Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-412/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı vəkil-nümayəndəsi Vəkil, Cavabdehn nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2022 tarixində müddətli (1 illik) əmək müqaviləsi bağlanaraq İddiaçı “Tibbi sığorta üzrə aparıcı mütəxəssis” vəzifəsinə işə qəbul olunmuşdur. 2022-ci ilin dekabr ayında TƏBİB tərəfindən təşkil olunmuş müsabiqədən uğurla keçərək iddiaçı “Tibbi sığorta bölməsinin müdiri” vəzifəsinə təyin olunmuşdur. İddiaçı xx.xx.2024-xx.xx.2024 tarixində əmək məzuniyyətində olmuşdur. xx.xx.2024-cü il tarixində cavabdehin direktoru X2 tərəfindən müqaviləyə xitam veriləcəyinə dair əvvəlcədən heç bir xəbərdarlıq edilmədən qeyri-qanuni şəkildə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə xitam verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya heç vaxt nə əmək müqaviləsinin surəti, nə əmrin (sərəncamın) surəti, nə də hər hansı bildiriş təqdim edilməmişdir. İddiaçı özü şəxsən ƏMAS sisteminə baxış keçirən zaman əmək müqaviləsinə 18-1-12/3-1-1295/2024 saylı əmrlə xitam verildiyini aşkar etmiş, lakin nə əmr, nə də müqavilə elektron sistemə yerləşdirilməmişdir. xx.xx.2024 tarixində İddiaçı ilə onun arasında (Vəkil) № EM-1623VK- 6276/24 saylı hüquqi yardım göstərilməsi haqqında müqavilə imzalanmışdır və müqavilə üzrə 320 (üç yüz iyirmi) AZN xidmət haqqı ödənilmişdir. xx.xx.2024 tarixində iddiaçı tərəfindən cavabdehə № 240226 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklif yollanılmışdır, lakin qarşı tərəf heç bir cavab yollamamışdır. xx.xx.2024 tarixində 9 saylı mediasiya təşkilatına “İlkin mediasiya sessiyası üçün ərizə” yollanmışdır. xx.xx.2024 tarixində 9 saylı mediasiya təşkilatından xx.xx.2024 tarixli MŞB/9/2024-01209 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış alınmışdır. Mediasiya sessiyası ilə bağlı iddiaçı 50 (əlli) AZN xərc çəkmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu xx.xx.2024 tarixində qüvvəyə minmişdir. Göstərilənlərə əsasən, cavabdehin 18-1-12/3-1-1295/2024 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, iş üzrə mediatora ödənilmiş 50 (əlli) manat və vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, cavabdehin bu məsələ ilə bağlı X3 Xidməti tərəfindən cərimə edilməsinin də nəzərə alınmasını, əmrin ləğvi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. O, əvvəl mütəxəssis kimi işləmiş, sonra müqaviləyə dəyişiklik edilərək bölməyə rəhbər təyin edilmişdir. Onun vəzifəsi sığorta planını qurmaq olmuşdur və onun qurduğu plana uyğun olaraq müəssisəyə sığorta kəsintisi tətbiq edilməməli idi. Lakin müəssisəyə tətbiq edilən sığorta kəsintisinin faizi çox olduğuna görə müqavilənin müddətinin uzadılmaması qərara alınmışdır. Əmək Məcəlləsinə görə müqavilənin müddətinin bitməsinə 1 həftə qalmış işçiyə məlumat verməli olmuşlar. Lakin işçini xəbərdar etmək onlar üçün gec olmuşdur. Çünki həmin vaxt hələ Əmək Məcəlləsinin 73-cü maddəsinə dəyişiklik edilməmişdir. Əmək müqaviləsinə iddiaçı məzuniyyətdən qayıtdıqdan sonra xitam verilmişdir. O, məzuniyyətdə ola-ola onu xəbərdar edə bilməzdilər. Qüvvədə olmayan qanunvericiliyə görə cərimə olunmaq ədalətsizlikdir. Qanunun geriyə qüvvəsi yoxdur. Buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında (əmək müqaviləsinin bitdiyi tarix: xx.xx.2023) aylıq 584.60 manat əmək haqqı olmaqla, Cavabdeh PHŞ-in tibbi sığorta bölməsinə tibbi sığorta üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir. -Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən aylıq əmək haqqı 618.50 manat olmaqla, Cavabdeh PHŞ-də tibbi sığorta bölməsində bölmə rəhbəri vəzifəsinə müddətli əmək müqaviləsi əsasında (əmək müqaviləsinin bitdiyi tarix: xx.xx.2023) keçirilmişdir. -Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqı 676.20 manat olmuşdur. -xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 32 təqvim günü əmək məzuniyyəti verilmişdir. -0100755 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh PHŞ-in tibbi sığorta bölməsinə tibbi sığorta üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə tibbi sığorta bölməsinin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68.2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) işdən azad edilmişdir. - xx.xx.2024-cü il tarixli, 18-1-12/3-1-1295/2024 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, Cavabdehn sığortanın təşkili və innovasiya şöbəsinin tibbi sığorta bölməsinin müdiri İddiaçı xxxxxxx000203 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi, əmrin icrasına nəzarətin direktorun inzibati məsələlər üzrə müavini Hüseynov Rəsul.H. oğluna tapşırılması əmr edilmişdir. - Bakı 9 saylı Mediyasiya təşkilatı tərəfindən verilmiş MŞB/9/2024-01209 nömrəli xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh tərəf mediyasiya sessiyasında iştirak etməmişdir. -Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri 21 saylı Vəkil Bürosuna hüquqi xidmət göstərilməsi üçün müraciət etmiş və 320 manat məbləğində pul vəsaiti ödəmişdir. -X3 Xidmətinin məktubunun surətindən görünür ki, X1 "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən G. Orucova ilə müəssisənin işəgötürəni arasında 1 (bir) il müddətinə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim edilmiş sənədlərdən və iddiaçının təqdim etmiş olduğu bank çıxarışından onun 2023-2024 iş ili üzrə xx.xx.2024xx.xx.2024 tarixlərində əmək məzuniyyətində olduğu və xx.xx.2024-cü il tarixində işə çıxdığı və əmək haqqı bank hesabına xx.xx.2024-cü il tarixində "əmək haqqı" təyinatı ilə ödəniş köçürüldüyü məlum olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 140-cı maddəsinin 5-ci hissəsinin tələbləri pozulduğundan Cavabdehn vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bildirilmişdir ki, 30 gün müddətində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024- cü il tarixli 18-1-12/3- 1-1295/2024 nömrəli xitam əmrinin ləğv edilərək törədilmiş qanun pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X3 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Belə ki, əgər Cəmiyyətin rəhbərliyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqpozmanı 30 gün müddətində aradan qaldırmazsa, inzibati tənbeh vermə haqqında şərti qərar qüvvəyə minir. Eyni zamanda, şərti qərarın qüvvəyə minməsi Cəmiyyətin rəhbərliyini törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İddiaçının müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci il tarixli xxxxxxx000203 nömrəli Əmək müqaviləsi əsasında Cavabdehn Tibbi sığorta bölməsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə tibbi sığorta bölməsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli 18-1-12/3-1-1295/2024 nömrəli Əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı, Cavabdehn iddiaçı barəsində "Əmək Müqaviləsi"nə xitam verilməsi barədə 18-1-12/3-1-1295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmrini qanunsuz hesab edərək ləğv edilməsini, iddiaçının işə bərpa edilməsi, iddiaçının məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi, hüquqi yardıma çəkilmiş 320,00 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50,00 manat mediasiya xərcinin Cavabdehndən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin birinci, Cavabdehn iddiaçı barəsində "Əmək Müqaviləsi "nə xitam verilməsi barədə 18-1-12/3-1-1295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmrini qanunsuz hesab edilərək ləğv edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, hazırda iddiaçı mübahisələndirdiyi əmrin ləğv edilməsi niyyətindədir və iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 49-cu maddəsinə əsasən, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 83-cü maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Odur ki, işin faktiki halları ilə və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmaqla, tərtib edilmiş əmr iddiaçının hüquqlarını pozmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Bu yerdə qeyd edilməlidir ki, cavabdehin hazırkı iddia tələbinin əmrin ləğv edilməsi hissəsi ilə bağlı razılaşmadığı, qəbul etmədiyi hal ondan ibarətdir ki, əmək müqaviləsinin müddətinin bitdiyi tarix, yəni xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsində sözügedən dəyişiklik olmamışdır və qanunun geriyə qüvvəsi olmadığından iddia əsassız hesab edilməlidir. Məhkəmə cavabdehin bu mövqeyinə münasibətdə qeyd edir ki, Məcəllənin müvafiq maddəsinə dəyişiklik edilməsi ilə bağlı Qanun xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, 73-cü maddənin 1-ci hissəsi 12 avqust 2024-cü il tarixdə “Azərbaycan” qəzetində, 13 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda yeni redaksiyada verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, tətbiq edilmiş maddi hüquq normasının tələbləri üzrə işəgötürən tərəfindən əmək qanunvericliyinin müddəalarının gözlənilməməsi öz təsdiqini tapmışdır. Müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi xx.xx.2024-cü il tarixli 18-1-12/3-1-1295/2024 nömrəli əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin son günü xx.xx.2024-cü ilə təsadüf etsə də, iddiaçı-işçi həmin tarixdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 32 təqvim günü müddətinə əmək məzuniyyətində olmuş, xx.xx.2024-cü il tarixdə yenidən işə çıxmış və ona heç bir xəbərdarlıq edilmədən onunla bağlanmış əmək müqaviləsinə işə çıxdığı xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Belə ki, əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməli, bu zaman məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməsi müddətinin axımının xx.xx.2024-cü il tarixdən, yəni əmək hüquqlarının pozulduğu andan hesablanmalı olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1- 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyindən mediasiya xərci olaraq ödənilmiş 50 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilməli, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehn əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 18-1-12/3-1-1295/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə - X6» X5 Tibbi sığorta bölməsi, müdir vəzifəsinə bərpa olunmalı, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək hesablanmaqla əmək haqqı verilməli, habelə mediasiya xərci olaraq ödənilmiş 50 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehn əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 18-1- 12/3-1-1295/2024 nömrəli əmri ləğv edilsin, İddiaçı əvvəlki iş yerinə - Cavabdehn Tibbi sığorta bölməsi, müdir vəzifəsinə bərpa olunsun. Qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək hesablanmaqla əmək haqqı Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. Mediasiya xərci qismində ödənilmiş 50 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının əvəzi Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-412/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-412/2025
24.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver