Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-427/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 2100 manat məbləğində pulun, 2100 manat Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 9% olmaqla bir il üçün 189 manat, ödənilmiş 42 manat dövlət rüsumunun, ümumilikdə 2331 manat cavabdehdən tutularaq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və Cavabdeh1 04 aprel 2023-cü il tarixində “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmişdir. Həmin müqaviləyə əsasən yenidoğulmuş övladlarına (X2) tibbi xidmətlər göstərilmişdir. Tərəflərin qarşılıqlı razılığına və Müqavilənin 3.3-cü maddəsinin tələblərinə görə pasiyentə göstəriləcək xidmətlərə dair hesablanan məbləğ tibbi yardımın göstərilməsindən əvvəl nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirilməli idi. Qeyd etmək lazımdır ki, imzalanmış “Tibbi Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinədarlığına ödəməli idi. Beləliklə, yenidoğulmuş uşağa və onlara Hospitalda olduğu müddət ərzində güzəştli hesablamalarla ümumilikdə 9300 (doqquz min üç yüz) manat dəyərində tibbi xidmət göstərilmiş, həmin məbləğdən 7200 (yeddi min iki yüz) manat hesablarına ödənilmiş, geri qalan 2100 (iki min yüz) manat isə tərəflərindən edilən xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödənilməmişdir. Bundan başqa, İddiaçı Beynəlxalq Hospital son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərdikləri tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi yardımın qarşılığı olan məbləğin xəstə və xəstə yaxınları tərəfindən vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəbiyyət verir. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-üzə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Nəzərə çatdırır ki, göstərilmiş tibbi xidmətlər hospitalda mövcud “Qiymət Cədvəli” əsasında qiymətləndirilmişdir və şəffaf şəkildə fakturalarda əks etdirilərək xəstə yaxınlarına təqdim olunmuşdur. Xəstə ilə aralarında bağlanan 06 aprel 2023-cü il tarixli “Tibbi Xidmət Müqaviləsi”nin 3-cü maddəsinə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Həmçinin qeyd olunduğu kimi “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent, balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh1 (yenidoğulmuş övladına) göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdələrinə götürmüşdürlər. Nəzərə alınsa ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında öhdəlik daşıyaraq, 2100 manat məbləğində pulu ödəməyə borcludur.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, 04 aprel 2023-cü il tarixdə müqavilə bağlanıb. 9300 manat dəyərində xidmət göstərilib. 7200 manat ödəniş edilib. 2100 manat isə ödənməmiş qalıb. Cavabdehlərin 7200 manat ödəniş etmələrini qəbul edirlər. O hissədə heç bir mübahisə yoxdur. Endirimlər olunduqdan sonra yekun məbləğ 9300 manat qalıb. Uşaq üçün stent açılıb, amma əməliyyat əsnasında müəyyən edilib ki, zərurət yoxdur və balon qoyulub. Stent istifadə olunmasa da açıldığı üçün pulu tələb olunur. İddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul etmir. Doğuş üçün 3000 manat pul istədilər. Doğuş riskli idi. 1 yumurta əkizi olublar. 7-ci ayda uşaqlardan birinin damarında nöqsan baş verdi. Dedilər keysəriyyə əməliyyatı olmalıdır. Doğuşdan sonra 1 uşaq xəstəxanadan çıxdı, o birisi qaldı. 7-10 gün uşaq xəstəxanada qaldı. Onlara uşağını görməyə 4 gün sonra icazə verdilər. Uşağı 7 gün sonra əməliyyata götürdülər. Damarını balon vasitəsilə açdılar. Onlara əlavə ödənişlə bağlı heç bir məlumat demədilər. 4000 manat uşağın əməliyyatı üçün istədilər. 3000 və 4000 manat ödədim. Əlavə xərcləri də oldu. Sonradan onlara 15000 manat pul dedilər. Uşağın küvəzdə saxlanması 1 gün üçün təxmini 150 manat olur. Onlar daha sonra sənədləri başqa həkimə göstərib məsləhətləşəndə dedi ki, istifadə olunmayan dərmanlar da yazıblar. Müqaviləni Gülnar imzalayıb. Əlavə xərclərin qəbzi ona təqdim olunmayıb. Onlar doğuşdan əlavə 4000 manat ödəniş ediblər. Amma qəbzlər verilməmişdi. 7200 manatdan əlavə ödənişlər də etmişlər. Qəbzləri də təqdim etmədilər ki, onların əlavə dəyər vergilərindən yararlansınlar. İddiaçı tərəfin hazırda onlardan tələb etdikləri 2100 manata dair şübhələri var. Əlavə Gülnarın klinikada qalması üçün hər gün üçün 500 və ya 800 manat ödəniş istəyirdilər. Qiymət cədvəlində bəzi dərmanlar istifadə olunmadığı halda yazılıb. Uşaq üçün pampers 1 nömrəli olduğu halda, orda 2 nömrəli pampersdən də istifadə olunduğu deyilirdi. Uşağın bir neçə günə böyüməsi mümkünsüzdür. Onların şübhələri var ki, qeyri-iş günlərində həqiqətən Gülnara və uşaqlara həkimlər qulluq edib. Amma hər gün üçün ödəniş alırdılar. uşaq xəstəxanada 14 gün qalıb. Uşaq əməliyyat olunmayıb. Anju və stent istifadə olunmayıb, damarların yoxlanılması üçün ballondan istifadə olunub.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti yaranandan bəri bu problemlər yaşanmağa başladı. Onların ailə üzvləri də orda müalicə alıblar. Amma heç vaxt belə problem yaşanmamışdı. Qiymətlər həddindən artıq şişirdilmiş oldu. Onların həkimi o “X5”-da fəaliyyət göstərdiyi üçün məcbur qalıb, ora getmişlər. O, həkim harada olsa, onlar da oraya gedəcəkdilər. Doğuşdan sonra xəstəxanada 1 həftə qalmaları üçün 4000 manat paket halında onlardan pul istədilər. O qiymətə oksigen balonu da daxil idi. Onlar həkimdən narazı deyillər. 4000 manat xəstəxanaya ödənilib.
İş materialları:
6. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 43 manat dövlət rüsumu ödəmişdir.
7. Cavabdeh2 ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 aprel 2023-cü il tarixli “Tibbi Xidmət Müqaviləsi”ndən görünür ki, “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Tibbi xidmətin qiyməti 3500 manat qeyd edilmişdir. “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent, balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir.
8. Anesteziya üçün məlumatlandırılmış razılıq formasından görünür ki, xəstə yaxını Cavabdeh1 xx.xx.2023-cü ildə imzalamışdır.
9. xx.xx.2023-cü il tarixli yazıdan görünür ki, Cavabdeh1 fakturada qeyd olunan 5313 manat məbləği, fakturada göstərilən qiymətləri analiz edib ödəməyə hazırdır. Göstərilən məbləğlə razı olmadığı halda rəhbərlikdən aydınlıq gətirilməsini istəyəcəkdir.
10. Epikrizdən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə xəstəxanaya gəlmiş, xx.xx.2023-cü il tarixdə xəstəxanadan çıxmışdır.
11. Doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, uşağın çəkisi 2660 qram, boyu 46 santimetrdır.
12. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, göstərilmiş tibbi xidmətin qarşılığı olaraq hesablanmış 2100 manat borcu xx.xx.2023-cü il tarixədək ödənilməsi tələb edilmişdir. Əks təqdirdə əsas məbləğlə yanaşı ödənişlərin gecikdirilməsinə görə faizlər və hüquqi xidmət xərclərinin də tutulması tələb ediləcəkdir.
13. Xidmətdən çıxarışdan görünür ki, göstərilən xidmətlərin dəyəri 15055,01 manatdır. Endirimlə 9300 manat müəyyən edilmişdir.
14. Xidmətdən çıxarışdan görünür ki, stentin dəyəri 599.9999 manatdır.
15. Faktura xidmət siyahısından görünür ki, cəmi məbləğ 2100.04 manatdır.
16. Cavabdeh1 xx.xx.2023-cü il rarixli “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, ödənilmiş 3000 manat məbləğin ƏDV çeki tələb edilmişdir. Həmçinin hesab fakturada göstərilən qiymətlər şişirdilmişdir. Təqdim olunmuş hesab fakturada nöqsanlar vardır.
17. Anjio raporundan görünür ki, stent implantasiyası ertələnmişdir.
18. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, 3000 manat və 4000 manat məbləğində ödəniş edilmişdir.
İşin faktiki halları:
19. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 aprel 2023-cü il tarixli “Tibbi Xidmət Müqaviləsi”ndən görünür ki, “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Tibbi xidmətin qiyməti 3500 manat qeyd edilmişdir. “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent, balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Yenidoğulmuş əkiz uşaqlara və anaya xəstəxanada tibbi xidmətlər göstərilmişdir. Lakin uşaqlardan biri X1 ürəyində problem aşkar olmuşdur. Ona görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xəstəxanada qalmış və ürək damarını balonla açmışlar. Hazırda iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 2100 manat məbləğində pulun, 2100 manat Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 9% olmaqla bir il üçün 189 manat, ödənilmiş 42 manat dövlət rüsumunun, ümumilikdə 2331 manat cavabdehdən tutularaq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini tələb edir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarı:
Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. Belə ki, göründüyü kimi Cavabdeh2 ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 04 aprel 2023-cü il tarixdə “Tibbi Xidmət Müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Tibbi xidmətin qiyməti 3500 manat qeyd edilmişdir. “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent, balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Göstərilən tibbi xidmətlərin dəyəri endirimli qiymətlə 9300 manatdır. Cavabdehlər 7000 manat və əlavə xərclərin ödənişini etdiklərini bildirmişlər. İddiaçının vəkili və nümayəndəsi bildirdi ki, cavabdehlərin 7200 manat ödəniş etmələri mübahisə doğurmur, lakin 2100 manat məbləğində pul ödənilməmiş qalmışdır.
24. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş xidmətdən çıxarışa əsasən göstərilən xidmətlərin endirimlə dəyəri 9300 manat müəyyən edildiyindən və cavabdehlər tərəfindən 7200 manat ödəniş olunduğundan göstərilmiş əlavə xidmətlərin dəyəri olan 2100 manat məbləğində pul cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir.
25. Məhkəmə iddia tələbinin “2100 manat Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 9% olmaqla bir il üçün 189 manat cavabdehdən tutularaq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan plenum qərarından görünür ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, belə olan halda qanunvericilik kreditora borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ verir. Lakin 04 aprel 2023-cü il tarixli “Tibbi Xidmət Müqaviləsi”ndə belə bir hal nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçı Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış dəbbə pulunu tələb etməkdə haqlı deyildir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
27. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 42 manat dövlət rüsumunun 38,53 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 2100 manat məbləğində pul və ödənilmiş 42 manat dövlət rüsumunun 38,53 manatı tutularaq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 2100 manat məbləğində pul və ödənilmiş 42 manat dövlət rüsumunun 38,53 manatı tutularaq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova