxtı çatmamışdır. Yalnız ƏDV aylıqdır, ÖMN və DSMF isə rüblük hesablanan hesabatlardır. Mənfəət bəyannamələri verginin sistemində olur kiminsə verməsinə zərurət yoxdu girib baxmalı idilər. Balans məlumatları, gəlir xərclərinin açıqlanması, əsas vəsaitlərin amortizasiya cədvəlləri şirkətdə olan 1C bazasında olur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, şirkətlərdəki işçilər tərəfindən Nərgiz xanıma kağız daşıyıcıda heç bir sənəd verilməmişdir, hamısı onlayn şəkildə verilirdi. Hidroservislə müqavilə 2017-ci il tarixdə bağlanmışdır. Nərgiz xanım xx.xx.2021-ci il tarixdə Capitala işə düzəlmişdir. xx.xx.2022-ci il tarixdə Hidroservis Capitala məktub göndərdi. Bu qədər müddətdə heç bir problem olmadı. Nərgiz xanım işdən çıxanda oldu. Şirkət idxal ixrac fəaliyyəti ilə məşğul olduqda məbləğ dövlətin ədv depozit hesabına oturur. Bu çox sadə prosedurdur. Nərgiz xanım evdən kompyuterdən işləyib çox vaxt. Nərgiz xanım iddia edir ki, iddiaçının onu məhkəməyə verməkdə məqsədi işin rahat sadə yolla getməsi üçün özü yaratdığı proqramı, cədvəlləri alsınlar. Həmin proqram və cədvəl üstündə on ildir ki, çalışır və bu onun əqli mülkiyyətidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə “Hydroserv Caspian” Ltd arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” 03/21 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmetinə aşağıdakılar daxildir: şirkətin 2021-ci il üzrə aylıq, rüblük, illik vergi bəyannamələrinin təqdim edilməsi, o cümlədən; 1.1.1. ƏDV bəyannaməsinin təqdim edilməsi, 1.1.2 ÖMV bəyannaməsinin təqdim edilməsi, 1.1.3. torpaq bəyannməsinin təqdim edilməsi, 1.1.4. əmlak bəyannaməsinin təqdim edilməsi, 1.1.5. mənfəət bəyannaməsinin təqdim edilməsi, 1.1.6. kameral və səyyar vergi yoxlaması zamanı vergi nümayəndəsinə tələb olunan sənədlərin və məlumatların təqdim olunmasını təmin etmək, 1.1.7. yoxlamanın nəticələri ilə razılaşmadıqda müvafiq instansiyalara şikayətlərin verilməsini təmin etmək, 1.1.8. bəyannamələrin təqdim edilməsi zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması. - 01 noyabr 2021-ci il tarixli 03/1 nömrəli əmrin surətindən görünür ki, “X9” MMC-nin maliyyə və vergi hesabatlarının məcburi auditinin təşkili və uçotunun aparılması İddiaçı MMC-nin baş mühasibi Cavabdeh tapşırılsın. Yuxarıda qeyd olunan şirkətlə bağlanmış xidmət müqaviləsi üzrə, müqavilənin predmetində qeyd olunan xidmətlərin yerinə yetirilməsində cavabdeh şəxs İddiaçı MMC-nin baş mühasibi Cavabdeh müəyyən edilsin. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də “baş mühasib” vəzifəsində işləmişdir. Aylıq əmək haqqısı 2000 manatdır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.6-cı maddəsinə əsasən xitam verilmişdir. - “X9” MMC-nin İddiaçı MMC-yə ünvanlandığı məktubun surətindən görünür ki, “X9” MMC ilə İddiaçı MMC arasında bağlanmış 01 iyun 2019-ci il tarixli 015 saylı müqaviləyə əsasən vergi uçotunun qurulması, vergi xidməti idarəsinə verilən hesabatların tərtibi, göndərilməsi ilə əlaqədar zəruri olan bütün məlumatlar Şirkətin əməkdaşı Cavabdeh təqdim edilmiş, Cavabdeh 30 may 2022-ci il tarixədək ona təhkim edilmiş sahədə “X9” MMC-nə xidmət göstərmişdir. Lakin Cavabdeh 30 may 2022-ci il tarixdən sonra “X9” MMC ilə əlaqədar hər hansı bir işi yerinə yetirməmiş, həmin tarixədək işləmiş olduğu məlumatları onlara təhvil verməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən “X9” MMC-nə xidmət göstərdiyindən, həmin vaxtdan onun xidmət göstərdiyi sahə üzrə olan bütün məlumatlar onda toplanmış, həmin məlumatları onlara təqdim edilmədiyindən Cavabdeh tərəfindən görülən işlərin davam etdirilməsi üçün onun tərəfindən toplanmış materialların təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirir ki, X7 göndərilən hesabatlarda da uyğunsuzluqlar və nöqsanlar çoxluq təşkil edir. - “Mediasiya sessiyasından iştirak edilməməsi” barədə 01 oktyabr 2022-ci il tarixli, MŞB/6-5895 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. - İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, "xxxx" MMC, “X4" MMC, “X9” MMC və "xxxx" MMC-nin sizdə olan sənədlərinin və digər elektron məlumatlarının, eyni zamanda Sizin tərəfinizdən görülmüş işlərin hesabatının İddiaçı MMC-yə təhvil verilməməsi səbəbindən İddiaçı MMC-yə dəymiş 25000 manat məbləğində zərərin İddiaçı MMC-nin hesabına köçürülməsi xahiş edilmişdir. - İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, "xxxx" MMC, “X4" MMC, “X9” MMC və "xxxx" MMC-nin sizdə olan sənədlərinin və digər elektron məlumatlarının, eyni zamanda Sizin tərəfinizdən görülmüş işlərin hesabatının 3 gün müddətində İddiaçı MMC-yə təhvil verilməsi tələb ounmuşdur. - 01 fevral 2021-ci il tarixli 02/1 nömrəli əmrin surətindən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının, "xxxx" MMC-nin, “X4" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin maliyyə və vergi hesabatlarının məcburi auditinin təşkili və uçotunun aparılması İddiaçı MMC-nin baş mühasibi Cavabdeh tapşırılmışdır. Yuxarıda qeyd olunan şirkətlərlə bağlanmış xidmət müqavilələri üzrə, müqavilənin predmetində qeyd olunan xidmətlərin yerinə yetirilməsində cavabdeh şəxs İddiaçı MMC-nin baş mühasibi Cavabdeh müəyyən edilsin. - 19 yanvar 2023-cü il tarixli hesabatdan görünür ki, İddiaçı MMC-nin baş mühasibi X2 bildirir ki, ondan əvvəl Cavabdeh tərəfindən mühasibat uçotu ilə bağlı hesabatları aparılan "xxxx" MMC-nin, "xxxx" MMC-nin və “X9” MMC-nin mühasibat uçotu ilə bağlı hesabatların aparılması ona təhkim olunmuşdur. Qeyd edilən şirkətlərlə bağlı əvvəlki dövrlərə aid məlumatlar təhvil-təslim olunaraq verilməmişdir, bu səbəbdən də əvvəlki hesabatların dəqiqləşdirilməsi və yeni hesabatların bəyan olunmasında mənfi nəticələrə gətirib çıxarmışdır. - 0229355 nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh xx.xx.2006cı il tarixdə mühasib vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.6-cı maddəsinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. - 03.11.2022-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 115 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-də “baş mühasib” vəzifəsində işləmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.6-cı maddəsinə əsasən xitam verilmişdir. Xidmət göstərilən şirkətlərin vergi hesabatlarının verilməsi üçün cavabdeh tərəfindən kağız daşıyıcıda hər hansı sənədlərin verilməsi zərurəti yox idi. Şirkətin 1C bazasında və online şəkildə Vergi orqanında qeyd olunmuş məlumatlar əsasında aylıq hesabat hazırlanır. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xarici şirkət olduğundan vergi verilən zaman beynəlxalq qanunvericilik və protokollardakı qaydalar tətbiq olunmaqla hesabat tərtib edilməlidir. Lakin İddiaçı MMC-nin "xxxx" Şirkətinin aylıq vergi hesabatını hazırlayan mühasib onları nəzərə almadan hesabat verdiyindən xidmət göstərdikləri şirkətə ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, "xxxx" MMC, “X4" MMC, “X9” MMC və "xxxx" MMC-nin sizdə olan sənədlərinin və digər elektron məlumatlarının, eyni zamanda onun tərəfindən görülmüş işlərin hesabatının İddiaçı MMC-yə təhvil verilməməsini qeyd edir. Lakin qeyd edilən sənədlərin cavabdeh tərəfindən təhvil verilib-verilməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. həmçinin iş materiallarında olan “whatsapp” yazışmaları ilə müəyyən olunur ki, Cavabdeh lazımı sənədləri şirkətlərdə olan mühasiblərə təqdim etmişdir. İşçilər cavabdehə şirkətdə hər şeyin yolunda olduğunu və onun qeyd olunan sənədləri təhvil verdiyini bildirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iddiaçı qeyd olunan sənədlərin Cavabdeh tərəfindən təhvil verilməməsi səbəbindən İddiaçı MMC-yə 25000 manat məbləğində zərərin dəyməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, xidmət göstərilən şirkətlərin vergi hesabatlarının verilməsi üçün iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən kağız daşıyıcıda hər hansı sənədlərin verilməsi zərurəti yox idi. Şirkətin 1C bazasında və online şəkildə Vergi orqanında qeyd olunmuş məlumatlardan beynəlxalq qanunvericilik və protokollardakı qaydalar tətbiq olunmaqla hesabat tərtib edilib verilməli idi. Cavabdehdən sonra İddiaçı MMC-də hesabatı hazırlayan əməkdaşın beynəlxalq qanunvericilik və protokollarda məlumatsız olması nəticəsində "xxxx" Şirkətində vergi hesabatında problem yaranmış və şirkətə ziyan vurulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh toplanmış məlumatların iddiaçıya təqdim etməməsi səbəbindən iddiaçıya dəymiş 24.000 manat məbləğində zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ: Cavabdeh toplanmış məlumatların iddiaçıya təqdim etməməsi səbəbindən iddiaçıya dəymiş 24.000 manat məbləğində zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar