Məhkəmə qərarları › İş №e-2(007)-4205/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4205/2025

13.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4205/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mülki iş üzrə (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi Qanuni nümayəndə, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasının bərpa edilməsi, onun xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixə kimi "xxxx" kooperativində tikiçi sahəsində işləməyi faktının müəyyən edilməsi və sosial sığorta stajının işlədiyi yerə görə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında ərizəçinin nümayəndəsi Qanuni nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəni dəqiqləşdirərək, ərizəçinin xx.xx.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək "xxxx" Kooperativində tikiş sahəsində əmək fəaliyyəti ilə məşğul olması və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin əsaslandırıldığı hallar:

3. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olub.xx.xx.1983-cü il tarixdən əmək fəaliyyətinə başlayıb. Yaş həddini nəzərə alıb, 25 iyul 2023-cü il tarixində ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək xahiş edib ki, təqaüdə çıxmağı barədə qərar qəbul etsinlər. Lakin ona bildiriblər ki, araşdırma zamanı onun 58 yaşının tamam olduğu tarixə ümumi iş stajınının 25 ildən az təşkil etdiyi 22 il 3 ay müəyyən olunub. Nəzərə çatdırır ki, yuxarıda qeyd etdiyi kimi, o, 01 aprel 1983-cü il tarixdən əmək fəaliyyətinə başlayıb. Əmək kitabçasında iş stajının əvvəli yazılsa da, 29 sentyabr 1989-cu il tarixdən xx.xx.1994-cü il tarixə kimi işləsə də, uşaqları balaca olan vaxtı əmək kitabçasının arasından həmin vərəqləri çıxarıb, cırıblar və nəticədə vərəqlər yararsız vəziyyətə düşdüyündən atılıb. Əmək kitabçasına baxdıqda, əmək kitabçasının 5, 6, 7 və 8 saylı vərəqlərinin olmadığı açıq-aydın görünür. Əmək kitabçasının 4-cü səhvənin, 5-ci sırasında qeyd olunur ki, o, 10 fevral 1989-cu il tarixdə “Uvolena pero-vodam” 1-ci bəndinə əsasən "xxxx" st 36 p-5 düşməsi ilə vəzifəsindən həmin tarixdə, işini dəyişməklə, Kooperativə, “şveya” vəzifəsinə, işə qəbul olunub. xx.xx.1989-cu il tarixdən 3 dərəcəli mex üzrə mütəxəssis olub. xx.xx.1994-cü il tarixə kimi həmin sahədə çalışıb. Onun həmin Kooperativdə işləməyini, onunla həmin kooperativdə həmin illərdə işləmiş X9 və X6 təsdiq edə bilərlər.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Qanuni nümayəndə ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verdi və qeyd etdiklərini nəzərə alınaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, şahidin biri vəfat edib, biri isə yataq xəstəsidir. Amma onların əmək kitabçalarının əslini təqdim edib. Həmin şəxslər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)-367/2024 saylı mülki işdə şahid qismində dindiriliblər. Həmin ifadələrin nəzərə alınmasını xahiş edir. Həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsində sədrlik edən hakim maraqlı şəxsin nümayəndəsinə ərizəçinin 3 ay hansı səbəbdən pensiya almasını soruşub, həmçinin onlara ilk öncə Bakı İnzibati Məhkəməsinə müraciət etməli olduqlarını, Bakı İnzibati Məhkəməsi qanunvericiliyə əsasən işə baxa bilməməsi barədə qərar qəbul etməli, ondan sonra rayon şəhər məhkəməsinə müraciət etməli olduqları bildirilib. Onlar isə birbaşa rayon şəhər məhkəməsinə müraciət etmişdilər.

5. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etdi. Əlavə olaraq bildirdi ki, ərizəçi ilə bağlı daha əvvəl Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında mülki iş olub. Onlar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi mülki işi baxılmamış saxlayıb. Qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməyib, qərar qanuni qüvvəyə minib. Ərizəçinin güzəştli pensiya almaq üçün Bakı İnzibati Məkəməsində də inzibati iş olub. Bakı İnzibati Məkəməsində onun iddiası təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də Bakı İnzibati Məkəməsinin qərarını dəyişdirmədən saxlayıb. Bakı İnzibati Məkəməsi vətəndaşın hüququnun olmadığı qənaətinə gəlib. Vətəndaşa güzəştli pensiya təyin olunması üçün stajı çatmırdı. Bakı İnzibati Məkəməsi vətəndaşın stajı çatmadığına görə hüququnun olmaması qənaətinə gəldi.

İş materialları:

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Ərizəçi ünvanlandığı 28 avqust 2023-cü il tarixli məktubundan görünür ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərə çatdırır ki, ona əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Araşdırma zamanı, onun 58 yaşının tamam olduğu tarixə ümumi iş stajının 25 ildən az təşkil etdiyi (22 il 3 ay (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və 2007-2023-cü illər üzrə 15 il 9 ay)) müəyyən olunub. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, 58 yaşının tamam olduğu tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37700,59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 58 yaşının tamam olmadığı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1278,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağını xahiş ediblər. Həmçinin iştirakı ilə 11 iyul 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 iyul 2023-cü il tarixli aktından görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş Ərizəçi (bundan sonramaraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs əlaqə vasitəsi kimi telefonla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu olduğu, lakin ona hal-hazırda əmək pensiyasının tam məbləğdə ödənildiyinin müəyyən edildiyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi.

8. ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi X8 xx.xx.1984-cü ildə işə qəbul edilmişdir. X10 xx.xx.1989-cu il tarixdə "xxxx" Kooperativinə çevrilmişdir. Əmək kitabçasının 5, 6, 7, 8-ci səhifələri mövcud deyildir.

9. X3 əmək kitabçasının surətindən görünür ki, o, X8 xx.xx.1974-cü il tarixdə işə qəbul edilmişdir. X10 xx.xx.1989-cu il tarixdə "xxxx" Kooperativinə çevrilmişdir. xx.xx.1995ci il tarixdə işdən azad edilmişdir.

10. X2 əmək kitabçasının surətindən görünür ki, o, X8 xx.xx.1979-cu il tarixdə işə qəbul edilmişdir. X10 xx.xx.1989-cu il tarixdə "xxxx" Kooperativinə çevrilmişdir.xx.xx.1994cü il tarixdə işdən azad edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3598/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "xxxx" firmasında işləməsini nəzərə alaraq, həmin dövrün əmək stajına daxil edilməsi və ümumi iş stajının düzgün hesablanmaqla ona xx.xx.2023-cü il tarixdən həmin ümumi iş stajın dövrünə müvafiq düzgün pensiya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməmişdir.

12. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 13.1-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin qərarın 13.4-cü bəndində göstərilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

İşin faktiki halı:

17. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə X8 işə qəbul olunmuşdur. 1989-cu ildə X10 "xxxx" Kooperativinə çevrilmişdir. 1994-cü il tarixdə isə "xxxx" Kooperativi bağlanmışdır. Ərizəçinin əmək kitabçasında 1989-cu ildən 1992-ci ilə kimi əmək stajı qeyd olunan vərəqləri məhv edilmişdir. Ərizəçi ona yaşa görə əmək pensiyası təyin edilməsi haqqında ərizə ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Nizami Rayon Şöbəsinə müraciət etmişdir. Cavab olaraq ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi bildirilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 58 yaşının tamam olmadığı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, lakin iki aydan sonra pensiyanın verilməsi dayandırılmışdır. Ona görə də, ərizəçi iş stajının müəyyən olunması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə tərəfləri dinləyib, ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ərizə təmin edilməlidir.

20. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı daha əvvəl hazırki iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib və məhkəmənin 2(007)-367/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi xx.xx.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək "xxxx" Kooperativində tikiş sahəsində əmək fəaliyyəti ilə məşğul olması və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınn 2(103)-3206/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmışdır.

21. Həmin qətnamədə göstərilmişdir ki, “Baxılan işin yuxarıda sadalanan hallarından isə görünür ki, ərizəçi qeyd olunan faktın müəyyən edilməsi üçün lazımi sənədləri ala bilməməsini təsdiq edə bilməmişdir. Ərizəçi ərizəsinə bu istiqamətdə ümumiyyətlə hər hansı sübut əlavə etməmiş, birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş, ərizəni icraata qəbul etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, ərizəçiyə xx.xx.2022-ci il tarixindən müvafiq əmək pensiyası təyin edilmiş, lakin sonradan inzibati icraat qaydasında araşdırma aparılaraq təyin olunmuş əmək pensiyasının verilməsi dayandırılmışdır. Belə olan halda, ərizəçinin inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarını inzibati qaydada mübahisələndirərək hüququnun bərpa olunmasına nail olmaq imkanları itirməmişdir. Çünki, əmək pensiyasının təyin olunması üçün ərizəçi tərəfindən müvafiq sənədlər inzibati orqana təqdim edilmiş və sonuncu ərizəçiyə əmək pensiyasının təyin olunması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməklə müvafiq inzibati akt qəbul etmişdir. Bununla yanaşı, ərizəçi əvvəllər işlədiyi müvafiq hüquqi şəxslə bağlı zəruri məlumatları (həmin hüquqi şəxsin ləğv olunubolunmaması və ya təşkilati hüquqi vəziyyətini dəyişməsi və s.) da ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə, ərizəçinin müvafiq iş illərinin məhkəmədən kənar qaydada təsdiqi imkanının tamamilə itməsi halı müəyyən edilmir.” Qeyd edilənlərlə müəyyən edilir ki, qətnamənin ləğv edilməsinin səbəbi ərizəçinin lazımi sənədləri ala bilməməsini (yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü) təsdiq edən sübutları tam göstərməməsi və həmin sübutlar ərizəyə əlavə olunmaması olub.

22. Bundan sonra ərizəçi Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "xxxx" firmasında işləməsini nəzərə alaraq, həmin dövrün əmək stajına daxil edilməsi və ümumi iş stajının düzgün hesablanmaqla ona xx.xx.2023-cü il tarixdən həmin ümumi iş stajın dövrünə müvafiq düzgün pensiya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi məhkəməyə müraicət etsə də, həmin məhkəmənin 2-1(112)-3598/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddiası təmin edilməməyib.

23. Həmin iş üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iddiaçının inzibati orqanda mövcud olan pensiya işi materiallarında ona məxsus MT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti və həmin əmək kitabçasının 4-cü səhifəsində iddiaçının "xxxx" Kooperativinə köçürülməsi qeyd edilsə də, onun "xxxx" Kooperativindən işdən çıxması ilə bağlı qeydlər mövcud deyildir. Bununla bağlı iddiaçının "xxxx" Kooperativində əmək fəaliyyəti ilə bağlı sənədlərin (əmək haqqı cədvəlləri, müəssisənin fəaliyyəti və s.) əldə edilməsi məqsədilə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular ünvanlansa da, sorğulara daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, "xxxx" Firmasının (Kooperativinin) arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcud deyildir, həmçinin, "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 15202 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2024-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə "xxxx" Kooperativi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Göründüyü kimi, iddiaçının "xxxx" Kooperativində əmək fəaliyyəti ilə bağlı, o cümlədən müəssisənin dövlət qeydiyyatından keçməsi və fəaliyyəti ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. iddiaçının əmək kitabçası yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə müvafiq olaraq doldurulmamış, iddiaçının işdən azad edilməsi barədə əmrlərin nömrəsi və tarixləri qeyd edilməmiş, ümumiyyətlə bu barədə əmək kitabçasında qeyd aşkar edilməmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən əmək kitabçasının yararsız hala düşməsi səbəbindən əslinin məhkəməyə təqdim edilməsi də, mümkün olmamışdır. Məhkəmə tərəfindən sözügedən dövrlərin araşdırılması məqsədilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilsə də, iddiaçının sözügedən dövrlərdə həmin müəssisədə işləməsini təsdiq edəcək sənədlərin əldə edilməsi mümkün olmamışdır. Məhkəmə hazırki işin hallarını nəzərə alaraq xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, artıq iddiaçının "xxxx" Kooperativində olan iş stajının sosial sığorta stajına daxil edilməsi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması müəyyən edildiyindən, iddiaçı yenidən qanunvericiliklə müəyyən edilmiş qaydada mülki məhkəmə icraatında, xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət edə bilər.

24. Hazırki iş üzrə məhkəməyə Runo” Kooperativində işləyən şahidlər X3 və X2 əmək kitabçaları təqdim edilmiş, həmçinin onlar 2(007)-367/2024 saylı iş üzrə şahid kimi dindirilmişlər. X1 əmək kitabçasından onun 1974-cü il tarixdən 1995-ci il tarixədək və X2 əmək kitabçasından 1979-cu il tarixdən 1994-cü il tarixədək Kooperativdə işləmələri müəyyən olunur.

25. Əmək kitabçalarında işdən çıxarılma vaxtları müxtəlif yazılsa da, şahidlər məhkəmə iclasında bütün işçilərin 1992-ci ildə işdən çıxdıqlarını bildirmişlər. Həmçinin, ərizəçiyə məxsus əmək kitabçasının 5,6,7,8-ci səhifələri mövcud deyildir. Həmin səhifələr məhv edildiyindən orada qeyd olunan 1989-cu ildən sonrakı illəri başqa yolla müəyyən etmək mümkün olmur.

26. Belə ki, Dövlət Vergi Xidmətinə etdiyi müraciətə 30 yanvar 2024-cü il tarixli cavabına əsasən dövlət reyestrində "xxxx" firmasının xx.xx.1994-cü il tarixdə 1502 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə X10 və Runo Kooperativi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

27. Göründüyü kimi ərizəçi iş stajını başqa qaydada müəyyən edə bilmədiyindən, yəni 1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək "xxxx" Kooperativində işləməsini sübut edəcək hər hansı sənəd mövcud olmadığından onun xx.xx.1989-cu il tarixdən 1992ci ilin noyabr ayınadək "xxxx" Kooperativində tikiş sahəsində əmək fəaliyyəti ilə məşğul olması və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir.

Nəticə:

28. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək "xxxx" Kooperativində tikiş sahəsində işləməsi faktı müəyyən edilməli və sosial sığorta stajı işlədiyi müddətə qədər müəyyən edilməlidir.

Məhkəmə xərcləri:

29. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək "xxxx" Kooperativində tikiş sahəsində işləməsi faktı müəyyən edilsin və sosial sığorta stajı işlədiyi müddətə qədər müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar